Oljas Süleymenov:
“Mən çox istəyirəm
ki...”
Milli mübarizə tariximizin qanlı və şanlı 20 Yanvar səhifəsi barədə qələmə aldığımız bu sətirləri türk dünyasının böyük oğlu, Azərbaycan xalqının isə sədaqətli dostu olan, o dəhşətli faciə barədə xəbəri eşidən kimi qardaşlarının kədərinə şərik çıxmaq üçün Bakıya gəlmiş Oljas Süleymenovun hələ paytaxt küçələrindəki insan qanının qurumadığı günlərdə bizə ünvanladığı müraciətdən bu fikirlərlə başlamaq istəyirik: “Mən çox istəyirəm ki, Azərbaycan xalqı bu çaşqınlıq halından çıxsın, özünün ən təmiz, ən işıqlı hiss və fikirlərini vulkan kimi püskürsün. Yalnız bu hiss və fikirlərin yaratdığı mərdlik bütün dünyanı, eləcə də Azərbaycan xalqını, onun mədəniyyətini, insanların həyatını xilas edəcəkdir”.
Bəli, Azərbaycan xalqının həmin işıqlı, təmiz fikirləri, sözün həqiqi mənasında, vulkan kimi püskürdü və adıçəkilən faciə günlərində gözü yaşlı, boynu bükük, sabaha inamı itmiş kimi görünən xalqımız çox qısa müddət ərzində dövlət müstəqilliyinə qovuşdu, öz həqiqi liderini tapdı və bir çox ölkələrin altmış-yetmiş ilə keçdiyi inkişaf yolunu cəmi iki onilliyə qət etməyi bacardı. Fikrimizi bir qədər də dəqiqləşdirmək üçün 90-cı ildə Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Ali Sovetinin deputatı olan Oljas Süleymenovun həm 20 Yanvar faciəsi günlərində, həm də aradan xeyli keçəndən sonra Bakı haqqında dediyi fikirləri xatırlatmağımız məqsədəuyğun olardı.
Oljas bəyin 1990-cı il yanvarın 31-də “Bakı” qəzetində verilmiş müraciətində oxuyuruq: “Mənə çox adam müraciət edir, müxtəlif sənədlər göstərir, ürəklərinə dəyən yaralardan söz açırlar. Bəli, bu qəmli, faciəli günlərdə Bakının küçələrində çox nahaq qanlar tökülüb. Mən müharibə alovlarına bürünmüş Əfqanıstan, Livan, Efiopiya, Anqola, Mozambik kimi ölkələrdə çox olmuşam. Lakin heç vaxt ağlıma gəlməzdi ki, bizim ölkəmizdə də belə ola bilər. Fikirləşməzdim ki, Bakıda, mehmanxana nömrəsində yatdığım vaxt güllə səsləri eşidəcəyəm, şəhərin küçələri ilə gedəndə keşikçi əsgərlər məni saxlayıb müharibə dövrünün qayda-qanunları ilə yoxlayacaqlar.”
Bəli, Bakının küçələri həmin günlərdə əsl müharibə ab-havasında idi. Təzəcə and içmiş əsgərlər dünya şöhrətli yazıçını, o boyda ölkənin qanunverici orqanının deputatını saxlayır, hara, nə üçün getdiyini soruşur, sənədlərini yoxlayırdılar.
