ABŞ ekspertləri Azərbaycan Ordusunun

ən güclülərdən olduğunu etiraf etdilər

 

Son vaxtlar dünyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan haqqında reallıqları əks etdirən məqalələr dərc olunur. Ölkəmizin dinamik inkişafı, beynəlxalq aləmdə reytinqinin getdikcə artması, həmçinin respublikamızın zəruri tədbirlərin keçirildiyi məkana çevrildiyi xüsusi  vurğulanır. Bugünlərdə Amerika nəşri olan “U.S. “News and World Report”da ölkəmiz haqqında məqalə dərc edilmişdir. Həmin məqalədə Azərbaycan Ordusunun ən güclülərdən olduğu qeyd olunmuşdur.

 

Amerika nəşrində dərc olunan bu məlumata  görə ölkəmiz Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri geridə qoyub. Bildirilir ki, reytinq cədvəli “BAV Consulting” və Pensilvaniya Universitetinin əməkdaşlığı ilə hazırlanıb. Sosial sorğu 36 ölkədə aparılmış   sorğuda minlərlə insan – sadə və biznes, elit təbəqədən olanlar iştirak ediblər.

Azərbaycan Milli Ordusunun Cənubi Qafqazda ən güclü olması artıq beynəlxalq aləmdə də etiraf olunur. Amerikada nəşr olunan reytinq cədvəlinə əsasən isə, artıq Milli Ordumuz Cənubi Qafqazın hüdudlarını da aşaraq dünyada ən güclülər sırasına qoşulub. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin bariz nümunəsidir.

Hər bir dövlətin varlığı, müqəddəratı, nüfuzu onun güclü iqtisadiyyatı və güclü ordusunun olması ilə səciyyələnir. Ulu öndər Heydər Əliyev də bunu diqqətdə saxlayaraq,  ölkədə ikinci dəfə siyasi rəhbərliyə başlayanda ordu quruculuğunu prioritet vəzifələrdən birinə çevirmişdi. Məlumdur ki, 1991- ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk günlərində mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşmişdi. Bu çətinliklər  özünü ordu quruculuğu sahəsində də göstərmişdi. Vahid komandanlığın olmaması ucbatından silahlı birləşmələr müxtəlif  qrupların əlində cəmlənmişdi. Odur ki, ümummilli lider mərkəzi komandanlığa birbaşa tabe olan ordu quruculuğunun formalaşdırılmasına  başladı. Həmin vaxta qədər isə  Qarabağda gedən döyüşlər zamanı çoxlu sayda gəncin həyatını itirməsiylə bərabər,  müəyyən ərazilərimiz də işğal olunmuşdu.

1994-cü il mayın 12 də atəşkəs haqqında sazişin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər tez bir zamanda öz  həllini tapdı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi. Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması diqqətdə saxlanıldı. Ulu öndər hərbiçilərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində də qətiyyətli addımlar atır, mütəmadi olaraq cəbhə bölgələrinə gedir, əsgər və zabitlərlə görüşür, onları mükafatlandırır və Vətənimizin hər bir qarışının qorunmasını müqəddəs peşə adlandırırdı. Heydər Əliyev əsgər və zabitlərin əməyini yüksək qiymətləndirərək demişdir: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən isə 26 İyun - Silahlı Qüvvələr Günü elan edilib.

Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin möhkəm özüllər üzərində qurduğu dövlət bu gün güclü orduya və güclü iqtisadiyyata əsaslanır. Qüdrətli  Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Gündən-günə formalaşan və mətinləşən Milli Ordumuz  regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib.

Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi  Silahlı Qüvvələrimizin  qüdrətini getdikcə artırır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkə həyatının bütün istiqamətlərində, o cümlədən ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunub. Ölkə rəhbərinin sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bu sırada mühüm yer tutur. Nazirliyin tabeliyinə verilən müəssislərdə müxtəlif istehsal sahələri yaradılmış və bu sahələr Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin olunmasına geniş imkanlar açmışdır. Müdafiə Sənayesi Nazirliyinin aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq etməsi bu sahədə qazanılan uğurların bariz nümunəsidir. 2009-cu ildən başlayaraq, nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır. Onu da qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi bu günədək 15-dən artıq beynəlxalq sərgidə iştirak edib.

