Çevik və səmərəli
islahatlar
Azərbaycanın
qlobal iqtisadi böhrana
qarşı əzmli
müqavimətini təmin edir
Hər bir ölkədə
inkişaf proseslərinin davamlılığını təmin
edən başlıca amillərdən biri də qarşıda
duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir.
Bu gerçəkliyə nəzərən əminliklə demək
olar ki, müstəqil Azərbaycanın son illərdə
ictimai həyatın bütün sahələrində əldə
etdiyi nailiyyətlər də konkret məqsədlərə
yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin
nəticəsidir.
Son 12 ildə formalaşmış möhkəm iqtisadi təməlin nəticəsi olaraq Azərbaycan kifayət qədər mürəkkəb bir iqtisadi şəraitdə müvazinətini qoruyub saxlayır, qlobal böhranın mənfi təsirlərini aradan qaldırmaq istiqamətində çevik islahatlar aparmaq əzmi nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans bir daha göstərir ki, hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir. Həmin konfransda dərin məzmunlu nitq söyləyən dövlət başçısı qlobal böhran şəraitində ölkənin inkişaf prioritetlərini bir daha bəyan etmişdir: “Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır”.
Yeni geosiyasi risklər
və aktual
çağırışlar
Son 2 ildə beynəlxalq arenada cərəyan edən geosiyasi gərginliklər, hərbi münaqişə ocaqlarının sayının çoxalması və dünya siyasətini diktə etməyə çalışan fövqəldövlətlər arasındakı siyasi ziddiyyətlərin kəskinləşərək yeni “soyuq müharibə” mərhələsinə keçməsi qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərərək inkişaf templərini əhəmiyyətli dərəcədə azaltmışdır. Xüsusən də tarixə çevrilmiş 2015-ci il dünya iqtisadiyyatında qeyri-müəyyənliklər - əmtəə qiymətlərinin kəskin aşağı düşməsi, milli valyutaların məzənnələrinin qeyri-sabitliyi, qlobal maliyyə bazarlarında gərginliyin artması ilə səciyyələnmiş, inkişaf etməkdə olan, habelə inkişaf etmiş bir sıra ölkələrdə iqtisadi artım zəifləmişdir.
Enerji amilinin opponent dövlətlərə qarşı siyasi təzyiq və “iqtisadi sanksiya” vasitəsi kimi nəzərdən keçirilməsi nəticəsində neftin qiymətlərinin son 2 ildə süni şəkildə 4 dəfəyədək aşağı salınması bütövlükdə dünya iqtisadiyyatında ciddi durğunluğa və tənəzzül meyillərinə gətirib çıxarmışdır. Ötən ilin neqativ iqtisadi tendensiyalarından biri də dünyanın bir çox ölkələrində valyuta ehtiyatlarının azalması olmuşdur. Azalmanın əsasən inkişaf etməkdə olan ölkələrdə baş verməsi isə, əsasən, enerji və xammal satışından kapital daxiolmaları tempinin aşağı düşməsi, ABŞ-da yumşaq pul siyasətindən imtina olunması, iqtisadi və həm də psixoloji təsirlər altında mərkəzi bankların məzənnə siyasətində dəyişikliklər etmək məcburiyyətində qalması ilə izah olunur.
2015-ci ilin əvvəlindən ABŞ dolları avroya qarşı 11 faiz, Çin yuanına qarşı 4 faiz, Türkiyə lirəsinə qarşı 26 faiz, rus rubluna qarşı daha 22 faiz, Qazaxıstan tengesinə qarşı 86 faiz, Norveç kronuna qarşı 17 faiz möhkəmlənmişdir. Şübhəsiz, baş verən neqativ proseslər əsas gəlirləri neft və qaz satışı olan Azərbaycana da təsirsiz ötüşməmiş, ilin əvvəllərindən başlayaraq ölkəmizdə xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin azalmasına gətirib çıxarmışdır.
