Multikulturalizm Azərbaycanda həyat tərzidir
Multikultural
cəmiyyətdə hər vətəndaş öz mədəniyyətini,
dilini, ənənəsini, etnik və dini dəyərlərini
inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet
və jurnal dərc etdirmək məsələlərində bərabər
hüquqa malikdir.
Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən
inteqrasiyaya yol açır. Məhz buna görə bu siyasəti
təkcə siyasi elita deyil, eyni zamanda, sadə insanlar, milli və
dini azlıqlar da dəstəkləyirlər.
Multikulturalizmin nəzəri əsasını liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir, özündə başqasının halına acımaq, mərhəmət, şəfqət, başqasının problemini özününkü kimi qəbul etmək qabiliyyəti və bacarığını ehtiva edir. Bu, həm də bir siyasət kimi, mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır. Başqa sözlə, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir.
Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin
qarşılıqlı surətdə zənginləşməsinə,
xalqları birləşdirən mədəniyyətin
formalaşmasına müsbət təsir göstərir. Bu isə
insanların gələcək mədəni birliyi məqsədilə
bir mədəniyyətin digər mədəniyyətə
inteqrasiya prosesi ilə sıx əlaqədardır. Ona görə
də Azərbaycan Prezidenti cənab İlham Əliyevin
2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi
heç də təsadüfi deyil və bunun dərin tarixi
kökləri var. Möhtərəm dövlət
başçımız bu il
yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında bu barədə deyib: “Azərbaycan multikulturalizmlə
bağlı çox böyük işlər görüb. Azərbaycan
nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq
bəzi siyasətçilər deyirlər ki, multikulturalizm
iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb.
Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar
güclənir, ictimaiyyətdən də daha çox dəstək
alır. Biz
bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda
“Multikulturalizm ili” elan olunur”.
Prezident
İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin
qorunub saxlanması, daha da inkişaf etdirilməsi və
geniş təbliğ olunması məqsədilə 2016-cı
ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında
11 yanvar 2016-cı il tarixli sərəncamında
qeyd edilir ki, tarixi İpək Yolunda yerləşən Azərbaycan
müxtəlif sivilizasiyaların qovuşduğu məkan
olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik
mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin
və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə
multikulturalizm artıq alternativi olmayan həyat tərzinə
çevrilib. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması müasir
dövrdə respublikamızda gerçəkləşdirilən
siyasətin tolerantlıq prinsiplərinə bu gün də
sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş
Millətlər Təşkilatının Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunun bu il
Bakı şəhərində keçirilməsi barədə
qərar qəbul edilməsi də dünya ölkələrinin
Azərbaycandakı multikultural mühitə olan münasibətinin
real ifadəsidir. Xatırladaq
ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi
bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin
qovuşduğu məkanda yerləşməklə dinlər və
sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb,
bununla bağlı dərin tarixi baza formalaşdırıb.
Ölkəmizdə heç vaxt dini və etnik zəmində
qarşıdurma olmayıb və bu proses indi də uğurla
davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki
dözümlülük ölkədə nadir tolerantlıq
mühiti yaradıb və hazırda bu, bir nümunə kimi
beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü, Azərbaycanda
multikulturalizm ənənələrinin inkişafı və
möhkəmlənməsi üçün bütün zəruri
siyasi və sosial şəraitin mövcud olmasıdır.
Ölkə
rəhbəri 2014-cü il oktyabrın 2-də
IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi
açılış mərasimindəki nitqində bununla
bağlı deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir.
Düzdür, bu termin nisbətən yenidir.
Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli
cəmiyyətlər mövcud olub. Xalqlar
arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir.
Biz bu gün də çalışırıq
ki, öz təşəbbüsümüzlə regionda və
dünyada gedən proseslərə müsbət təsirimizi
göstərək”.
Bu gün ölkəmizdə multikulturalizmə
mühüm önəm verilməsi heç də təsadüfi
deyil. Ekspertlərin fikrincə, Azərbaycan dünyada bu
prosesə qarşı olan təhlükəni daim hiss edir və
onun xilası naminə mühüm təşəbbüslər
irəli sürür. Məsələn,
2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin Bakıda keçirilən toplantısına
İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirləri də dəvət
olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verdi. 2009-cu ildə Bakıda
İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirlərinin
toplantısına isə Avropa Şurasından mədəniyyət
nazirləri qatılmışdı. “Bakı prosesi”
adlanan bu təşəbbüs sonradan Azərbaycanda Dünya
Dini Liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası
dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının
keçirilməsinə təkan verdi. Bu tədbirlər
isə multikulturalizm ənənələrinin təbliğində
Azərbaycanın mühüm rol oynadığını bir daha göstərdi.
Dövlət başçımızın
müvafiq sərəncamı ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin
tolerantlıq prinsiplərinə dönmədən sadiq
qalmasının bariz nümunəsinə çevrildi.
Azərbaycan
Prezidenti 2015-ci il mayın 18-də
Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılışında da bu barədə
deyib: “Bizim ölkədə multikulturalizm ənənələri
hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması bu dəyərlərin təşviqi istiqamətində
hökumətimizin atdığı daha bir addım idi.
Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm
ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim
etmək təhlükəlidir, əksinə səylərimizi
dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
ölkəmizin tolerantlıq ənənələrinin
dünya miqyasında təbliğinə böyük dəstək
verir. Heydər Əliyev Fondunun xətti ilə
dünyanın bir sıra ölkələrində bu qəbildən
silsilə tədbirlər keçirilir. Məsələn,
Mehriban xanım Əliyevanın iştirakı ilə Parisdə
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti”
mövzusunda reallaşdırılan konfrans bunun bariz ifadəsidir.
