Cəlilabad: Qoy, bol olsun
elin varı
Ölkəmizdə aparılan
düzgün iqtisadi siyasət nəticəsində qeyri-neft
sektorunun inkişaf etdirilməsinə, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılmasına nail olunub,
əhalinin rifah halı yüksəldilib. Həyata keçirilən
məqsədyönlü tədbirlər sayəsində
qeyri-neft sektorunun 2,4 faiz, kənd təsərrüfatının
isə 3,5 faiz artması daha uğurlu perspektivlərdən
soraq verir. Bir çox bölgələrdə olduğu kimi, Cəlilabad
rayonunda da aqrar bölmənin inkişafı və ənənəvi
sahələrin yenidən bərpa olunması üçün
davamlı iş aparılır.
...Ələt–Astara
magistral yolunun kənarı boyunca salınmış çiyələk
sahələrinin birində gərgin iş getdiyini
görüb maşını torpaq yola döndərdik və
ağ rəngli “Niva”nın yanında saxladıq. Bu “dəmir
at”ın sahibi, fermer Qasım Mirzəyev mütəxəssislərlə
birgə bitkini xəstəliklərdən, zərərvericilərdən
qorumaq üçün tədbirlər görürdü.
Qızlarsa təzəcə göyərən çiyələk
kollarını alaqdan təmizləyirdilər. Qasım
kişi bizimlə səmimi görüşərək işləri
barədə məlumat verdi. Öyrəndik ki, sahələrdə
məhsuldarlığı ilə seçilən “Tristar”
(“Üçulduz”) çiyələk sortunun əkininə
üstünlük verir. Özünün fermer təsərrüfatında
taxıl, kartof, soğan, sarımsaq kimi məhsulların da əkini
ilə məşğul olur. Kənd sakinlərinin günəmuzd
işlərə cəlb olunduğu çiyələk sahələrində
işlər ilboyu aparılır. Rayonda təsərrüfatın
təkcə bu sahəsində 2 mindən artıq insan işlə
təmin olunur. Bu isə kənd əhalisinin sosial rifah
halının yüksəlməsinə xidmət edir.
Biz
Qasım kişinin zəhmətdən qabarmış əlini
sıxıb ayrılanda ürəklə: “Çiyələk
qızaranda gəlin, şirin payınızı verim”,-dedi.
Cəlilabad
Kənd Təsərrüfatı İdarəsinin yeni inzibati
binası müasir tələblərə tam cavab verən səviyyədə
inşa olunub. Burada mütəxəssislər
üçün ideal şərait yaradılıb. Burada
Baytarlıq idarəsi, Dövlət Toxum Müfəttişliyinin
Diaqnostik kabineti, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti
xidmətlərinin yerli qurumları, bitkiçilik və
heyvandarlıq sektorları yerləşir. Binada müayinələrin
aparılması üçün hər cür avadanlıqla təchiz
olunmuş laboratoriya da fəaliyyət göstərir. ABŞ,
Koreya və Türkiyə istehsalı olan cihazlarla
heyvanlardakı bruselyoz, qızdırma kimi xəstəlikləri
yerindəcə aşkarlamaq mümkündür. İdarənin
rəisi Rahib Kərimovun dedikləri:
– Prezident
İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı
ilə əlaqədar müntəzəm olaraq keçirdiyi
müşavirələr qarşıya qoyulmuş hədəflər
baxımından çox vacibdir. Bu yaxınlarda Yevlaxda
keçirilən müşavirə isə ölkənin gələcək
inkişafı üçün mühüm önəm
daşıyır. Dövlət başçısı birmənalı
şəkildə vurğuladı ki, Azərbaycanda qeyri-neft
ixracını artırmaq imkanları çox
böyükdür. Ölkəmiz yetərincə təbii
resurslara malikdir. Münbit torpağımız, əlverişli
iqlim şəraitimiz var. Bu da keyfiyyətli məhsulların
yetişdirilməsi və dünya bazarına
çıxarılması üçün böyük
imkanlar yaradır. Bütün bu məsələlər aprelin
4-də Cəlilabadda keçirilən ümumrayon
müşavirəsində geniş müzakirə olunub,
mövcud problemlər hərtərəfli təhlil edilib və
səmərəli təkliflər dinlənilib.
