Əbədi ehtirama layiq

“ƏBƏDİ EZAMİYYƏT”

 

Xəbər verildiyi kimi, bir neçə gün öncə Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi, layihə rəhbəri Arzu Əliyevanın baş prodüsserliyi ilə Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Əbədi ezamiyyət” sənədli filmininin və “Qərib məzarlar” kitab- albomunun uğurlu təqdimatı oldu. Həmin gün ilk tamaşaçıları olduğumuz filmə hədsiz heyranlıqla baxdıq, nəşrlə böyük maraqla tanış olduq.

 

Heydər Əliyev Fondunun yeni layihəsi olan film 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin ağrılı-acılı taleyini əks etdirir. Filmin doğurduğu heyranlıq bu günümüzlə, ümumən Azərbaycanın müasir taleyi ilə bağlı duyğu- düşüncələrə qovuşaraq ümumi məmnunluq yaradır. Bu mövzunu çəkmək, yazmaq, ekrana gətirmək nə qədər şərəfli və çətin bir işdisə, filmin ağır psixoloji ab- havasını hiss etmək, çatdırdığı sərt həqiqətləri qavramaq bir o qədər ağrılı idi. Lakin həqiqətin ölməzliyi, nə vaxtsa kənarda qalsa da, yenidən qayıdışının doğurduğu xoş əhval və təntənə sonda hamıda qəribə bir yüngüllük yaratdı.

Filmə tamaşa edərkən Paris Sülh Konfransında iştirak edən həmvətənlərimizin hər birinin ürək döyüntüsünün şahidi olduq. Biz o ürək döyüntülərinin zamanın hökmü kimi səslənən səsini eşitdik. Bu bizim faciəli tariximizdir. Bu tarixin ən bəlalı səhifəsini filmdə məşhur diplomatımız Ramiz Abutalıbov şərh edir. Özü də həyəcanla, məchul bir təlaşla. Ümumiyyətlə, bu filmin yaradıcı heyəti də belə bir həyəcanı yaşayıblar. Bunu hiss etməmək, görməmək, dərk etməmək, azından, mənəvi kasadlıq, psixoloji natamamlıq olardı. Dərk olunmayan həqiqət isə həmişə dərdə-bəlaya çevrilir. Kökündə, suyunda, toxumunda, mayasında həqiqət olmayan, bu gerçəyə sahib çıxmayan xalq, tarixən, ölümə məhkum olub. Təkcə ötən əsrdə  irili-xıralı 120 xalqın dövləti öz milli-mənəvi dəyərləri ilə birdəfəlik tarixdən silinib.

Böyük Britaniyanın Baş naziri olmuş U.Çörçill yazırdı ki, həqiqətə hücuma keçmək gülüncaxmaq siyasətdir: “Həqiqəti haradasa ləngitmək olar, lakin onu birdəfəlik məhv etmək mümkün deyil”. Onun yetirmələrindən olan D.Uilson isə demişdi ki, U.Çörçill “həqiqət olduğu üçün qayıtdı”. Yeri gəlmişkən xatırladaq ki, yaxın tariximiz bu gerçəyin daha bir təsdiqi kimiBöyük Azərbaycan həqiqəti” olan, “Dünya siyasəti nəhəngi” adlandırılan ümummilli lider Heydər Əliyevə dönük çıxanları bu həqiqətin təkərləri altına saldı, ulu öndəri isə siyasət Olimpinə qaytardı.

Filmə baxdıqca bir daha əmin olduq ki, həqiqət olduqca şəffafdır. Onu görməyə, təhlil etməyə elə də böyük güc tələb olunmur. Sadəcə, həqiqətlə yalan arasındakı sədlər imkan vermir ki, bu parlaqlığı görəsən. Bu sədləri çəkənlər gec- tez lənətləniblər. Bu adamlar Əbu Ləhəb (Quran, 111-ci surə) kimi qəzəb və nifrətə tuş gəliblər. Böyük Heydər  Əliyev həqiqətin önünə sədd çəkən Əbu Ləhəblərə demişdi: “Sizin doxsan beş faiziniz mənə xəyanət etdi”. Bu, tarixin hökmü idi ki,  ulu Heydər Əliyevin dilindən səsləndi. Bu böyük insan öz qayıdışı ilə tariximizin üstünə çəkilmiş pərdələri parçaladı, həqiqətin ağzına basılmış daşları çıxardı.

Bəzilərinə elə gəlmişdi ki, Azərbaycanın ən qanlı-qadalı və çətin günlərində onun sütunlarından birinə çevrilən “Müstəqillik həqiqəti” ictimai-siyasi həyat səhnəsindən birdəfəlik silinib. Bu yerdə alman filosofu Artur Şopenhauerin sözləri yada düşür: “Bütün baş verənlər hələ həqiqəti itirmək deyil. Daha geniş mənada demək olar ki, həyatımızın əvvəlki qırx ili onun mətni, sonrakı illəri isə şərhidir”. Filmə baxandan sonra düşündük ki, başımıza gələn belə bəlaların əsas baiskarları varlığımıza qənim kəsilən düşmənlərimiz olsa da, özümüz  günahsız deyilik. Çox zaman həqiqəti bilsək də, deməyə cürətimiz çatmayıb. Bəzən bildiklərimizi də unutmuşuq, yaxşını yamana qatmışıq.

