Firəngiz Əlizadənin “Nasimi Passion”
əsərinin Amsterdamda premyerası olub
Məlum olduğu kimi,
may ayının 28-də Azərbaycan
peşəkar bəstəkarlıq
məktəbinin görkəmli
nümayəndəsi “UNESCO-nun sülh naminə artisti” kimi əzəmətli
titulun azsaylı sahiblərindən biri, Xalq artisti, professor Firəngiz xanım Əlizadənin 70 yaşı
tamam olur. Həmin gün ölkəmizdə bir bayram olaraq Respublika
Günü kimi qeyd olunduğundan, bu tarix musiqi
ictimaiyyətinə ikiqat
bayram sevinci yaşadacaqdır. Təbii
ki, Azərbaycan bəstəkarlıq məktəbini
dünyada şərəflə
təmsil edən Firəngiz xanımın yubileyi də ölkəmizdə təntənə
ilə qeyd ediləcəkdir.
Avropada isə Firəngiz xanımın yubileyinə
hazırlıq artıq bu ilin əvvəlindən başlanılıb. Belə bir
möhtəşəm tədbirin
keçirildiyi növbəti
məkan isə Hollandiyanın paytaxtı
Amsterdam şəhəridir.
Aprelin 7-də və
9-da Hollandiyanın “Amsterdam Royal
Concertgebouw” konsert sarayında
ölkənin Kral Simfonik Orkestrinin, xorunun və solistlərinin müşayiəti
ilə görkəmli
bəstəkar Firəngiz
Əlizadənin “Nasimi
Passion” əsərinin premyerası
olub.
Avropanın nüfuzlu mədəniyyət
təşkilatlarından olan,
“Amsterdam Royal Concertgebouw” tərəfindən
son illər ərzində
müxtəlif dinlərə
məxsus (pravoslav, katolik, iudaizm, buddizm) “Passions” - “İlahilər”
layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı
dini mənsubiyyətli
görkəmli bəstəkarlarına
əsərlər sifariş
olunub və səsləndirilib. Bu iri həcmli musiqi əsərlərinin
ifası bütün Avropa ölkələrində,
kütləvi informasiya
vasitələrində böyük
rezonans doğurub.
Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə
gəlib. Xüsusilə vurğulamaq lazımdır
ki, bu iş
müsəlman mədəniyyətinə
məxsus olan Azərbaycan peşəkar
bəstəkarlıq məktəbinin
görkəmli nümayəndəsi
- Firəngiz Əlizadəyə
həvalə olunmuşdur.
Beləliklə, “NASİMİ Passion” əsəri yaranmışdır
və bu möhtəşəm əsərin
(35 dəqiqəlik) məşqləri
artıq bir neçə aydır ki, dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral Simfonik Orkestri,
xoru və solistləri tərəfindən
aparılırdı...
Əsərin premyerasından əvvəl
həmin sarayda bəstəkarla görüş
keçirilib. Görüşdə musiqişünas Thea Derks “Nasimi
passion” əsəri haqqında
məlumat verib.
Daha sonra çıxış
üçün səhnəyə
dəvət olunan Firəngiz Əlizadə seçdiyi mövzudan- Azərbaycanın böyük
mütəfəkkiri İmadəddin
Nəsimi barədə
danışıb, dahi
mütəfəkkirin Yaxın
Şərq ədəbiyyatına
gətirdiyi mütərəqqi
ideyalar və fəlsəfi düşüncə
tərzindən söz
açıb.
Bildirilib
ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi
yanaşı işlənib.
Seçilmiş mövzunun layihənin
tələblərinə cavab
verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma
açarını tapa
bilmədiyi məsələyə
toxunulub. Bəstəkar iştirakçıların əsərlə
bağlı suallarını
cavablandırıb.
Konsert zamanı
əsərin sözləri
tərcümə edilərək
ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm
də əsəri dərindən anlamağa imkan verib.
