Şamaxılı şəhidlərə
həsr olunmuş
kitabın təqdimatı keçirilmişdir
Şamaxı
Rayon Mədəniyyət Mərkəzində
rayonun millət vəkili Elxan
Süleymanovun təşəbbüsü
ilə Aida Eyvazlı Göytürk
tərəfindən 2016-cı ilin aprel ayında cəbhə xəttində erməni
hərbi birləşmələrinin törətdiyi təxribatın
qarşısını alarkən qəhrəmancasına həlak olmuş şamaxılı şəhidlər
haqqında yazılmış “SAMİR! NAZİM!
ELŞƏN!” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Silahlı Qüvvələrimizin bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam qadir olduğundan danışaraq aprel döyüşlərinin bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini göstərdiyini vurğulamışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşatmışdır. Həmin döyüşlərdə şamaxılı vətənpərvər igidlər də qəhrəmanlıq göstərmiş, onlardan üç nəfəri vətənin ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışdılar. Xalqımızın, Prezident, Ali Baş Komandan İlham Əliyevin vətənin bu mərd oğullarına diqqət və qayğısından söz açan icra başçısı rayonun Çuxuryurd kəndindən olan manqa komandiri Kaçayev Samir Ziyətdin oğlunun “İgidliyə görə” medalı ilə, Göylər kəndindən olan əsgər Səmədov Elşən Səlim oğlu və Şamaxı şəhərindən olan Zəkərəyev Nazim Nadir oğlunun “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunduqlarını bildirmişdir.
Mərasimdə millət vəkili Elxan Süleymanov çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan əsgərlərimizin şücaətindən danışaraq bildirmişdir ki, aprel döyüşləri doğma torpaqlarımızı istər sülh, istərsə də hərb yolu ilə düşmən tapdağından azad etməkdə qətiyyətli olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirmişdir.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Nasir Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, şəhid Samir Kaçayevin təhsil aldığı Çuxuryurd kənd tam orta məktəbin müəllimi Güntəkin Hümbətov və kitabın müəllifi Aida Eyvazlı Göytürk ordumuzun qüdrətindən söz açmış, Azərbaycan əsgərinin Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduğunu diqqətə çatdırmışlar.
Tədbirdə şəhid atası Nadir Zəkərəyev övladının keçdiyi döyüş yolu barədə danışaraq şəhid oğlu ilə fəxr etdiyini bildirmişdir.
Bildirilmişdir ki, şamaxılılar Vətənin azadlığı uğrunda canlarından keçən şəhidləri ilə fəxr edir və qəhrəman övladlarının xatirəsini daim qəlblərində yaşadacaqlar.
Tədbir şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeir və kompozisiyalarla davam etdirilmişdir.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2017.- 6
aprel.- S.7.