2014-cü ilin ortalarından Mərkəzi Bank manatın məzənnəsinin qorunub saxlanılması ilə bağlı bir sıra tədbirlər görsə də, neft ixrac edən bəzi qonşu ölkələrdəki - xüsusən də Rusiya və Qazaxıstandakı devalvasiya proseslərinin neqativ psixoloji təsirləri nəticəsində valyuta bazarında yaranmış gərginlik Azərbaycan hökumətini 2015-ci ilin fevral və dekabr aylarında devalvasiya qərarları vermək məcburiyyətində qoymuşdur. Lakin ədalət naminə demək lazımdır ki, Azərbaycan ümumdünya iqtisadi böhranından nisbətən az əziyyət çəkən ölkələrdən olmuş, milli valyutamız mənfi meyillərə uzun müddət müqavimət göstərməyi bacarmışdır. Bir sıra qonşu ölkələrdə, o cümlədən Rusiya və Qazaxıstanda devalvasiyanın Azərbaycandan xeyli əvvəl həyata keçirilməsi və milli valyutaların “üzən məzənnə” rejiminə buraxılması bunu deməyə ciddi əsaslar verir.
Şübhəsiz, devalvasiya qərarı hər bir ölkədə əhalinin sosial vəziyyəti və bir çox iqtisadi amillər baxımından ürəkaçan olmasa da, milli valyuta ehtiyatlarının qorunub saxlanılması və iqtisadiyyatın rəqabətqabiliyyətinin təmin edilməsi, ixracın stimullaşdırılması baxımından bəzən qaçılmaz addım olur. Milli valyutanın həddən artıq möhkəmlənməsi bir çox hallarda daxili istehsalçılara zərbə vurur və idxalın həcminin artmasını stimullaşdırır. Azərbaycan hökuməti də məhz bu səbəblər, eyni zamanda neftin qiymətlərinin durmadan aşağı enməsi nəticəsində büdcə öhdəliklərinin yerinə yetirilməsi zərurətini nəzərə alaraq devalvasiya barədə qərarlar qəbul etmək məcburiyyətində qalmışdır. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişləri ilə ilk gündən devalvasiya proseslərinin müxtəlif əhali qruplarının sosial vəziyyətinə mənfi təsirlərinin mümkün dərəcədə aradan qaldırılması, eyni zamanda sahibkarların mənafeyinin qorunması ilə bağlı zəruri tədbirlər görülmüşdür.
Neqativ təsirlərə
qarşı
səmərəli
strategiya
Nazirlər Kabinetinin hələ 2015-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasının yekunları göstərirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müəyyən geosiyasi konyunktura ilə bağlı neftin qiymətlərinin ciddi şəkildə aşağı düşdüyü bir şəraitdə qeyri-neft sektorunun əsas lokomotivi olan sahibkarlığın inkişafı üçün daha liberal və şəffaf mühitin formalaşdırılmasını vacib sayır. Məqsəd keyfiyyətcə yeni mərhələdə sahibkarlar sinfinin inkişafına mane olan inzibati-hüquqi maneələrin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılmasıdır.
Bu mərhələdən imzalanan sərəncamlar, qəbul edilən qərarlar, iş adamlarının hüquqlarının bərpası istiqamətində atılan addımlar ölkədə sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını göstərir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılmışdır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş qanuna əsasən, sahibkarlıq subyektlərində yoxlamalar 2015-ci il noyabrın 1-dən iki il müddətində dayandırılmışdır.
2015-ci ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda qeyd olunduğu kimi, aparılan uğurlu islahatların nəticəsi olaraq ötən il ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz artmışdır.
İqtisadi
inkişafda
yeni keyfiyyət mərhələsi
Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında, yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə, nəhayət, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunları ilə bağlı konfransda böhranın mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər barədə dəyərli fikirlərini bölüşmüş, hökumət üzvlərinə konkret tapşırıqlarını vermişdir.
Ümumilikdə, hökumət üzvlərinin iştirakı ilə keçirilən son müşavirələr Azərbaycanın dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq, milli iqtisadiyyatı yeni şəraitə - neftsiz dövrdə uyğunlaşdırmaq istəyini bariz təcəssüm etdirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Bu mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri məhz ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır.
“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətəndaş üçün çalışan, onun mənafeyini daim uca tutan idarəçilik modeli formalaşdırmaq niyyəti ilkin olaraq “ASAN xidmət”in yaradılması ilə öz həllini tapmışdır. Korrupsiyaya və neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurlar yüksək dəyərləndirilir, habelə “ASAN xidmət” dünyada yeni və unikal model kimi səciyyələndirilir.
