Azərbaycan-ABŞ əməkdaşlığı
hər iki tərəfin
dövlət
maraqları əsasında inkişaf edir
Ağ ev rəsmiləri ölkəmizi
“ABŞ-ın vacib tərəfdaşı” adlandırdılar
Azərbaycan
ABŞ-la münasibətlərə böyük əhəmiyyət verir. Ölkələrimiz arasındakı əlaqələr
hərtərəfli və dinamik inkişaf yolu keçərək
bir çox sahələrdə
strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmişdir. Avropanın və bir sıra
ölkələrin enerji təhlükəsizliyinin
təmin edilməsinə töhfəmiz, beynəlxalq terrorizmə
qarşı mübarizə sahəsində əməkdaşlığımız,
eləcə də dünyanın ən qaynar
nöqtələrində beynəlxalq birliyin
sülhyaratma missiyasında
iştirakımız bu münasibətlərin
bariz nümunələridir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İyirmi ildən artıq davam
edən ikitərəfli əlaqələrimiz regional
sabitliyə mühüm töhfələr
vermişdir. Biz bu müddət ərzində Azərbaycanın
əldə etdiyi uğurlu
iqtisadi və sosial tərəqqini
alqışlayır və tərəfdaşlığımızın
gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın
dərinləşdirilməsinə sadiq
qalırıq.
Barak OBAMA
ABŞ Prezidenti
Azərbaycanın uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir. Müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir. Ağ ev rəsmiləri də, öz növbəsində, Cənubi Qafqazın lider dövlətinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünya birliyinin diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran, bu sahədə artıq böyük təcrübəyə malik olan respublikamızla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını dəfələrlə bəyan etmişlər.
Əslində, Azərbaycan-ABŞ əməkdaşlığına hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə start verilmişdi. Ancaq sonra 70 il bu əməkdaşlıq mümkün olmamışdır. Ötən əsrin sonlarında — ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə bu əməkdaşlıq da bərpa edilmiş, tərəflərin hər ikisinin maraq və təşəbbüsləri nəticəsində Bakı ilə Vaşinqton, sözün həqiqi mənasında, strateji tərəfdaşa çevrilmişlər. Biz bu qənaəti yada salarkən Heydər Əliyev neft strategiyasının həyata keçirilməsi zamanı Vaşinqtondan gördüyümüz dəstəyi, xüsusilə, ABŞ şirkətlərinin “Əsrin müqaviləsi” və sonrakı neft sazişlərində iştirakını da xatırlatmalıyıq. Bundan başqa, xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, 2001-ci ildə Nyu-Yorkda törədilən 11 Sentyabr terror hadisələrindən sonra rəsmi Vaşinqtonun öz yanında gördüyü ilk dövlətlərdən biri məhz Azərbaycan olmuş, ölkəmiz ABŞ rəsmilərinin təşəbbüsü ilə yaradılan antiterror koalisiyaya ilk qoşulanlardan biri kimi dostluğa və tərəfdaşlığa sədaqət nümayiş etdirmişdir.
Məhz buna görə də Azərbaycan-ABŞ münasibətlərindən bəhs edərkən xüsusilə vurğulamalıyıq ki, ölkəmiz beynəlxalq terrorçuluqla mübarizədə daim ABŞ-la birgə çıxış edir. Azərbaycan 1994-cü ilin may ayında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub. Kosovo, İraq və Əfqanıstanda Azərbaycan hərbçiləri beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak ediblər.
