Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi
dövlətimizin
xarici siyasətində prioritet istiqamətdir
Zaman bizim tərəfimizdədir,
zaman ədalətin tərəfindədir, beynəlxalq
hüququn tərəfindədir və mən əminəm ki,
Azərbaycan bütün dünya tərəfindən
tanınan öz ərazi bütövlüyünü bərpa
edəcəkdir. Azərbaycanın ərazi
bütövlüyü istənilən digər ölkənin ərazi
bütövlüyü kimi eyni dəyərə malikdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan
Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin
2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında bildirmişdir ki, 2015-ci ildə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı heç bir irəliləyiş
olmamışdır: “Deyə bilərəm ki,
danışıqlar istiqamətində durğunluq
müşahidə olunurdu. Sadəcə olaraq, ilin sonunda Ermənistan
və Azərbaycan prezidentlərinin görüşü
keçirilmişdir. Bu görüş də deyə bilərəm
ki, formal xarakter daşıyırdı – görüş naminə
görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində
görüş keçirilməmişdir. Ancaq bu
görüşün heç bir faydası, yaxud da ki, nəticəsi
olmamışdır”.
Dövlət başçısı bunun da səbəbini izah edərək, Ermənistanın sülh istəmədiyini, status-kvonu nə qədər çox mümkündürsə, saxlamaq istədyini vurğulamışdır. Bildirmişdir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilmək istəmir və danışıqları, sadəcə olaraq, bir proses kimi qəbul edir, yalnız vaxt uzatmaqla məşğuldur.
Azərbaycan Prezidenti işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalı olduğunu bildirərək demişdir: “Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq”.
Son iki əsr xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Hazırda bu, artıq Ermənistanın dövlət terrorizmi siyasətinə çevrilmişdir. Məlumdur ki, bu millətçi – şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Halbuki, erməni saxtakarlarının və onların himayədarlarının, eləcə də, ermənipərəst “tarixçilərin” uydurduqları “Böyük Ermənistan” dövləti adlanan mifin elmə heç bir aidiyyəti yoxdur və tarixi həqiqətə tamamilə ziddir. “Böyük Ermənistan” ideologiyası xəstə təxəyyülün məhsuludur və tarixi gerçəklikdən uzaq bir uydurmadır.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail olmuşdular. Bununla Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Cənubi Qafqaz respublikalarının müstəqilliyinin itirilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşundakı ərazilərinin müqəddəratını əhəmiyyətsiz etsə də, sovetləşmənin ilk illərində sovet Rusiyasının Azərbaycana münasibəti qərəzli məzmun daşıyırdı.
XX əsrin 80-ci illərinin axırlarında SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən və monoetnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü nəticəsində dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bununla yanaşı, 1988-91-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı qovulmuşdur. Onlara məxsus 51 min ev, 165 sovxoz və kolxoz əmlakı, çoxlu mal-qara talanmışdır. Ermənilər tərəfindən 217 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu illərdə 1154 nəfər yaralanmış, yüzlərlə adama işgəncələr verilmişdir. Həmin illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşətutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır. 119 obyekt və 1134 azərbaycanlı evi ermənilər tərəfindən dağıdılmışdır.
1990-1992-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan silahlı qüvvələri tərəfindən bütünlüklə işğal edilmişdir. Bununla yanaşı, həmin dövrdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanis-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşmüşdür. Hazırda Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8 faizi işğal olunmuşdur. Bu gün hələ də işğal altında olan Qazax rayonunun Bağanis- Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndlərinin işğal edilməsi nəticəsində maddi-mədəniyyət nümunələri talanmış, dağıdılmış və yandırılmışdır. Bundan əlavə, həmin dövrdə ərazisi 5.368 kv.km olan Naxçıvan Muxtar Respublikasının 221 yaşayış məntəqəsindən biri, Sədərək rayonunun ərazisinin bir hissəsi (0,5%) Kərki kəndi zəbt olunmuşdur.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı isə bütün insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. 1988-1993-cü illərdə Ermənistan silahnlı qüvnvənlənri Azərbaycanın Dağnnlıq Qarabağ bölnngəsi ilə yanaşı, ətraf 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Fünzunli, Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal etdilər. Eyni zamanda, Ermənistanda yaşayan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuş və bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20 faizdən çox ərazisi işğal edilmişdir.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çox soydaşımız yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.
Dövlət başçısı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı Azərbaycanın özünün terrorizmdən əziyyət çəkən ölkələrdən olduğunu bildirərək qeyd etmişdir ki, bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Eyni zamanda, 1988-1993-cü illərdə, bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Ermənistanın hərbi təcavüzü Azərbaycanın 17 min kvadratkilometr ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 150 min yaşayış binasının, 7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700 təhsil, 665 səhiyyə ocağının, 800 kilometr avtomobil yolunun, 160 körpünün, 23 min kilometr su və 15 min kilometr elektrik xəttinin dağıdılmasına səbəb olmuşdur. Ermənilər işğal olunmuş ərazilərdə olan 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyəti olan 9 sarayı qarət etmiş və yandırmışlar. 44 məbəd və 9 məscid dağıdılmış, 927 kitabxanada 4,6 mln. kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.
İşğal nəticəsində 464 tarixi abidə və muzey, 100 – dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti-çox qiymətli əşyalar, nadir eksponatlar talan olunmuş və oğurlanmışdır. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, həmin dövrdə mənəvi-psixoloji zərbələrdən əlavə Azərbaycan iqtisadiyyatına təxminən 320 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Hazırda Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu fərman azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərinin ermənilər tərəfindən özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin yazılaraq çap olunması çox əhəmiyyətlidir. Bu baxımdan bir sıra dəyərli əsərlər yazılmışdır ki, bunun nəticəsində XIX əsrin sonu—XX əsrin əvvəllərinə qədər ermənilərin nəinki Qarabağ, Naxçıvan və Zəngəzurda, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir. Bundan əlavə, ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar sənədlər və faktlar aşkar edilmişdir. Son vaxtlar Qubada aşkar edilmiş kütləvi məzarlıq buna əyani sübutdur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı bizim tariximizin böyük sərvətimiz olduğunu bildirərək demişdir ki, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar: “Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. “Qarabağ”, “Xankəndi” Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər”.
Lakin erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu antiazərbaycan siyasəti davam edir. Erməni lobbisinin təsiri altında olan Avropa və Qərbin bəzi hüquq-müdafiə, mətbuat, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatlar da erməni lobbisinin təsiri altında antiazərbaycan fəaliyyətinə qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar daha çox “fəallıq” göstərirlər. Ermənilər yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər.
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması zərurəti bildirilir.
Prezident İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” – fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırmışdır. Bununla yanaşı, cənab Prezident Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır. Ona görə ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağın zəruriliyini bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin vacibliyini bildirməklə yanaşı, qeyd etmişdir ki, “biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.
Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyevin münaqişənin nizama salınması prosesində hücum taktikasına üstünlük verməsi və bu istiqamətdə ardıcıl, qətiyyətli diplomatik addımların atılması problemin Azərbaycanın milli maraqları təmin olunmaqla aradan qaldırılması və uğurlu nəticələrin əldə edilməsinə möhkəm zəmin yaratmışdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir: “Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir. Onlarla işğalçı məhv edildi, Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: Erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər”.
Dövlət başçısı bəyan etmişdir ki, biz bundan sonra da bütün siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq: “...Bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır”.
Elçin
ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyası “Beynəlxalq münasibətlər
və xarici siyasət”
kafedrasının dosenti, siyasi elmlər doktoru
Xalq qəzeti.- 2016.- 15 yanvar.- S.8.