Biz öz
fəaliyyətimizdə bitkiçilik və heyvandarlıqda
intensiv metodların tətbiqinə xüsusi önəm
veririk. Bu mövsümdə havaların qeyri-sabit keçməsinə
baxmayaraq, rayon üzrə 4908 hektar sahədə yazlıq əkin
aparılıb ki, onun da 1900 hektarını kartof, 1848
hektarını noxud, 1060 hektarını vələmir, 35
hektarını mərci, 65 hektarını tərəvəz təşkil
edir. 62889 hektar taxıl zəmilərinə, 1500 hektar
üzüm bağlarına və 350 hektar çiyələk
sahələrinə də aqrotexniki qaydada qulluq edilib. Ölkə
başçısının tapşırığına əsasən,
cari ildə 500 hektar pambığın və 1500 hektar şəkər
çuğundurunun əkilməsi üçün
bütün zəruri tədbirlər görülərək
torpaqlar şumlanıb, toxum tədarük edilib və suvarma
kanalları çəkilib. Bundan başqa,
baramaçılığın inkişaf etdirilməsi məqsədilə
Təzəkənd ərazisində 1 hektar sahədə xaricdən
gətirilmiş 10 min tut tingi, habelə 1 hektar sahədə
moruq əkilib.
Hazırda
Azərbaycanın 24 rayonunda 33 aqropark yaradılır. Onlar məhsuldarlığın
artmasına, daxili tələbatın ödənilməsinə
və ixrac potensialının güclənməsinə
çox böyük təsir edəcək. Həmin
aqroparklardan biri də Cəlilabadda təşkil edilib.
Aqroparkın fəaliyyəti bu ilin əvvəlindən daha da
genişləndirilib, 219 hektar buğda, 563 hektar arpa, 530 hektar
şəkər çuğunduru, 160 hektar pambıq, 128 hektar
silosluq qarğıdalı və yonca əkilib. Həmçinin
ilkin mərhələdə 500-2500, sonrakı mərhələdə
isə 3000 baş cins qaramalın saxlanılacağı
müasir tipli tövlələrin tikintisinə
başlanıb. Aqroparkda gündəlik 15 min litr, yaxın gələcəkdə
90 min litr süd istehsal olunması, təqribən, 100 nəfərin
daimi işlə təmin olunması nəzərdə tutulur.
Cari ildə
rayon ərazisində fəaliyyətə başlayan müəssisələrdən
biri də “Qreen Field-KT” MMC-dir. Müəssisənin istifadəsində
olan 151 hektar torpaq sahəsinin 131 hektarı qarğıdalı
əkini üçün hazırlanıb.
Bildiyimiz
kimi, əkin sahələrinin genişləndirilməsi və
məhsuldarlığın artırılması suvarma suyu ilə
təminatdan bilavasitə asılıdır. Bu məqsədlə
birinci rübdə 132 kubmetr kanal lildən təmizlənib,
mövcud hidrotexniki qurğular və su nasosları əsaslı
təmir olunub, 6368 hektar əkin sahəsi suvarılıb.
Əkin suyuna olan tələbatı ödəmək məqsədilə
bu il Cəlilabad şəhərində, Üçtəpə
və Təzəkənd kəndlərində subartezian
quyuları qazılacaq.
“Aqrolizinq”
ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən
birinci rübdə kənd təsərrüfatı məhsulları
istehsalçılarına 70 faiz güzəştlə 721 min
ton azot, 247 ton kalium, 370 ton amafos və 231 ton digər
torpaqaltı gübrələrin satılması ərzaq təhlükəsizliyinin
təmin edilməsinə mühüm dəstəkdir.
