“Məktəblilərin ədəbiyyata,

teatra marağı məni sevindirdi

 

Xətai rayon məktəblilərinin yazıçı-dramaturq Hüseynbala Mirələmovla görüşü

 

Görkəmli yazıçı-dramaturq, publisist, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 94-cü ildönümü ərəfəsində Xətai rayonundakı 263 saylı orta ümumtəhsil məktəbinə görüşə dəvət olunmağının əsas səbəblərindən biri ədibin bu iki parlaq simanın həyat və fəaliyyəti ilə bağlı apardığı araşdırmalarla və çap etdirdiyi kitablarla bağlı idi.

Görüşdə ədibin  müəllim və şagird kollektivinə təqdimatı özünün orjinallığı ilə seçilirdi. Aparıcının səhnədən salona ünvanladığı “Hüseynbala Mirələmov kimdir?”, “Yazıçının hansı siyasi publisistik, nəsr və dram əsərlərini tanıyırsız?” və bu kimi digər suallara zaldan cavablar gəlirdi: “XX əsrin adamı və XXI əsrin yazıçısı”, “Yazıçı-dramaturq”, “Heydərnamə”nin müəllifi, “Qarabağ dərdimizin baş yazarı”, “Xəcalət”, “Vicdanın hökmü”, “Gəlinlik paltarı”, “Cəza” və s.

Belə maraqlı təqdimat başa çatandan sonra Azərbaycan nəsrində öz üslubu və dəsti xətti olan, müasir ədəbiyyatda öz cığırını açmış söz ustadı Hüseynbala Mirələmov siyasi publisistikasından maraqlı məqamlar açıqlandı. Qeyd edildi ki,  yazıçı – dramaturq Hüseynbala Mirələmovun son 15 ildə  yaratdığı müasir siyasi publisistika janrının ən gözəl nümunələrindən sayılan, Moskvada "Moladaya Qvardiya" nəşriyyatının çap etdiyi “Görkəmli adamların həyatı” seriyasından olan  “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə Əliyeva” əsərləri bütün  dünya oxucularının böyük maraqla qarşıladığı əsərlər sırasındadır. Təkcə “Heydər Əliyev” əsəri bu günə qədər dünyanın 42 dilinə tərcümə olunaraq nəşr edilmişdir. Çoxsaylı ədəbi mükafatlara layiq görülmüş əsər haqqında danışanda haqlı olaraq qeyd edirlər ki, “.. yüz il sonra da heç bir başqa əsəri oxumadan, təkcə H.Mirələmovun qələmə aldığı “Heydər Əliyev” kitabını oxumaqla, müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahinin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənpərvərliyi, qətiyyəti, müdrikliyi və xalqının xilaskarlıq missiyası haqqında müfəssəl və zəngin məlumat almaq olar...”

Yazıçı-publisistin Əliyevlər nəslinin Azərbaycan xalqı və torpağı qarşısında xidmətlərini  nəsillərə tanıtması, ədəbiyyatçılardan birinin qeyd etdiyi kimi, “Heydərnamə”ni tamamlaması üçün, şübhəsiz, “İlham Əliyev” əsəri  yazılmalı idiHüseynbala Mirələmov yüksək məsuliyyət tələb edən bu əsərin öhdəsindən də uğurla gəldi. Nəhayət, ötən il Əliyevlər ocağının başında sərvaxt dayanan, böyük dahinin irsini ən qiymətli sərvət kimi qoruyub inkişaf etdirən Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında  Missiyakimi möhtəşəm bir kitabı oxucularının ixtiyarına verdi.

Hüseynbala Mirələmov yaradıcılığı haqqında danışarkən ədibin təlqin etdiyi, insanlara, bəşəri düşüncəyə aşılamaq istədiyi əzəli və əbədi missiyanın kökündə böyük məhəbbət, vətənpərvərlik və milli təəssübkeşlik dayanır.

Ədəbi yaradıcılığı haqqında geniş məlumat verildikdən sonra, məktəbin dram dərnəyinin üzvləri olan şagirdlər  yazıçı-dramaturqun son illər ölkənin teatr səhnələrində böyük uğur qazanan  “Xəcalət” və “Vicdanın hökmüdram əsərlərindən hazırladıqları maraqlı səhnələr nümayiş etdirdilər.

Görüşün sonunda səhnəyə çıxan Hüseynbala Mirələmov onun yaradıcılığına məktəb şagirdlərinin böyük marağını yüksək qiymətləndirərək dedi: Şagirdlərin ədəbiyyata, teatra bu marağı məni sevindirdi.  Mənim bir yazıçı və ictimai-siyasi xadim kimi xoşbəxtliyim ondadır ki, ümummilli lider Heydər Əliyev kimi böyük siyasi xadimin müasiri, onun müstəqil Azərbaycan dövlətinin qurulmasındakı müstəsna xidmətlərinin şahidi olmuş və onları qələmə almışam. Sizin xoşbəxtliyiniz ondadır ki, azad və müstəqil dövlətdə dünyaya göz açmısınız, belə gözəl bir ölkədə böyüyüb təhsil alırsınız və  müasir dünyanın parlaq siyasi liderlərindən biri olan Prezident İlham Əliyevin qarantındasınız. Bu nemətlərin dəyərini bilin və onları qoruyun.

 Tədbirin sonunda ­Hüseynbala Mirələmov məktəbə qloballaşan dünyanın bilik açarlarından biri olan müasir kompüter bağışladı və  məktəbin teatr dərnəyinin üzvlərini Azərbaycan Milli Dövlət Dram Teatrının səhnəsində oynanılan “Vəsiyyət” adlı yeni tamaşasına baxmağa dəvət etdi.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2017.- 29 aprel.- S.11.