Səmimiyyətin və peşəkarlığın harmoniyası

 

Biz xalçalar üzərində ayaq açmışıq. Onların əsrarəngiz naxışları  körpə duyğularımıza bələdçilik edib. Bu möcüzəli  sənət əsərləri üzərindəki nağıl qəhrəmanları, kainatın  sirli  obrazları  bizə çox şeylər danışıb. Bu xalçalar əsrlər adlayıb, bizə tariximiz, milli-mənəvi dəyərlərimiz haqqında  əsl həqiqətləri  çatdırıblar. Azərbaycan xalçası xalqımızın ruhunu yaşadan, onun mənəvi dünyasında  özünə layiqli yer tutan çox  qiymətli  sənət nümunələridir.

 

Bu  gün də bu sənət Azərbaycanın  istedadlı  xalça  rəssamları  tərəfindən uğurla davam etdirilir. Onların  səyi  və istedadı   xalça sənətimizin  yeniləşməsinə, müasirləşməsinə  önəmli töhfələr verir. Xalçaçı  rəssam Eldar Mikayılzadə də uzun illərdir ki,  öz  orijinal çeşnili əsərləri ilə Azərbaycanda   xalça sənətinin inkişafına xidmət edir. Altmış illik ömrünün  yarıdan çoxunu  milli xalça  sənətimizin inkişafına  həsr edən bu  böyük sənətkar  yaratdığı bənzərsiz əsərləri  ilə  Azərbaycan xalçaçılıq  sənəti salnaməsində  yeni  səhifə açmışdır. Onun müəllifi olduğu  xalçalar  dünya  midyasında  maraqla  qarşılanır, sevilir  və yüksək qiymətləndirilir.

Eldar Mikayılzadə Xalq  rəssamı, mərhum  Səttar Bəhlulzadə ilə  həmkəndlidir.  1956-cı ildə Əmircan kəndində anadan olan  bu müqtədir  sənətkar Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra təhsilini o vaxtkı Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasında davam etdirib. Akademiyada təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra, əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyib, daha sonra isə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi fəaliyyət göstərib. Rəssam əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirmiş, sonralar özünün “Xalı” şirkətini yaratmışdır. O, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və UNESCO yanında Rəssamlar Birliyinin üzvüdür. Eldar Mikayılzadə müstəqil Azərbaycanın ilk milli valyutasının təsvirinin müəllifidir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında işləyir.

Bunlar xalçaçı rəssamın  ömürlüyünün qısa  xülasəsidir. Onun yaradıcılıq  bioqrafiyası daha geniş və rəngarəngdir. Burada  rəssamın  yaratdığı onlarla   rəsm  əsəri, ömrünün mənasına   çevrilmiş  çox  qiymətli xalça nümunələri vardır.

Onun  xalça yaradıçılığı ilə bağlı  çoxlu məqalələr, tədqiqat nümunələri var. 2013-cü ildə çap olunan “İlmələrin hikməti” adlı  kataloq Eldar Mikayılzadənin  yaradıcılığına  həsr olunmuş  çox  qiymətli nəşrdir.

Özünü  daha  çox  xalça sənətində tapan rəssam bütün  ruhu ilə bu  sənətə bağlıdır. Onun  yaratdığı  xalçalarda  xalqımızın  ruhu yaşayır,  zəngin milli- mənəvi dəyərlərimiz bu xalçaların əsas atributudur. Bu xalçalardakı  rənglər sənətkarın yaradıcı  təxəyyülünün   məhsulu olmaqla  xalqın  mənəvi dünyasının daşıyıcılarıdır.   Onun əsərlərindən  bir neçəsinin adlarını  xatırlatmaq istərdik: “Şəbi-hicran-1" (1981), ”Nağıllar aləmi" (1983), “Azərbaycanın poeziya və musiqi korifeyləri” (1983-1984), “Xətai” (1990), “Xəmsə” (1991), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003), “Şəbi-hicran-2” (2006), ”Yaranış" (2010) və sair.

Bu əsərərə tamaşa edəndə hiss edirsən ki, o, cox  güclü  yaradıcı potensiala malik olan  qüdrətli sənətkardır. Onun son vaxtlar ərsəyə gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan” və “Səttarın arzusu” (2012) xalçaları da bunun təsdiqidir.

Rəssamın  toxunuşu iki il çəkən “Yaranış” xalçası  mövzusuna və bədii həllinə görə xalça sənətində oxşarı olmayan bir sənət nümunəsir. Bu  çoxfiqurlu əsərin süjet xəttini xalçanın yaranma  prosesi təşkil edir. Müəllif ona xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə müvəffəq olmuşdur. Bu,  xalçaçılıq  sənətinə rəssamın qəlbində əbədi olaraq yaşayan  məhəbbətin  təzahürüdür.