Bakı
küçələri barədə
başqa təəssürat
Ustad sənətkardan gətirmək istədiyimiz ikinci sitat da Bakının küçələri barədədir. Amma, tamamilə başqa məzmunda. Qanlı faciədən 17 il sonra növbəti dəfə Bakıda olan, 2007-ci il iyulun 30-da öz təssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən (“Bakı həmişə səninlə olan bayramdır”) yazıçı deyir: “Dünən mən Prezident İlham Əliyevlə görüşə tələsəndə “tıxaca” düşdüm. Bir az gecikdim, çünki tıxac yaman böyük idi. Üç il bundan qabaq Bakı küçələrində bu cür mənzərəni təsəvvür etmək belə çətin idi. Tıxaca düşməyim məni məyus etdi, ancaq həm də sevindirdi. Axı “tıxac” şəhərin, ölkənin yaşayış səviyyəsinin artmasının əyani göstəricisidir. Mən köhnə və təzə avtomobillərin sayını qarasına hesabladım, təxminən 70 faiz xarici, Qərb markalı maşınlardır. Yəni, burada da yüksəliş əlamətləri görürük. Məmnunluqla demək istəyirəm ki, Azərbaycan beynəlxalq aləmdə hörmət və nüfuzunu inamla artırır, Xəzəryanı bölgənin aparıcı dövlətlərindən birinə, Cənubi Qafqazda siyasi liderə çevrilir”. Bəli, doğrudan da , biz 20 Yanvar şəhidlərinin qanını yerdə qoymamışıq. Onlar ölkəmizin məhz Oljas Süleymenovun sadaladığı uğurlara nail olması üçün canlarını fəda etmişdilər.
“Metroda mən
yeganə sərnişin idim”
Bu görkəmli yazıçının
1990-cı ilin ilk ayında
Bakıda söylədiyi
fikirlərə bir daha qayıtmağa ehtiyac qalmadı. Amma, sonrakı
illərdə,
həm bilavasitə
20 Yanvar faciəsinin törədildiyi günlər
barədə, həm də bizim müstəqillik
əldə edəndən
sonrakı həyatımız
haqqında
dediklərini yada
salmağa ehtiyac duyulur. Çünki , həmin fikirlər
təkcə ümumtürk
həmrəyliyindən yaranan
düşüncələr, yaxud, bir türk
xalqının uğurlarını
digər türk xalqı təmsilçisinin
fəxrlə dilə gətirməsi deyildi. Bu, həm də ümumdünya vətəndaşı
adına layiq olan bir sülh
elçisinin, söz nəhənginin Azərbaycan
həqiqətləri barədə
dedikləri idi. Təbii ki, əvvəlcə yazıçının
20 Yanvar günlərində
Bakıya gəlişini
xatırladığı cümlələrə
diqqət yetirək:
“O vaxt mən SSRİ Ali Soveti deputatının mandatından istifadə edərək, hansısa yarıhərbi təyyarədə
gəldim, çünki
adi reysləri artıq ləğv etmişdilər. Səhərə yaxın yerə
enib şəhəri tələsik tərk edən adamlarla dolu olan aerovağzala
piyada yollandıq.
Vahimə həddinə çatan
basırıqda içəri
keçə bilmədim.
Nəqliyyat, təbii ki,
işləmirdi, komendant
saatı idi. Məni hərbi maşında ən yaxın metro stansiyalarının birinə
çatdırdılar. Təsəvvür edin, metroda mən yeganə sərnişin idim: qapılarında matəm lentləri asılmış qatarlar boş gedirdi. Şəhərin mərkəzində metrodan çıxdım,
hər tərəf bomboş idi, bir nəfər də olsun yox
idi. Patrulla bir-iki “görüşdən”
sonra gəlib “Azərbaycan” mehmanxanasına
çatdım. Ora qaranlıq
və boş idi. Qapını döyəndə, birdən
kimsə şüşə
qapının arxasından
boylandı, sonra qapını açdı:
“Oljas bəy, buyurun...”. Yəqin
tanımışdı – o vaxt
mən teleekranda tez-tez görünürdüm,
o cümlədən SSRİ Xalq deputatları soveti
qurultayının tribunasında.
Onu da deyim ki,
gəlmək ərəfəsində
soyuqlamışdım, qızdırmam
39 dərəcəyə çatmışdı.
Gecə isə zəng vurub Bakıdakı hadisələr barədə
xəbər verdilər.
Xəstə olduğumu
bildirib gəlməmək
yaxşı düşməzdi:
burada qan tökülür, sən isə qızdırmadan danışırsan. Rastıma çıxan
ilk maşına oturub
aeroporta tələsdim.
