İrəvan quberniyasında azərbaycanlıların

soyqırımı (1918-1920-ci illər)

 

(əvvəli ötən sayımızda)

 

1919-cu il yanvar ayının 7-də Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistanın xarici işlər nazirinə göndərilən notada qeyd edilirdi ki, İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhər və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.

1919-cu il yanvarın 8-də Azərbaycan parlamentinin iclasında İrəvan quberniyasının müsəlman əhalisinin ərz-halları dinlənilmişdi. Sənəddə deyilirdi: “1917-ci ilin dekabr ayından 1918–ci ilin iyuna ayına qədər İrəvan quberniyası dairəsində erməni qoşunları tərəfindən iki yüzdən çox müsəlman kəndləri atəşə tutularaq, tarmar olub, əhalisinin isə bir qismi qətl edilmiş, bir qismidağlara qaçıb soyuqdan və aclıqdan tələf olmuşlar. İrəvan quberniyasının əsasən, müsəlmanlardan ibarət olan Sürməli, İrəvan, Üçmüədzin, Şərur və Naxçıvan qəzalarının bəzi hissələrinın Osmanlı ordusu tərəfindən işğal edildikdən sonra burada yaşayan ermənilər yeni təşkil olunan erməni cümhuriyyətinin dairəsinə köç etmişlər. Digər tərəfdən, osmanlılar işğal etdikləri mahallarda 100 minə qədər müsəlman İrəvan quberniyasının başqa yerlərindən köçmüşlər. Bunları köçməyə 80-ə yaxın müsəlman kəndini atəşə tutub talayan ermənilər məcbur etmişlər. Hazırda erməni qoşunları Sürməli qəzasını tamamən, İrəvan, Şərur və Üçmüədzin qəzalarının müsəlmanlar ilə məskun mahalını işğal edib Naxçıvan tərəfə yürüş etməkdədirlər. Yürüşlərdə bərabər yerli müsəlmanları qismən kəsib, qismən köylərindən çıxarıb İrana köç etmək məcburiyyətinə salırlar. Məcburiyyət ilə müsəlmanlardan təmizlənmiş mahallara Osmanlı dövlətindən Ermənistanına köç etmiş ermənilər yerləşdirilir. İrəvan quberniyasının bəzi mahallarının tamamilə müsəlmanlar ilə məskun olduğu bu mahalların tarixən və başqa şərait üzrə Azərbaycanın ayrılmaz hissəsi olunmasını nəzərə alıb və məcburən bu mahalları müsəlmanlardan təmizləyib onların yerinə erməni mühacirlərinin oturmağı xilafziddi-qanun hesab edərək bu mahallar məsələsini qəti surətdə həllini sülh konfransına buraxaraq İrəvan müsəlmanları nümayəndələri İrəvan müsəlmanlarının mövcudluğunun mühafizəsi üçün lazım gələn tədabir etmənizi rica ediriz”.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarına göndərdiyi məktubdan görünür ki, 1919-cu ilin avqust-sentyabrında erməni qoşunları tərəfindən Üçmüədzin, Sürməli, İrəvan, Yeni Bəyazid qəzalarındakı azərbaycanlı kəndləri yenidən dağıdılmışdı. Üçmüədzin qəzasında bir kənd belə salamat qalmamışdı.

 

