20 Yanvar faciəsi
dünya mediasında
20 Yanvar faciəsindən 26 il keçdi. SSRİ rəhbərliyinin göstərişi
ilə Bakıda dinc, əliyalın insanlara qarşı hətta,
qadağan olunmuş silahlardan da də istifadə olunmuşdur.
Bu faciə bütün dünyada böyük əks-səda
doğurmuş, sovet ordusunun qəddarlığı
qınanılmış, orduya göstəriş verənlər
beynəlxalq aləmdə kəskin pislənilmişdir.
Qeyd
olunmuşdur ki, 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycanda
insanlıq əleyhinə törədilmiş bu dəhşətli
cinayət hadisəsi nəticəsində BMT-nin İnsan
Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki
və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər
beynəlxalq hüquqi sənədlər kobud şəkildə
pozulmuşdur. Dünyanın aparıcı kütləvi
informasiya vasitələrində bu qətliam barədə
mütəmadi olaraq məqalələr dərc olunmuş, 20
Yanvar faciəsi
öz mahiyyətinə və miqyasına görə
XX əsrdə törədilmiş ən dəhşətli
cinayətlərdən biri
adlandırılmışdır.
Avstraliyada
nəşr olunan
“The Canberra Times” qəzetində “1990-cı ilin 20
yanvarı: Azərbaycanda qırmızı terrorun qara
üzü” adlı məqalə dərc olunmuşdur. Məqalədə 1980-ci illərin ikinci
yarısında erməni millətçilərinin
keçmiş Sovet İttifaqında yaranan gərgin vəziyyətdən
istifadə edərək Azərbaycanın Dağlıq
Qarabağ vilayətini Ermənistana birləşdirmək
istiqamətində məkrli planın həyata keçirilməsi
məqsədilə keçmiş SSRİ rəhbəri Mixail
Qorbaçovun dəstəyini aldıqları bildirilir. Qeyd edilir ki, Ermənistanda həyata keçirilən
etnik təmizləmə siyasəti nəticəsində ötən
əsrin 80-ci illərinin sonlarında 250 min azərbaycanlı
öz ata-baba yurdlarından zorla qovulmuş, 200-dən artıq
insan amansızlıqla qətlə yetirilmişdir. Buna
etiraz olaraq, azərbaycanlıların böyhk əesəriyyəti
Bakı və digər şəhərlərdə meydanlara
çıxaraq, kommunist rejiminə etimadsızlıq göstərmiş
və Azərbaycana müstəqillik verilməsi
şüarları ilə çıxış etmişdir.
Məqalədə,
həmçinin qeyd edilmişdir ki, 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə keçmiş
sovet ordusunun böyük kontingenti Bakıya daxil olmuş və
silahsız insanlara atəş açmışdır: “Bu
aksiya SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və
insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına
ziddir. Əməliyyatdan əvvəl Azərbaycan
televiziyasının enerji blokunun partladılması nəticəsində
insanlar informasiyadan məhrum olunmuş, ordunun atəş
açmasından və insanların qətlə yetirilməsindən
yeddi saat sonra fövqəladə vəziyyət elan
edilmişdir. Bu əməliyyatın əsl
məqsədi müstəqillik həsrəti ilə yaşayan
Azərbaycan xalqına dərs vermək olmuşdur”.
Məqalə Azərbaycan xalqının Vətənin ərazi
bütövlüyü və azadlığı uğrunda
canlarından keçənləri heç zaman
unutmayacağı və onların xatirəsinin daim əziz
tutulacağı barədə fikirlə tamamlanır.
Britaniya mediası Qanlı Yanvardan bəhs edəm məqalə
dərc edib.
“The London Post” və bir neçə portallarda 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr
dərc edilib. Məqalələrdə
xalqımızın qan yaddaşı olan 20 Yanvar hadisələri
ətraflı təhlil olunub. Qeyd olunub ki, kütləvi
qırğın sovet ordusu tərəfindən ağır hərbi
texnika və silahlarla, xüsusi qəddarlıqla törədilmiş
və mülki
vətəndaşlar qətlə yetirilmişdir.
ABŞ-ın
“The Wall Street Journal” qəzetində qanlı hadisə
haqqında dərc olunan məqalədə bildirilir ki, bu hadisə Azərbaycan
xalqının müstəqillik əzmini qıra bilməyib.
