Azərbaycanın ekoloji reytinqi yüksəlir

 

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər, mühüm ekoloji əhəmiyyətə malik olan layihələr ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsinə imkan yaratmışdır.

Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin ekoloji problemlərin həllinə göstərdiyi yüksək diqqət və qayğı, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi davamlı tədbirlərin və reallaşdırılan genişmiqyaslı layihələrin nəticəsidir. Azərbaycanda aparılan ekoloji siyasət beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir və yüksək qiymətləndirilir. ABŞ-ın YelKolumbiya universitetləri tərəfindən 2016-cı ilin yanvar ayında açıqlanmış Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi (Environmental Performance İndex) sənədində ekoloji effektivlik göstəricilərinə görə Azərbaycan 100 ballıq qiymətləndirmə sistemi üzrə 83,78 balla 180 ölkə arasında 31-ci sırada qərarlaşmışdır. Sənəddə insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi sahələri üzrə 9 istiqamətdə qiymətləndirmə aparılıb. Məsələyə aydınlıq gətirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə ilə görüşdük. Onunla müsahibəni təqdim edirik.

Rasim müəllim, söz yox ki, bu nailiyyət ölkədə həyata keçirilən davamlı ekoloji siyasətin nəticəsidir. Bu qiymətləndirmədə Azərbaycan bir neçə istiqamətdə layiqli yerini tutmuşdur. İstərdik ki, bu barədə ətraflı məlumat verəsiniz.

—Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafına, eləcə də ətraf mühitin mühafizəsi, xalqımızın rifahının yaxşılaşdırılması naminə təbii sərvətlərdən istifadə məsələlərinə göstərdiyi diqqət və qayğı ölkəmizin, başqa sahələrdə olduğu kimi, ətraf mühit sahəsində də beynəlxalq miqyasda nüfuzunun artmasına gətirib çıxarmışdır.

Ölkəmizin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində qazanılmış nailiyyətlərə uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş dövlətçilik siyasəti çərçivəsində reallaşdırılan səmərəli tədbirlər hesabına nail olunmuşdur.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir.

Reytinq sıralanmasına görə Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl ölkələrindən daha yüksək mövqe tutmuşdur. Digər diqqətçəkən məqam odur ki, qiymətləndirmədə 111-ci yerdə olan qonşu Gürcüstanla Azərbaycan arasında 20 bal fərq olduğu halda, Azərbaycanla 1-ci yerdə olan Finlandiya arasında cəmi 7 bal fərq var. Eyni zamanda, regional səviyyədə aparılmış qiymətləndirmənin nəticələrinə əsasən YelKolumbiya universitetləri Azərbaycanı Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə 2-ci yerə çıxarıb. Bu sıralanmada Azərbaycan Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Belarus kimi ölkələrdən qabaqdadır. MDB ölkələri arasında isə birincidir.

Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi sənədinə əsasən Azərbaycan iqlimenerji istiqamətinə görə sıralamada 100 ballıq sistem üzrə 97,94 balla qiymətləndirilərək bütün ölkələr arasında 2-ci, həmin bölmənin Karbon intensivliyi göstəricisi üzrə isə 100 balla 1-ci yerdə qərarlaşıb. Bu barədə nələri demək istərdiniz?

Hesab edirik ki, Azərbaycanın bu istiqamətdə son illərdə həyata keçirdiyi çoxşaxəli və intensiv fəaliyyəti qiymətləndirmənin nəticələrində öz əksini tapmışdır. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası üzrə baza ili hesab edilən 1990-cı ildə Azərbaycan atmosferə ildə 73 milyon ton istilik effekti yaradan qaz tullantıları atırdı. SSRİ iqtisadiyyatı dağılandan sonra tullantıların həcmi 36 milyon tona düşdü. Bundan sonra iqtisadiyyatın dəfələrlə artmasına baxmayaraq, hazırda tullantıların miqdarı 1990-cı baza ilinin 65,7 faizini təşkil edir.

Əgər 1990-2000-ci illərdə tullantıların azaldılması əsasən SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin itməsi ilə bağlı iqtisadi tənəzzüllə izah edilirdisə, növbəti illərdə ölkənin sürətli inkişafı fonunda məqsədli görünən fəaliyyətlə bağlıdır.

