Kino sənətimizin inkişafında
yeni addımlar atılır
Ümummilli lider
Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı
ilə 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Məlumat üçün bildirək ki, əvvəllər Azərbaycanın
kino tarixinin 1916-cı ildən “Neft və milyonlar səltənətində”
filmi ilə başlandığı güman edilirdi. Ancaq
1996-cı ildə Əməkdar incəsənət xadimi,
kinoşünas Aydın Kazımzadənin ciddi
araşdırmaları nəticəsində Azərbaycan kino
tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həmin
il avqustun 2-də Anton Mişonun çəkdiyi ilk film –
“Balaxanıda neft fontanı” Bakıda nümayiş
etdirilmişdi.
Ötən dövr ərzində milli kinomuz şərəfli inkişaf yolu keçmişdir. Müstəqillik illərinin əvvəllərində milli kinomuz ciddi çətinliklərlə qarşılaşmışdır. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrdə olduğu kimi kino sahəsində də canlanma yarandı.
Son illər Azərbaycan kinosunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlətimiz mühüm tədbirlər həyata keçirir. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı. Bu Dövlət Proqramı kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni stimul verdi.
Milli kino sənətimizin istehsal mərkəzi olan “Azərbaycanfilm” kinostudiyasının da fəaliyyəti tədricən bərpa olunmağa başladı.
Bəs bu gün “Azərbaycanfilm” kinostudiyası hansı qayğılarla yaşayır?
Kinostudiyanın direktoru Müşfiq Hətəmov bu barədə söhbət açaraq bildirdi ki, son illər çəkilmiş yeni filmlərimiz altmışdan artıq ölkədə nümayiş olunmuş, 180-dən çox festivalda iştirak etmişdir. Ancaq bu, bizim nail olmaq istədiyimiz hədəf deyil. Arzuladığımız məqama çatmaq üçün hələ çox çalışmalıyıq. Uzun illər kinodakı problemləri kompleks şəkildə yox, ayrı-ayrı detallar şəklində həll etməyə səy göstərilib.. Bu gün Mədəniyyət və Turizm Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Azərbaycanfilm” kinostudiyasında hansısa epizodik texniki problemləri yox, köklü kino sənayesi məsələsini həll etmək lazımdır. Bu proses təkcə bizdə yox, keçmiş Sovetlər Birliyindəki bütün ölkələrdə davam edir. Bu məsələnin həll olunması istiqamətində çox ciddi addımlar atılır.
Kadr problemi bu məsələlər arasında vacib olanıdır. Bununla bağlı Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərə müraciət etmişik. Ümumrusiya Kinematoqrafiya Universiteti ilə danışıqlar aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bir neçə kino ixtisası üzrə gənclərin oxumağa göndərilməsi nəzərdə tutulub. İxtisaslar kino və televiziya rejissoru, kinooperator, animasiya və kompüter qrafikası rejissorluğunu əhatə edir.
Yaradıcı atmosferin gücləndirilməsi üçün 30-a yaxın gənci “Azərbaycanfilm”ə cəlb etmişik. Onların uğurlu layihələri ilə yanaşı, zəif işləri də oldu. İndi ikinci mərhələdə gəncləri kinostudiyaya dəvət etmək istəyirik. Bunun üçün artıq ilk addımlar atılıb. Kinostudiyada bizim hörmətli rejissorumuz Elçin Musaoğlunun təşəbbüsü ilə “Gənc simenaçılar” klubu yaradılıb. Gənclərin cəlb olunması, onların sınaqdan keçirilməsi bizim qarşımızda duran vacib məsələlərdən biridir.
Direktor əlavə etdi ki, 2017-ci il bizim üçün maliyyə baxımından ağır ildir. Ümumilikdə, altı studiyaya 1 milyon manat pul ayrılıb. Başa düşürük ki, bu müvəqqəti haldır. Əsas odur, ölkəmizdə olan azsaylı peşəkar mütəxəssislərin bu sahədən uzaqlaşmasının qarşısını alaq. Biz yetişdirdiyimiz, hazırladığımız kadrların müvəqqəti maliyyə sıxıntısına görə bu sahədən uzaqlaşmasına imkan verə bilmərik. Nəyin bahasına olursa-olsun, onları qorumalıyıq. Çünki onları Azərbaycan dövləti yetişdirib, bu kadrlar ölkəmizin kino təhsilinin yetirmələridir.
