Mir Cəlal PaşayevinM.Ə.Sabirin

sənət dünyası” kitabı elm ictimaiyyəti

üçün mühüm hadisədir

 

Bakı Dövlət Universitetində (BDU) Mir Cəlal PaşayevinM.Ə.Sabirin sənət dünyası” kitabının təqdimatı keçirilib. Kitabı BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Bayramoğlu tərtib edərək nəşrə hazırlayıb.

 

BDU-dan AZƏRTAC-a bildirilib ki, filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov təqdimatın Mir Cəlalın doğum gününə təsadüf etdiyini söyləyib, onun görkəmli alim kimi fəaliyyətindən, ədəbi irsimizin araşdırılması istiqamətindəki tarixi xidmətlərindən danışıb. O, “M.Ə.Sabirin sənət dünyası” kitabının tərtib olunmasını elm ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib.

Professor Abdulla Abbasov Mir Cəlalın alim və müəllim kimi fəaliyyətindən, onun ədəbi irsimizə, o cümlədən M.Ə.Sabir yaradıcılığına münasibətindən bəhs edib. Bildirilib ki, Mir Cəlalın M.Ə.Sabir haqqında araşdırmalarını kitab halında toplayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elminə böyük töhfədir.

Sonra professorlar Tofiq Hüseynoğlu, Cəlil Nağıyev, Ramiz Əskər Mir Cəlalın Azərbaycan elmi, ədəbiyyatı, təhsili sahəsindəki xidmətlərindən, onun ziyalı kimi şəxsi keyfiyyətlərindən söz açıb, kitabın elmi əhəmiyyəti barədə fikirlərini bölüşərək maraqlı məqamlara toxunublar.

Sonda professor A. Bayramoğlu kitabdakı araşdırmaların aktuallığından danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 

Xalq qəzeti.- 2017.- 29 aprel.- S.12.