İncəsənət əsərləri
20 Yanvar
şəhidlərinin xatirəsini əbədi
yaşadacaq
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nda mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiyaların göstərilməsi, sərgilərin keçirilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi də nəzərdə tutulmuşdur.
Bu gün elə bir muzey, elə bir kitabxana yoxdur ki, orada xalqımızın qanlı yaddaşına çevrilmiş 20 Yanvar faciəsi ilə bağlı kitablar, rəsm əsərləri toplanmasın. Bu faciənın bəddi təcəssümünə çevrilmiş belə əsərlərlə təkcə anım günlərində deyil, hər zaman tanış olmaq mümkündür. Amma anım günlərində mədəniyyət müəssisələri bu tədbirlərə xüsusi olaraq hazırlaşır. Yanvar faciəsinin 26-cı ildönümü ərəfəsində kitabxanalarımızda, muzey və kinotetrlarımızda şəhidlərin xatirəsi anılmış, onların qəhrəmanlıqlarına həsr olunan filmlər nümayiş etdirilmiş, kitablardan və rəsm əsərlərindən ibarət sərgilər təşkil oıunmuşdur. Bu, çox vacib məsələdir, çünki belə tədbirlər gənc nəslin qəhrəman Vətən övladlarının yaxından tanımasında, onların vətənpərvərlik tərbiyyəsində çox əhəmiyyətli rol oynayır.
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tabeliyində olan bütün mədəniyyət müəssisələrinə bu tədbirləri yüksək səviyyədə keçirmək tapşırığı vermişdir. Ölkənin baş kitabxanası olan M.F.Axundzadə adına Milli Kitabxanada yanvarın 14-də keçirilən tədbir də bu silsilədəndir. Həmin gün kitabxanada “20 Yanvar hüzn və milli qürur günüdür” adlı kitab sərgisinin və Nizami rayonunun Uşaq və gənclər yaradıcılıq mərkəzinin “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisinin açılışı olmuşdur. Mərasim yüksək səviyyədə təşkil edilmişdi. Burada sərgilənən kitabların hər biri o qanlı faciənın ən ağrılı anları haqqında söhbət açır. İllər keçəcək, bu kitablardakı sənədli və bəddi lövhələr oxuçulara baş verən faciələr haqqında müfəssəl məlumatlar çatdıracaq.
Yanvarın 15-də isə Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Vətən şəhidləri ilə ucalır” adlı sərgi təşkil olunmuşdur.
Sərgidə Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş olunmuşdur. Bu əsərlərə tamaşa etdikcə hiss edirsən ki, məktəblilər 20 Yanvar faciəsinin ağrılarını böyük məhəbbətlə obrazlı şəkildə əks etdirməyə çalışmışlar.
Tədbirdə şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş etdirilmiş və 20 Yanvar faciəsinə həsr olunmuş filmlər tamaşaçılara təqdim edilmiş, eyni zamanda, şəhidlərin şəxsi əşyaları sərgilənmişdir.
Demək olar ki, Bakının əksər mədəniyyət müəssisələrində belə tədbirlər keçirilmiş, tədbir iştirakçıları Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmişlər.
Regionlarımızda da mədəniyyət müəssisələrində şəhidlərin xatirəsi böyük hüznlə yad edilmişdir. Rayonların Mədəniyyət və Turizm şöbələrinə tabe olan müəssisələrdə ziyalılar, rayon ictimaiyyəti nümayəndələri yaxından iştirak etmişlər.
Bütün bu tədbirlərdə müxtəlif sənət adamlarının əsərləri nümayiş etdirilmişdir. Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin daim müraciət etdiyi mövzulardandır. Elə hadisələrin baş verdiyi həmun gecə operatorlarımız bu qətliamın ən ağrılı anlarını ekranın yaddaşına köçürmüşlər. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Salnamə” sənədli filmlər studiyasında da faciə ilə bağlı və ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə həsr edilmiş ekran əsərləri istehsal olunub. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri də “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə ötürüləcək tarixi sənədlərin əsasını təşkil edir.
Son illər studiyada vətənpərvərlik mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə 1988-ci ildən bəri ölkəmizə qarşı həyata keçirilən düşmənçilik siyasəti, xalqımızın başına gətirilən faciələr fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla kinolentin yaddaşına köçürülüb. “Azadlığa gedən yollar” sənədli filmində Azərbaycan tarixinə qara hərflərlə yazılmış 20 Yanvar faciəsi onun əsas süjet xəttini təşkil edir. Bu sıraya “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə qayıdıram” filmlərini də əlavə etmək olar. Hərbi vətənpərvərlik mövzusunda ekranlaşdırılan “Mən evə qayıdıram” bədii filmi ötən əsrin 90-cı illərinin real hadisələri əsasında çəkilib. Film Azərbaycanın hərbi təyyarəçilərinin qəhrəmanlıq hekayətindən bəhs edir.
Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də faciənin real hadisələri əsasında lentə alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və Türkiyənin tanınmış aktyorları rol alıblar. Film dünyanın bir çox ölkələrinin ekranlarında göstərilib.