Etiraf edək ki, Böyük Heydər Əliyevin “Həqiqət məktəbi” Zamanla Yalanın döyüşlərində yarandı. Azərbaycan dövlətçiliyi ənənələrinin qorunub saxlanılmasında və onun zamana uyğun inkişaf etdirilməsində böyük Heydər Əliyev məktəbinin dərsləri misilsizdir. Bərabərlik, Azadlıq, Həmrəylik, Əmin-amanlıq kimi bəşəri dəyərlər bu məktəbin sütunlarına çevrilib. “Əbədi ezamiyyət” filmibu sütunlar üstündə ərsəyə gətirilib. Müstəqillik tariximizin Fransada cərəyan etmiş hadisələri ilə tanışlıq bu xalqın sosioloqu Ş.Monteskyenin  yazdıqlarını yada salır: “Bu xalq kainatın əsl hökmranıdır... Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar. Onlar... əbədi məğlubedilməzliyinə inanaraq, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışlar”.

Dünyada beynəlxalq münasibətləri tənzimləyən, ölkələri dininə, irqinə, dilinə... görə seçib-seçmələyən və bəzi dövlətlərin dirilməyinə, xalqların özlərini dərk etməyinə imkan verməyən, onların azadlıq meyillərini, ideya və düşüncələrini beşikdə ikən boğan böyük dövlətlər, klub və cəmiyyətlər, strateji mərkəzlər son  yüzillikdə daha fəal olublar. Bu istiqamətdə araşdırmalardan məlum olur ki, yanacaq resursları ilə zəngin olan, dünya siyasətində mövqeyi görünən və getdikcə dərk olunan Azərbaycan həqiqətinə qarşı yeni hücum mərkəzləri yaranıb. Heç kəsə güclü Azərbaycan, heç bir dövlətə yaxın gələcəkdə özünə rəqib sayılan  Azərbaycan adlı dövlət lazım deyildi.

Böyük Heydər Əliyev bu həqiqətləti yaxşı bildiyindən müstəqil Azərbaycanı elə qurdu ki, heç kəs bir daha onun sütunlarını laxlada bilməsin. İndi Azərbaycan dövləti hüquqi respublikadır. Ölkəmizdə konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir, təkcə qanunvericilik sisteminin yox, eyni zamanda, hüquq sisteminin əsasını təşkil edir.

İndi olduğu kimi, Azərbaycan Xalq  Cümhuriyyəti dövründə də xalqımızın milli mənafeyinə uyğun xarici siyasət yeritmək, mürəkkəb beynəlxalq vəziyyətdə qonşu dövlətlər arasında mehriban münasibətlər yaratmaq, onu dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək diplomatiyamızın başlıca məqsədi idi. Paris sülh konfransında da nümayəndə heyətimiz buna nail olmaq istəyirdi. Hökumət çoxsaylı çətinliklərlə bağlı daxili problemləri həll etməyə çalışdığı bir vaxtda Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və kömək əldə etmək üçün ağır mübarizə aparırdılar.

Filmdən bir daha məlum olur ki, Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Əli Mərdan bəy Topçubaşov (sədr), Məmməd Həsən Hacınski (sədr müavini), Əkbərağa Şeyxülislamov, Əhməd bəy Ağaoğlu (üzvlər) və Məhəmməd Məhərrəmov, Ceyhun bəy Hacıbəyli və Abbas bəy Atamalıbəyov (müşavirlər) olmaqla nümayəndə heyəti göndərib. Heyətinin texniki tərkibinə əməkdaşlar  Əli bəy Hüseynzadə, Viktor Marçevski, katiblər  Səfvət Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər  A.Qafarov (fransız dili), Q.Qafarova (ingilis dili), H.Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşid bəy Topçubaşov sədrin şəxsi katibi vəzifəsini yerinə yetirirdi. Lakin Ə. Hüseynzadə də Ə.Ağaoğlu kimiİttihad və Tərəqqi” partiyası ilə əməkdaşlıqda təqsirləndirildiyinə görə konfransa viza ala bilməmişdi. S. Məlikov isə Azərbaycanın Osmanlı imperiyasındakı diplomatik təmsilçisi kimi İstanbulda qalmalı olmuşdu.

