20 Yanvar 1990-cı il – xalqımızın

tarixinin qanlı və şanlı səhifəsi

 

Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1990-cı ilin 20 Yanvarı XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qəddar terror aktlarından biridir. Bu, Azərbaycan xalqına qarşı yönəldilmiş ən dəhşətli cinayətdir. Sovet ordusunun dinc əhaliyə qarşı yağdırdığı güllələr hərəni bir yerdə yaxaladı. Silahsız vətənpərvər insanlar qətiyyət, cəsarət və qəhrəmanlıq göstərib, rus imperiyasının böyük ordusu ilə üz-üzə durdu, təcavüzün qarşısını almağa qalxdı.

Lakin azğınlaşmış imperiya ordusunun  gülləbaranı nəticəsində insanlar küçədə, avtobusda, xüsusi minik maşınlarında həlak oldularya yaralandılar, hətta, öz eyvanında, qapısının ağzında, evinin içində qətlə yetirilənlər oldu. Uşaq, ahıl, ağbirçək, neçə-neçə  Vətən övladı düşmən gülləsinə tuş gəlib həlak oldu,  yaralanaraq sağlamlığını əbədi itirdi. O müdhiş gecədə xalqımızın ən ləyaqətli övladları ölkəmizin azadlığı, tarixi torpaqlarımızın bölünməzliyi yolunda canlarından keçdilər. Sinəsini düşmən gülləsinə sipər edən övladlarımız Şəhidlər xiyabanında daşlaşıb heykəlləşdilər, əbədiyyətə qovuşdular.

Xalqımız bu faciədə həyatdan vaxtsız getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən  şəhidləri ilə ucalır.

26 il öncə Azərbaycan xalqının taleyində  nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız sovet hərb maşınının zoruna məruz qalmışdı. Millətimiz təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı. Başda Mixail Qorbaçov olmaqla, keçmiş SSRİ rəhbərliyi  Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, Vətən, torpaq  uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur plan hazırlayırdı.  1990-cı ilin 20 Yanvarında xalqımıza qarşı törədilən qanlı faciə də məhz bu planın bir hissəsi idi. Biz bu qətliamı,  bir qayda olaraq, yalnız kədər, hüzn, matəm günü kimi qeyd etmiş, şəhidlərimizin ruhunu ağı və sızıltı ilə anmışıq. Bu əhval təbiidir. Çünki həmin gün Ümumxalq Hüzn Günüdür.  Ancaq bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil! Eyni zamanda, həm də xalqımızın şan-şöhrət, milli məfkurəmizin oyanış və şərəf günüdür. Məhz həmin gün Bakının küçə və meydanlarını  boyamış şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün ölkəmizin başı üzərində dayanmış dəhşətli kabusa, sovet ordusunun qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda mərdlik, cəsarət və qəhrəmanlıq əzminə sahibdir.

1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində “Qanlı Yanvar”ın tarixi, mənəvi, siyasi və digər aspektləri araşdırılmış, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilmişdir.

Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaqmilli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya 35 minlik  ordu  yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyiUdar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi. “Qara Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə hələ də layiq olduğu təsnifatı almayıb.

İnsanlıq əleyhinə törədilmiş bu müdhiş cinayət nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər  hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli qətliam idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, aksiyanın sifarişçiləri və icraçıları hələ də cəzalandırılmayıb.

SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, keçmiş SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı  verməklə münasibət bildirmişdi.

Bu faciədən sonra  Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik, qorxaqlıq və itaətsizlik nümunəsi idi. O vaxt Azərbaycan xalqı adından Bakıdan  yeganə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə, BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən həmin bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə KremlinM.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı.

O dövrdə Azərbaycan xalqı adından ən ciddi bəyanatı Moskvada Kremlin nəzarəti altında saxlanılan ulu öndər  Heydər Əliyev vermişdi.  Ulu öndər məhz imperiyanın mərkəzində, dünyanın aparıcı KİV təmsilçiləri qarşısında çıxış edərək, 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edən  bəyanat  vermişdi. Ulu öndərin qətiyyətli mövde nümayiş etdirməsi ciddi rezonans doğurmuşdu. Heydər Əliyevin həmin bəyanatda sovet dövlətinin başçısı M.Qorbaçovu birbaşa ittiham etməsi onun cəsarətinin,  öz xalqına, millətinə, Vətəninə dərin məhəbbətinin, bağlılığının daha bir sübutu idi. Böyük vətənpərvər Heydər Əliyev bütün dünyaya sübut etdi ki, belə cəsarətli və prinsipial addımı yalnız o ata bilər. Əslində, ulu öndərimizin bu bəyanatı elə Azərbaycan xalqının haqq səsi idi. Bu bəyanat həm də faciədən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış xalqımıza böyük təsəlli olmaqla yanaşı, dünya ictimaiyyətinə Azərbaycanda baş vermiş faciənin miqyası barədə əsl həqiqətlərin lazımınca çatdırılmasında mühüm rol oynadı.

Həmin gün Moskvada öz xalqına dayaq olan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün “Azadlıq!” sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik...

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. 20 Yanvar faciəsinin hərtərəfli, əhatəli və dolğun qiyməti xalqımızın dahi oğlu Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə verildi.

Tarixi şəxsiyyət Heydər Əliyevin daxilixarici siyasətini uğurla davam etdirən  möhtərəm Prezidentimiz İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoyub. Bu istiqamətdə mütəmadi olaraq böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial müdafiəsi ildən-ilə möhkəmləndirilir. Dövlət başçısının Şəhidlər xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı şəhidlərimizin xatirəsinə  böyük ehtiramın daha bir nümunəsinə çevrildi.

Ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən  “Əmək pensiyaları haqqında” Qanuna əsasən, 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.

Həmçinin ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhid ailələrinin, əlillərin və müharibə veteranlarının həyat səviyyəsinin yüksəldilməsi,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin bütün dünya ictimaiyyətinə lazımınca çatdırılması üçün böyük əzmlə, fədakarlıqla çalışırlar.

... Əbədi qəhrəmanlıq dünyasına qovuşarkən şəhidlərimiz əsl azərbaycanlıya xas olan mərdlik, qəhrəmanlıq nümayiş etdirərək demişlər: “ Təki Vətən yaşasın, təki azadlığımız bərpa edilsin, təki müstəqilliyimiz qorunsun”. Bu arzu, bu amal və istək uğrunda canlarını Vətənimizin azadlığı uğrunda qurban verən  mərd övladlarımız  şəhid oldular, əbədiyyətə qovuşdular, işğalçıların top-tüfəngindən çəkinmədilər. Onlar əlçatmaz şəhidlik zirvəsinə, ölməzlik, əbədiyyət səviyyəsinə yüksəldilər. Şəhidlərimiz  Vətən, torpaq uğrunda ölməyi bizə öyrətdilər. Yalnız bu yolla müstəqilliyimizi, azadlığımızı qoruya bildik, qaldırdığımız üçrəngli bayrağı  heç vaxt enməyə qoymarıq.

 

Vüqar QƏDİROV,

Azərbaycan Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına

Dövlət Dəstəyi Şurasının üzvü,

Qaçqın və Məcburi Köçkün

Gənclər Təşkilatının sədri

 

Xalq qəzeti.- 2016.- 14 yanvar.- S.6.