Bu da təsadüfi deyildir ki, Nazirlər Kabinetinin son iclasında ölkə başçısı “ASAN xidmət”in fəaliyyətinin və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Məsələ bundadır ki, neft gəlirlərinin azaldığı yeni iqtisadi şəraitdə idarəçiliyin tam şəffaflaşdırılması, çevik və işlək mexanizmlərlə həyata keçirilməsi, xüsusilə də özəl sektorun mənafeyinin qorunması məsələləri son dərəcə aktual məsələlər kimi gündəliyə gəlmişdir. “ASAN xidmət” nümunəsində sivil idarəçilik modelinin formalaşdırılması üçün həm ciddi siyasi iradənin, həm də kardinal dəyişiklikləri dəstəkləyən ictimai münasibətlər sisteminin mövcudluğu təsdiqlənmişdir.
Struktur islahatları - çevik
hökumət modelinə keçid
İdarəetmənin
təkmilləşdirilməsi tədbirlərinin davamı
olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev struktur
islahatlarının davam etdirilməsini, bir-birini təkrarlayan
dövlət qurumlarının ləğvini, dövlətin
yaratdığı iri şirkətlərin idarəçiliyində
şəffaflığın artırılmasını,
ümumən maliyyə intizamının gücləndirilməsini
vacib sayır.
İqtisadi
və sosial məsələlərin həllinə həsr
olunmuş iclasda bununla bağlı dövlət
başçısı demişdir: “Struktur islahatlarının
dərinləşdirilməsi üçün müvafiq
addımlar atılır. Dövlət orqanlarının
strukturu operativ, çevik və səmərəli siyasət
aparılmasına şərait yaratmalıdır. Bir-birini təkrarlayan,
yaxud bir o qədər də lazım olmayan dövlət
qurumları birləşdiriləcək, ya da ləğv ediləcək”.
Artıq
bu istiqamətdə müəyyən addımlar
atılmış, bəzi dövlət qurumları ləğv
edilmiş və ya birləşdirilmişdir. Növbəti mərhələdə
fəaliyyət istiqamətləri oxşar olan dövlət
qurumlarının konsolidasiyasının həyata keçirilməsi,
dövlət aparatının saxlanılması xərclərinin
maksimum dərəcədə optimallaşdırılması,
büdcə yükünün azaldılması istiqamətində
tədbirlər həyata keçiriləcəkdir. Məqsəd
həm də dövlət qurumlarının fəaliyyətində
elektron xidmətlərin geniş tətbiqi, korrupsiya və
rüşvətxorluğun aradan qaldırılması,
sahibkarların fəaliyyətinə dolayısı və
birbaşa mane olan, onlara qarşı əsassız tələblər
irəli sürən dövlət qurumlarının ləğv
edilməsidir.
Bundan
başqa, böhran şəraitində idarəçilik xərclərinin,
dövlət dotasiyalarının azaldılması da
başlıca məqsədlərdəndir. Artıq bir
neçə ildir ki, Bakı şəhəri də daxil
olmaqla, bir sıra rayonlara dövlət büdcəsindən
dotasiyaların verilməsi dayandırılmış, onlar
özünümaliyyələşdirmə mexanizminə
keçmişlər. Dövlət başçısı
haqlı olaraq digər rayonların da bu mexanizmə keçmələrini,
yerli xərclərin daxili gəlirlər hesabına təmin
edilməsini vacib sayır.
Ən nəhayət,
struktur islahatları çərçivəsində səhmlərində
dövlətin payı olan bəzi şirkətlərin özəlləşdirilməyə
çıxarılması antiböhran paketinin mühüm hədəflərindən
biridir. Özəlləşdirmə prosesi böyük həcmdə
yerli və xarici investisiyaların ölkə iqtisadiyyatına
axınını təmin edə, eyni zamanda, biznes mühitini
yaxşılaşdıra, iqtisadi canlanmanı sürətləndirə
bilər.
Sahibkarlığın inkişafı
daim prioritetdir
Antiböhran
tədbirlərinin ana xəttində yenə də
sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin
aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf
etdirilməsi məsələləri dayanır. Etiraf etməliyik
ki, hazırda respublikamızda inkişaf dövrünü
yaşayan qeyri-neft sektoru neftin qiymətinin 4 dəfəyədək
aşağı düşdüyü bir şəraitdə
ölkənin mövcud tələbatını təmin etmək
iqtidarında deyildir. Məhz buna görə də dövlət
başçısı hesab edir ki, hazırkı dövrdə
bir tərəfdən yaranmış vəziyyətin ölkəyə
mənfi təsirinin qarşısını almaq
üçün çevik tədbirlər həyata
keçirilməli, digər tərəfdən də prioritet
sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli
inkişafını təmin etmək üçün əlavə
təsirli mexanizmlər işə salınmalıdır.
“Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının
ikinci ilinin yekunlarına həsr olunan konfransda da qeyd
olunduğu kimi, dövlət başçısı İlham
Əliyevin son 12 ildə imzaladığı bir sıra
dövlət proqramları, ilk növbədə, regionların
tarazlı, davamlı inkişafını, onların
potensialının bir-birinə kömək mexanizmi üzərində
qurulmasını, qeyri-neft sektorunun möhkəmdirilməsini,
iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin
azaldılmasını, infrastrukturun yeniləşdirilməsini
təmin edən kompleks proqram sənədləri olmaqla
yanaşı, bölgələrdə özəl sektorun və
sahibkarlığın inkişafına təkan vermişdir.
2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən
regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət
kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını
qoymuş, sahibkarlığın yüksəlişinə zəmin
yaratmışdır.
Həyata
keçirilən tədbirlər nəticəsində əhalinin
ərzaqla təminatında idxaldan asılılıq əsaslı
dərəcədə aradan qaldırılsa da, bu sahədə
müəyyən məsələlər hələlik tam həllini
tapmamışdır. Söhbət ölkədə idxalı
tam əvəz edən yeni istehsal müəssisələrinin
yaradılmasından, ixrac potensialının gücləndirilməsindən
gedir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr
olunan konfransda haqlı olaraq qeyd etdiyi kimi, “Yerli istehsal, idxaldan
asılılığın azaldılması bizim gələcək
dayanıqlı inkişafımızın əsas məsələsidir.
Ancaq, eyni zamanda, inhisarçılığa da yol vermək
olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq
yaradılır. Çünki bazar o qədər də
böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə
görürsən ki, bütün bazarı öz əlinə
götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin
rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik
ki, sərbəst rəqabətə mane olan bütün amillər
aradan götürülsün”.
Söhbət
indiki halda Azərbaycanda ərzaq məhsullarının
sırf daxili xammal əsasında istehsalı zəruriliyindən
gedir. Belə olan təqdirdə beynəlxalq səviyyədə
cərəyan edən hadisələr, o cümlədən
devalvasiya prosesləri ölkənin daxilində istehsal olunan məhsulların
qiymətlərinə mənfi təsir göstərə bilməyəcək.
Onu da bildirək ki, antiböhran tədbirləri nəticəsində
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu il ərzində 100-dək belə müəssisənin
yaradılması üçün sahibkarlara təxminən 250
milyon manat güzəştli kredit verməyi nəzərdə
tutur. Sahibkarların yerli istehsala yatıracağı vəsaitlər
də nəzərə alınmaqla, iqtisadiyyatın real
sektoruna investisiyaların həcminin 1 milyard manata yaxın
olacağı proqnozlaşdırılır.
İqtisadçı
alim və iş adamı olaraq hesab edirəm ki, Azərbaycan məhsullarının
beynəlxalq bazarda rəqabətqabiliyyətlilik imkanları
geniş araşdırılmalı və bu xüsusda yeni
istehsal müəssisələrinin açılması
stimullaşdırılmalıdır. Xarici ticarətdə
inhisarçılığın tamamilə aradan qaldırılması,
idxalda azad rəqabətin təmin edilməsi də böhran
şəraitində vacib addımlar sırasında
olmalıdır. Bu sahədə ictimai nəzarət mexanizmləri
gücləndirilməlidir. Ölkəyə xarici
investisiyaların cəlbi üçün xüsusi rejimli -
gömrük və vergi güzəştlərinin tətbiq
olunduğu xüsusi iqtisadi zonaların yaradılması prosesi
sürətləndirilməlidir.
Dövlət
başçısının bir neçə gün əvvəl
imzaladığı fərmanla ixracyönümlü məhsullar
istehsal edən müəssisələr üçün
güzəştlərin tətbiqi böhran dövründə
mühüm addımlar sırasındadır. Ümumilikdə,
2016-cı il yanvarın 1-dən qüvvəyə minmiş
Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin
böyük əksəriyyəti məhz vergi ödəyicilərinin
hüquqlarının genişləndirilməsinə, vergi
yükünün azaldılmasına, vergi
inzibatçılığının təkmilləşdirilməsinə,
vergidən yayınma halları ilə mübarizənin
gücləndirilməsi yolu ilə büdcə
daxilolmalarının artırılmasına xidmət edir.
Vergi Məcəlləsinə
dəyişikliklər həm də tikinti sektorunun
inkişafına təkan verəcəkdir. Ölkə
başçısı cənab İlham Əliyev bu sahənin
böhrandan çıxarılması vacibliyini xüsusi qeyd
etmişdir: “İqtisadi fəallıq bütün sferaları,
o cümlədən tikinti sektorunu da əhatə etməlidir.
