Milli-mənəvi dəyərlərin
qorunması
dövlətin daimi
diqqət mərkəzindədir
Son günlər bəzi mətbuat vasitələrinin
gündəliyindən düşməyən, daha
doğrusu, kimlərinsə bilərəkdən
körüklədiyi Hacı Cavad məscidi məsələsinə
münasibət bildirərkən xüsusilə
vurğulanmalı bir neçə məqam
var. Bunlardan ən vacibi Yasamal rayonu ərazisində – Təzəpir məscidi
ətrafında aparılan
genişmiqyaslı tikinti-quruculuq,
abadlaşdırma və
müasirləşdirmə
proseslərinə etiraz edən
soydaşlarımıza vermək istədiyimiz suallardan
ibarətdir.
Soruşmaq istəyirik ki, gənc müstəqil dövlətimiz özünün ən ağır illərini yaşadığı dövrdə – 1994-cü ildə – ulu öndər Heydər Əliyevin Bibiheybət məscidinin bərpası və yenidən qurulması məqsədilə xüsusi dövlət sənədi imzalaması və maliyyə vəsaiti ayırması kimin yadından çıxıb? – Təbii ki, heç kəsin. İndi həmin məscidi görməyən varmı? – Əlbəttə yoxdur. Həmin yer bu gün təkcə Azərbaycanın və ya Qafqazın deyil, bütövlükdə, müsəlman ölkələri sakinlərinin böyük ehtiramla üz tutduğu ziyarət ünvanına çevrilib.
Bundan başqa, Bakıdakı Təzəpir, Gəncədəki İmamzadə, Şamaxıdakı İslam dünyasının ən qədim ibadət yerlərindən olan Cümə məscidinin, Nardaran pirinin, eləcə də Mirmövsüm ağa ziyarətgahı başda olmaqla, önlarca müqəddəs məkanın abadlaşdırılması, yenidən qurulması prosesləri Azərbaycan möminlərini dünyalar qədər sevindirməyibmi? – Əlbəttə sevindirib və həmin sevinci dilə gətirən soydaşlarımızın sayı-hesabı olmayıb. Çünki bərpa edilən, yenidən qurulan və ya yeni tikilən ibadət yerləri və ziyarətgahlarımız nəinki Azərbaycan və Şərq memarlıq məktəbinin, hətta, dünya memarlığının dəyərli nümunələri kimi qəbul edilir.
Paytaxtın bütün yaşlı sakinləri və möminləri əmindirlər ki, dünyanın ən gözəl memarlıq nümunələrindən olan Təzəpir məscidinin yaxınlığında heç bir memarlıq elementləri ilə diqqəti cəlb etməyən, daha çox təsərrüfat məqsədilə inşa edilmiş tikintiyə oxşayan Hacı Cavad məscidinin başdan-başa yeniləşən Bakının mərkəzində məhz o şəkildə qalmasını heç bir bakılı istəməz. Çünki Bakının tarixi sübut edir ki, bu şəhərin əhalisi daim abadlıq, təmizlik, yüksək mədəniyyət arzusunda olub və onu yaradıblar.
Bu məqamda iki minnətdarlıq ünvanını xüsusilə yada salmalıyıq. Birinci, Hacı Cavad məscidinin görünüşünü yada saldıq. Mən dəqiq bilmirəm, yəqin ki, Hacı Cavad o məscidi öz vəsaiti hesabına tikdirən adamdır. Onun ruhuna dualar oxunmalı, minnətdarlıq edilməlidir ki, memarlıq nümunəsi olmasa da, öz gücü çatan səviyyədə məscid tikdirib və xalqın istifadəsinə verib. İkinci minnətdarlıq ünvanımız isə təbii ki, dövlətimizdir. Çünki genişmiqyaslı abadlıq işləri aparılan meydanın ortasında qalmış, yöndəmsiz və qəzalı vəziyyətdə olan binanın sökülməsinə etiraz edən insanların səsinə hörmət və ehtiramla yanaşıldı və bu məqsədlə xüsusi komissiya yaradıldı.
Bəs biz dəqiq bilirikmi ki, həmin etiraz edənlərin hamısı bilavasitə mömin qardaşlarımızdır? – Bilmirik. Həmin möminlərin adından istifadə edən qərəzli qüvvələr bilirlərmi ki, köhnəlmiş, müvafiq funksiyaların yerinə yetirilməsinə yaramayan məscid, kilsə və sinaqoqların sökülməsi faktları dünyanın bütün ölkələrində olub və olacaq. Mən İran, İraq, Türkiyə, Səudiyyə Ərəbistanı kimi İslam ölkələrində dəfələrlə səfərdə olduğuma görə dəqiq bilirəm və şahidiyəm ki, onların hamısında anoloji tikintilər sökülür və daha yüksək tələblərə cavab verən binalar inşa edilir. Hansı ölkədə ki, dövlətin bütün addımlarına qərəzli münasibət bildirmək üçün xüsusi adamlar “bəslənilir”, orada etiraz edənlər olur. Hansı ölkədə ki, əcnəbilərin əli ilə bəslənilən adamlar azdır, orada dövlətin tikinti, abadlıq, müasirləşdirmə istiqamətli addımları qətiyyən “etiraz doğurmur”.
