Tolerantlığın Azərbaycan modeli

müsəlman aləmi üçün əsl nümunə sayılır

 

Ekspertlər Azərbaycanı “dünyanın 5 ən tolerant ölkəsindən biri” adlandırırlar

 

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin  formalaşdırılmasında, xalqlar və dinlərarası münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında  da mühüm rol oynadı. Azərbaycanda bütün dini konfessiyaların fəaliyyəti üçün əlverişli şərait yaradıldı. Hətta, bu zəruri məsələ Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimləndi.

 

Əsas Qanunun  48-ci maddəsində bildirilir ki, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Qeyd olunur ki, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursaya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

Azərbaycanın  beynəlxalq aləmdə tolerant ölkə kimi tanınması Heydər Əliyevin həyata keçirdiyi daxilixarici siyasətin prioritetini təşkil etmişdir. Müdrik şəxsiyyətin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”— fikri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bariz nümunədir. Ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların eyni səviyyədə, bərabərhüquqlu fəaliyyəti dövlətin diqqət mərkəzində saxladığı zəruri sahələrdən olmuşdur.

Ümummilli lider Azərbaycanın ən başlıca sərvətlərini qeyd edərkən qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan, müxtəlif dinlərə etiqad edən insanları xüsusi vurğulayırdı: “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycanlı” sözü bizi həmişə birləşdirib.”

Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri  ölkəmizdə bir ailə kimi yaşayıblar və bu günbu mehribançılıq yüksək səviyyədə qorunub saxlanılır. Müxtəlif dinlərin nümayəndələrinin sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqların mövcud olduğu respublikamızda bu proses uğurla davam etdirilir. İslam Konfransı Təşkilatının üzvü, çoxmillətli, çoxkonfessiyalı, dünyəvi dövlət olan Azərbaycanda kilsə, sinaqoq və digər dini məbədlər mövcuddur.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev dövlət-din münasibətlərinin yüksələn xətt üzrə inkişafı üçün hər cür şəraitin yaradılmasına nail olub. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilinMultikulturalizm ilielan olunması  Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.

Respublikamızın dünya birliyində  tolerant ölkə kimi tanınması beynəlxalq aləmdə də etiraf olunur. Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilir və bu təcrübənin öyrənilməsinin vacibliyi qeyd olunur. Respublikamızda tolerantlığa  belə yüksək qiymət verilməsi, təbii ki, dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan “Dünyada 5 ən tolerant dövlət”dən biri hesab olunur.

 Dini tolerantlıq nümunəsi hesab edilən Azərbaycan dini dözümlülük səviyyəsinə görə həm Asiya dövlətlərini, həm də Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Bu gün tolerantlığın Azərbaycan modeli müsəlman aləmi üçün əsl nümunə sayılır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bütün insanlar, hansı dinə etiqad etdiyindən asılı olmayaraq, başqa mədəniyyətlərə, dinlərə, əxlaqi dəyərlərə hörmətlə yanaşmalı, özləri üçün məqbul olub-olmamasına əhəmiyyət vermədən bütün ənənələrə münasibətdə dözümlü olmalıdırlar.

Dünyanın tanınmış ictimai-siyasi xadimləri, həmçinin görkəmli ziyalıları Azərbaycanda dini dözümlülük səviyyəsini yüksək dəyərləndirirlər. Bir neçə fakta diqqəti cəlb etmək istərdik. Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmanın dediklərindən: “Cənubi Qafqaz dövlətləri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Azərbaycan açıq şəkildə nümayiş etdirib ki, bütün dinlərə qarşı tolerantlıq göstərir”. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini vurğulayan deputat Azərbaycanda bütün dini icmaların inkişafı üçün hər cür şərait yaradıldığını bildirib: “Bu da, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir. Həmin faktı qəbul etmək və alqışlamaq lazımdır”.

Hayfa Universitetinin siyasi elmlər üzrə professoru Brenda Şaffer Azərbaycanın dinietnik azlıqlara hər zaman bərabər münasibət göstərilən bir ölkə olduğunu vurğulayıb. Onun sözlərinə görə, mədəniyyətlərarası anlaşma, bir çox mədəniyyətin birgə yaşayışı Azərbaycanda həmişə adi hal kimi qəbul edilib, çünki bütün insanlar özlərini bir ölkənin vətəndaşları kimi hiss ediblər: “Azərbaycanda təkcə dini azadlıq deyil, həmçinin dindən azadlıq da mövcud olub. Dünyada çox az cəmiyyətlər var ki, insan nəinki dini qurumun üzvü olmaq hüququna, həm də dinlə heç bir əlaqəsi olmayan məktəbə getmək hüququna da malikdir. Fikrimcə, heç ABŞ-ın özündə də Azərbaycanın dövlət və din arasında münasibətlərinin tənzim olunduğu bir modelə həmişə hörmət göstərilmir”.

Faktlar da təsdiqləyir ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi mehriban şəraitdə faəliyyət göstərirlər.  Son illər ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun məkanına çevrilməsi də bunun bariz nümunəsidir.

Respublikamızın  ev sahibliyi etdiyi dini sammitlərdə, sivilizasiyalararası və mədəniyyətlərarası  dialoqlarda, həmçinin bu məsələlərə həsr olunmuş  beynəlxalq konfranslarda da tolerantlıq təcrübəsi yüksək dəyərləndirilmişdir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir.

Ölkəmizdə daim diqqət yetirilən vətəndaş birliyi, həmrəyliyi, dini, milli məsələlərin həllində əldə olunmuş uğurlar tarixi sərvətimiz, nailiyyətimizdir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşırlar. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır, dövlət-din münasibətləri sivil prinsiplərə uyğun tənzimlənir.

Bir neçə il qabaq Dünya Dini Liderləri Sammitinin məhz Bakıda keçirilməsi  təsadüfi deyildi. Bu, ölkəmizin tolerantlığa verdiyi dəyərin nəticəsi idi. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdikləri sammitə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə qatılmışdı. Həmçinin bu mötəbər tədbirdə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də iştirak etmişdilər.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan olunmuşMultikulturalizm ili” çərçivəsində yanvarın 15-də Bakıda Heydər məscidində cümə namazı qılınmışdır. Vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılmış, dualar etmişlər. Məsciddə şiələrlə sünnilər qardaş kimi bir yerdə, yan-yana cümə namazını qılmışlar. Bu, əslində, sadə görünə bilər, amma mahiyyətinə vardıqda çox əhəmiyyətli və tarixi bir səhnə təsiri bağışlayır. Bu məsciddə hər gün olduğu kimi, cümə namazları növbəli şəkildə – bir həftə əhli – sünnə imamının, növbəti həftə isə şiə axundunun rəhbərliyi ilə keçirilir. Əminliklə demək olar ki, Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə unikal tolerantlıq mühiti yaratmışdır. Hazırda  bu, bir nümunə kimi, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Azərbaycanda tolerantlığın müsəlman dünyası üçün nümunəyə çevrilməsi  multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasisosial şəraitin mövcud olmasından irəli gəlmişdir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2016.- 17 yanvar.- S.2.