İspaniyanın
“EFE” İnformasiya Agentliyi 20 Yanvar faciəsi, Xocalı və 31
Mart soyqırımları haqqında reportajlar hazırlayaraq,
ispan, ingilis, ərəb və portuqal dillərində
yayımlamışdır. Qeyd edək ki, “EFE”dünyada aparıcı mətbuat
agentliklərindən biri hesab olunur. Agentliyin 120 ölkənin
180 şəhərində ofisi var. Agentliyin materialları təkcə
Latın Amerikasında 40-dan çox qəzetdə çap
olunur, telekanallar vasitəsi ilə yayımlanır. “EFE”
İnformasiya Agentliyinin redaktoru Karmen Klara Rodriges Alonso deyib ki, bir
jurnalist kimi mənim borcum Ermənistan-Azərbaycan ,
Dağlıq Qarabağ münaqişəsi həqiqətlərini dünya ictimaiyyyətinə
çatdırmaqdır.
Pakistanın nüfuzlu ingilisdilli “Centreline” jurnalında və
DNA NEWS informasiya agentliyinin buraxılışında 20 Yanvar
faciəsinə həsr olunmuş “20 Yanvar 1990 – azərbaycanlıların
dəhşətli günü” sərlövhəli məqalə
dərc edilmişdir. Məqalədə XX əsrin sonunda – Sovet
İttifaqının süqutu ərəfəsində ölkədə
cərəyan edən hadisələr nəzərdən
keçirilmişdir. Erməni millətçilərinin
yaranmış vəziyyətdən sui-istifadə edərək
Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana
birləşdirmək kimi məkrli istəklərini həyata
keçirmək üçün SSRİ rəhbəri Mixail
Qorbaçovun dəstəyini aldıqları
vurğulanmışdır. Məqalədə 1990-cı
il yanvarın 20-də sovet ordusunun
ağır texnika ilə Bakıya daxil edildiyi, silahsız dinc
insanlara atəş açıldığı, törədilmiş
vəhşiliklər haqqında ətraflı məlumat
verilmişdir.
Misirin “Akhbar al-yaum” internet səhifəsində də bu
faciə ilə əlaqədar məqalə dərc
olunmuşdur.
Məqalədə 1990-cı ilin 20 Yanvar tarixində
Sovet ordusunun müxtəlif istiqamətlərdən, habelə
dənizdən Bakıya hücumlar həyata keçirərək,
çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat
verilib. Qeyd olunub ki, Sovet ordusunun həyata
keçirdiyi vəhşi hücumlarla öz quruluşunun
xilasına cəhd etməsi və Azərbaycan xalqının
azadlıq əzmini boğmaq istəyi boşa
çıxmışdır.
Məqalədə,
həmçinin
müasir Azərbaycanın bu gün sürətlə
inkişaf etdiyi, ölkəmizin regional və beynəlxalq
miqyasda sabit və etibarlı tərəfdaşa çevrildiyi
də öz əksini tapıb.
Türkiyənin məşhur Timetürk saytında 20 Yanvar faciəsi ilə əlaqədar
dərc olunan məqalə “İnsanlığın
tankların altında əzildiyi gün”
adlandırılıb. Qeyd olunur ki, 20 Yanvar 1990-cı il Azərbaycanda
yüzlərlə insanın Sovet
ordusu tərəfindən
qətlə yetirildiyi gündür: “Hər kəs
xatırlayır o tarixi. Xatırlayın!
20 Yanvar 1990-cı il. O gün Bakını
havadan, qurudan və dənizdən əhatə edən Sovet
Ordusu bir xalqı “tərbiyə etmək bəhanəsi ilə
rəsmən qətlə yetirmişdi. Yüzlərlə
insanı qadın, qoca, uşaq demədən
Qırmızı ordunun tankları ilə əzmişdilər”.
ABŞ
Konqresinin ən nüfuzlu nəşri olan, senator və
konqresmenlər, xarici siyasət ekspertləri və geniş
ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən
“The Hill”, Perunun nüfuzlu kütləvi informasiya vasitələrindən
biri olan “El Peruano”, eləcə
də Kolumbiyanın ən tanınmış mətbu
orqanlarını olan “El Espectador” qəzetlərində Azərbaycanın müstəqilliyinə
yol açmış “Qara Yanvar”dan bəhs edən məqalələr
dərc edilmişdir. Həmçinin
Kanada, Latın Amerikası ölkələri, Avstraliya, Yeni Zelandiya,
Birləşmiş Ərəb Əmirlikləri, Rusiya
Federasiyası, Qırğızıstan, Qazaxıstan, Ruminiya,
Bolqarıstan və digər ölkələrin qəzet və portallarında 20
Yanvar faciəsindən bəhs edən məqalələr dərc
olunmuşdur.
Göründüyü
kimi, dünyanın əksər ölkələri Sovet ordusunun
insanlığa xas olmayan bu qəddarlığını kəskin
tənqid etmiş və Azərbaycanın haqq işini dəstəklədiklərini
bildirmişlər.
Vətənin azadlığı, torpaqların müdafiəsi,
azadlıq, istiqlaliyyət uğrunda canlarını qurban verənlər
heç zaman unudulmayacaqlar.
Təqdim etdi:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-
2016.- 22 yanvar.- S.9.