Azərbaycanda sosial siyasətin
mərkəzində insan amili dayanır
Son illər, o cümlədən
2015-ci ildə baş verən qlobal böhran səbəbindən
bütün dünya iqtisadiyyatı üçün çətin
bir sınaq dövrü olsa da, Azərbaycan bu sınaqdan nəinki
minimum itkilərlə çıxıb, hətta
özünün iqtisadi artım tempini davam etdirib. Bununla yanaşı, dövlət
başçısının sosialyönümlü siyasəti
ölkəmizdə sosial proqramların da uğurla davam etdirilməsinə,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində
irəliyə doğru yeni mühüm addımların
atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək
və əhalinin sosial müdafiəsi sistemində müasir və
şəffaf iş mexanizmlərinin qurulması
üçün mütərəqqi islahatlar davam etdirilib.
Xatırladaq
ki, son 12 ildə 3,4 dəfə iqtisadi artıma nail olan və
bu dövrdə ən sürətlə inkişaf edən
ölkələrdən biri kimi Azərbaycanda əhalinin maddi
təminat və rifah göstəriciləri də mütəmadi
yüksəlib. 2003-cü illə müqayisədə
ötən dövrdə əhalinin gəlirləri 7 dəfəyə
yaxın, adambaşına gəlirlər isə 6 dəfəyə
yaxın artıb. Ötən ilin yanvar-noyabr aylarında
isə əhalinin gəlirləri əvvəlki ilin müvafiq
dövrünə nisbətən nominal ifadədə 5,7 faiz, əhalinin hər nəfərinə
düşən gəlirlər 4,4 faiz yüksəlib. Orta
aylıq əmək haqqının məbləği ötən
ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq
dövrünə nisbətən 4,6 faiz
artaraq 462 manata çatıb.
Respublikada
qeyri-neft sektorunun genişlənməsi, kiçik və orta
sahibkarlığın dəstəklənməsi nəticəsində
son 12 ildə 1,4 milyondan çox yeni iş yerinin
açılması sosial rifahın əsas şərti
sayılan məşğulluq səviyyəsinin yüksəlməsinin
bariz ifadəsidir. İqtisadiyyatda məşğul
əhalinin sayı 16 faizədək artaraq, iqtisadi fəal əhalinin
95 faizdən çox hissəsini təşkil edib. Məşğul əhalinin sırasında muzdla
işləyənlərin sayı həmin dövrdə 24 faizədək
və ya 300 min nəfərədək artıb. Beləliklə,
işsizliyin 4,9 faizədək
azaldığı ölkədə əhalinin həyat səviyyəsinin
yaxşılaşması nəticəsində yoxsulluğun kəskin
şəkildə azalaraq 5 faizə enməsinə nail olunub.
Milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin
qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən
büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə
rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi
kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin
həcmi nəinki azaldılmır, hətta
artırılır. Əgər 2015-ci ilin dövlət büdcəsində
bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faiz təşkil
edəcəyi gözlənilir.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətində
hazırda sosial cəhətdən həssas əhali
kateqoriyalarına dövlət qayğısının
artırılması xüsusi yer tutur. Yalnız son
iki ildə dövlət başçısı tərəfindən
əmək və sosial müdafiəsi sistemi ilə
bağlı 25-dən çox fərman və sərəncam
imzalanması bu sahənin inkişafına yüksək diqqət
və qayğının bariz nümunəsidir. Bu sənədlər sosial cəhətdən həssas
təbəqələrə dövlət
qayğısının əhəmiyyətli şəkildə
artırılmasına və yeni sosial təminat növlərinin
formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial
müdafiəsi sisteminin mütərəqqi islahatlar mərhələsinə
daxil olmasına şərait yaradıb.
Bu gün dünyada kəskinləşən böhran əksər
ölkələrdə bir sıra sosial proqramların təxirə
salınması ilə müşahidə olunduğu halda, Azərbaycan
Prezidenti ölkəmizdə bütün sosial proqramların
uğurla davam etdirilməsini mühüm vəzifələrdən
biri kimi qarşıya qoyub. Dövlətimizin
başçısı Nazirlər Kabinetinin ötən ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında deyib:" Bu il pensiya və əməkhaqqının
qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək
o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki,
biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial
infrastrukturun yaradılması, ünvanlı dövlət
sosial yardımının təmin edilməsi üçün
çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar
atılmışdır. Ona görə,
pensiyaların və əməkhaqlarının qaldırılması
məsələsinə hökumət baxmalıdır, təkliflər
verməlidir. Əlbəttə ki, dövlət
büdcəsinə də düzəlişlər ediləcək,
dürüstləşmə aparılacaq. Orada
həm sosial təminat məsələləri və
investisiyayönümlü məsələlər öz həllini
tapmalıdır.
Mən manatın devalvasiyası ilə bağlı fikirlərimi
artıq bildirdim. Bu, bizdən asılı olan məsələ
deyildi. Bir daha demək istəyirəm ki,
neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi,
qonşu ölkələrdə milli valyutaların
devalvasiyası bu addımı qaçılmaz etmişdir.
Bizim vəzifəmiz bu vəziyyətdən
minimum itkilərlə çıxmaqdır. Əminəm
ki, biz buna nail ola biləcəyik. Dediyim o məsələlər öz həllini
tapmalıdır.
Biz bu il bütün sosial proqramları tam icra edəcəyik.
Bu barədə heç kimin şübhəsi
olmasın. O cümlədən məcburi
köçkünlərin yaşayış problemlərinin həlli
istiqamətində böyük vəsait nəzərdə
tutulur. Ötən il 15 min
köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə
köçüb və bu siyasət davam etdiriləcək.
Dövlət Neft Fondunda bu məqsədlər
üçün kifayət qədər vəsait nəzərdə
tutulub".