ABŞ Prezidenti Barak Obamanın yuxarıda haqqında söz açdığımız məktubunda da bu məsələ “Biz Əfqanıstanda tərəfdaşlığımızı və terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlığımızı dəyərləndiririk” şəklində qiymətləndirilir. ABŞ rəsmiləri etiraf edirlər ki, Azərbaycanla ABŞ arasında əlaqələr yalnız enerji sektoru ilə bağlı deyil. Bu iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yüksək səviyyədədir. 2001-ci ildən sonra iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişafı göz qabağındadır. Ona görə də Azərbaycan ABŞ üçün dostdur, strateji tərəfdaşdır, müttəfiqdir. Bu əlaqələrin davam etdirilməsinə hər iki tərəf birgə səylər göstərməlidir. Bir daha xatırladaq ki, bu fikirlər ABŞ rəsmilərinin dönə-dönə səsləndirdiyi bəyanatların əksəriyyətində dilə gətirilir. Vaşinqtonda səmimi şəkildə etiraf edirlər ki, Azərbaycanla ABŞ-ı ortaq dəyərlər birləşdirir ki, bu da demokratiyadır. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu məkandır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan özündə Qərb və Şərq mədəniyyətinin sintezini yaradır. Azərbaycan sürətlə inkişaf edir, bütün dünya üçün strateji tərəfdaşdır. Məhz ona görə də Bakıda Azərbaycan – ABŞ dostluq və tərəfdaşlığı mövzusunda keçirilmiş möhtəşəm tədbirdə 42 ştatın nümayəndəsi iştirak edirdi. Bu isə Azərbaycan-ABŞ münasibətlərinin bugünkü səviyyəsinin göstəricisi idi. İki ölkə arasındakı əməkdaşlığa diqqət yetirdikdə bir daha bəlli olur ki, ABŞ – Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir. Buvaxtadək iki ölkə arasında mühüm əhəmiyyətə malik 80-ə yaxın dövlətlərarası sazişin imzalanması da deyilənləri təsdiq edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi xəritəsini formalaşdıracaq yeni layihələrin təşəbbüskarı kimi çıxış etməsi artıq özünü təsdiqləyib. Dünyanın əksər ölkələrinin qeyri-adi geostrateji önəmə malik olan respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında xüsusilə maraqlı olmaları özünü açıq şəkildə büruzə verir. Dünyanın supergüc dövləti hesab olunan ABŞ-ın Azərbaycanla əlaqələrinin 20 ildən artıqdır ki, davam etməsi və bu münasibətlərin getdikcə yaxşılaşması təsadüfi deyil. Ağ ev rəsmiləri də iki ölkə arasında strateji tərəfdaşlığın, sıx əməkdaşlığın daha da gücləndirilməsinin, gələcəkdə güclü siyasi dialoqun möhkəmləndirilməsinin tərəfdarı olduqlarını dəfələrlə bəyan ediblər.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlərin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra ABŞ onu tanıyan ölkələr arasında ön sıralarda yer aldı. Diplomatik münasibətlər isə 1992-ci il fevralın 28-də quruldu. Həmin ilin mart ayında ABŞ-ın Azərbaycanda, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında səfirliyi fəaliyyətə başladı. Rəsmi Vaşinqton Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasi xətti daim dəstəkləmişdir. Bir çox beynəlxalq ekspertlər tərəfindən əfsanə hesab olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri məhz ABŞ Administrasiyasının dəstəyi ilə inşa edilmiş və istifadəyə verilmişdir. Bu neft kəmərinin tikintisi Azərbaycana öz resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı yaratmaqla bərabər, həm də yeni enerji dəhlizi, yeni marşrut kimi önəm qazanmışdır.
Sirr deyil ki, Azərbaycanın reallaşdırdığı iri layihələrdən ölkəmizlə uğurla tərəfdaşlıq edən dövlətlər də faydalanırlar. Bizimlə tərəfdaş olan ölkələr üçün bu qədər geniş imkanlar açan layihənin reallaşdırılması, təbii ki, ABŞ-Azərbaycan həmrəyliyinin təntənəsi hesab edilməlidir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il öncə Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı baş tutan “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumundakı çıxışında demişdir: “Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır. Ola bilər, o qədər də uzun olmasın, amma çox mühüm münasibətlər vardır. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə — iqtisadiyyat, ticarət, sərmayələr—Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir”.
Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan—ABŞ Forumunda ABŞ-ın 42 ştatından nümayəndənin iştirak etməsi də qarşılıqlı münasibətlərin çox yüksək səviyyədə olduğunu, həmçinin Amerikanın tanınmış ictimai-siyasi, dövlət, elm xadimlərinin, hərbi və iqtisadi elitanın ölkəmizə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləmişdir. Konqresmen Qreqori Miks isə Azərbaycan – ABŞ münasibətlərinin dünya ölkələrinə nümunə olduğunu bəyan etmişdir: “Bəziləri xəbərlərə baxanda deyirlər ki, demokratlar və respublikaçılar heç bir məsələdə razılığa gələ bilmirlər. Amma bu forum göstərir ki, demokratlar və respublikaçılar bu məsələdə – Azərbaycan – ABŞ münasibətləri məsələsində vahid mövqedən çıxış edirlər. Biz tərəfdaşıq, dostuq. Bundan əlavə, biz regiona və digərlərinə nümunəyik. Biz dünyaya nümunə göstəririk ki, demokratiya nədən ibarətdir. Bu, onun göstəricisidir ki, sərmayələr xalqın rifahına, təhsilin inkişafına yönəlsə, ölkənin gələcəyi uğurlu olacaqdır. Bu, Azərbaycanın etdikləridir. Azərbaycan gənc nəslinə sərmayə qoyubdur. Yoxsulluğun səviyyəsinin azalmasını təmin edirsinizsə və ən yoxsul təbəqələrin qayğılarını nəzərə alırsınızsa, gələcək təmin olunur. Yaşasın Azərbaycan, yaşasın ABŞ-Azərbaycan münasibətləri”.
Amerikalı diplomati Robert Sekuta da, öz növbəsində, Azərbaycanı ABŞ-ın vacib tərəfdaşı adlandırmış və iki ölkə arasındakı əməkdaşlığı yüksək dəyərləndirmişdir. Diplomat bu yaxınlarda ADA Universitetində “ABŞ-ın xarici siyasəti və ABŞ-Azərbaycan əlaqələri” mövzusunda çıxışı zamanı deyib ki, Azərbaycan hər zaman Birləşmiş Ştatların vacib tərəfdaşı olub və bu gün də belədir. O bildirib ki, bu gün iki ölkə arasında əlaqələrin əsas tərəfini məhz azadlıq, bərabərlik və demokratiya ilə bağlı ortaq dəyərlər təşkil edir. ABŞ diplomatı iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi, həmçinin demokratiya və insan haqları kimi həlledici və bərabər səviyyədə əhəmiyyətli sahələrdə əməkdaşlığı yüksək dəyərləndirib.
Bu, bir həqiqətdir ki, Birləşmiş Ştatlar diplomatik əlaqələrimizin yarandığı ilk illərdən Azərbaycanı beynəlxalq təhlükəsizliyə öz töhfəsini verən bir tərəfdaş kimi də tanıyıb. 2001-ci il sentyabın 11-də ABŞ-da törədilən dəhşətli terror aktları ABŞ-da olduğu kimi, Azərbaycanda da hələ unudulmayıb. Ölkəmizdə hamı fəxrlə yada salır ki, həmin terror hadisələrindən dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın ABŞ-a kömək etməyə hazır olduğunu bəyan etmişdir. Halbuki rəsmi Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürmüşdülər. Lakin Azərbaycan qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan etmiş və beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərmişdir.
Bəli, Azərbaycan 2001-ci ildə baş verən dəhşətli terror aktında ABŞ-ı dəstəklədiyini bütün dünyaya bəyan etmişdir. Bunun bir səbəbi ölkəmizin humanizm prinsiplərini rəhbər tutaraq hər cür terror fəaliyyətlərinin əleyhinə çıxış etməsidirsə, digər bir səbəbi Ermənistan tərəfindən himayə edilən terrorçu qrupların hücumuna məruz qalmağımız, terrorun necə böyük bir bəla olduğunu, hansı ağır fəsadlar törətdiyini bilməyimiz idi. ABŞ isə bu reallığı 2001-ci ildə daha yaxından dərk etdi. Məhz bundan sonra Amerika rəsmiləri ölkələrinin təhlükəsizlik sərhədlərinin daha geniş coğrafiyanı, o cümlədən Cənubi Qafqazı əhatə etdiyini anladı. Bu və digər məsələlərdə rəsmi Vaşinqtondan gələn təklifləri özünün milli təhlükəsizlik strategiyası və milli dövlətçilik maraqları çərçivəsində düzgün qiymətləndirən Azərbaycan Respublikası qarşlıqlı əməkdaşlığın inkişafında maraqlı olduğunu növbəti dəfə bəyan etdi. Dövlət başçımız həmin məqamı bu şəkildə yada salır: “Təhlükəsizlik hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, biz artıq bu sahədə yeni mərhələyə qədəm qoyuruq. Biz qlobal təhlükəsizlik məsələlərində bir arada çalışırıq. Bizim hərbçilərimiz dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak edirlər, Əfqanıstanda bir arada xidmət edirlər. Azərbaycan Əfqanıstana yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin edir və bizim marşrut ən sabit marşrut hesab oluna bilər. Bizim NATO ilə əməkdaşlığımız da ikitərəfli münasibətlərimiz aspektindən qiymətləndirilməlidir və çox şadam ki, gündən-günə bu münasibətlər güclənir. Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarda deyil, real əməllərimizlə sübut edirik. Bu, bizim əməkdaşlığımız üçün müstəsna əhəmiyyət kəsb edir”.