Əgər söhbət, həqiqətən, dinin, ibadətgahın qorunmasından gedirsə, onda mən Azərbaycan dövlətinin bütün İslam dünyasında alqışlanan bir addımını yada salmaq istəyirəm. Bu il martın 12-də – Azərbaycanın İranla diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibətilə qəzetimizdə dost ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri, doktor İbrahim İbrahiminin məqaləsini vermişdik. Doktor qeyd edirdi ki, Azərbaycan dövlətinin İslam dininə hörmət - ehtiramı, müsəlman ölkələrlə dostluq və qardaşlıq münasibətlərini genişləndirmək istəyi hamının gözünün qabağındadır və bunu təkrar deməyə ehtiyac yoxdur. Amma bir fakt var ki, onu təkrar-təkrar, dönə-dönə deməliyik. Bu fakt Azərbaycanın bütün şəhər və qəsəbələrində tikilmiş müasir Olimpiya İdman komplekslərinin hamısında namazgahlar yaradılımasıdır. İslam dininə hörmət və islami həmrəylik budur, şəhərin abadlaşdırılmasına etiraz etmək yox.
Mənim yadımdadır. Ulu öndər Heydər Əliyev 1998-ci ilin iyun ayında Bibiheybət məscidində görülən işlərlə tanış olarkən (məscid sonrakı ilin may ayında istifadəyə verilmişdi) sakinlərlə görüşdə demişdi: “Ola bilər, bu abadlıq işləri ətrafdakı bəzi binaların yerinin dəyişdirilməsi ilə əlaqədar olsun. Hesab edirəm ki, biz bu müqəddəs yeri gərək hər cəhətdən layiqli edək. Çünki artıq bu məscid tikiləndən, onun içərisində həzrəti Hökumənin və imam övladlarının qəbirlərinin yeri xüsusi müəyyən ediləndən sonra bu müqəddəs yer təkcə Azərbaycan müsəlmanları üçün yox, bütün dünya müsəlmanları üçün böyük bir ziyarətgaha çevriləcəkdir. Buraya ziyarətə gələnlərin sayı ilbəil artacaqdır. Ona görə də, hesab edirəm ki, bu məscidin ətrafında böyük bir kompleks yaradılmalıdır… Mən belə bir layihənin həyata keçiriləcəyinə söz verirəm”.
Hacı Cavad məscidinin sökülməsinə etiraz təşkil edənlərə məhz ulu öndərin həmin çıxışından istifadə edərək xatırladıram ki, adıçəkilən ərazidə aparılan işlərin rəsmi adı belədir: “Təzəpir məscidinin ətrafında aparılan abadlıq və yenidənqurma işləri”. Yəni bir zaman Bibiheybət məscidi ətrafında görülən işlər indi də Təzəpir məscidi ətrafında görülür. Ona görə də bu yersiz etirazın müəllifləri bilməlidirlər ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlərin, xüsusən ölkə əhalisinin inanc yerlərinin qiymətini istənilən kənar qüvvədən min qat artıq bilir.
Yəqin ki, unutmamısınız. Şamaxı Cümə məscidinin yüksək səviyyəli bərpadan sonrakı açılışında ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev demişdi: “Bu məscidin Azərbaycan tarixində xüsusi yeri vardır. Azərbaycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə tikilmişdir. Azərbaycanda, bütün Qafqazda İslam dininin yayılmasında Şamaxı Cümə məscidinin çox böyük rolu olmuşdur… Ancaq bu gün Şamaxı Cümə məscidi yenidən yaşayır, öz qapılarını dindarların üzünə açmışdır. Azərbaycan dövləti bu məscidin bərpası üçün bütün lazımi tədbirləri görmüşdür. Sovet dövründə, təbii ki, məscid fəaliyyət göstərmirdi. 2009-cu ildə mənim tərəfimdən Şamaxı Cümə məscidinin əsaslı təmiri ilə bağlı müvafiq sərəncam verilmişdir və 2010-cu ildən gərgin işlərə başlanmışdır. Mən şəxsən hər il burada gedən tikinti-quruculuq işləri ilə tanış olurdum, göstərişlərimi verirdim və əsas məqsəd ondan ibarət idi ki, məscidin tarixi hissəsi qorunsun, saxlanılsın. Bax, bu sütunlar, divarlar tarixi divarlardır. Beləliklə, bu gün məscidin həm daxili tərtibatı, həm xarici görünüşü zövq oxşayır. Bir daha demək istəyirəm, ən önəmli məsələ odur ki, qədim divarlar, daşlar qorunub, eyni zamanda, yeni tikililər də əlavə olunubdur”.
Bax, budur, Azərbaycan dövlətinin məscidə, ibadətgaha, möminə münasibəti. Düşmən işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində tikintisinə ilk başlanılan iki obyekti yada salın– məktəb və məscid. İndi hansısa yoldan keçənin Azərbaycan dövlətinə nəyisə irad tutmaq üçün sadə adamları qabağa verməsi sadəcə absurddur. Çünki xalqın böyük əksəriyyəti dinə, imana, elmə, təhsilə kimin hansı səviyyədə ehtiram göstərdiyini çox yaxşı bilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2017.- 15
aprel.- S.6.