Mühəndis və nitq mədəniyyəti

 

Gələcəyin mühəndislərinə öz fikirlərinin, ideyalarının, təklif etdikləri yeniliklərin üzərində dayanmaq, etik normalar çərçivəsində israrlı olmaq, qarşıdakını inandırmaq vərdişləri də aşılanmalıdır.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində artıq 2 ildən artıqdır ki, “Azərbaycan dilinitq mədəniyyəti” fənni tədris edilir. Nisbətən gənc olan bu sahədə təhsilin keyfiyyəti uğrunda atacağımız addımlar haqqında düşüncələrimi, təkliflərimi hörmətli oxucularımla bölüşmək istərdim.

Prezident İlham Əliyevin 2013-cü ildə Azərbaycan dili haqqında verdiyi qərarın məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov texniki ali məktəblərdə “Azərbaycan dilinitq mədəniyyəti” fənninin tədrisi ilə bağlı sərəncam imzaladı. Sözügedən qərar ədəbi ictimaiyyətdə də böyük əks-səda doğurdu. Akademik Nizami Cəfərov televiziya ilə çıxışında nəinki müəllimlərin, həkimlərin, hətta digər sənət sahiblərinin də işə qəbul olunarkən nitq mədəniyyətindən imtahan vermələri, sual-cavab edilmələrinin labüdlüyü təklifini irəli sürdü. Ziyalılar ordusunun, demək olar ki, çoxsaylı hissəsini təşkil edən mühəndislər də, şübhəsiz, bu prosesdən kənarda qala bilməzlər.

Təsadüfi deyil ki, özəl və qeyri-özəl sektorlara dövlət qulluqçusu vəzifəsinə qəbul olunmaq istəyən şəxslər üçün ən mühüm və məsuliyyətli mərhələ - müsahibədir. Bəs gələcək mühəndislərin modeli olan tələbələrimizi nitq mədəniyyətinə yiyələndirmək məqsədilə biz müəllimlər tədris etdiyimiz fənnə hansı mövqedən yanaşmalıyıq? Daha obrazlı desək, “texniki” təmayüllü nitq mədəniyyəti"ndə hansı cəhətlərə də diqqət yetirməliyik? Bəzən tələbələrdə belə bir sual yaranır: axı biz mühəndis, texniki işçilər olacağıq, nitq mədəniyyətinin bizə faydası nə ola bilər?

Bütün bu suallara cavab verməzdən əvvəl mühəndislik ixtisasının spesifik cəhətlərinə nəzər salaq. Hələ dahi Sokrat mühəndisliyi incəsənətin bir növü adlandırmışdı. Çünki mühəndislik, doğrudan da, yaradıcı sənətdir: salınan körpülərdən tutmuş, biotibbi cihazlaradək gündəlik həyatımızda istifadə olunan qurğuların layihəsi, cizgisi mühəndislərin yaradıcı əməyinin məhsuludur. Mühəndislik həkimlik, müəllimlik ixtisaslarına nisbətən insanlarla az ünsiyyətdə olan sahədir, yəni onların “tərəf müqabili” maşınlar, cihazlar, aparatlarsairdir. Ali məktəbləri bitirdikdən sonra gənclər elə situasiyalarla qarşılaşırlar ki, orda yalnız professional sahədə əldə etdikləri bilik və bacarıqlarla kifayətlənmək olmur. Möhkəm iradə, prinsipiallıq, təşkilatçılıq, məsələlərin öhdəsindən gəlmək üçün insanları öz ətrafında toplamaq, başqalarının, eləcə də özünün fəaliyyətinə qiymət vermək və s. kimi  bacarıqlara yiyələnmək lazım olur ki, bunların da təməli məhz ali məktəbdə qoyulmalıdır. Digər tərəfdən, onların düşüncəsi, təfəkkür tərzi qrafik təsəvvürə əsaslanır. Buna görə də gələcək mühəndislərə, elmi-texniki sferada çalışacaq işçilərə nitq mədəniyyətindən kifayət qədər zəngin “bilik baqaj”ı verməklə yanaşı, onların dil fondunun, ümumi mədəniyyətinin, yaradıcı təfəkkürünün inkişafı üçün ixtisas fənni, bədii ədəbiyyat və həyatın müxtəlif sahələrinə aid oxu mətnlərindən istifadə etmək lazımdır. Azərbaycan dilinitq mədəniyyəti fənni ilə texniki fənlər vahid təhsil mexanizminin ayrılmaz tərkib hissələridir.