20 Yanvar faciəsinə həsr olunan musiqi əsərləri də şəhidlərin xatirəsinin yad edilməsində önəmli rola malikdir. Son illər ərzində qanlı yanvara və şəhidlərə həsr olunmuş 20-dən artıq əsər yazılmışdır. Vaxtilə görkəmli bəstəkarlar Cövdət Hacıyev “Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədov “Əlimdə sazım ağlar” - solist və xalq çalğı alətləri orkestri üçün poeması (1991), Azər Rzayev “Bakı-90" simfoniyası, Vasif Adıgözəlov ”Qəm karvanı" oratoriyası və digər əsərlər faciənin miqyasını notların dili ilə göstərib. Qanlı tarixdən keçən 26 il müddətində bu nümunələrin sırasına yeni-yeni əsərlər daxil olub, faciəyə sənət dili ilə yanaşmalar nümayiş etdirilib.
Bəstələnən musiqilər tanınmış musiqi kollektivlərinin, orkestrlərin ifasında hüzn günü ərəfəsində xarici ölkələrin müxtəlif konsert salonlarında da səsləndirilərək dünya ictimaiyyətinin diqqətini bir daha bu faciəyə yönəltməyə xidmət edir. Son illər 20 Yanvar faciəsi və şəhidlərə həsr olunan musiqi əsərlərinin arasında Arif Mirzəyevin “Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər” operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə Məmmədovanın “Elegiya” solist, xor və orkestr üçün əsəri, Tahir Əkbərin “Hər birimiz Mübarizik, Fəridik” qiraətçi, solistlər, xor və orkestr üçün balladasını qeyd edə bilərik.
Bu mövzuda yaradılan rəsm əsərlərində təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq ruhunun nümayişi əsas motivləri təşkil edir. Ulu öndər Heydər Əliyevin 1995-ci il yanvarın 18-də R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki çıxışından sonra bədii əsərlərdə şəhidlərin ölməzliyini və müqəddəsliyini təcəssüm etdirən obrazlar yaradılmağa başlandı. Rəssamlıq sahəsində bu şərəfli tariximiz, bəlkə də, daha canlı, ifadəli və obrazlı təsvir edilməyə başlandı.
Xalq rəssamı Fərhad Xəlilov belə əsərlərin vacibliyinə toxunaraq deyib: “Xalq yaxşı günləri yaşadıqca faciələrinin də unudulmaması naminə onları gələcək nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan çıxmaması üçün ən yaxşı vasitələrdən biri də rəsm əsərləridir. Belə əsərlər nə qədər çox olarsa, həmin tarixi dünya xalqlarının diqqətinə çatdırmaq da bir o qədər mümkünləşər və asanlaşar”.
Yəqin ki, Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin harmoniyasından yoğrulan “Nakamların dəfni” əsəri ilə tanışsınız. Bu əsərə tamaşa etdikcə, həqiqətən, öz xalqının qəhrəmanlığından qürur duyursan. Bu əsərdə 20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs ruhu təsvir olunur. Eyni zamanda, bu faciəni törədən cəlladlara qarşı rəssamın hədsiz nifrəti aydın duyulur.
Görkəmli fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman Abdinin plakat janrında işlədiyi bir sıra silsilə əsərlərində, rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”, Həmzə Abdullayevin “Çərxi-fələk”, İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı şənbə gecəsinin ağrı-acılı yaşantıları öz bədii ifadəsini tapıb.
Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif Ələsgərovun “20 Yanvar” əsərləri də xalqımızın imperiya təcavüzünə məruz qaldığı gecəyə həsr olunmuş bədii sənət nümunələri olmaqla yanaşı, bizi düşmənə qarşı daim ayıq-sayıq olmağa səsləyir. Xalq rəssamı Ağəli İbrahimovun fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin əbədi mövzularından biridir: “Bu tarix yaddaşlardan silinməyəcək və indiyədək olduğu kimi, bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq mövqeyindən daim müraciət etdiyi mövzu kimi qalacaq. Xalq rəssamları Kamil Nəcəfzadə, Xanlar Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət əsərləri yaradıblar. Düşünürəm ki, nəinki rəssamlarımız, heykəltəraşlarımız və incəsənətin digər növləri ilə məşğul olan bütün yaradıcı insanlar hər zaman bu mövzuya müraciət edəcəklər”.
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən respublika İncəsənət Gimnaziyasının müəllimi, rəssam İlqar Əkbərov həmkarlarından fərqli olaraq, o zamanlar faciəyə ilk münasibət bildirib. O, həmin mövzuya həsr etdiyi əsəri hadisələrin qaynar vaxtı, Bakı qan içində boğulanda, 1990-cı ildə yaradıb. “Şəhidlər” adlanan həmin əsər R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində nümayiş etdirilir. Onun fikrincə, rəssamlıqla məşğul olan yeniyetmələrə bu mövzunun mahiyyəti izah edilməlidir ki, sonralar onların düşüncələri və təxəyyülləri əsərə çevriləndə obrazlar dolğun yaradılsın. Bu təbliğin nəticəsidir ki, rəssamlığa həvəsi olan uşaqlar da adı çəkilən mövzuya daha böyük maraq göstərirlər.
Tarix bütün hadisələri özündə yaşadır. Bu mövzuya həsr olunmuş sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 17
yanvar.- S.6.