Tolerantlıq, multikultural dəyərlər Azərbaycanın qiymətli sərvətidir

 

Yanvarın 25-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini Ravvin Abraham Kuper ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.

Allahşükür Paşazadə ötən il Nyu-YorkdaVicdana çağırış” Fondunun yubiley tədbirində iştirak etdiyini xatırladıb və burada keçirdiyi bir sıra görüşlər haqqında məlumat verib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan şeyxülislam ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlığın və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dini dözümlülük ənənələrindən danışan A.Paşazadə deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç vaxt ksenofobiyadini zəmində münaqişələr müşahidə olunmayıb. QMİ sədri ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, dini abidələrin qorunduğunu söyləyib. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gündavam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını qonağın diqqətinə çatdırıb. QMİ sədri Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm ilielan etməsini əhəmiyyətli hal kimi dəyərləndirərək, Azərbaycanda bunun gündəlik həyat tərzi olmasından qürur duyduğunu bildirib.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan şeyxülislam ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.

A.Kuper təmsil etdiyi qurumun fəaliyyəti barədə şeyxülislam A.Paşazadəyə məlumat verib, Azərbaycana budəfəki səfərinin də əhəmiyyətli olacağını söyləyib. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaq diqqətə çatdırıb ki, səfər zamanı ölkəmizin bu sahədəki dəyərli təcrübəsini bir daha öyrənmək niyyətindədir. A.Kuper vurğulayıb ki, Azərbaycanın dünyaya ixrac üçün olduqca qiymətli sərvəti – tolerantlığı, multikultural dəyərləri var. O bildirib ki, ABŞ hər zaman dialoq və qarşılıqlı əməkdaşlıq tərəfdarı kimi çıxış edirbu cür səfərlər Azərbaycanla Birləşmiş Ştatlar arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Qonaq deyib ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin və müxtəlif məzhəb daşıyıcılarının dostluq, qardaşlıq şəraitində yaşamaları, tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi, xristian məbədlərinin bərpası və təmiri – bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.

Şeyxülislam A.Paşazadə bildirib ki, ABŞ Dövlət Departamentinin müvafiq hesabatları hazırlanarkən Azərbaycanda müşahidə olunan həqiqətlər, dini icmaların real həyatları düzgün əksini tapmalıdır. Əks təqdirdə, belə hesabat sənədləri qərəzli kimi qiymətləndirilir və dindarların narazılığına səbəb olur.

Daha sonra Allahşükür Paşazadə qonağı maraqlandıran sualları cavablandırıb. QMİ sədri vurğulayıb ki, dünyada gedən proseslərin mənfi fəsadlarının qarşısının alınmasında dini liderlərin birgə əməkdaşlığının önəmi böyükdür. Dini liderlərin istinad etdikləri məhək dəyərlər sülh, əməkdaşlıq və əmin-amanlığa xidmət edir, mömin insanlar heç zaman qarşıdurma tərəfdarı ola bilməzlər. Şeyxülislam Qafqaz müsəlmanlarının dini lideri olaraq göstərdiyi fəaliyyətdə, həmsədri olduğu MDB Dinlərarası Şurası, habelə sədri olduğu MDB Müsəlmanları Məşvərət Şurasının xətti ilə fəaliyyətlərində bu amala xidmət etdiyini diqqətə çatdırıb.

Amerikalı qonaq QMİ sədrinin Azərbaycandakı digər dini icmaların rəhbərləri ilə hər zaman birlikdə olmasını – istər ölkə daxilində, istər xaricdə keçirilən tədbirlərdə ölkəni birgə təmsil etmələrini olduqca vacib məqam kimi səciyyələndirib. O, yaxın gələcəkdə Azərbaycanın dini icma rəhbərlərinin ABŞ-a səfərini təşkil etmək niyyətini bildirib.

 

Xalq qəzeti. - 2016.- 27 yanvar.- S.10.