Sahibkarlara hərtərəfli kömək göstərilməsi
nəticəsində mövcud iqtisadi potensialdan daha səmərəli
istifadə olunub, emal və infrastruktur müəssisələrinin
yaradılması üçün məqsədyönlü tədbirlər
həyata keçirilib. Qarazəncir kəndində gündəlik
istehsal gücü 450 kiloqram olan pendir sexi fəaliyyətə
başlayıb, Muğan kəndində gündə 5 ton bitki
yağı istehsal edən müəssisənin tikintisi
tamamlanıb, Uzuntəpə kəndində 50 hektar ərazidə
balıqçılıq təsərrüfatı
yaradılıb. Rayonda mərci, noxud və digər paxlalı
bitkilərin istehsalı müəssisəsinin tikintisi başa
çatmaq üzrədir. Göytəpə şəhərinin
ərazisində isə çiyələk emalı müəssisəsinin
yaradılması üçün Türkiyənin müvafiq
şirkətləri ilə razılaşma əldə olunub.
İlin əvvəlindən
rayonda fəaliyyət göstərən bank filialları və
kredit təşkilatları tərəfindən 1315 sahibkara 2
milyon 288 min 600 manat, o cümlədən Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən 2 nəfərə
30 min manat məbləğində kredit verilib. 2017-ci il
martın 30-da Sahibkarlığa Kömək Milli Fondunun
icraçı direktoru Şirzad Abdullayevin iştirakı ilə
sahibkarlarla görüş keçirilib,
sahibkarlığın inkişaf etdirilməsi
üçün güzəştli kredit şərtləri təklif
olunub və bir neçə biznes planı qəbul edilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin iclasında vurğulamışdır ki, “bölgələrdə
məşğulluğun artırılması daim diqqət mərkəzindədir.
Azərbaycanda demoqrafik vəziyyət çox
yaxşıdır, əhali artır və onlar
üçün gələcəkdə yeni iş yerləri
lazım olacaq. Ona görə məşğulluğun
artırılması həmişə gündəlikdə
duran məsələdir”. Bu məsələ Cəlilabad rayon
rəhbərliyinin də fəaliyyətində prioritet təşkil
edir. 2017-cı ilin birinci rübündə rayonda 539 yeni iş
yeri açılıb ki, onun da 269-u daimidir. Əhalinin
özünüməşğulluğu da günün
mühüm çağırışlarındandır. Bu, vətəndaşlar
üçün daha əlverişlidir. Çünki
onların özlərinin ailə büdcələri
formalaşır. Sadəcə, kömək edilməlidir ki, kənd
yerlərində onlara şərait yaradılsın, mal-qara və
ev quşları ilə təmin olunsunlar.
Cəlilabadda keçirilən rüblük hesabat yığıncağında icra hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, rayonda mövcud torpaqlardan səmərəli istifadə olunmasından və bu sahəyə nəzarətin gücləndirilməsindən ötrü örüş, biçənək və yararsız torpaqların əkin dövriyyəsinə daxil edilməsi, onların təyinatının və kateqoriyasının dəyişdirilməsi üçün tədbirlər görülür. İlkin hesablamalara görə, 408 hektar torpaq sahəsində əlavə əkin aparılması və meşə fonduna daxil olan 5455 hektar boş sahədə yaşıllıq salınması nəzərdə tutulur.
Aqrar bölmənin mühüm sahəsi olan
heyvandarlığın inkişaf etdirilməsi və epizootik xəstəliklərin
qarşısının alınması üçün həyata
keçirilən tədbirlər məhsul istehsalının
artırılmasına müsbət təsir göstərib.
Bunun nəticəsidir ki, ilin ilk üç ayında
qaramalın sayı 99373 başa, davarların sayı 122953
başa, quşların sayı 624572 başa
çatdırılıb. 3,2 min ton ət, 10,5 min ton süd və 2,2 milyon ədəd
yumurta istehsal edilib. Mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması məqsədilə 711
baş inək süni mayalandırılıb. “Cəlilabad-broyler”
ASC-də 272,2 ton yüksək keyfiyyətli məhsul istehsal
olunması əhalinin quş ətinə təlabatının
ödənilməsində mühüm rol oynayıb.
Cəlilabad
əhalisinin kənd təsərrüfatında
çalışan böyük qismi bu sahədə
qazanılan uğurları daha da artırmaq əzmindədir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2017.- 27 aprel.- S.9.