O, teleradio məkanında
bənzərsiz
peşəkar idi
Elşad Quliyev— 75
Uzun illər Azərbaycan Dövlət Teleradiosunda müxtəlif vəzifələrdə çalışmış məşhur teleradio nəzəriyyəçisi və təşkilatçısı, professor Elşad Quliyevin anadan olmasından 75 il keçir. Ölkəmizdə kifayət qədər tanınan bu çevik təfəkkürlü, yaradıcı ideyaları, gərəkli təşəbbüsləri ilə çoxlarına örnək olan insanla illər boyu çiyin-çiyinə işləyənlərin hər birinin onun haqqında mülahizə və qənaətləri bənzərsizdir, eyni zamanda, tamamilə oxşardır.
Adi tərcüməçilikdən komitə sədrliyinədək yüksələn bu böyük ziyalı heç vaxt tutduğu vəzifə ilə öyünməmişdi, imkan və səlahiyyətindən sui-istifadə etməmişdi. Vəzifə pillələri ilə irəlilədikcə ətrafındakıların qəlbinə səmimiyyəti ilə “açar” salmağı bacarmışdı, sadəliyi və kamilliyi ilə tabeliyində olanların gözündə ucalmışdı. Montaj otaqları, çəkiliş pavilyonları, rejissor pultları, səyyar çəkiliş stansiyaları, teleradionun giriş qapısı, hər yer sədrlə cari ünsiyyət və işgüzar görüş üçün, məsləhət almaqdan, hansısa sənədə qol çəkdirməkdən ötrü əlverişli məkan olmuşdu.
Bürokratizmdən, süni əngəllərdən, get-gələ salmaq fəndindən zəndeyi- zəhləsi gedən Elşad müəllim milli teleradioda elə bir münbit şəraitin yaradılmasına çalışırdı ki, əməkdaşlar özlərini evlərindəki kimi rahat və doğma hiss etsinlər, nə qədər acı da olsa, düşündüklərini dillərinə gətirə bilisinlər, hər hansı diskussiyadan çəkinməsinlər. O, yaxşı bilirdi ki, məhz belə açıq- aşkarlıq, səmimi davranış, ürəkqızdırıcı yanaşma jurnalistlərə və rejissorlara canı- dildən çalışmaq həvəsi və geniş yaradıcılıq imkanı verir. Komitə rəhbəri çoxsaylı texniki heyətə, sürücülərə, mühafizəçilərə də belə yanaşırdı. Studiyalara dəvət olunan qonaqlarla, ekspertlərlə də vaxt tapıb görüşər, onların fikirlərinə diqqətlə qulaq asar, ciddi önəm verərdi.
Yardıcılıq məsələlərində olduğu kimi, oturuşunda- duruşunda da, insanlara yanaşmasında da hamıya nümunə göstərər, hər işdə peşəkarlıq sərgiləyərdi. O illərdə Elşad Quliyevin rəhbərliyi ilə, onunla çiyin-çiyinə çalışanların bəziləri sonrakı illərdə iş yerlərini dəyişsələr də, digər vəzifələrə dəvət olunsalar da onunla əlaqəni üzmürdülər. Tez-tez ustad jurnalistin qonağı olur, yaradıcı ideyaları birgə müzakirə edir, unudulmaz xatirələrin istisinə qızınırdılar.