Bu səbəbdən tələbələrimizə “Nitq mədəniyyəti fənninin digər elmlərlə əlaqəsi” mövzusunu izah edərkən texniki fənlərlə - riyaziyyat, fizika, kibernetika, eləcə də geoloqlar üçün maraqlı ola biləcək coğrafiya ilə əlaqə haqqında da məlumat vermək lazımdır. Burada Lui de Broyldan sitat gətirmək yerinə düşərdi: “Bəşəri kəşfləri də, əldə olunan bilgiləri də riyazi formullarla ifadə etmək mümkündür. Lakin bütün bunları inkişaf etdirmək, nəticələrindən faydalanmaq üçün ilk baxışdan çox adi təsir bağışlayan ədəbi dil lazımdır. Adi görünməsinə baxmayaraq, dilin dəqiqliyi formulların dəqiqliyindən qat-qat güclüdür”.

Müasir dövrdə gənclərimiz hesablama texnikası, informatika, kibernetika elmlərinin prinsiplərinə uyğun təhsil alırlar. Humanitar elmlər zəncirinin bir həlqəsi olan nitq mədəniyyəti isə ADNSU məzunlarını təfəkkürün mühəndis üslubunun dar texniki çərçivəsindən azad olmaq, inkişaf etməkdə olan cəmiyyətimizin sosial sferadakı tələblərinə cavab verməyi bacarmaq ruhunda tərbiyə edir. Çalışmalıyıq ki, istər kollektivlə rəftarında, istərsə də işlədiyi idarədə menecerlə ünsiyyət quranda (çünki menecer, adətən, humanitar ixtisaslı olur) burda əxz etdiyi bilik və vərdişlər onların köməyinə gəlsin.

Məzunlarımız “karyera nərdivanı”nın “briqadir”, “usta”, “sahə rəisi”, “sex müdiri”, “direktoradlanan pillələri ilə irəlilədikcə artıq “insan+maşın” çərçivəsindən çıxaraq, “insan+insanamili ilə qarşılaşırlar. Bu vəzifələr mühəndisdən insanlarla işləmək qabiliyyəti tələb edir. Onların idarə rəhbəri kimi elmi-texniki müşavirələr, işgüzar danışıqlar aparanda, tərif və tənqid edəndə, yaxud tərif və tənqid ediləndə nitqin etik normalarına riayət etməklə fikrini qarşısındakına çatdıra, həmçinin nitqini qrammatik cəhətdən düzgün qura bilmək üçün yenə də nitq mədəniyyətinin incəliklərindən xəbərdar olması lazımdır. Orfoqrafiya”, “Orfoepiya”, “Vurğu” bəhsində texniki terminlərin orfoqrafiyası, texniki terminlərin orfoepiyası, texniki terminlərdə vurğu haqqında da məlumat verilməlidir. Çalışmalar və tapşırıqlar fərdiliyin cilalanmasına xidmət etməklə yanaşı, həm də formal məntiqi analizdən, texniki təfəkkür tərzindən yaxşı mənada uzaqlaşmağa, yaradıcı təfəkkürün inkişafına yönəldilməlidir. Bəzən təklif edirlər ki, mühəndis kadrları hazırlayan ali məktəblərdə “tədrisin möcüzəsi” sayılan dialoqları EHM-lərlə aparmaq lazımdır. Amma fikrimizcə, dialoq canlı ünsiyyət vasitəsi kimi daha çox səmərə verər. Fənlə bağlı “Diskussiya mədəniyyəti” mövzusunu, “Təşkil olunmuş nitq” bölməsinin “Məruzə”, “Çıxış” mövzularını tədris edərkən elmi-texniki aspektdə keçirilən tələbə elmi konfranslarında, diskussiyalarda, debatlarda uğurlu iştirakı təmin etmək məqsədilə elmi-texniki nitqin öyrədilməsinə diqqət artırılmalıdır.