Bu əsərdə xalcanın  toxunmağa başladığı vaxtdan sona kimi  bütün proseslər əks olunmuşdur. Hətta çobanın qoyun otarması, südün sağılması, nehrənin çalxanması  kimi proseslər də xalçada  müəyyən elementlərlə  verilmişdir. Bunlar taleyini kəndə bağlamış azərbaycanlıların gündəlik həyatının tərkib hissəsi olduğundan, xalçada görüntüyə gətirilənlər bu səhnəni nə vaxtsa bircə dəfə müşahidə etmiş hər kəsə çox duyğulandırıcı görünür. Yunun qırxılması, onun çayda yuyulub-qurudulması, ardınca isə çırpılması, daranması və əyrilməsi səhnəsi toxunulacaq yeni xalça üçün xammal hazırlığının növbəti mərhələsi kimi kompozisiyaya daxil edilib. Əlbəttə,  sonrakı  proseslər də  diqqətdən yayınmayıb. Burada hər kiçik element müəllifin mövzu ilə bağlı   fikir və  duyğularının  təzahürüdür.

Bu çoxfiqurlu kompozisiyada Eldar Mikayılnzadə özünü Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi Sultan Məhəmməd, doğma yurdun bənzərsiz tərənnümçüsü dahi Səttar Bəhlulzadə, xalça sənətimizin korifeyi sayılan Lətif Kərimov və heç vaxt öz məsləhətlərini ondan əsirgəməyən sənət bilicisi Cəfər Mücirinin obrazlarını yanaşı təsvir etməklə, onun sənətkar kimi formalaşmasında əməyi olan bu şəxsiyyətlərin işıqlı xatirəsinə öz ehtiramını bildirmək istəyib.

Əsərdə xalçanın toxunması üçün vacib olan hananın obraz kimi buraya daxil edilməsi çox təqdirəlayiqdir. Onu da qeyd edək ki, xalçaların toxunduğu bu  dəzgah ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib.

Bu  ecazkar sənət nümunəsinin 1986-cı ildə Frankfurtda keçirilən Beynəlxalq xalça sərgisinin qızıl medalına layiq görülməsi də o vaxtlar çox gənc olan xalçaçı-rəssamın yaradıcı təxəyyülünə verilən layiqli qiymət idi.

Eldar  Mikayılzadənin xalça  sənətimizə gətirdiyi yenilikləri sadalamaqla qurtaran deyil. O,  xalçalarında  tariximizə  səyahət etməyi, xalqımızın  nəsillərdən-nəsillərə ötürülən  milli-mənəvi  dəyərləri haqqında   söz açmağı  xoşlayır. Çünki Eldar müəllim bu xalqı, bu torpağı bütün varlığı ilə sevən vətənpərvər  sənətçidir. Onun xalcalarına tamaşa etsəniz bunun bir daha şahidi olarsınız.

Elə, 2012-ci ildə  tamamladığı “Kəhkəşan” xalçası  bunun əyani nümunəsidir. Xalçaçılıqda oxşarı olmayan “Kəhkəşan” xalçası  həqiqətən  bənzəri olmayan yaradıcılıq nümunəsidir. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir.

Öncədən deyək ki, bu xalçanın kompozisiyasında daş-qaşlardan başqalarından fərqlənmək və yaxud da orijinallıq nümayiş etdirmək məqsədilə istifadə olunmayıb. Elə ərsəyə gətirilən yeni xalçanın ona özünəməxsusluq bəxş edən müsbət məziyyəti də bu daş-qaşların kompozisiyaya məntiqli şəkildə daxil edilməsi, onların hər birinin yerləşdirildiyi yerdə mövcud olan təsvirin və yaxud elementin ifadəliliyinə bütün mənalarda duyulası təsir göstərməsidir.

“Kəhkəşan” dünya xalçaçılığında bu  formada toxunan ikinci sənət nümunəsidir. VII əsrdə yaradılmış birinci toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. Bu barədə məlumatı müəllif ustadı Lətif Kərimovdan eşitdiyini bildirib. Onun barəsində ancaq tarixi mənbələrdə məlumata rast gəlmək mümkündür. Həmin informasiyaya əsaslansaq, demək lazımdır ki, bu xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. “Xosrovun baharı” adlanan bu qədim xalçanı Sasanilərin sarayından ərəblər qənimət kimi aparmaq istəyiblər. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv ediblər.

Qeyd edək ki, Eldar Mikayılzadə uzun müddət sənətkarlar üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının mövcudluğundan xəbərdar idi. Ancaq o, bu işi sonralar tamamladı. Eldar Mikayılzadə keçmişə baxmağa özündə bütün mənalarda güc hiss etdi. İki il davam edən yaradıcılıq prosesindən sonra  2012-ci ildə “Kəhkəşan”  xalçası artıq hazır idi. Ölçüsü 200x214 sm olan bu unikal sənət nümunəsinin sıxlığı 55x55-dir. Onun toxunmasında pambıq, yun, ipək və qızıl saplardan istifadə olunmuşdur. Əsərin insan ağlını ovsunlayan koloriti 600-ə yaxın rəng və çalarlardan yaranıb. Kompozisiyada işlədilən qiymətli daş-qaşların sayı 725-dir.