Xatırladaq ki, həmin tədbirdə Heydər Əliyev
Fondunun Prezidenti vurğulayıb: “Ekstremizm və
terrorçuluğa qətiyyətlə “yox” deməklə biz
cəmiyyətlərimizdə dözümlülük,
sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə
geniş fikir verməliyik... Ayrı-seçkilik,
ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər
bəşəriyyət tarixində sivilizasiyaların və
xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə
kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi
üçün vacib rolunu oynamağa hazırdır”.
Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən
demokratik proseslərin ayrılmaz tərkib hissəsinə
çevrilib.
Bununla bağlı keçirilən tədbirlər
isə ölkəmizdə multikultural təhlükəsizliyin
intellektual göstəricilərinin artıq
formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda
keçiriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin
Azərbaycandakı multikultural mühitə olan münasibətinin
real ifadəsidir. Digər tərəfdən, bu,
Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına
sistemli yanaşmanın mövcudluğundan xəbər verir.
Azərbaycan Prezidentinin göstərdiyi konkret ideoloji hədəflərdən
biri ölkəmizin dünyaya tanıdılmasıdır. Hazırda
xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənninin
tədris edilməsi bunun bariz ifadəsidir. Bu fənn bu
gün Portuqaliya, Almaniya, İsveçrə, İtaliya, Rusiya,
Çexiya, Gürcüstan, Litva, Belarus və Bolqarıstan ali
məktəblərində keçilir və həmin fənnin
tədrisi perspektivdə bir sıra ölkələrdə də
nəzərdə tutulub. Adıçəkilən
ölkələrdə bu fənn artıq ikinci semestrdir ki, tədris
edilir. Xarici ölkələrdə bu fənnə
böyük maraq var.
Azərbaycanı
dünyada tanıtmaq istiqamətində keçən ilin
yayında təşkil edilən və bu il
fevralın 8-15-də növbəti dəfə keçiriləcək
“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən,
araşdır, paylaş!” mövzusunda beynəlxalq qış
məktəbi də dövlətimizin
başçısının təqdir etdiyi layihələrdəndir.
Yuxarıda
qeyd edilənlərlə yanaşı, ötən ilin yaz
semestrindən başlayaraq, Rusiya, İtaliya, Bolqarıstan,
Belarus, Litva, Çexiya və Gürcüstanın
tanınmış universitetlərində və Azərbaycanın
7 ali məktəbində “Azərbaycan
multikulturalizmi” fənni tədris olunmağa başlanıb və
uğurla başa çatıb. Bu layihə
növbəti semestr İsveçrə, Portuqaliya, Ukrayna və
Türkiyədə davam etdirilib. Bu il
isə xüsusi fərqlənən tələbələr
üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və
Bakı Slavyan Universiteti tərəfindən Beynəlxalq
Qış Məktəbi təşkil olunacaq.
Azərbaycanda
multikulturalizm ənənələrinin qorunub saxlanması, daha
da inkişaf etdirilməsi və geniş təbliğ
olunması barədə danışarkən, diqqəti
“Multikulturalizm ili” çərçivəsində yanvarın
15-də Bakıda Heydər məscidində cümə
namazı qılınması mərasiminə yönəltmək
istərdik. Vəhdət namazı
adlandırılan bu mərasimdə məzhəbindən
asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək
eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər. Bu tədbir “Multikulturalizm ili” fonunda mühüm əhəmiyyət
daşıyır və Azərbaycanın tolerantlıq mərkəzi
kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət
edir.
Dünyada sünni-şiə məsələsinin
süni şəkildə qabardıldığı bir zamanda,
Heydər məscidində şiələrlə sünnilər
hər gün olduğu kimi, müqəddəs cümə
günündə də növbəti dəfə vəhdət
namazı qılmaq üçün bir araya gəlmələri
artıq bir neçə həftədir ki, böyük dəstək
qazanaraq davamlı hal alıb. Həm şiə, həm
də sünni məzhəbinin nümayəndələrinin
vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə
dövlət tərəfindən həyata keçirilən
tolerantlıq və multikulturalizm siyasətinin məntiqi nəticəsidir.
Dini dözümsüzlüyün, irqi
ayrı-seçkiliyin və islamofobiyanın bütün
dünyada geniş yayıldığı bir dövrdə Heydər
məscidində vəhdət namazının
qılınması dünyaya bir sülh mesajıdır. Bu mesaj
tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan
verildi. Məğzi isə odur ki, məzhəbindən
asılı olmayaraq, müsəlmanlar qardaş-bacı kimi bir
yerdə, bir məsciddə namaz qılırlar. Çünki bütün müsəlmanların bir
Allahı, bir Quranı və bir Peyğəmbəri var.
“Multikulturalizm” bəlkə də ictimaiyyət
üçün yeni termin olsa da, onun mahiyyətinə min illərdir
ki, ölkəmizdə riayət edilir. Dinindən, dilindən,
milliyyətindən asılı olmayaraq, hamı
qarşılıqlı hörmət şəraitində
yaşayır. Prezident İlham Əliyevin
də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə
əldə edilib. Tolerantlıq
xalqımızın adi həyat tərzi və dövlət
siyasətidir. Heydər məscidində vəhdət
namazının artıq ənənə halını
alması isə onu göstərir ki, “Multikulturalizm ili”ndə
də ölkəmizdə bu sahədə uğurlu tədbirlər
həyata keçiriləcək. Azərbaycanın
multikulturalizm məktəbinin ənənələri və
ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti
daha da artacaq.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2016.- 24 yanvar.- S.1-2.