Qanlı Yanvar xalqımızın

azadlıq epopeyasıdır

 

Azərbaycan xalqının milli mübarizə tarixi bir sıra vacib hadisələrlə yadda qalmışdır. Bu hadisələrin tariximizdə böyük hərflərlə yazılmasının başlıca səbəbi ümumxalq mübarizəsinin ortaya qoyulması və soydaşlarımızın hamılıqla milli ideallara dəstək verməsi ilə müşayiət olunmasıdır.

 

Tariximizi vərəqləyərkən xüsusi dayandığımız nğöqtələrdən biri də 1990-cı ilin qanlı 20 Yanvar günüdür. Bu gün  Azərbaycan tarixində təkcə faciə kimi deyil,  istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Qanlı 20 Yanvar günü  Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadısənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu sındıra bilmədi.

Millətimizin başına gətirilən bu cinayət SSRİ rəhbərliyinin üzünü bariz bir şəkildə ortaya qoydu. Əslində, imperiyanın Bakıda bu qanlı olayı törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də puç oldu.

Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana yeridilən SSRİ-nin xüsusi təlim görmüş və xalqımızın qanına susamış erməni mənşəli əsgərlərin də olduğu qoşunlar Bakı küçələrində guya asayişi qorumaq, rusları millətçi cəbhəçilərin təhqir və ölüm təzyiqlərindən qurtarmaq niyyəti daşısa da, şəhərə girər-girməz qarşılarına çıxan kim varsa, qətlə yetirdilər. Azərbaycan xalqına qarşı tuşlanmış bu faicənin miqyası həm öldürülənlərin içində azyaşlıların, qadınların olması, həm də etnik baxımdan rus, yəhudi olan vətəndaşlarımızın da qətlə yetirilməsində görünürdü. Yəni sovet rəhbərliyini rusların asayışı deyil, Azərbaycanın haqq səsini qanla boğmaq maraqlandırırdı.  Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

O vaxt başda Əbdürrrəhman Vəzirov olmaqla Azərbaycan rəhbərliyində siyasi iradənin, milli prinsipiallığın olmaması, qətiyyətsizlik nümayiş etdirilməsi xalqı tankların qarşısında qoyub qaçmaqla nəticələndi. Guya bununla Vəzirov və komandası məsuliyyətdən yayınmaq istədi. Lakin Ə. Vəzirovun və əlaltılarının Sov. İKP. MK-nın  əlində oyuncağa çevrilməsi artıq əvvəlcədən bilinirdi. 20 Yanvar günü isə xalqda olan bu əminlik əyani sübuta yetirildi.

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Böyük liderin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idiözü də imperiyanın mərkəzində...

Ötən  əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də məxsusi yer tutur. Bu, bəşəriyyət, insanlıq, mənəvi dəyərlər, humanizm əleyhinə törədilmiş bir dəhşətli xəyanət idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Ümummilli lider Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülübbu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublıkası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu indi də davamlı olaraq həyata keçirilir. Hər il 20 yanvar günü Azərbaycan Prezidenti İlham Əliyev və dövlətin ən yüksək səlahiyyət sahibləri Şəhidlər xiyabanını ziyarət edir, əklillər qoyur, ən yüksək ehtiramlarını bildirirlər.

Bu gün Azərbaycanda həm 20 Yanvar, həm Xocalı soyqırımını təbliğ etmək dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu qanlı faciə də daxil olmaqla bütün qan yaddaşımıza aid olan tarixi günlər diasporumuz tərəfindən də daim gündəmdə saxlanılır və əcnəbilərin arasında təbliğ olunur. Bu gün erməni lobbisinindiasporunun başlıca fəaliyyət istiqaməti Azərbaycan adının, ölkəmizlə, xalqımızla bağlı həqiqətlərin təhrif olunmasıdır. Bu baxımdan tək dövlət tərəfindən deyil, bütün ictimati sferalarda, disapor nümayəndələri arasında qan yaddaşımızın təbliğatı və lobbiçiliyimizin inkişafı başlıca meyar olmalıdır.

Hər il Fransada xalqımızın müstəqillik və azadlıq yolundakı mübarizə günləri və o cümlədən 20 Yanvar günü ilə bağlı silsilə tədbir-mərasimlər keçirilir.

Azərbaycanın Fransadakı səfirliyinin və Parisdə fəaliyyət göstərən “Azərbaycan evinin təşkilatçılığı ilə səfirliyin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları və diasporumuzun təmsilçiləri tərəfindən yanvarın 20-də  dəfələrlə tədbirlər keçirilib. Bu il də Parisdə 20 yanvar şəhidlərini anma mərasimi təşkil olunacaq. “Azərbaycan eviolaraq biz və digər diaspor nümayəndələri, dövlətimizi təmsil edən rəsmi şəxslər bu tədbirlərə qatılacağıq. Qarşıya qoyduğumuz başlıca məqsədlərdən biri də hər il daha çox Fransa rəsmisini, ictimai xadimlərini Azərbaycanın faciəvi günlərinin keçirilmə tədbirlərinə cəlb etmək, həqiqətlərimizi bu insanlara çatdırmaqdır. Media manipulyasının və əks-təbliğatının güclü olduğu bir dövrdə və xüsusilə erməni diasporlobbisinin bundan yetərincə yararalandığı bir ölkədə Azərbaycan həqiqətlərinin təbliğatı mühüm əhəmiyyət kəsb edir və təşkilatımız bununla bağlı fəaliyyəti əsas məqsəd hesab edir.

Beləliklə, bu il xalqımız 20 Yanvar hadisələrinin 26-cı ildönümünü qeyd etməyə, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlamağa, onların əziz xatirəsini böyük ehtiramla yad etməyə hazırlaşır. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Əminəm ki, şəhidlərimiz və Şəhidlər xiyabanı  müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə bir qürur mənbəyi olaraq qalacaq və əzmkarlıq, şücaət, milli birlik epopeyası kimi xatırlanacaqdır.

 

Mirvari FƏTƏLİYEVA,

“Paris Azərbaycan Evi”nin sədri

 

Xalq qəzeti.- 2016.- 20 yanvar.- S.10.