Tam imkan verilməlidir ki, iş adamları böyük tikinti
layihələrini icra etsinlər”.
Şübhəsiz,
tikinti sektoru sahibkarlığın inkişafının əsas
lokomotivlərindən biridir və iş yerlərinin təmin
olunmasında önəmli rol oynayır. Bu sektorda fəallığın
azalması həm məşğulluq problemlərinə yol
açır, həm də tikinti məhsulları istehsal edən
yerli müəssisələrin fəaliyyətinə mənfi
təsir göstərir. Məhz buna görə də dövlət
başçısı hesab edir ki, iş adamlarına
qarşı əsassız tələblər
yığışdırılmalı, tikinti sektoru tam sərbəst
şəkildə inkişaf etməlidir. İpoteka kreditləşməsi
yolu ilə böyük tikinti layihələri icra edilməli,
bu sahədə təxirəsalınmaz tədbirlər
görülməlidir.
Tikinti
sektorunun inkişafı və böhrandan
çıxarılması üçün bu sahədə
idxalı əvəz edən tikinti materiallarının
istehsalına ciddi diqqət yetirilməlidir. Məsələn,
Azərbaycan şirkətləri uzun illərdir ki, pəncərə
şüşəsini xaricdən baha qiymətə idxal etməyə
məcbur qalmışlar, çünki bu məhsullara sektorda
ciddi tələbat var. Fikrimizcə, ölkədə
şüşə sənayesinin tənəzzüldən
çıxarılması, idxaldan asılılığın
azaldılması istiqamətində ciddi addımların
atılmasına, o cümlədən fəaliyyətini
dayandırmış Sumqayıt şüşə zavodunun əsaslı
rekonstruksiyasına ehtiyac var. İnanırıq ki, ölkə
başçısının siyasi iradəsilə sənayenin
bu mühüm sahəsinin inkişafı üçün
yaxın perspektivdə ciddi tədbirlərin həyata
keçirilməsinə başlanılacaqdır.
Bankların fəaliyyəti və
valyuta bazarı tənzimlənir
Devalvasiya
prosesləri ilə bağlı hazırda valyuta bazarında
mövcud olan süni ajiotajı aradan qaldırmaq, milli valyutaya
etimadı gücləndirmək hazırda antiböhran tədbirlərinin
ana xəttini təşkil etməlidir. Dövlət
başçısı cənab İlham Əliyev iqtisadi və
sosial məsələlərin həllinə həsr olunmuş
müşavirədə bununla bağlı vətəndaşlara
şəxsən müraciət etmiş, indiki şəraitdə
dollarlaşmanın təbii əsaslarının
olmadığını bildirmişdir: “Manatın məzənnəsinin
sabit saxlanması təkcə hökumətdən asılı
deyil, vətəndaşlar da bu məsələdə hökumətlə
bir istiqamətdə fəaliyyət göstərməlidirlər”.
Əhali
tərəfindən manatın kütləvi şəkildə
xarici valyutaya konvertasiyası ilkin dövrlərdə vətəndaşlar
üçün sərfəli görünə bilərdi.
Lakin uzunmüddətli perspektivdə bu, milli manata etimadın
azalmasına, dollarlaşma prosesinin güclənməsinə,
bank sisteminin problemlərlə üzləşməsinə,
daha sonra isə maliyyə sisteminin və valyuta bazarının
ciddi zərbə almasına, vətəndaşların özlərinin
əziyyət çəkməsinə səbəb ola bilər.
Hesab edirik ki, hazırda əlində olan son manatını belə
dollara çevirməyə çalışan vətəndaşlara
bu prosesin sonda nə ilə nəticələnə biləcəyi
geniş izah edilməlidir.
Hökumət
üzvlərinin də qeyd etdiyi kimi, manatın hazırkı məzənnəsi
neftin 25 dollarlıq qiymətinə hesablanmışdır. Son
günlər neftin qiymətlərində artım meyilləri
müşahidə edilir və ekspertlər ilin ortalarında
qiymətlərin 40-50 dollaradək yüksələcəyini
proqnozlaşdırırlar. Bundan əlavə, Azərbaycanın
40 milyard dollardan çox olan strateji valyuta ehtiyatları, beynəlxalq
fond birjalarında, qiymətli kağızlar bazarında fəal
iştirak etməməsi maliyyə böhranının təsirini
zəiflədən əsas amillər sırasındadır.
