Təbiətlə elmin qovuşduğu məkan

 

Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq, üzərimizə düşən başlıca vəzifələrdəndir.

 

Heydər Əliyev

Ümummilli lider

 

Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik bir ölkədir. Bioloji müxtəlifliyin qorunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2006-cı il 24 mart tarixli sərəncamı ilə “Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dairMilli Strategiya və Fəaliyyət Planı təsdiq edilmişdir. Biomüxtəliflik - canlı təbiətin genetik, növ, ekosistemlandşaft səviyyəsində müxtəlifliyidir. XX əsrin axırlarında biomüxtəlifliyin qorunub saxlanmasının zəruriliyi meydana çıxmışdır ki, bunun da səbəbi bitki, heyvan, ayrı-ayrı ekosistemlər və hətta lanşaftların təhlükəli səviyyədə və getdikcə daha da artan sürətlə yox olmasıdır.

Azərbaycan Respublikası nadir coğrafi mövqeyinə və müxtəlif iqlim qurşaqlarının mövcudluğuna görə zəngin biomüxtəlifliyə malik ölkədir. Tanrı bizə əlçatmaz bir təbiət gözəlliyi bəxş etmişdir. Alimləri, tədqiqatçıları, səyyahları, təbiət vurğunlarını cəlb edən qənirsiz ölkəmiz bu gün də təbiətsevərlərin diqqət mərkəzindədir.

Bu günlərdə işıq üzü görmüş “Azərbaycan təbiəti: dünən, bu gün, sabah” kitabı (müəllifi Bəxtiyar Hüseynov, elmi redaktorları AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, ADAU-nun rektoru İbrahim Cəfərov və BDU-nun kafedra müdiri, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qara Mustafayevdir) diqqətimi cəlb etdi. Bəxtiyar Hüseynovun imzasına müxtəlif media orqanlarında rast gəlirdim. Onun bundan əvvəl bəzi kitabları ilə də tanış idim, amma bu əsər məndə xüsusi təəssürat oyatdı. Ucqar bir dağ kəndində yaşayan, bəlkə elə ona görə də təbiətə belə səmimiyyətlə bağlı olan bir ekoloqun uzun illər apardığı tədqiqatlara, araşdırmalara və maarifləndirmə işlərinə həsr edilmiş bu kitabına dəyər vermək hissi mənə zəruri göründü.

Kitab ulu öndər  Heydər Əliyevə və onun həyatı qədər sevdiyi Azərbaycan təbiətinə həsr edilmişdir. Zəngin elmi mənbələrə istinad edən 496 səhifəlik bu kitab 8 fəsildən ibarətdir. Hər fəsildə təbiətimizin sanki bir parçası canlandırılır. Bu istiqamətdə görülmüş işlər, həyata keçiriləcək strategiya araşdırılır. Konseptual məntiqi nəticələr dövlətimizin, təbiətimizin ümumi strateji məqsədlərinə söykənir. Ulu öndər  ölkəmizin təməl planlarını qurarkən heç zaman  ekologiyanı, təbiətimizi yaddan çıxarmamışdır. Dünyanın ən böyük botanik-alimləri, ekoloqları ölkəmizdə olmuş və təbiətimizin füsunkarlığından  vəcdə gəlmişlər. Bütün dünya həm tarix, həm də təbiət baxımından Azərbaycanımızı ən nümunəvi cografiya hesab edir. Elə ona görə də ulu öndər  Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri saymışdır. Ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qanunlar, qərarlar və sərəncamlar tədqiqata cəlb edilmiş, onların siyasiictimai əhəmiyyəti, vacibliyi oxuculara elmi - publisistik dildə çatdırılmışdır.

Kitabdakı araşdırmalardan bir daha əmin oluruq ki, harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq uzaqgörən dövlət xadimi kimi Heydər Əliyev təbiətin mühafizəsini ön plana çəkmişdir. Keçmiş SSRİ-də yüksək dövlət vəzifəsində fəaliyyət göstərərkən onun həyata keçirdiyi qüdrətli planlar ulu öndərin bir daha bütün sahələrdə nə qədər uzaqgörən rəhbər olduğunu təsdiq edir. Təsadüfi deyil ki, bu günRusiya elminin elitası, xüsusən M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mütəxəssisləri  ulu öndərin bu xidmətlərini yüksək qiymətləndirirlər ki, bu fikirlər kitabda öz əksini tapmışdır. Müəllifin ərsəyə gətirdiyi çoxlu sayda faktlar yuxusuz gecələrin, böyük məsuliyyətin əks - sədası, ulu öndərə məhəbbətin  ifadəsifdir.

