Azərbaycanın Avropa
Şurası üzvlüyünə
qəbul edilməsi
ölkəmizin beynəlxalq birliyə
inteqrasiyasında yeni
mərhələnin başlanğıcı olmuşdur
1993-cü
ilin ikinci
yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı Azərbaycanda müstəqil dövlətçilik
ideyalarının bərqərar olmasına geniş
imkanlar yaratdı. Ulu
öndər özbaşınalıq, anarxiya
və xaosun aradan
qaldırılması ilə yanaşı, ölkəmizin beynəlxalq
aləmdə fəallığının güclənməsi, ictimai
həyatın hərtərəfli demokratikləşdirilməsi
istiqamətində də inamlı addımlar atdı. Azərbaycanın
xarici siyasət kursunda
mövcud reallıqları nəzərə
alaraq milli mənafelərimizin qorunmasına
yönəlmiş ciddi dəyişikliklər
edildi. Özünün
zəngin dövlətçilik təcrübəsinə
əsaslandıraraq, dövlətimizin yeni
xarici siyasət kursunun
əsas istiqamətlərini müəyyənləşdirən
Prezident Heydər Əliyev nüfuzlu
beynəlxalq qurumlarla əməkdaşlığı ən mühüm
və təxirəsalınmaz vəzifə
kimi qarşıya qoydu.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı və maddi maraqlarını xalqın taleyüklü məsələlərindən üstün tutmaları respublikamızı beynəlxalq aləmdən təcrid etmişdi. Ona görə də həyata keçirilən siyasi strategiyanın prioritetini, ilk növbədə, ölkəni təcrid vəziyyətindən çıxarmaq, haqqımızda yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq, informasiya blokadasını yarmaq təşkil edirdi. Ermənistanın yaratdığı münaqişənin əsl səbəblərinin dünya birliyinə çatdırılmasında da beynəlxalq təşkilatlarla əməkdaşlığın rolunu yüksək qiymətləndirən ulu öndər bu sahəni daim diqqət mərkəzində saxlayırdı.
Heydər Əliyev ilk növbədə Avropa Şurası ilə əməkdaşlıq yaratmaq və ölkəmizin bu quruma üzv olmasına üstünlük verirdi. Söz yox ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələr 1992-ci ildən başlamışdır. Belə ki, 1992-ci il yanvarın 24-də Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdi. Lakin sonradan ölkədə baş verən qarşıdurmalar, hakimiyyət davası və anarxiya beynəlxalq təşkilatlarla əməkdaşlığı unutdurmuşdu. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyindən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq yenidən gündəmə gəldi.
1994-cü ilin mayında ümummilli liderin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında atəşkəs barədə sazişin imzalanması ölkəmizin sülhməramlı olması barədə beynəlxalq birlikdə rəy formalaşdırdı. Həmin ilin noyabrında Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu barədə qətnamə qəbul etmişdir. Bir neçə ay sonra isə, 1995-ci il fevralın 3-də AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Ölkəmizdə aparılan demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar həyata keçirilən tədbirlər və qəbul edilən qanunvericilik aktları respublikamızın beynəlxalq əlaqələrinin genişləndirilməsində böyük rol oynamışdır. 1996-cı ilin martında keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycanın bu komissiyaya üzv qəbul edilməsində məhz bu amillərin müsbət təsiri olmuşdur.
1996-cı il iyunun 28-də AŞPA Bürosunun Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında yeni mərhələ yaratmışdır. Bundan iki həftə sonra isə, ulu öndər Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa Konvensiyasına qoşulmaq istəyində olduğunu bildirmişdir. Məhz bundan sonra, 1996-cı il sentyabrın 11-də Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması və Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan qətnamə qəbul edilmişdir.
Azərbaycanın Avropa Şurasına üzvlüyə qəbul olunması ilə əlaqədar ulu öndərin həyata keçirdiyi davamlı siyasi xətt 1997-ci ilin oktyabrında bir daha bariz şəkildə özünü büruzə verdi. Həmin vaxt Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən 2-ci Zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini açıqlamışdır.
1998-ci il yanvarın 20-də ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam ölkəmizin beynəlxalq aləmə inteqrasiyası istiqamətində atılan daha bir inamlı addım oldu.
1998-ci ilin fevralında Milli Məclisdə Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edilməsi və həmin ilin avqustunda respublikamızda mətbuat üzərində senzuranın ləğv olunması barədə sərəncam imzalanması beynəlxalq aləmin diqqətinin ölkəmizə yönəldilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycanın Avropa Şurasına üzvlüyünə qəbul edilməsi istiqamətində inadkarlığı bu qurumun diqqətindən yayınmamışdır. Bütün bunlardan sonra AŞPA Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərmişdir. Bu sənəd 2000-ci ilin martında Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır. Həmin ilin iyununda keçirilən AŞPA-nın növbəti sessiyasında 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir. Bundan sonra Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi adlı 14 (2000) saylı qətnamə qəbul edilmişdir.
2001-ci ilin yanvarından başlarayaq, Avropa Şurasının nümayəndələri ölkəmizə səfərlər etmiş, müxtəlif görüşlər keçirmişlər. Həmin vaxt Avropa Şurası Nazirlər Komitəsinin sədri olmuş Latviyanın xarici işlər naziri İ.Berzinş Latviya, Almaniya, Niderland və İsveçin həmin təşkilat yanında səfirləri ilə birlikdə Bakıda səfərdə olmuşdur. Nümayəndə heyəti Bakıda Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, xarici işlər naziri, Konstitusiya Məhkəməsinin sədri və digər şəxslərlə görüşlər keçirmişdir. Bir neçə gün sonra isə İtaliyanın Avropa Şurası yanında daimi nümayəndəsi P. Erkole Aqonun rəhbərlik etdiyi və Niderland, İsveç, Türkiyə, Yunanıstan səfirlərindən təşkil edilmiş digər nümayəndə heyəti Bakıda səfərdə olmuş, dövlət hökumət və parlament başçıları, Konstitusiya Məhkəməsinin və Mərkəzi Seçki Komissiyasının sədrləri ilə görüşmüşdür. Bu görüşlər zamanı Avropa Şurasının nümayəndələrində Azərbaycanın demokratik prinsiplərin inkişafına xüsusi önəm verən ölkə və bu nüfuzlu qurumun üzvlüyünə layiq olması barədə rəy formalaşmışdır.
2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələri səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin, həmçinin bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin uğurlu nəticəsi idi.
Bundan bir neçə gün sonra, yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı bu təşkilatın qərargahı qarşısında ucaldılmışdır. Ulu öndər Heydər Əliyev bu tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanımasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamı müstəqil dövlətimizin dünya birliyində mövqelərinin daha da möhkəmləndirilməsinə və reytinqinin getdikcə yüksələcəyinə olan ümidləri daha da artıracaqdır.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 17
yanvar.- S.3.