“Avropanın sivil dövlətləri və ABŞ-ın ictimai fikrini onların işgüzar dairələri ilə ticarət əlaqələri yaradılmasına ən çox kömək edən istiqamətə hazırlamaq” üçün Azərbaycan nümayəndə heyətinə əlavə səlahiyyətlər verilmişdi. 1919-cu il yanvarın 18-də həmin nümayəndə heyəti İstanbula yola düşdü. Burada onlar 1919-cu il yanvarın 20-də Parisə getmək üçün viza almalı idilər. Lakin İstanbula gəldikdən sonra nümayəndə heyəti 1919-cu ilin aprelinə qədər burada ləngidi, çünki müttəfıq qoşunlarının komandanlığı hər vasitəyə əl atıb onun Paris Sülh Konfransında iştirakına mane olurdu.

Nümayəndə heyətinin başçısı Əli Mərdan bəy Topçubaşovun İstanbuldan göndərdiyi məlumatlar onun Parisə getməyə viza almaq üçün böyük əmək sərf etdiyini sübut edirdi. Yalnız mayın ortalarında Azərbaycan diplomatları Fransaya gələ bildilər, bu da onların qarşısında duran məsələlərin həllinə köməyi təmin etmək üçün lazımi hazırlıq işləri görmələrinə imkan vermədi.

Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov Paris Sülh Konfransına təqdim edilmiş memorandumun surətini ABŞ Prezidenti V.Vilsona təqdim etmişdi. Sənəd xüsusi xəritəli vərəqdə sərhədləri göstərilməklə Qafqaz Azərbaycanının müstəqilliyinə; iqtisadi xəritə ilə birlikdə Azərbaycanın iqtisadi vəziyyəti və maliyyəsinə; etnoqrafik xəritə və diaqramlarla birlikdə Azərbaycan əhalisinin etnik tərkibinə dair 3 maddədən ibarət idi.

Paris konfransının iştirakçılarını respublikadakı siyasi vəziyyətlə tanış etmək üçün Azərbaycan nümayəndə heyəti böyük işlər görmüş, məsələn, 1919-cu il mayın 23-ü İngiltərə nümayəndəsi A.Mallet və ABŞ nümayəndəsi K.Morgentau ilə görüşlər keçirmişdi. 1919-cu il avqustun 19-da Londonda İngiltərə – İran müqaviləsi bağlandıqdan sonra İran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkmişdi. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlanmışdı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına razılıq əldə edilmişdi. Bu müqavilənin bağlanması Azərbaycan diplomatiyasının beynəlxalq səhnədə mühüm qələbəsi idi.

Beləliklə, nümayəndə heyətinin gərgin şəraitdə keçirdiyi bir sıra görüşlərdən, göstərdiyi cəhdlərdən sonra 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması Ə. M. Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndələrinin diplomatik fəaliyyətlərinin uğurlu nəticəsi idi. Böyük çətinliklər və məhrumiyyətlər hesabına əldə edilmiş bu nailiyyətlə əlaqədar Ə.M.Topçubaşov Parisdən Azərbaycan hökumətinin başçısı N.Yusifbəyliyə göndərdiyi məktubda yazırdı: “Hər hansı real bir formada bizimazad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlandı. Mütərəqqi Azərbaycan cəmiyyəti heç vaxt və hətta çar Rusiyasının başqa xalqlara qarşı yeritdiyi müstəmləkə siyasətinin ən ağır günlərində belə azadlıq, müstəqillik ümidlərini itirmirdi. Azərbaycan xalqı müstəqil yaşaya biləcəyinə, müstəqilliyə nail olacağına inanırdı”.

Ə.M.Topçubaşov məktubunda vurğulayırdı: Bununla yanaşı, biz digər kiçik xalqların ibrətamiz mübarizələrini də unutmuruq. Öz azadlıqlarını əldə etmək üçün bu xalqlar yarım il, bir il yox, on illərlə və daha çox mübarizə aparmış, çoxlu insanmaddi itkilər hesabına arzularına çatmışlar. Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.

Amma onlar Paris Sülh Konfransından qayıtmadılar. Qayıdan təkcə M.Hacinski oldu. Onu da həbsxanadakı otaq yoldaşına məhv etdirdilər. Geri qayıtmayanların taleyinə isə vətənsizlik ağrısı yazıldı. Onlar bir daha geri qayıda bilmədilər. Əbədi ezamiyyətsənədli filmi isə həqiqətin təntənəsi olaraq onları geri qaytardı. Bu misilsiz bir mənəvi qələbədir. Ulu öndər Heydər Əliyevin qərib məzarlıqlarda dəfn olunmuş bu qəhrəmanların məzarlarını ziyarət etməsi, o qəbirlərin bərpa olunması xaricdə yaşayan azərbaycanlıların and yerinə çevrilməsi filmin unudulmaz epizodları olaraq, bir daha ingilis azərbaycanşünası F.Edmundun dediklərini bizə xatırladır: “Onlar tarixdə yeganə millətdilər ki, xarici kürsülərdə satqınlıq ləyaqətsizlik etmədilər”.

 

Zahid ORUC,

Milli Məclisin deputatı,

 

Rövşən VƏLİZADƏ,

AMEA İnsan Hüquqları

İnstitutunun şöbə müdiri

 

Xalq qəzeti.- 2016.- 31 yanvar.- S.7.