Yetirmələrindən biri kimi mən də
sonrakı illərdə yollarımız ayrılsa da, dəfələrlə
Elşad müəllimlə təmasa ehtiyac duymuş, onunla qəlb
ortağı olmuşdum. Respublika “Bilik” Maarifçilik Cəmiyyətinin
sədri işlələyərkən bu müdrik insanla dəfələrlə
görüşmüş, ustad söhbətlərini dinləmiş,
görürdüyüm müsahibələri müxtəlif qəzetlərdə
dərc etdirmişdim. Elşad Quliyevin “Biz o şəhərə
gedəcəyik” kitabıma daxil etdiyim həmin müsahibələrində
əksini tapan həqiqətlər gənc jurnalistlərə
bu gün də bir çox mətləbləri
anladır. Ağırtaxtalı
və təmkinli zahiri görkəminin arxasındakı ruhi- mənəvi
çeviklik və aşırı həssaslıq onun
nşıqlı obrazında inzibatçılığa zərrə
qədər yer qoymurdu. Bu
sanballı, xarizmalı insanın yaradıcılıq və təşkilatçılıq
enerjisi tükənməz idi, yenilik yaratmaq təşnəliyi
aşıb-daşırdı. Elşad müəllimi
yaxından tanıyanlar onu bir qədər xəyalpərvər,
bəzən maksimalist, bir tərəfdən də, qeyri-adi dərəcədə
yumşaq və teleradio işinə vurgun şəxsiyyət
kimi səciyyələndirirlər. “Telefenomen” əsərinin
müəllifi İradə xanım yazır ki, Elşad müəllimin
özünə inanması, qarşısına qoyduğu məqsədlərin
gerçəkliyini qabaqcadan duyması, onlara həyat verməkdə
çevik manevrləri, geniş dünyagörüşü,
estetik kamilliyi, yurdsevərliyi onu ətrafındakı bəzi
insanların həsəd obyektinə çevirmişdi.
Doğum günündə onun həyat tarixçəsinə qısa nəzər salmaq yerinə düşərdi. Elşad Heybət oğlu Quliyev 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskvada İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edib. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə düzəlib. Tərcüməçi işləyib, televiziya proqramları direktoru olub, 1972-ci ildən komitə sədrinin birinci müavinliyinə irəli çəkilib, 1983-cü ildə komitə sədrliyinə yüksəlib və 1990-cı ilə kimi bu məsul vəzifədə şərəflə çalışıb.
Elşad müəllim 1990-cı ildən “Bilik” Maarifçilik Cəmiyyətinin sədri olub. 1992-ci ildə yenidən Dövlət Teleradiosuna rəhbərlik edib. 1993—1994-cü illərdə ilk müstəqil televiziya kanalının – BMTİ-nin baş direktoru olub. Əməkdar incəsənət xadimi, tarix elmləri namizədi Elşad Quliyev Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru və professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü olub. Ağır xəstəlikdən sonra 2008-ci il mayın 27-də dünyasını dəyişib. Ötən əsrin 70-80- çi illərində, eləcə də sonrakı dövrdə teleradionun kütləvi informasiya vasitələri sistemindəki rolunun artmasında, mövqeyinin möhkəmlənməsində Elşad Quliyevin xidmətləri danılmazdır.
Milli teleradioya rəhbərlik etdiyi illərdə sovet dönəminin bütün ideoloji buxovlarına, yuxarıların təzyiqlərinə baxmayaraq, respublikanın yeganə televiziyası və radiosu xalqın böyük rəğbətini qazanmışdı. Ekran və efirdə yayılan müxtəlif verilişlər o dövrdə milli şüurun və ana dilinin inkişafına xidmət edir, cəmiyyətdə gedən ictimai prosesləri, xalqın sosial-iqtisadi və mədəni nailiyyətlərini bütün dolğunluğu ilə əks etdirirdi.
Bir faktı xatırladaq ki, texniki və yaradıclıq parametrlərinə görə AzTV ötən əsrin 80-ci illərində SSRİ miqyasında 14-cü yerdən 4-cü yerə qalxmışdı. Bu, adi statistik göstərici deyildi, biz Azərbaycandan qat-qat böyük, inkişaf etmiş respublikaları teleradio məkanında qabaqlamışdıq. Rafiq Hüseynov, Ofelya Sənani, Roza Tağıyeva kimi tanınmış diktorların Ümumittifaq ekranında tez-tez görünməsi də bu sənətkarların yüksək peşəkarlığı ilə yanaşı, Elşad Quliyevin də Moskvadakı həmkarları, xüsusən Ümumittifaq Televiziya və Radio Verilişləri Komitəsinin sədri Lapinlə dostluq münasibətləri, Mərkəzdə qazandığı nüfuzla bağlı idi.
