20 Yanvar şəhidlərinin xatirəsi

dərin ehtiramla anılıb

 

Yasamal

 

Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdə şagirdlərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.

Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova  demişdir ki, 1990-cı ilin 20 Yanvarı xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir. Bu tarix nə qədər  faciəli olsa da, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizəsini  ifadə edir.  Həmin gün haqq-ədalət, istiqlaliyyət uğrunda küçə və meydanlara çıxan  mərd oğul və qızlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdılar. Vətən, torpaq, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verənlər  həyat durduqca yaşayırlar: “Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olan oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad etmək üçün  Şəhidlər xiyabanını  ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq”.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hadisələrin başlanma səbəblərindən söhbət açmış, bu faciə barədə ilk dəfə olaraq, dünya birliyinə  həmin ərəfədə Moskvada  SSRİ rəhbərliyinin ciddi nəzarət altında saxladığı ulu öndər  Heydər Əliyevin məlumat verdiyini xatırlatmışdır: “Heydər Əliyev 1990-cı il yanvarın 21-də  ailə üzvləri ilə bərabər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə  gəlmiş və burada keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmişdir. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir”..

İ. Mehdiyev qeyd etmişdir ki, bu hadisələrdən sonra ölkəyə rəhbərlik edənlər  özlərində cəsarət tapıb 20 Yanvar qətliamına siyasi-hüquqi qiymət verə bilməmişlər. 1991-ci ilin martında  Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən  Heydər Əliyev 20 Yanvar hadisəsi barədə növbəti dəfə çox sərt danışıb: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti  tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.”

Qeyd olunmuşdur ki, bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymət  də məhz ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə verilmişdir. İ.Mehdiyev ölkəmizdə şəhidlərə, Qarabağ əlillərinə, müharibə veteranlarına və ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirən insalara, onların ailələrinə daim diqqət və qayğı göstərildiyini vurğulayaraq demişdir ki, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar yüksək dəyərlərə malikdir.

20 Yanvar hadisələrində  şəhid olmuş Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Ağaverdiyeva və 20 Yanvar Fondunun sədri Şövqi Bünyadov şəhid ailələrinə, əlillərə və Qarabağ veteranlarına göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına və Yasamal  rayon rəhbərliyinə öz minətdarlıqlarını bildirmişlər.

Şagirdlərin ifasında hazırlanmış ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanmışdır. Sonra  ehsan süfrəsi açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Rayon ərazisində yaşayan şəhid ailələrinə yardım edilmiş, zəruri ərzaq məhsulları paylanılmışdır.

 

SOCAR-AQŞ

 Qanlı Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar SOCAR-AQŞ-nin bir qrup əməkdaşı Şəhidlər xiyabanını ziyarət edib. Müəssisənin əməkdaşları Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş qəhrəman övladlarının xatirəsini hörmətlə yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Müəssisənin iclas zalında davam etdirilən anım mərasimində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SOCAR-AQŞ-nin müxtəlif bölmə və strukturlarında çalışan əməkdaşları o müdhiş gecə ilə bağlı xatirələrini bölüşüblər.

Çıxış edənlər 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətləri sadalayaraq azadlığın hansı məşəqqətlər hesabına əldə olunmasını vurğulayıblar.

Qeyd olunub ki, həmin hadisələr zamanı Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını və azadlıq uğrunda mübarizə qüdrətini bir daha bəyan etmiş, bu fədakarlıq və iradə sayəsində xalqımız qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi beynəlxalq aləmdə özünün layiqli yerini tutmağa nail olmuşdur.

Yeri gəlmişkən, SOCAR-AQŞ-də 20 Yanvar şəhidlərinin əziz xatirəsi hər an ehtiramla yad edilir, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən tarixi hadisələrin unudulmaması və gənclərimizə vətənpərvərlik ruhunun aşılanması məsələsi daim diqqətdə saxlanılır.

 

Zaqatala

 

Respublikamızın digər rayonlarında olduğu kimi Zaqatalada da 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar şəhidləri anım və gülqoyma mərasimi keçirilmişdir.

Daha sonra Zaqatala rayon Mədəniyyət mərkəzində “Şəhidlər ölməz, Vətən bölünməzdir” adlı elmi-praktik konfrans keçirilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə 20 Yanvar faciəsini əks etdiren film nümayis olunmuşdur. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadə  məruzə ilə çıxış etmişdir.

Natiq qeyd etmişdir ki, biz 20 yanvar şəhidlərinin ruhu qarşısında özümüzü həmişə borclu bilirik, onları əziz xatirəsini daim dərin hörmət və ehtiramla yad edirik. Azərbaycan xalqı onların ruhunu hər zaman uca tutur və Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin o məşum gecədə göstərdiyi şücaəti yüksək qiymətləndirir.

 

Balakən

 

Dünən Balakən rayonunda da  20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. İctimaiyyət nümayəndələri və minlərlə rayon sakini şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin abidəsi önünə tər qərənfillər qoyulub və respublikanın hər yerində olduğu kimi Balakəndə də şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilib.

Sonra rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş “Vətən uğrunda ölüm həyatın davamıdır” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

 

Xalq qəzeti.- 2016.- 22 yanvar.- S.9.