Şair qəlbli rəssamın
nəğmələşən
rənglər dünyası
Çağdaş Azərbaycan rəngkarlığının
tanınmış nümayəndəsi Qafar
Sarıvəlli sənətsevərlərlə növbəti
görüşə Azərbaycan Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına Sərgi
Salonunda gəlmişdi.
Ölkənin nüfuzlu qalereyasında rəssamın müxtəlif janrlarda 60- dək seçmə əsəri sənət bilicilərinin və rəsm həvəskarlarının mühakiməsinə təqdim olunurdu. Ekspozisiyanın açılışında Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov bildirdi ki, fırçasını rəngarəng mövzularda, əksər janrlarda uğurla sınaqdan çıxarmış Qafar Sarıvəlli uzun illərdir ki, məhsuldar çalışır, sənət yollarında uğurlarını durmadan artırır. Gənclik illərindən ayrı- ayrı tematik sərgilərdə fəal iştirak edən həmkarımız bu vaxtadək 3 fərdi sərgisi və müxtəlif kataloqları ilə özünü sənətsevərlərə həssas duyumlu, yurdsevər, istedadlı rəssam kimi tanıda bilmişdir. Qafarın sayca dördüncü olan növbəti fərdi sərgisi onun ümumi yaradıcılığını izləmək, sənət uğurları ilə tanış olmaq baxımından önəmlidir. Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, AMEA- nın müxbir üzvü Nizami Cəfərov rəssam dostu Qafar Sarıvəllinin yaradıcılığında milli- məfkurəvi dəyərlərimizin, vətənçiliyin geniş yer aldığını vurğuladı, bu baxımdan onun doğulub- böyüdüyü Qazaxda təşkil olunmuş bundan əvvəlki sərgisinin də uğur qazandığını vurğuladı. Alim bildirdi ki, istər əlvan bir mənzərə olsun, istər Odlar yurdunun timsalı olan alov- tonqal, istər hansısa soydaşımızın portreti, istərsə də milli bir dəyərimiz – Qafar hamısını azərbaycançılıq məfkurəsi prizmasından keçirir. Rəssamın belə əsərlərində bayrağımızın üç rəngi əlvan bir dalğa kimi nəzəri cəlb edir.
Xalq şairi Nəriman Həsənzadə isə milli poeziyamızın ən yaxşı örnəklərini sinəsində gəzdirən Qafar Sarıvəllinin əsərlərindəki dərin lirizmə, aşıb- daşan şeiriyyətə toxunaraq qeyd etdi ki, o, şair qəlbli rəssam olduğundan əsərləri də “rənglərlə yazılmış” şeir- nəğmə təsiri bağışlayır. Əgər onun portretlərində təsvir olunan insanlar öz şəxsi keyfiyyətlərinə və fəaliyyətlərinə görə bir-birindən fərqlənirsə, mənzərələrinin hamısı bir məqsədə, yəni uca dağlarımızın, yaşıl çəmənlərimizin, meşələrimizin, bir sözlə, təbiətimizin bənzərsizliyini, ana torpağımızın gözəlliyini bizə sevdirməyə xidmət edir.
Rəssamı təbrik etməyə gəlmiş “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, şairlər Oqtay Rza və Zaməddin Ziyadoğlu, sənətsevər Qənimət Səfərli və başqa çıxış edənlər Qafar Sarıvəllini milli rəngkarlığımızı özünəməxsus yaradıcılıq üslubu, yüksək ideyalılığı və mövzu genişliyi ilə seçilən əsərlərlə zənginləşdirən rəssam kimi səciyyələndirdilər, fırca ustasına yeni uğurlar arzuladılar.
Sonra sərginin açılışına toplaşanlar ekspozisiya ilə yaxından tanış oldular, təəssüratlarını bir- birilə və müəlliflə bölüşdülər. Tamaşaçılar rəssamın “Səhər”, “Natürmort”, “Günəş Şərqdən doğur”, “Qaçaq Kərəm”, “Xalq şairi Səməd Vurğun”, Aşıq Ədalət","Sevgi", “Mübarizə”, “Ayrılıq”, “Göyəzən”, “Qobustan”, “İncədərəsi”, “Kürqırağı”, “Muğam aləmi”, “Saz”, “Zurnaçı”, “Soyqırım”, “Yurda bağlı ömür” kimi mövzuca çeşidli, Vətən sevgisi və məfkurəvi ideyalarla mənalanmış əsərlərinə maraqla baxdılar. Xatırladaq ki, Qafar Sarıvəllinin yaradıcılığında Azərbaycanda böyük ənənələri olan kitab tərtibatı sənəti də mühüm yerlərdən birini tutur. Son 25 ildə 100- dən çox kitaba çəkdiyi illüstrasiya onun bu sahədəki müvəffəqiyyətini sübuta yetirir. Yusif Kərimovun “Sarı sim”, Akif Səmədin “Ömrü özünə yaşasan”, Qara Qafqazlının “Şair elsiz olmasın”, Məhərrəm Qasımlının “Şah İsmayıl Xətainin poeziyası” və digər kitablara verilən tərtibatlar buna parlaq misaldır.
Qafar Sarıvəlli növbəti sənət
hesabatı barədə təəssüratını belə
ifadə etdi:
– Mən rəssam olduğuma görə doğulduğum İncədərəsi obasına, kəndim Kəmərliyə borcluyam. O bənzərsiz yerlərin min bir rəngi – baharının ağ donu, yayının zümrüdü libası, payızının qızılı mənzərəsi, qışının çılpaq və qarlı görüntüləri, adamlarının möhkəm və mehriban simaları, halallıq saçan bənzərsiz obrazları dünyaya göz açıb özümü anlayandan qəlbimdə bitib-tükənməyən duyğular oyatmış, sanki “bizi gör və göstər” deyə pıçıldamışdır. Uşaqlıq illərində kəndimizin “balaca rəssamı” kimi tanındım, hərbi xidmətdə rəssamlıqla nəfəs aldım. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində görkəmli fırça ustalarından dərs alandan sonra taleyimi bugünədək sevib-seçdiyim rəngkarlıqla bağlamışam. Mənim əvvəllər də Bakıda fərdi sərgilərim olub, müxtəlif ekspozisiyalarda əsərlərim göstərilib. İki il əvvəl Qazaxdakı fərdi sərgimə daha ciddi, bir az da həyəcanla hazırlaşmışdım. İndiki sərgiyə isə sənətsevərlərin diqqətini cəlb etmiş ən yaxşı rəsmlərimi çıxarmışam. Hər sənət hesabatımın uğurla baş tutması mənə yeni yaradıcılıq həvəsi gətirir, insanların rəssamlardan nə gözlədiklərini öyrənməyimə kömək edir. Şübhəsiz, bu sərgi də məni yeni axtarışlara yönləndirəcək. Söylənən mülahizələr faydalı olacaq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2016.- 17
yanvar.- S.7.