O illərdə ulu öndər Heydər Əliyevin Azərbaycan Televiziyası və Radiosunun hərtərəfli yüksəlişi üçün gerçəkləşdirdiyi kompleks tədbirlər, bu sahənin inkişafına göstərdiyi müstəsna qayğı, Sovet İttifaqında populyarlığı, Kremldə qazandığı böyük nüfuz nəticəsində Azərbaycan Televiziyasının hər bir təşəbbüsünə Moskvada “yaşıl işıq” yandırılırdı. Uzun illər Elşad Quliyevlə çiyin-çiyinə işləmiş Fuad Vəlixanov deyir ki, SSRİ teleradio məkanında bizim sədrimiz öz işini çox yaxşı bilən bir mütəxəssis və rəhbər kimi fərqlənirdi. Onun görkəmli teleradio jurnalistikası mütəxəsssisi olmasını mətbuatda dərc olunan məqalələri, kitabları bir daha təsdiqləyirdi.
Elşad müəllimin məşhur deyimlərindən birini yada salaq: “Teatr asılqandan başladığı kimi, televiziya da proqramlaşdırmadan başlayır”. O, proqram direktoru işlədiyi vaxt efir siyasətini dəqiq yönləndirir, onun qurucusuna çevrilirdi. Elə buna görə də çox tez tanınmağa başladı. Zamanın nəbzini tutmağı, auditoriyanın zövq və tələbatını duymağı, insanların psixologiyasını nəzərə almağı Elşad müəllim zəruri peşəkarlıq prinsipləri kimi iş prosesində əsas tuturdu.
O vaxtlar televiziya ilə sıx əlaqələri olan, bir sıra verilişlərin hazırlanmasında yaxından iştirak edən professor Telman Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: “Elşad müəllim kabinetə sığmayan yaradıcı adamdır. Fikrimcə, Adil İskəndərov teatr üçün kim idisə, Elşad Quliyev də televizya üçün odur...”
Elşad Quliyevin milli teleradioya rəhbərlik etdiyi dövrdə bu nəhəng yaradıcı kollektiv bir sıra uğurlara imza atmışdı. Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı bədii və sənədli filmlərin, teletamaşaların çəkilişinə start verilmişdi. İctimai- siyasi və sosial- mədəni xarakterli problemlər, cəmiyyətin mənəvi saflaşması, sosial ədalət uğrunda mübarizənin genişlənməsi verlişlərin əsas mövzularına çevrilmişdi. Görkəmli teleradio mütəxəssisi olaraq Elşad Heybət oğlu israrla çalşırdı ki, monoloqdan, nəsihətdən, göstərişdən geniş diskussiyalara, ictimai müzakirə formalarına keçilsin, köhnə təbliğat modellərindən imtina edilsin, verilişlərdə müxtəlif mövqe və baxışlar ortaya qoyulsun, onların qarşılıqlı təhlili verilsin və s.
“AzTV yeganə kanaldır ki, ona ailəliklə baxmaq olur” ictimai rəyi məhz o illərin yaradıcılıq ab-havasından, iş prinsiplərindən və metodlarından qaynaqlanıb. Bunu zaman özü də dönə- dönə təsdiqlədi. “Telefilm” Yaradıcılıq Birliyinin Elşad Quliyevin həyat və yaradıcılığı barədə çəkdiyi “Ömrün teleformatı” televiziya filmində professor Nizami Cəfərov bu sözləri çox ürəklə deyirdi: “O, əldə mikrofon tutmaqdan, o mikrofona deyilən sözü cəmiyyətə çatdırmaqdan təhlil etməyənədək hər şeyi bilirdi.” Tanınmış kinoşünas Ayaz Salayev isə rəyini belə ifadə etmişdi: “O, televiziya rəhbərliyinə həyatın içindən gəlmişdi. Ona görə də yaxşı insanın, düz sözün qədrini bilirdi. Elşad müəllim tolerant təbiətli, geniş təfəkkürlü əsl peşəkardır. Azərbaycan teleməkanında öz işini sevən ikinci belə bir adam tapılmaz.”
2004-cü ilin mart ayında Elşad Quliyevin “Televiziya: nəzəriyyə, inkişaf meyilləri” adlı növbəti kitabı işıq üzü gördü. Həmin nəşr barədə görkəmli şair Vaqif Səmədoğlu bu fikirləri çox ürəklə səsləndirmişdi: “Bu vaxtacan elə bilirdim ki, televizya haqqında nəsə bilirəm, amma bu kitabı oxuyandan sonra gördüm ki, arvadımdan bir balaca çox bilirəm. Bu kitab Elşad Quliyevin yazdığı həyat kitabının onda biridir. Mən bunu bilirəm, çünki Səməd Vurğunun oğluyam. Elşad Quliyevin insani burulğanı, bəzən şəxsiyyət facisəsi, könül, qəlb, intellekt dramları bu kitabın arxasındadır. Bu kitabı aysberqə bənzədirəm.”