Kinostudiyada bədii şura fəaliyyət
göstərir. Razıyam, yaradıcı müstəvidə
tam obyektiv olmaq çətindir və sənin həqiqi sənət
bildiyini başqaları inkar edə bilər. Bu cür faktlar,
mübahisələr kino, teatr, ədəbiyyat sahəsində
kifayət qədər olub. İşini bilən, istedadı olan bircə rejissor
göstərin ki, ona film verilməyib. Vacib olan həqiqi
yaradıcılıqdır. Rejissor var ki, biz ona dəfələrlə
müraciət etsək də, istədiyi səviyyədə ssenari
olmadığına görə həmişə vaxt istəyir.
Amma axtarıb-araşdırır. Çünki işinin məsuliyyətini
başa düşür.
Siz də
bilirsiniz ki, kino böyük məbləğdə vəsait tələb
edir. Vəsaitin azalması böyük problemlər yaradır.
Biz bir məsələni başa düşməliyik ki, indi “Azərbaycanfilm”in
əsas məqsədi peşəkar kino məktəbini qoruyub
saxlamaqdır.
Kinoya yeni
nəsil gəlir. Özəl studiyaların inkişafı
prosesi başlayıb. Problem ondadır ki, Azərbaycanda
kinoprokat sistemi çətin vəziyyətdədir. Kiçik
bir ərazidə distribütor sistemi yaradılıb, bir
studiyanın kinoteatrı o birinin filmini göstərmir.
Türkiyədə,
Rusiyada, İngiltərədə, Almaniyada müxtəlif kino
ixtisasları üzrə təhsil almış gənclərimiz
“Azərbaycanfilm”də çalışırlar. Bu, bizi
çox sevindirir və onlarla əməkdaşlıq edirik.
İstedadlı gənc rejissorların istehsal prosesini bilməmələri
bizə əlavə problem yaradır. Bəzən onların
qeyri-peşəkar hərəkətləri istehsal prosesinə
ziyan vurur.
Azərbaycan
kinosunun ən ciddi problemi ssenari problemidir. Bu, yaradıcı
işdir və çox vaxt oxuyub-öyrənməklə
başa gəlmir. İnsan kinonun bütün
meyarlarını, tarixini çox gözəl mənimsəyə
bilər, amma praktik yaradıcılığa gələndə,
görərsən ki, heç nə alınmır.
İndi
bizdə “facebook sənətkarları” meydana gəlib, elə
bilirlər, Tarkovskidən, Fellinindən danışmaqla adam
yaxşı rejissor, istedadlı ssenarist olur. Smartfon telefonla,
yaxud fotoaparatla film çəkən gənclər var ki,
dünyanı gəzirlər. Bizdə plagiatla məşğul
olan kinoşünaslar meydana gəlib. Onlar hər şeyi qara rəngdə
görməyə öyrəşiblər. Amma
şükürlər olsun, işıqlı,
yaxşını pisdən ayırmağı bacaran
kinoşünaslarımız, az da olsa, var.
Müşfiq
müəllim kinostudiyanın təmiri məsələsinə
də toxundu. Bildirdi ki, bu məsələ gündəmdədir.
Heç şübhəsiz kinostudiya tezliklə təmir
olunacaq. Öz vəsaitimiz hesabına kinostudiyanın iki mərtəbəsində
əsaslı olmasa da, müəyyən təmir işləri
aparmışıq. Zallarımızı bərpa etmişik,
yeni montaj studiyaları yaratmışıq. Çəkiliş
pavilyonlarımızı qismən də olsa bərpa
etmişik. Əgər kinostudiyada əsaslı təmir və
yenidənqurma işləri aparılarsa, texniki bazası
yaradılarsa, dövlət vəsaitinə də qənaət
edilər. Belə olsa, kinostudiya öz pavilyonu, texnikası,
rekviziti ilə özü-özünə dəstək olar,
eyni zamanda, dövlət vəsaitinə də qənaət
edilər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 3 avqust.- S.5.