Bu fəaliyyətin nəticəsi olaraq Azərbaycan, Konvensiyanın “Əlavə 1" qrupuna daxil olmayan ölkə kimi Kioto protokolu üzrə kəmiyyət öhdəliyi götürməsə də, Kioto prosesi başladıqdan sonra 600 milyon tondan çox istilik effekti yaradan qaz emissiyalarının azaldılmasına nail olmuşdur. Bu həcm inkişaf etmiş iri bir Avropa dövlətinin illik emissiyalarına bərabərdir.

Belə ki, Azərbaycanda iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bərpa olunan enerji mənbələrindən və enerji səmərəli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması və onun əvəzinə daha təmiz yanacaq olan təbii qazdan istifadə edilməsi (mazutun əvəzinə qazdan istifadəyə keçideyni zamanda bu sektorda daha müasir texnologiyaların tətbiqi nəticəsində təkcə 2006-2010-cu illər ərzində karbon qazı tullantılarının 6,6 milyon ton azalmasına nail olunmuşdur) öz nəticəsini vermişdir. Bununla yanaşı, meşə ərazilərinin genişləndirilməsi, səmt qazlarının atmosferə atılma həcminin və elektrik enerjisi istehsalında sərf olunan şərti yanacaq vahidinin ildən-ilə ciddi şəkildə azaldılması və s. kimi tədbirlər həyata keçirilmiş və gələcəkdə də iqtisadiyyatın müxtəlif sektorlarında bu cür fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur ki, bu da qlobal iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində göstərilən səylərə milli töhfənin daha da artmasına gətirib çıxaracaqdır. Qeyd etmək vacibdir ki, iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində bütün tədbirlər ölkənin öz imkanları hesabına həyata keçirilmişdir.

Bərpa olunanalternativ enerji potensialı ilə zəngin olan Azərbaycan Respublikası bu sahənin inkişafını ölkənin prioritet istiqamətlərindən biri hesab edir. Əsas hədəf gələcəkdə ölkə əhalisinin enerjiyə artan tələbatının ödənilməsi və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılması problemlərinin həllinə töhfəmiz olaraq 2030-cu ilədək elektrik enerjisinin istehsalında bərpa olunan enerji payının 25 faizə çatdırılmasıdır.

Azərbaycan özünün nəzərdə tutulan müəyyən edilmiş milli töhfələri sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfəsi olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür.

Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan ilk beş ölkə sırasına daxil edilmişdir. Bu yüksək göstəricinin əldə edilməsinin səbəbləri barədə də fikirlərinizi bilmək istərdik.

Bunun başlıca səbəbi Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarının və müvafiq sərəncamların icrası ilə əlaqədar yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılması, həmçinin sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağackəsmə hallarının qarşısının alınması və ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması olub.

Azərbaycan nadir ölkələrdən biridir ki, meşələrin azalması tendensiyasını dayandıra bilmiş və müəyyən artımı təmin etmişdir. Son 15 ildə meşəbərpa tədbirlərinin həcmi 2,5 dəfədən çox artırılaraq ildə 4 700 hektardan 10 500 hektara çatdırılmış, 10 milyonlarla ağac əkilmişdir. Meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmişdir.

Meşələrin artırılmasında və qorunub saxlanılmasında ölkədə həyata keçirilən qazlaşdırma siyasəti də mühüm rol oynayır. Nəticədə meşələrin mühafizəsi asanlaşıb, odundan istifadə, demək olar sıfra enmişdir ki, bu da meşələrə olan təzyiqlərin azalmasında və meşələrin artımında böyük rol oynayır.

Qeyd olunanlarla yanaşı, meşə fonduna daxil olmayan, arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3 659 ha ərazidə 4 711 711 ədəd ağac əkilmiş, 10,8 min kilometrə yaxın müasir damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Belə yaşıllıqların salınmasının gələcəkdə nəinki ekoloji əhəmiyyəti, həm də insanlar üçün iqtisadi faydası olsun deyə, əsasən zeytundan istifadə olunur. Müxtəlif bölgələrdə 1 800 hektar sahədə 1 240 mindən artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hazırda 900 hektara qədəri qorunub saxlanılmışdır ki, son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf sahəsində müəyyən olunmuş düzgün siyasət indiyə qədər ölkəmizə yalnız uğur gətirmiş və bu sahədə siyasətin düzgünuğurla həyata keçirilməsi nəticəsində, onun tərkib hissəsi olan ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da nail olunacaqdır.

 

Müsahibəni qələmə aldı:

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti. - 2016.- 5 fevral.- S. 6.