Yeri gəlmişkən qeyd edək ki, hörmətli Prezidentimiz İlham Əliyev bu ilin noyabr ayında AMEA-da olarkən dövlət başçısının qarşısında nitq söyləyən təhsil naziri Mikayıl Cabbarov öz çıxışında qeyd etmişdir ki, ali məktəblərdə elmi-tədqiqat işlərinin aparılması gücləndirilməlidir. Gələcəyin mühəndislərinə öz fikirlərinin, ideyalarının, təklif etdikləri yeniliklərin üzərində dayanmaq, etik normalar çərçivəsində israrlı olmaq, qarşıdakını inandırmaq vərdişləri də aşılanmalıdır. Bu məqsədlə texniki ali məktəblərdə elmi üslubun elmi-texniki qolu elmi və elmi-tədris nöqteyi - nəzərindən xüsusi olaraq işıqlandırılmalıdır. Elmi üslub haqqında məlumat verərkən elmi-texniki üslubun özəlliklərinə, elmi-texniki üslubun leksik-qrammatik xüsusiyyətlərinə də toxunulmalıdır. Nitqi inkişaf etdirmək məqsədilə verilən, klassikmüasir ədəbiyyatdan götürülən söz inciləri ilə yanaşı, “bədii üslubun elmi-texniki qoluolan elmi-fantastik əsərlər də gələcək mühəndislərin nitqinin inkişaf etdirilməsinə, zəkasının, dünyagörüşünün zənginləşməsinə xidmət etməlidir. Çünki düzgün seçilmiş elmi-fantastik əsərlərdəki terminlər elmi-texniki dilə (məsələn, kibernetika, robototexnika) çox yaxındır.

“Rəsmi sənədlərin yazılış qaydaları”nı tədris edərkən ənənəvi üsulla yanaşı, işə qəbul olunanda tələb edilən SV-lərin, əmək müqavilələrinin, əmək təcrübəsi müddətində lazım ola biləcək elmi-texniki sənədlərin -  hüquqi şəxslərlə bağlanan işgüzar müqavilələrin, sazişlərin düzgün tərtibi prinsipləri, əmək təhlükəsizliyi jurnallarının doldurulmasına aid nümunələr, əmək təcrübəsində lazım olan digər sənədlərin, aktların (məsələn, “defektasiya aktı”nın) hazırlanması, mühəndisin anketinin doldurulması haqqında yeri gəldikcə məlumatlar verilməlidir. Nitq mədəniyyətinin texniki təmayüllü olması heçbu fənnin texniki elmlərlə bərabərləşməsi demək deyil, əksinə, texniki təhsilin humanitarlaşdırılmasıdır.

Bu konsepsiya universitetimizin korifeylərindən olan mərhum akademik Azad Mirzəcanzadənin “Təhsilin humanitarlaşdırılması haqqında etüdlər” əsərində də öz əksini tapmışdır. Bir sözlə, təhsil prosesində konkret elmlərlə humanitar elmlərin elə bir vəhdətini yaratmaq lazımdır ki, texniki elmlərdə fərdi xüsusiyyətlərin inkişafını buxovlayan “zəncirlər” humanitar elmlər vasitəsilə açılsın. Gələcək məzunlarımızın aydın, səlis, yığcam, düzgün nitqə malik olmaları, linqvistika sahəsində verdiyimiz bilikləri istehsalatda müvəffəqiyyətlə tətbiq edə bilmələri üçün əlimizdən gələni etməliyik.

Düşüncələrimi dahi Sokratın müəllimin vəzifəsi haqqında dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm: “Müəllimin vəzifəsi tələbənin başına bilikləri yerləşdirməklə bitmir. Çalışmaq lazımdır ki, onun başında yeni ideyaların formalaşmasına zəmin yaransın”.

P.S: Nəzərinizə çatdırmaq istərdim ki, mən universitetimizin tələbələri üçünTexniki ali məktəblərdə Azərbaycan dilinitq mədəniyyəti” adlı dərslik hazırlayıram. Texniki sahə mütəxəssislərinin bu məsələ ilə bağlı məsləhət və təklifləri olarsa, əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

 

Afaq AĞAYEVA,

ADNSU Azərbaycan dili

kafedrasının professoru,

filologiya üzrə elmlər doktoru

 

Xalq qəzeti.- 2016.- 17 yanvar.- S.7.