Bax, belə təəssüratlar qalıb...
Sonra, təbii ki, işə başladıq,
bir həftə burada qaldım, Azərbaycanın tarixinin dramatik məqamlarını,
qara səhifələrini
öz gözlərimlə
gördüm”.
“Nəşriyyata
getdim,
fəhlələrlə görüşdüm...”
İndi
isə, avropalıların
“cəmiyyətin həkimi”
adlandırdığı mətbuatın,
daha doğrusu, Azərbaycan mətbuatının
20 Yanvar faciəsindən
sonrakı həftədəki
fəaliyyəti barədə
Oljas Süleymenovun yadında qalanlardan sitat gətirək: “Yadımdadır, o vaxt Primakov, Girenko, Yazov, Varennikov burada idilər. Onlar məndən xahiş etdilər ki, qəzetlərin nəşrini
yoluna qoyum, bir neçə gün idi ki,
qəzet çıxmırdı.
Nəşriyyata getdim, fəhlələrlə
görüşdüm, onları
başa salmağa çalışdım ki,
siz qəzetləri çap etmirsiniz, camaatın vəziyyətdən,
baş verənlərdən
xəbəri yoxdur.
Sizin isə vəziyyət barədə məlumatınız
var, ancaq adamlara çatmasına
mane olursunuz, indiki şəraitdə bu, yolverilməzdir. Özü də
mən zəmanət verirəm ki, heç bir senzura olmayacaq, çünki bütün
şərtləri razılaşdırmışam.
Ümumilikdə, kollektiv mənim
dəlillərimi nəzərə
alıb razılaşdı.
Ancaq ultimatum da səsləndi: sabah
bütün qəzetlər
çıxacaq, təkcə
Azərbaycan dilində
“Kommunist”dən başqa,
çünki onların
hamısı bu partiyanın üzvləridir.
Mən başa salmağa çalışdım ki,
kommunistlərin hamısı
eyni deyil, sadəcə olaraq partiya üzvləri də var, əsl
kommunistlər də.
Elə mən də kommunistəm... Bir sözlə, səhər mənə MK
katibi Həsən Həsənov zəng vurdu: “Qəzetlərin hamısı çıxıb”.
Soruşdum ki, bəs “Kommunist” necə, dedi o da çıxıb... Hə, o vaxt TV ilə çıxışımda dedim:
“Mən daha Azərbaycana gəlib onu belə vəziyyətdə
görmək istəmirəm.
Mən şən, sevincli günlər yaşayan Azərbaycana gəlmək
istəyirəm. Ümid
edirəm ki, bu küçələrdə
əvvəllər olduğu
kimi yenə xoşbəxt insanları görəcəyəm...”
“Heydər Əliyev
arzu edirdi ki...”
Bəli, Heydər Əliyev siyasi müdrikliyi nəticəsində Azərbaycan
xalqı 20 Yanvar şəhidlərinin arzusunu
həyata keçirdi və onların ruhunu yüksək səviyyədə şad
etməyi bacardı. Onların
özlərini fəda
verdiyi amalların reallaşması nəticəsində
bu gün gənc müstəqil Azərbaycan dövləti təkcə
regionun deyil, eləcə də dünyanın ən nüfuzlu dövlətlərindən birinə
çevrilib. Yeri gəlmişkən, Oljas Süleymenov adıçəkilən
müsahibəsində ulu
öndərimizin heç
zaman unutmayacağı
bir nitqini də yada salır:
“Altı il öncə indi onun adını daşıyan sarayda keçirilən Dünya Azərbaycanlılarının birinci
qurultayı yadıma düşür. Orada çıxış edən Heydər Əliyevin dediyi sözlər yaddaşıma
ömürlük həkk
olunmuşdur. O, nitqini
bu sözlərlə tamamlamışdı: “Qoy,
çaylarımız qurumasın!
Qoy, ağaclarımız
kəsilməsin! Qoy, çırağımız
sönməsin!”
Amin, qoy belə olsun!.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2016.-
20 yanvar.- S.7.