Azərbaycan
Prezidenti İlham Əliyevin son günlər imzaladığı fərman və
sərəncamlar ölkədə əmək
pensiyaçılarının, məcburi köçkünlərin,
20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin,
şəhid ailələrinin, eləcə də
ayrı-ayrı sahələrdə çalışan
işçilərin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətinda atılan mühüm addımlardır.
Azərbaycan
Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında qlobal iqtisadi böhranın,
dünyada gedən proseslərdən dolayı ölkəmizdə
də manatın məzənnəsinin devalvasiyaya
uğramasının milli iqtisadiyyata və əhalinin sosial
rifah halına mənfi təsirlərinin aradan
qaldırılması məqsədi ilə dövlət
orqanlarına bir sıra tapşırıqlar verib.
Dövlətimizin başçısı iqtisadi
inkişaf templərinin daxili resurslar hesabına,
düşünülmüş siyasət, islahatlar, o cümlədən
struktur islahatları nəticəsində təmin edilməsini
hökumət qarşısında bir vəzifə kimi müəyyənləşdirib. Azərbaycan
Prezidentinin əsas tapşırıqlarından biri də devalvasiyanın
əhalinin sosial rifah halına mənfi təsirlərinin
minimuma endirilməsi məqsədi ilə pensiya və əməkhaqqının
qaldırılması üçün respublika hökuməti
tərəfindən təkliflərin hazırlanmasıdır.
Tapşırığın icrası olaraq, ilk
növbədə devalvasiyanın minimum istehlak səbətinə
təsirlərinin öyrənilməsinə
başlanılıb, istehlak qiymətləri çox ciddi nəzarətə
götürülüb, unun və çörək məmulatlarının
qiymətlərinin aşağı salınması məqsədi
ilə fiskal tədbirlər həyata keçirilib. Əhalinin aztəminatlı təbəqələrinin
alıcılıq qabiliyyətinin artırılması və
qiymət artımının təsirlərinin
azaldılması məqsədi ilə hökumət tərəfindən
bütün sosial ödənişlərin
artırılması istiqamətində təkliflər
hazırlanıb.
Xatırladaq
ki, “Əmək pensiyalarının baza hissəsinin
artırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 16 yanvar 2016-cı il tarixli sərəncamı
ilə yaşa görə əmək pensiyasının baza
hissəsinin məbləği 2016-cı il fevralın 1-dən
10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu sərəncamla 1 milyon
271 min nəfər əmək
pensiyaçısının pensiyasının baza hissəsi və
ona qanunvericiliklə müəyyən edilmiş əlavələr
10 faiz artırılacaq. Birinci qrup gözdən
əlillərin və birinci qrup əlil olan digər
pensiyaçıların pensiyalarında daha əhəmiyyətli
dərəcədə artımlar ediləcək.
Artımın maliyyələşdirilməsinə ilin sonunadək
140,8 milyon
manat əlavə büdcə vəsaiti sərf
olunacaqdır.
Azərbaycan
Respublikası Prezidentinin “Şəhid ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
artırılması və “Şəhid ailəsi
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 19 dekabr tarixli fərmanında dəyişiklik
edilməsi barədə" 16 yanvar 2016-cı il tarixli fərmanı
ilə şəhid ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği
10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220
manat müəyyən edilib. Bu fərman Azərbaycan
Respublikası Prezidentinin təqaüdünü alan 13487 nəfər şəhid ailəsini əhatə
edəcək və həmin artımın maliyyələşdirilməsinə
ilin sonunadək 3 milyon manata yaxın əlavə büdcə
vəsaiti yönəldiləcək.
Azərbaycan
Respublikası Prezidentinin “1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlil olmuş şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
artırılması və ”1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlil olmuş şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik
edilməsi barədə" 16 yanvar 2016-cı il tarixli fərmanı
isə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar
əlil olmuş şəxslərə verilən təqaüdün
məbləğinin artırılmasını nəzərdə
tutur. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərə aylıq
Prezident təqaüdünün məbləği I qrup əlillər
üçün 150 manatdan 165 manata, II qrup əlillər
üçün 130 manatdan 143 manata, III qrup əlillər
üçün isə 100 manatdan 110 manata
qaldırılıb. Bu artımlar 1990-cı ilin
20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş
317 nəfər şəxsə şamil olunacaq. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup,
109 nəfəri isə III qrup əlildir.
Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” 16 yanvar 2016-cı il tarixli Sərəncamı isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılmasını nəzərdə tutur. Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının maliyyələşdirilməsinə ilin sonunadək 11,3 milyon manata yaxın əlavə büdcə vəsait sərf olunacaq.
Ölkə Prezidentinin son günlər digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə imzaladığı müvafiq fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin etibarlı şəkildə təmin olunmasına, eləcə də qiymət artımının sosial rifah halına təsirinin minimuma endirilməsinə öz müsbət təsirini göstərəcəkdir.
Müharibə əlillərinə və şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğı onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını, onların yeni mənzillərlə təminatını da əhatə edir. Xatırladaq ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı bu istiqamətdə mühüm addımların atılmasına imkan yaradıb. Sərəncamın icrası olaraq, respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb, onlardan inşası başa çatan evlər, həmçinin Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır yaşayış binalarından tender əsasında alınaraq təmir etdirilmiş mənzillər ardıcıl olaraq istifadəyə verilir. 2014-cü ildən indiyədək 350-dək müharibə əlili və şəhid ailəsi artıq mənzillə təmin olunub. Hazırda həmin insanlar üçün bölgələrdə 300-dən çox fərdi evin inşası davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr qoyub. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi bu il hökumətin prioritet fəaliyyət istiqamətləri olacaq. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2016.- 24 yanvar.- S.3.