Kitabda möhtərəm Prezidentimiz İlham Əliyevin davamçısı olduğu əzəmətli  yolun çox ləyaqətli varisi olduğuna da böyük diqqət verilir. Ulu öndərdən sonra bütün sahələrdə olduğu kimi, ekoloji sahədə də onun vacib və təxirəsalınmaz proqramlarını gerçəkləşdirən möhtərəm Prezidentimizin ekoloji siyasətdə mühüm  işləri göz qabağındadır. Dövlətimizin ekologiya sahəsində həyata keçirdiyi siyasətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyeva böyük dəstək verir. Bu gün fəxrlə demək olar ki, bir sıra nüfuzlu ictimai birliklər, təşkilat və cəmiyyətlər, xüsusən İDEA (rəhbəri Leyla xanım Əliyeva) ictimai birliyi təbiətin mühafizəsinə, yaşıllıqların artırılmasına, biomüxtəlifliyin zənginləşməsinə mühüm önəm verirlər.

“Azərbaycan təbiəti: dünən, bu gün, sabah” kitabında dövlətimizin gördüyü mühüm işlər tədqiq olunmaqla yanaşı, təbiətşünaslıq və ekologiya sahəsində yorulmaz fəaliyyət göstərmiş sayılıb - secilən alimlərimizin həyat yoluna, elmi yaradıcılığına da diqqət yetirilir. Əlbəttə, hər bir sonrakı nəsil özündən əvvəlki alimlərin, şəxsiyyətlərin fundamental elmi nəticələrinə qayğı ilə yanaşmalı, yaradıcılığından bəhrələnməli, sınaqdan çıxmış nəticələri tətbiq etməyi bacarmalıdır. Bu mənada təbiətşünas alimlərimizin həyat və yaradıcılığı, yüksək elmi nəticələri elmi təhlilə cəlb edilmişdir. “ Təbiətlə bağlı ömürlər” fəsli də öz informasiya tutumu  ilə seçilir. Böyük təbiətşünas alim Həsən bəy Zərdabinin, təbiətimizi qarış-qarış tədqiq edən akademik  Həsən Əliyevin, biologiya elminin müasir istiqamətlərinin yaradıcısı və əsaslı surətdə inkişaf etdirən, Azərbaycanda biomüxtəlifliyin qorunub saxlanılmasında böyük əməyi olan akademik Cəlal Əliyevin və başqalarının elmi axtarışları, kəşfləri bizdə  nə qədər böyük qürur hissi doğurursa, onların təbliği də o qədər vacib və şərəflidir.

Kitabda həyatını təbiətin qorunmasına həsr etmiş sadə insanlara da səxavətlə yer ayrılmışdır. Ömrünün 60 ilini meşələrimizin qorunmasına həsr etmiş sadə bir meşəçi Teyyub Axundov haqqında müəllif belə yazır: “Az qala bütün meşə, bütün ağaclar, cığırlar... onu tanıyırdı. Onun yoxluğu bulaqları da darıxdırır”. Yalnız təbiəti duymağı bacaran, onunla danışmaq qabiliyyəti olan Bəxtiyar müəllim kimi qəlbi təbiətlə nəfəs alan bir ekoloq, bir elm adamı, bir qələm sahibi belə mənzərəni görə və  oxuya” bilərdi.

Kitabda həyat və  sağlamlıq mənbəyi kimi təbiətimizin elmi mənzərəsi canlandırılır. Kitabı oxuduqca təbiəti böyük bir loğman kimi dərk edirik. Bəxtiyar müəllimin kitabında bunlar təbii-elmi nəticələrdən qidalanır. Meşələrin qorunması sağlamlığımıza nə qədər töhfə verirsə, yersiz qırılması, asimmetrik qırıntılar bir o qədər ziyan gətirir. Şoranlaşma, təbii fəlakətlər, sellər, eroziyalar, iqlim dəyişiklikləri, dağ sürüşmələri, ümumiyyətlə, təbiətə və təbii sərvətlərə yersiz müdaxilələr müəllif tərəfindən həssaslıqla araşdırılır. Müəllif kitabda elmi əsasları olan sağlam tənqidə geniş yer verir, öz həyat təcrübələri ona qədər əldə edilmiş elmi nəticələrlə müqayisə edir.

Kitabın mahiyyətini qəzet səhifələri vasitəsi ilə  hörmətli oxucularımıza  çatdırmaq bir alim, bir vətəndaş kimi bizim borcumuzdur. Ancaq əminliklə deyə bilərəm ki,  Bəxtiyar müəlllim bu sahədə yaxşı bir mütəxəsis kimi bütün varlığı ilə Vətənimizin təbiətinə bağlı insandır. O, bu sahədə xidmətləri olan hər bir insana, alimə, dövlət xadiminə dəyər verməyi bacarır. Müəllif  haqlı olaraq qeyd edir ki, elmi düşüncə və dəlillər dövlət dəstəyi ilə həmahəng olanda yüksək nəticələrə nail olmaq olar.

 

İradə HÜSEYNOVA,

AMEA -nın müxbir üzvü,

biologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2016.- 24 yanvar.- S.7.