Azərbaycanın hərbi sənaye kompleksi  bir sıra irimiqyaslı layihələr həyata keçirərək, öz imkanlarını əsaslı şəkildə genişləndirib. Hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bir çox növlərdə olan  döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də iştirak etdiyi,  ölkəmizdə və regionda ilk dəfə keçirilən Beynəlxalq müdafiə sənayesi – “ADEX 2014” sərgisində nümayiş etdirilən Azərbaycanın istehsalı olan silah və sursatlar böyük marağa səbəb olmuşdur. Həmin sərgiyə qədər 15-dən artıq beynəlxalq sərgidə iştirak edən ölkəmiz ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunmuşdursa, Beynəlxalq Müdafiə Sənayesi sərgiyə 168 adda məhsul çıxarmışdır.  Onların arasında tapançalar, 12,7 millimetrlik “Mübariz” snayper tüfəngi, RPQ-7 əl qumbaraatanları üçün kumulyativ, kumulyativ-tandem və termobarik döyüş sursatları, 40 mm çaplı qumbaralardan atəş açan barabanlı əl qumbaraatanı, “Aselsan” istehsalı olan SARP - məsafədən idarə olunan insansız döyüş modulu ilə silahlandırılan “Gürzə” döyüş maşını və başqaları daha çox diqqət çəkirdi.

Prezident İlham Əliyev ordu quruculuğunun dövlətin diqqət mərkəzində saxladığı ən zəruri sahələrdən biri olduğunu dəfələrlə vurğulamışdır: “Hərbi potensialın gücləndirilməsi bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir”.

Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın hərbi gücünü davamlı şəkildə artırması bu gün ən vacib məsələlərdəndir. Çünki zərurət yaranacağı təqdirdə zəbt olunmuş ərazilərimiz məhz Silahlı Qüvvələrin zəfər yürüşü ilə azad ediləcək. Lakin sülh tərəfdarı olan Azərbaycan beynəlxalq hüququ və dövlətlərin ərazi bütövlüyünü təsbit edən beynəlxalq qanunvericilik aktlarını əsas gətirərək, torpaqlarımızın işğalına dinc yolla  son qoyulmasının tərəfdarıdır.

Bir neçə il əvvəl ölkəmizdə keçirilən hərbi  paradda nümayiş olunan silah-sursat işğalçı Erməmnistanı ciddi təşvişə saldı. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Gürzə” patrul maşını, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri böyük maraqla qarşılandı. Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşını ilk dəfə paradda nümayiş olunmuşdu. Bundan başqa, hərbi keçiddə “Cobra”, “Land Rover Defender”, ZRT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları, nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da diqqəti cəlb etmişdir.

Hərbi paradda  tribuna önündən keçən “Toçka-U” operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, İsrail istehsalı olan 120 mm çaplı  “Cardom”  avtomatik minaatanı, 120 mm çaplı TR-122 “Sakarya”, 300 mm çaplı 9K58 “Smerç”, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”, “Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”, silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və “BMP-3” tipli piyadaların döyüş maşınları erməniləri ciddi qorxuya salıb.

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 “Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri ilə yanaşı, silahlanmaya yeni daxil olmuş “Buk-MB” zenit-raket kompleksi, həmçinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nın Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri də Milli Ordumuzun qüdrətindən xəbər verir.

Düşmən tərəfi tam əmindir ki, Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi sferada Ermənistanı dəfələrlə qabaqlayır. Azərbaycanın bu üstünlüyünün getdikcə artması fonunda isə Ermənistanın tənəzzülü sürətlənir. Bunu builki dövlət büdcələrinə nəzər salmaqla da aydın sezmək olar. Büdcə xərclərinin təsnifatından  aydın görünür ki, hazırda dünya iqtisadiyyatını, xüsusilə region ölkələrini ağuşuna alan böhrana baxmayaraq, Azərbaycan vətəndaşlarının birbaşa rifahı ilə bağlı olan xərcləri artır. Həmçinin ölkəmizin müdafiə üçün ayırdığı vəsait də artıb. Belə ki, 2016-cı il üzrə müdafiə xərcləri 59,3 milyon manat artırılıb. 2016-cı ildə bu istiqamət üzrə 1 milyard 837,8 milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu da 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 3,3 faiz çoxdur. Buna səbəb ölkənin müharibə şəraitində yaşaması, ərazimizin 20 faizdən çoxunun hələ də işğal altında olmasıdır. Ayrılan vəsait  Milli Ordunun maddi-texniki bazasının daha da gücləndirilməsinə imkan verir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Milli Ordumuzun getdikcə gücləndiyini diqqətə çatdıraraq demişdir: “Hazırda Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Ölkəmizdə gedən ordu quruculuğu tədbirləri bir daha təsdiqləyir ki, Ermənistanla müharibə başlayacağı təqdirdə, Azərbaycan qələbəni qısa müddətdə əldə edəcək. İndi isə hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirir, ordunun maddi-texniki bazasının modernləşdirilməsi fonunda ölkənin müdafiə sistemi daha təkmil hala gəlir”.

Azərbaycan qüdrətli ordunun hesabına itrilmiş torpaqlarımızla yanaşı, tarixi torpaqlarımızı da geri qaytara bilər. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, dövlət quruculuğu yolunda daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2016.- 28 yanvar.- S.6.