Elmi-fəlsəfi dəyərlərə  söykənərək bu xalça özündə kainat  haqqında elmi-tarixi həqiqətləri yaşadır. Maraqlıdır ki, müəllifin görüntüyə  bədiiliklə  yanaşı, həm də elmi dəqiqliyi ilə diqqət çəkir. Künclərdə dünyanın dörd məşhur astronomiya məktəblərinə işarə olan təsvirlər mövcuddur. Burada təqdim olunmuş Şərq, Qərb, Misir və Çin məktəblərinin nümayəndələri səciyyəvi milli geyimdə, istifadə etdikləri alətlərlə vəhdətdədirlər.

Müəllif bu bənzərsiz xalçaçılıq nümunəsini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr etmişdi. Eldar Mikayılzadə bunun səbəbsiz olmadığını dilə gətirməklə, ulu öndərin Azərbaycan xalqının milli mədəniyyətinə, onun yaradıcıları olan sənət xadimlərinə, o cümlədən onun özünün yaradıcılığına da diqqət və qayğı göstərdiyini bildirmişdir.

Xalçaçı rəssam “Kəhkəşan”la eyni vaxtda başladığı daha bir əsərini diqqətə çatdırmaq istərdik. Bu, dahi fırça ustası, Azərbaycan təbiətinin bənzərsiz tərənnümçüsü Səttar Bəhlulzadəyə həsr olunmuş “Səttarın arzusu” əsəridir. Eldar Mikayılzadə el arasında “Sənətin Məcnunu” kimi tanınan  və böyük məhəbbətlə  sevdiyi rəssama həsr etdiyi ilk xalça deyil. Onun “Səttar dünyası” (1979) və “Səttar” (1999) əsərlərində rəssamın özünəməxsus sənət dünyasına ətraflı nəzər salınmış, bir çox süjetli xalçalarında isə onun zahiri görkəmi ilə qəribəliyini sərgiləyən görkəmli mənzərə ustasının obrazından istifadə olunmuşdur.

Eldar Mikayılzadə yaradıcılığında portret xalçalara deyil, daha çox süjetli və ornamentli xalçalara üstünlük verilir. Onun Füzuli yaradıcılığına olan  sonsuz məhəbbəti də əsərlərində aydın təzahür edir. “Şəbi-hicran” mövzusuna üç dəfə müraciət etmişdir. Rəssamın ilk “Şəbi-hicran”ında xalça açıq rənglərlə toxunsa da, ikincidə tutqun rənglərə üstünlük verilib. Əsərdə təsvir olunmuş sönmüş şamlar bu dünyada vüsala çatmayan Leyli ilə Məcnunu ifadə edir. Rəssam bu mövzudakı üçüncü əsərində isə Füzulini ağaclarla yox, qayalar, dağlarla yaratmış, kompozisiya isə Tuba ağacının təsviri ilə bitir. Bu əsərdə həmçinin rəssam Füzuli yaradıcılığı ilə sıx ünsiyyətdə olan Səttar Bəhlulzadə və Üzeyir Hacıbəyovun da obrazlarını təsvir edib.   Eldar Mikayılzadənin yaratdığı altmış əsərdən əlli yeddisi xarici ölkələrdə fərdi kolleksiyalarda və muzeylərdə saxlanılır. Azərbaycan incəsənətinə, mədəniyyətinə olan marağın nəticəsidir ki, əcnəbilər xalçalarımızı alıb öz  kolleksiyalarına daxil edirlər.

Rəssam xarici ölkələrdən aldığı sifarişlər əsasında da əsərlər yaratmışdır. Rusiyadakı “Xilaskarın Məsih məbədi” rəssama  “İsa peyğəmbərin həyatı” adlı əsər sifariş etmiş, daha sonra iki rəsm əsərini almışdır. “Məryəm və Zəkəriyyə” əsərini isə Roma Katolik Kilsəsi alıb.

Ömrünün  60-cı ilini başa vuran xalçaçı rəssam bu gün də yaratdığı qiymətli  xalçalarda xalqımızın  milli-mənəvi  dəyərlərini  gələcək  nəsillərə çatdırmaq  üçün axtarışlarını uğurla davam etdirməkdədir.

 

Röya TAĞIYEVA,

“Azərbaycan Xalçaçıları”

İctimai Birliyinin sədri,

sənətşünaslıq doktoru,

professor

 

Xalq qəzeti.- 2016.- 24 yanvar.- S.7.