Biz idarəetmə sahəsində artıq yeni

formatda daha böyük səmərə ilə işləməliyik

 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dönəmlərdə idarəetmə fəaliyyətində islahatlar sistemli və ardıcıl xarakter daşıyıb. Respublikada həm yeni nazirliklər yaradılıb, həm ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, həm birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib. Neftin ucuzlaşması və kəskin devalvasiyadan sonra isə ölkədə idarəetmənin daha çevik mexanizmlərinin təşkili ilə bağlı məsələ mühüm önəm daşıyıb, bu istiqamətdə işlərin daha sürətlə getməsinə təkan verib.

 

Əslində, ölkədə struktur islahatları ötən ildən başlanılıb. 2015-ci ilin fevral ayında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunaraq Əmlak Komitəsinə birləşdirilib. Nəqliyyat Nazirliyinin bir sıra strukturları ləğv edilibya başqa qurumlara həvalə olunub. Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək bazasında iki dövlət xidməti yaradılıb. Bununla bağlı oxşar proses hazırda da Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gedir.

Xatırladaq ki, son illər idarəetmə fəaliyyətində islahatlar, yeniləşmə daha çox əhaliyə göstərilən xidmət sektorunda daha çox nəzərə çarpıb. Bu barədə möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “ASAN xidmət artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan çox insan bu xidmətin imkanlarından istifadə edib və əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq yoxdur. Yəni, bunu etmək mümkündür. Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam”.

Burada bir məqamı da qeyd etmək yerinə düşər. Hazırda “ASAN xidmət” mərkəzləri vasitəsilə bir sıra gömrük xidmətlərinin həyata keçirilməsi müzakirə edilir. Elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra Dövlət Gömrük Komitəsi (DGK) ilə yanaşı, “ASAN xidmət” mərkəzləri vasitəsilə də reallaşdırılması barədə məsələlər nəzərdən keçirilir. Artıq yaxın vaxtlarda “ASAN xidmət” mərkəzlərində DGK-nin informasiya köşklərinin quraşdırılması barədə də razılığa gəlinib.

Prezident İlham Əliyev ötən il dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zamanı Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşdə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının inkişaf edəcəyini, heç bir sosial proqramın icrası ilə bağlı problemin olmayacağını bildirərək demişdi ki, biz ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək.

Eyni zamanda, dövlətimizin başçısı idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işlərin görüləcəyini vurğulayaraq, struktur islahatlarının bu ildavam etdirilməsi ilə bağlı fikirlərini bildirmişdi: “Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın...”.

İdarəetmə sahəsində islahatların aparılması zəruriliyinə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da toxunulub. Dövlətimizin başçısı çıxışında bildirib ki, buna ciddi ehtiyac var. Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz.

İlham Əliyev daha sonra deyib ki, Azərbaycanda bir neçə dövlət qurumu, dövlət şirkəti var ki, onlar ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır, dövlət inhisarındadır. Ancaq orada, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsi öyrənilməli və tətbiq edilməlidir. Bu şirkətlər tam şəffaf fəaliyyət göstərməlidirlər...

Nazirlər Kabinetinin sözügedən iclasından bir neçə gün sonra artıq struktur islahatları özünün yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev hökumətdə və onun altqurumlarında struktur islahatlarının aparılması ilə bağlı bir neçə fərman imzalayıb. Həmin fərmanlara əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib və oradan “sənaye” sözü çıxarılıb. Bu isə nazirliyin mərkəzi aparatında və strukturlarında müəyyən dəyişikliyin aparılacağından xəbər verir.

Ölkə rəhbərinin digər fərmanları ilə Nazirlər Kabineti yanında iki struktur ləğv edilib. Onlardan biri Satınalmalar üzrə Dövlət Agentliyidir. Bu qurumun səlahiyyətləri və funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Xatırladaq ki, Satınalmalar üzrə Dövlət Agentliyi büdcədən maliyyələşən strukturlar, nazirliklər və dövlət komitələri, icra hakimiyyətləri orqanları üçün mal və xidmətlərin satın alınmasına dair açıq tenderlərin keçirilməsinə məsul idi. Lakin adıçəkilən strukturun öz funksiyalarının öhdəsindən lazımi səviyyədə gəlmədiyi barədə möhtərəm dövlət başçısı da fikirlərini bildirmişdi. Cənab İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında deyib ki, tikintidə yeni qaydalar tətbiq edilməlidir. Açıq tenderlər elan olunmalıdır. Tenderlərdə qalib gələn şirkətlər buya digər layihəni icra etməlidirlər. Çünki bizdə adət olub, dəmir yolu çəkilir, gərək bunu dəmir yolu idarəsi tiksin. Nəyə görə? Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir. Açıq tender elan olunmalıdır. Mən artıq göstəriş vermişəm. Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə, onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin.

“Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın...”.

Göründüyü kimi, adıçəkilən agentliyin keçirdiyi tenderlər bir sıra hallarda tamamilə formal xarakter daşıyıb. Nazirliklər, dövlət səhmdar cəmiyyətləri, icra hakimiyyətləri orqanları hansısa mal və xidmətləri açıq müsabiqə yolu ilə satın alarkən şəffaflıq az nəzərə çarpıb.

Prezidentin digər sərəncamı ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Sərəncama əsasən, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti, kompleksin fəaliyyətinin təmin olunması, habelə kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və kompleksin perspektiv inkişafının təmin olunması Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçiriləcək. Bu birləşmə nəticəsində ştat vahidlərinin ixtisarı və həmin idarələrin saxlanılmasına ayrılan xərclərin azalacağı gözlənilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin iclasında ölkə rəhbəri funksiyaları bir-birini təkrarlayan strukturların ləğv ediləcəyini də bildirmişdi. Bu baxımdan gözlənilir ki, struktur islahatları və idarəetmə sisteminin təkmilləşdirilməsi prosesi yaxın həftələrdə də davam etdiriləcək.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 17 yanvar.- S.1.