“Dağıntıda qoşun hissələri ilə birlikdə yerli erməni əhalisi də iştirak edirdi. Qarabağ erməniləri isə xüsusi amansızlıq nümayiş etdirirdilər. Həmişəki kimi, qaçanlar istisna olmaqla, kişilər, əsasən, küt alətlərlə öldürülmüş, qadınlar isə zorlanmış və əsir götürülmüşdür”. Erməni qoşunlarının komandanı general Dro öz qoşunlarının bu hərəkətlərini “arxa cəbhənin təmizlənməsinin” zəruriliyi və “strateji şəraitlə” izah edirdi. AXC Daxili İşlər Nazirliyinin fondunda saxlanılan xüsusi siyahı-sənəddə təkcə 1919-cu ilin son iki ayı ərzində ermənilər tərəfindən Üçmüədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndinin məhv edildiyi göstərilir. İrəvan qəzası haqqında sənəddə bircə sətir yazılıb: “Zəngibasar kəndlərindən başqa qalan bütün yaşayış məntəqələri məhv edilmişdir”. 1919-cu il sentyabrın 2-də AXC-nin himayədarlıq nazirinin səlahiyyətli nümayəndəsi Teymur xan Makinskinin təmsil etdiyi nazirliyə göndərdiyi teleqramda deyilirdi:Son günlərin hadisələri müsəlmanların vəziyyətini faciəli hala saldı. İrəvan, Yeni Bəyazid, Üçmüədzin qəzalarından 150 minədək müsəlman mühacirət etdi. Hazırda Ermənistan sərhədlərində müsəlmanların sayı nisbətən az qalıb, lakin bu az say da talanların nəticəsində və qorxu təzyiqi altında gündən-günə azalır. Artıq Yeni Bəyazid qəzasında müsəlman qalmayıb. Ermənistan hökumətinin nəzarətində olan İrəvan qəzasının bölgələrində müsəlmanların sayı 25 min nəfərdən cox deyil, eyni ilə Üçmüədzin qəzasında (25 min nəfərdən cox deyil), Sürməli qəzasında isə 15 mindir. Aleksandropol qəzasında isə müsəlmanların sayı həmişə az olub. Beləliklə, İrəvan quberniyasında müsəlmanların ümumi sayı azı 70 min - ən çoxu 80 min təşkil edir”.

Himayədarlıq Nazirliyinin məlumatına görə, təkcə Yeni Bəyazid, Üçmüədzin və İrəvan qəzaları üzrə 1919-cu ilin sonunda qaçqınların sayı 200 min nəfərə çatmışdı. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun Ermənistandakı həmkarına 1919-cu il sentyabrın 22-də göndərdiyi notada 1918-ci ilin yanvarından etibarən ermənilərin İrəvan quberniyası ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Notada qeyd edilirdi ki, 1918-ci ilin dekabrında İrəvan quberniyasından türklərin çəkilməsindən sonra Sasun polku İrəvan qəzasının Qaraxaç (Qaraarxac) və Vediçay kənd icmalarının müsəlmanlarını tərksilah etmiş, Qədili, Şahablı, Qraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s. kəndlərini darmadağın etmiş, demək olar ki, adları çəkilən kəndlərin sakinlərinin hamısını öldürmüşlər. Eyni qayda ilə Milli Dərəsi rayonunun bəzi kəndləri də üzləşmişlər. Daha sonra notada qeyd edilirdi ki, təqribən həmin vaxt erməni ordusu Yeni Bəyazid qəzasının Basarkeçər rayonunun kəndlərini mühasirəyə almış, Qızılvəng, Subatan, Zağalı kəndlərinin əhalisini qırmışdır. Şahab kəndində uşaqları təndirə atıb yandırmışlar. Azərbaycan tərəfinin dəfələrlə Ermənistanda müsəlmanların ağır vəziyyətinə və onlara qarşı törədilən zorakılıqlara etiraz etməsinə baxmayaraq, Ermənistan hökuməti heç bir tədbir görmürdü. Əksinə, 6 avqust 1919-cu il tarixli notasında erməni tərəfi yenə də bəyan edirdi ki, Ermənistan hökuməti üçünqara vətəndaş” yoxdur.

Azərbaycan parlamentinin 1920-ci il yanvarın 5-də keçirilən iclasında qaçqınlar məsələsi müzakirə edilmişdi. Həmin iclasda cıxış edən Mustafa Vəkilov Ermənistandan 300 min qaçqının gəldiyini qeyd edərək, onların çox ağır vəziyyətdə sərhədyanı qəzalarda yerləşdikləri haqqında məlumat vermişdi.

Vəziyyət o dərəcədə böhranlı idi ki, İrəvan quberniyası ərazisində dinc müsəlman əhalisinin məhv edilməsi və erməni silahlı qüvvələri tərəfindən törədilən vəhşiliklərlə əlaqədar, hətta İranın Qacar hökuməti adından Britaniya komandanlığına şahzadə Əla-üssəltənə etiraz təqdim edilmişdi. Memorandumda göstərilirdi ki, çıxılmaz vəziyyətə düşən Naxçıvan əhalisi İrana yardım üçün müraciət etmişonun himayədarlığını xahiş etmişdi. Sənəddə daha sonra qeyd edilir ki, “əhalinin əksər hissəsinin müsəlmanların təşkil etdiyi bu vilayətlərə ermənilərin təcavüzü mümkün məhvedici nəticələri üzündən böyük əndişə doğurur”. Lord Kerzona məlumatında P. Koks qeyd edirdi: “Mən İran hökumətindən aldığım və erməniləri İrəvanda, Naxçıvanda və Qarsda müsəlmanlara qarşı vəhşiliklər törətməkdə ittiham edən memorandumun tərcüməsini əlavə etməyi və bu iğtişaşlara son verilməsi üçün müttəfiq hökumətlərin üzərinə məsuliyyət qoymağı özümə şərəf bilirəm”.