ABŞ diplomatları da o günləri bir daha xatırladaraq dəfələrlə demişlər ki, Heydər Əliyevin öz kömək əlini uzatmasını və terrorizmə qarşı mübarizədə ölkəsinin sıx əməkdaşlığını təklif etməsini amerikalılar yaxşı xatırlayırlar. ABŞ rəsmilərinin qənaətinə görə, terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə əhəmiyyətli və yüksək qiymətləndirilən əməkdaşlıq indi də davam edir. Bundan əlavə, ABŞ və Azərbaycan silahlı qüvvələri Əfqanıstan, İraq və Kosovada birlikdə xidmət göstəriblər. Azərbaycanın hava məkanından keçməklə Əfqanıstana minlərlə uçuş həyata keçirilib və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək məqsədilə Bakıdan minlərlə yük konteyneri yola salınıb. Bütün bunlarla bərabər, təhlükəsizlik sahəsində – sərhəd təhlükəsizliyinin gücləndirilməsində, nüvə silahının yayılmasının qarşısının alınmasında və insan alverinə qarşı mübarizədə böyük fayda verəcək hələ çox işlər görülə bilər.
Göründüyü kimi, ABŞ–Azərbaycan münasibətləri artıq emosional düşüncələrə deyil, dövlət maraqlarına əsaslanır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin bu il Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması da bundan xəbər verir. Bildirildiyi kimi, ABŞ Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə 3 dekabr 2015-ci ildə ünvanladığı məktubda bu dəvət öz əksini tapıb. B.Obamanın məktubunda yazılır: “Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcəkdir”. Qeyd edək ki, IV Nüvə Təhlükəsizliyi Sammiti bu il 31 mart - 1 apreldə Vaşinqtonda keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edərkən Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışılmış, ölkələrimiz arasında bir sıra sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olunmuşdur. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edilmişdir. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulanmış, ölkəmizdə gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmişdir.
Azərbaycan - ABŞ münasibətləri barədə söz açan beynəlxalq ictimaiyyət təmsilçiləri bu münasibətlərin təməlində müasir dünya siyasətinin ən görkəmli simalarından olan Heydər Əliyevin siyasi müdrikliyinin dayandığını qeyd edirlər. Elə bu yazını da məhz ulu öndərimizin xarici siyasətimiz barədə Birləşmiş Ştatlarda olarkən söylədiyi fikirlərlə tamamlamaq istəyirik. Ümummilli liderimiz 1994-cü il sentyabrın 26-da Nyu-Yorkdakı “Türk evi”ndə Amerikada yaşayan türk və azərbaycanlı icmasının nümayəndələri ilə görüşdə demişdir: “ Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Biz bütün dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmağa çalışırıq. Bu sahədə ilk addımlar atılıb, müəyyən nəticələr əldə edilib... Ancaq qarşıda görüləsi işlərimiz hələ çoxdur, vəzifələrimiz böyükdür”.
Biz məmnunuq ki, ulu öndərin xarici siyasətimizdə “böyük” adlandırdığı həmin vəzifələrin hamısını möhtərəm Prezidentimiz İlham Əliyev günün reallığına çevirib. Elə ABŞ Prezidenti cənab Barak Obamanın yuxarıda qeyd etdiyimiz məktubu da məhz həmin reallıqlardan qaynaqlanır.
İttifaq MİRZƏBƏYLİ,
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.-2016.- 15
yanvar.- S.7.