Belə olan halda, vətəndaşların kütləvi
şəkildə dollar almaları heç bir iqtisadi məntiqə
sığmır və sırf psixoloji amillərin nəticəsidir.
Onu da nəzərə
almaq lazımdır ki, hökumətin bank və valyuta
bazarının sabitləşdirilməsi istiqamətində
atdığı addımlar, məbləğindən
asılı olmayaraq bütün əmanətlərin
sığortalanması mexanizminə keçid, habelə əmanətlərin
dividendinin vergidən azad edilməsi, ölkədən valyuta
çıxarılmasına vergilərin tətbiqi və digər
addımlar manata etimadın zamanla bərpa olunmasına zəmin
yaradır.
Yaranmış
şəraitdə əsas antiböhran tədbirlərindən
biri də xarici borclanmaya gedilməklə, ölkəyə
valyutanın cəlb edilməsi olacaqdır. Hazırda bir
çox ölkələrin xarici borclanması ÜDM-də
100-150 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici
cəmi 12,4 faiz təşkil edir. Belə vəziyyətdə
Azərbaycan hökuməti xarici valyuta bazarlarından əlavə
valyuta resursları cəlb edə bilər və bunun ölkənin
iqtisadi-maliyyə sistemi üçün təhlükəsi
minimal səviyyədədir.
Vətəndaşların sosial
müdafiəsi
tədbirləri genişləndirilir
Respublikamızda
son 12 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən
sosialyönümlü mahiyyət daşıması bir
sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin
sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların
sosial müdafiəsi, istehsalçı və
istehlakçının maraqlarının
uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti
cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən
prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir.
Azərbaycanda yeni mülkiyyət formalarının
yaranması, sahibkarlığın sürətli
inkişafı, bazar münasibətləri şəraitində
qiymətlərin optimallaşdırılması əhalinin
sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin
maraqlarına vura biləcəyi cüzi ziyan belə təxirəsalınmaz
sosial müdafiə tədbirləri hesabına kompensasiya
edilir.
Devalvasiya
prosesləri ilə əlaqədar vətəndaşlara dəymiş
ziyanın maksimum dərəcədə kompensasiyası,
sosialyönümlü tədbirlərin həyata keçirilməsi,
süni qiymət artımlarına qarşı mübarizə
tədbirləri, pensiya və məvaciblərin 10 faiz
artırılması əhalinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində atılmış
önəmli addımdır. Müqayisə üçün
bildirək ki, neftlə zəngin olan ölkələrin, bu
gün neftin qiymətinin düşməsindən əziyyət
çəkən ölkələrin böyük əksəriyyətində
maaşların artırılması müşahidə edilməmişdir.
Ümumilikdə,
ölkə başçısının irəli
sürdüyü antiböhran tədbirləri ölkənin
yeni iqtisadi siyasətə keçidinin əsas
konturlarını müəyyən edir. Şübhəsiz, bu
tədbirlərin sistemli və ardıcıl şəkildə
həyata keçirilməsi devalvasiya ilə əlaqədar əhalinin
keçirdiyi “şok terapiyası”nı tədricən aradan
qaldıracaq, beləliklə, böhranın sabitləşmə
və inkişafın bərpası mərhələlərinə
keçidi təmin olunacaqdır. Bu tədbirlər, həmçinin
iqtisadiyyatın bütün sahələrinin
qarşılıqlı kömək mexanizmi əsasında
sabitləşməsinə, biznes mühitinin
liberallaşmasına və neftdən
asılılığın minimuma endirilməsinə imkan
yaradacaqdır.
Hazırda
hər bir Azərbaycan vətəndaşı, o cümlədən
özəl sektorun çoxsaylı təmsilçiləri
ölkə başçısının
yürütdüyü siyasət ətrafında sıx birləşərək
hökumətin apardığı antiböhran tədbirlərini
dəstəkləməli, bu prosesə öz dəstək və
töhfələrini verməlidilər. Şübhəsiz ki,
məhz xalq-iqtidar birliyinin nəticəsi kimi Azərbaycanın
ən qısa zamanda üzləşdiyi böhranlı vəziyyətdən
çıxacağına, sabit və tarazlı inkişaf
yoluna qədəm qoyacağına qəti əminlik
mövcuddur.
Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri, iqtisad
elmləri doktoru
Olaylar.- 2016.- 29 yanvar.- S.5.