İranın Xarici İşlər Nazirliyinin 1919-cu il 21 oktyabr tarixində Böyük Britaniyanın diplomatik missiyasına göndərdiyi depeşada göstərilirdi: “Şübhə yoxdur ki, Britaniyanın diplomatik missiyasının İrəvanda, Naxçıvanda, Qarsda və Ermənistanın bütün sərhədi boyunca bu yaxınlarda baş verən olaylar, ermənilərin bu bölgələrin müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər, qətliamlar və qarətlər haqqında xəbəri var. Xarici İşlər Nazirliyi, həmçinin belə bir məlumat almışdır ki, ermənilər bu bölgələrdə milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlara qarşı zorakılıq aktı törətmək fürsətinin birini belə əldən qaçırmamışlar. Müsəlman ailələri məhv edilir, heç bir günahı olmadan kişilər və uşaqlar öldürülür, qadınlar cinsi təcavüzə məruz qalır, onların bütün əmlakı qarət edilir. Erməniləri əsla təhrik etməyən bir çox kəndin əhalisi məhv edilmişdir... Millətlərin və dünyanın azadlığına dair böyük dövlətlərin niyyətlərindən xəbəri olan Xarici İşlər Nazirliyi rəsmən bu informasiyanı diqqətinizə çatdırır və xahiş edir ki, Britaniya hökumətinin məmurlarına ermənilərin bu cinayətkar əməllərinin qarşısını almaq və Ermənistanla sərhəddə yaşayan dinc əhalinin həyatını müdafiə etmək tapşırılsın. Onlar həm böyük dövlətlərin təmsilçiləri kimi, həm də erməni barbarlığının şahidləri kimi bu cinayətkar əməllərin qarşısının alınması və müqəssirlərin cəzalandırılması üçün tədbirlər almalıdırlar”.

Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq Cənubi Qafqaza ezam edilmiş Britaniya ali komissarı ser Oliver Uordrop da Ermənistan hökumətinin yerli müsəlmanlara qarşı törətdiyi cinayətlər haqqında hökumətə göndərdiyi çoxsaylı raportlarda xəbər verirdi. Onun 1919-cu il oktyabrın 2-də Londona göndərdiyi raportda deyilirdi: “Bu yaxınlarda ermənilər Yeni Bəyazid, Aleksandropol və İrəvan bölgələrində 60 müsəlman kəndini dağıtmışlar”.

Bu cinayətlər o qədər kütləvi hal almışdı ki, hətta ermənilərin içərisində müəyyən dairələr bu faciəli hadisələrə etiraz etməli olmuşdular. Ermənistan parlamentinin eser fraksiyasının Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda bildirilirdi ki, son üç həftə ərzində İrəvan, Üçmüədzin və Sürməli qəzalarının bir sıra tatar (azərbaycanlı-İ. N.) kəndləri qarət və qətllərə məruz qalaraq, tatar (azərbaycanlı-İ. N.) əhalisindən “təmizlənir”. Yerli hakimiyyət, nəinki buna maneçilik törətmir, hətta özü baş verən qarət və talanlarda iştirak edir”.

Sovet İttifaqının həm siyasi, həm fiziki mənada ən uzunömürlü kommunist liderlərindən olan Anastas Mikoyanın bu məsələdə mövqeyi xüsusi maraq doğururdu. O, yazırdı: “Erməni şovinistləri Qara dənizdən Aralıq dənizinə qədər tarixi hüdüdlardaBöyük Ermənistan” yaratmaq kimi cinayətkar ideyanın şirin xülyasına ümid bəsləyirlər. Müstəsna qaydada müsəlmanlardan ibarət olan bu ərazidə ermənilərin olmaması onları narahat etmirdi. “Böyük Ermənistan” ideyasının əhalinin çoxluğuna deyil, onun iradəsinə deyil, imperialist silahına arxalanması Ermənistanı “yadellilərdən”, “cinayətkar ünsürlərdən”, müsəlmanlardan təmizləmək yolu ilə qurulması təlqin edilir”.