Əsərdə Şərq təfəkkürünün
və onun fəlsəfi ideyalarının
özəyini təşkil
edən tendensiyaların
müasir üsullarla sintezi təqdim olunub.
Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında
əsasən sufi məclislərində
istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin
saxlanılmasından ibarət
olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi
ilə dinləyicini valeh edib.
Almaniya Dövlət
Teatrının solisti
Əvəz Abdulla özünə
xas fərqli ifası ilə tamaşaçıların ruhunu
oxşayıb. Ə.Abdullanın
ifası məhz sufi zikrlərindəki
əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib.
Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasındakı sintezi
maraq doğurub. Milli xalq
musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək
istifadəsi bilavasitə
bəstəkarın aparıcı
ideya kimi götürdüyü obraza
xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin
vəhdət təşkil
edib. Əsər tamaşaçıların alqışları ilə
qarşılanıb.
Konsertdən sonra musiqiçilər və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb,
hisslərini bölüşüblər. Onlar əsərin
möhtəşəm olduğunu
bildiriblər.
Bəstəkar və musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə
Sebastyan Baxın əsərini birləşdirdiyi
məqamlar bunu aydın göstərir.
O, deyib: “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar
tərəfindən incəliklə
birləşdirilməsinin şahidi
olduq. Firəngiz Əlizadə 600 il
əvvəl yazıb yaratmış Nəsiminin
qəzəllərini tamaşaçıya
yüksək səviyyədə
təqdim etdi. Mən Firəngiz Əlizadənin
əsərinə valeh
oldum. Çox maraqlı, möhtəşəm
əsər idi və orkestrləşdirilmə
də incəliklə
qurulmuşdu. Musiqi nəşriyyatı
olaraq Firəngiz Əlizadə ilə əməkdaşlıq etməkdən
çox məmnunuq”.
İngiltərəli dirijor Martin Brabbins deyib: “Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Xüsusilə də əsərdə istifadə olunan metodlar - pıçıltı, qışqırıq çox incəliklə ifadə edilib. “Ənəlhəq” ifadəsini çox sevirəm. Solistimiz də əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Emosiyaları göstərirdi ki, o, Firəngiz Əlizadənin musiqisini dərindən anlayır və onunla yaşayır. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi”.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur: “Firəngiz Əlizadə fövqəladə bir əsər yaradıb. Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Dünyada məşhur olan bəstəkarın musiqisini ifa etdim. Qəlbim emosiyalarla doludur.
Əsər haqqında Almaniyanın məşhur “H.Sikorski” musiqi dərgisində Firəngiz xanımın düşüncələrinə də yer ayrılmışdır: “Düz altı əsr bundan əvvəl – 1417-ci ildə böyük Azəarbaycan mütəfəkkiri, sufi – şair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilir. Tarixdən də bizə məlumdur ki, hər dövrün ən seçilmiş insanları öz ölümlərini edam məkanlarında tapmışlar. Bununla bağlı çoxlu sübutlar var. Bu gün isə insanları edama məhkum etməyə də ehtiyac yoxdur, Hələb şəhəri hər gün bombalanır, orda hər gün günahsız insanlar- böyük mütəfəkkirlərlə yanaşı, uşaqlar və qocalar öldürülür. Mən “İlahilər” əsəri üzərində işləyərkən, Hələb şəhərində vəziyyət gündən-günə pişləşirdi və bu vəziyyət mənim əsərimə təsir etmədən ötüşmədi”.
Bir məsələni də vurğulamaq vacibdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması bu mühüm mədəni hadisənin əhəmiyyətini daha da artırır. Bu premyeranın mədəniyyətlərarası dialoqun qurulmasına bir töhfə olacağına inanırıq.
İltifat HACIXANOĞLU,
Azərbaycan Bəstəkarlar
İttifaqı
mətbuat xidmətinin rəhbəri
Xalq qəzeti.- 2017.- 14 aprel.- S.7.