Elşad Quliyevin bu gün də, sabah da aktual olan mülahizələri Azərbaycan teleməkanında meyar kimi qəbul olunur. Ustad deyirdi ki, aylarla bizi özümüzdən “oğurlayan”, yalnız metrajı uzatmağa, biznes faktorunu gücləndirməyə və Allah bilir, daha hansı niyyətlərə xidmət edən teleseriallar bəzən əxlaqi- etik çərçivələrə sığmır. Xüsusən, gənclərin mənəvi tərbiyəsində arzuolunmaz izlər qoyur. Nəyə fikir verməliyik– seçim, seçim, yenə də seçim! Serial müasir televiziyanın atributudur. Lakin mövzu seçimində yanılarıqsa, əslində, uduzmuş olarıq. “Elşad Quliyev cox vətənpərvər, millətsevər, sözün əsl mənasında, ziyalı azərbaycanlı idi. Televiziya və radionun ugurlarına ürəkdən sevinir, nöqsanlarına çox kədərlənirdi. Bütün söhbətlərində, görüşlərində ölkə telekanallarında çalışan gənc jurnalistlərə, rejissor və operatorlara, digər peşə sahiblərinə həmişə yaradıcılıq uğurları, peşəkarlıq arzulayırdı. Mənə verdiyi müsahibələrin birində deyirdi: “Bizim vaxtımızda örnək, görüb-götürmək üçün nümunə olmayıb. Hər şeyi özümüz tapırdıq. Amma indi bəhrələnmək üçün olduqca münbit şərait var. Ənənələri yaşatmaq da olduqca prinsipial məsələdir. Unutmamalıyıq ki, yenilik həm də unudulmuş köhnəlikdir. Televiziya jurnalistləri keçmişə hörmət, bu günə ehtiram göstərməklə, özlərinin daha parlaq gələcəyini qazanmış olarlar.”
Bu, təkcə teleradio jurnalistikası və rejissorluğu ilə baglı tələb deyil. O, həyatın bütün sahələrində xalqımızın yüksəlişini arzulayırdı, ölkəmizin qazandığı hər uğura ürəkdən sevinirdi. Yaxşı xatırlayıram ki, Azərbaycan təmsilçilərinin “Eurovision”da ilk dəfə iştirak etməsinə və uğurlu çıxışına necə sevinmişdi. Sağlamlıq durumunun agır olmasına baxmayaraq, bəstəkar Gövhər Həsənliyə zəng vuraraq onu təbrik etmişdi. Həmin hadisədən elə bir neçə gün sonra dünyasını dəyismişdi...
Yəqin ki, Elşad müəllimin tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin atası oldugunu çoxları bilir. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edən Cəmil müəllim Elşad Quliyevin arzu və istəklərinin davamçısı kimi ictimai yayımlar sahəsində məsul işləri gerçəkləşdirir və vaxtilə atasının ona bəslədiyi etimadı inamla doğruldur.
Elşad müəllimsiz illərimizdə teleradio jurnalistikasında tarixi yeniliklər, unudulmaz hadisələr baş verib. Yeni telekanallar açılıb, ölkədə güclü teleradio jurnalistləri və rejissorları heyəti formalaşıb. Ustadımız haqq dünyasında olsa da bu gün ruhu şaddır. Ürəkdən sevdiyi, qəlbən bağlandığı telekanal–Azərbaycan Televiziyası və Radiosu yaradıcılıq və texnoloji parametrlərə görə yüksək inkişaf yolu keçməkdədir. Burada çalışan hər kəs vaxtilə Elşad müəllimin öz yaradıcılığında və rəhbərlik fəaliyyətində ortaya qoyduğu prinsipləri ləyaqətlə doğruldur, milli teleradiomuza yeni uğurlar qazandırır.
Akif CABBARLI,
jurnalist- publisist
Xalq qəzeti.- 2016.- 23 yanvar.- S.6.