Lakin dinc əhaliyə qarşı törədilən vəhşiliklərlə və görünməmiş zorakılıq aktlarına Ararat Respublikasının baş naziri H.Kaçaznuni belə bəraət qazandırırdı: “Yerli müsəlman əhalisi ilə ölkənin daxilində -- Ağbabada, Zodda, Zəngibasarda, Vedibasarda, Şərur-Naxçıvanda, Zəngəzurda və digər ərazilərdə bir sıra qanlı döyüşlər olmuşdur. Müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilməməyimizdən, silaha əl atmalı, qoşun çıxarmalı, dağıntılar və qırğınlar törətməli olduq…”.

1918-1920-ci illərdə Ararat Respublikasında hakimiyyətə olmuş daşnakların azərbaycanlılara münasibətdə həyata keçirdikləri soyqırımı siyasəti əyani şəkildə göstərdi ki, özlərinin “mədəniyyəti” ilə öyünən ermənilər, əslində, müstəqil dövləti və başqa xalqları idarə etmək baxımından yetişməmişdilər. Bu barədə ABŞ-ın Osmanlı dövlətində ilk səfiri Mark L. Bristol birmənalı demişdir: “Son iki il ərzində (1919 - 1920-ci illər - İ.N.) ermənilər Rusiya Qafqazında özlərini idarə etməyə, hakimiyyətləri altında olan milli azlıqlarla davranmağa tamamilə qadir olmadıqlarını nümayiş etdirdilər”. Ermənilərin qiymətləndirilməsində Bristolun fikirləri ABŞ-ın ictimai xadimi Ceyms A.Bartonun fikri ilə üst-üstə düşür: “Mən onun tərəfdarı deyiləm ki, tabeliyində olan millətlərə münasibətdə erməni amansızlığının qarşısını ala biləcək məhdudlaşdırıcı amil olmadan ermənilərə hakimiyyət verilsin”. Daşnaksütyun” partiyasının iki illik hakimiyyətini qiymətləndirən erməni müəllifi B.Boryan qeyd edirdi ki, “erməni siyasi xadimləri dövlət hakimiyyətini ölkəni idarə etmək üçün deyil, müsəlman əhalini qırmaq və onun əmlakını talamaq üçün qurmuşdular. Beləliklə, daşnak hökumətinin təxminən 30 aylıq hakimiyyəti dövründə İrəvan quberniyasının yerli müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində quberniyanın Ermənistanın nəzarətində olan sərhədlərində cəmi 10 min nəfər müsəlman qalmışdı. Erməni müəllifi A.Lalayanın qeyd etdiyi kimi, Ermənistanda müsəlmanların sayı 77 faiz azalmışdı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixdə imzaladığı fərmanda deyilir: Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevraloktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli-memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər”.

Həmin sənəd 1918-1920-ci illər qanlı hadisələrinə siyasi-hüquqi qiymət verərək, ermənilərin xalqımıza qarşı apardıqları soyqırımı və deportasiya siyasətini heç vaxt yaddan çıxarmamağa, tarixçilərimizi təkrar-təkrar bu məsələlərin üzərinə yenidən qayıtmağa cağırırdı. Bununla bağlı Prezident Heydər Əliyevin 1999-cu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında dediyi sözlər xüsusi əhəmiyyət kəsb edir: “İndi Ermənistan yerləşən ərazi də Azərbaycan torpağıdır. Siz tarixçilər bunları ardıcıl sürətdə subut etməlisiniz. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indiki Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daimi ardıcıl sürətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq”.

2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-1920-ci illərdə Azərbaycan xalqının başına gətirilən faciələrə toxunaraq qeyd etmişdir: “Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan adlanan dövlətin məhz tarixi Azərbaycan torpaqlarında, keçmiş İrəvan xanlığının ərazilərində yarandığını xüsusi vurğulayaraq, tezliklə azərbaycanlıların bu torpaqlara qayıdacağını bildirmişdir.

 

İlqar NİFTƏLİYEV,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2017.- 2 aprel.- S.5.