Qədim Şərq mədəniyyəti
inciləri:
Qarabağlar Türbə Kompleksi
Görkəmli pedaqoq və elm xadimi Əziz Şərif nahaq
yerə Naxçıvanı “ərazicə kiçik,
mənəviyyatca böyük diyar”
adlandırmayıb. Naxçıvan dünya elm, siyasət, hərb,
ədəbiyyat və incəsənətinə bəxş etdiyi töhfələri, yetişdirdiyi
görkəmli şəxsiyyətləri və memarlıq abidələri
ilə zəngindir. İlk görənlər
tarixi abidələrlə zəngin bu diyarı açıq səma altında muzey də adlandırırlar. Sərhədləri
aşaraq şöhrəti dünyanın
dörd bir yanına
yayılıb. Sovetlər dönəmində gözdən uzaq, könüldən iraq
düşmüş
Naxçıvanın qapıları indi bütün dünyaya
açıqdır.
Son iki onillikdə keçdiyi sürətli inkişaf yolu bu bölgəni dünyanın özünəməxsus ən müasir şəhərləri sırasına çıxarmışdır. İndi Naxçıvan mötəbər tədbirlərin, beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, bu qədim diyar 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilib. Artıq 15 ildir ki, “İslam mədəniyyətinin paytaxtı” anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. Keçirilmiş konfransda təsdiq olunmuş “İslam mədəniyyətinin paytaxtları” proqramına əsasən, hər hansı şəhərin “İslam mədəniyyətinin paytaxtı” elan olunması üçün həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən mədəniyyət qurumlarına malik olmalıdır. Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvan qeyd olunan bütün tələblərə cavab verir. Bu baxımdan 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qəbul edilən qərar da əsaslı sayılır.
Şəhərsalma mədəniyyəti yaşının 5 min il olması faktlarla sübut edilmiş bu qədim oğuz yurdu bəşər mədəniyyətini zənginləşdirən qədim və orta əsr memarlıq abidələri ilə zəngindir. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq, “Naxçıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud
Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar bəxş edib. XII əsrdə Naxçıvan memarlığının ən yüksək zirvəsini fəth edən memar Əcəmi yaradıcılığı təkcə Azərbaycan memarlığına yox, həm də Şərq memarlığına güclü təsir edib.
Hər biri özündə zəngin memarlıq ənənələrini və tarixin izlərini yaşadan abidələr müxtəlif dövrlərdə Naxçıvan ərazisinə gəlmiş Övliya Çələbi, Tavariye, Şarden, Dübua de Monpere, Moryer, Robert Ker Perter kimi Şərq və Avropa tarixçilərini, coğrafiyaşünas və səyyahlarını heyrətləndirmişdir. Məşhur sənətşünas M.V.Alpatov yazırdı ki, Firdovsi və Nizami kimi Şərqin ölməz klassiklərinin əsərlərində duyduğumuz bəşəri təravəti biz Naxçıvan abidələrində görürük. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını “İkinci Altay” adlandırmışdır.
Romadakı "La Sapienza" Universitetinin professoru Biancamaria Scarcia Amorettinin fikrincə, Naxçıvan mühüm memarlıq xəzinələri və bugünə qədər qorunub saxlanılan möhtəşəm abidələri, İslam incəsənəti və sivilizasiyası ilə maraqlanan alimlər və ziyarətçilər üçün mühüm regiondur.
Bu gün Naxçıvan MR-də tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli sərəncamından sonra tarix və mədəniyyət abidələri tədqiq edilərək pasportlaşdırılmışdır. Abidələrin bərpası da həyata keçirilən təqdirəlayiq işlər sırasındadır. Son illər Naxçıvanqala, Xanlıqlar kəndindəki Parçı imamzadəsi, Gülüstan türbəsi, Əlincəqala və digər onlarca abidə bərpa olunaraq ziyarətçilərin istifadəsinə verilmişdir. Zəngin tarixi-mədəni irsin daşıyıcısı olan 1200-dən artıq tarixi abidənin 57-si dünya əhəmiyyətli abidələr sırasındadır. Dünya memarlığının inciləri siyahısına daxil edilmiş abidələr sırasında Qarabağlar Türbə Kompleksinin xüsusi yeri vardır. Abidə orta əsr Azərbaycan memarlığının nadir sənət əsərlərindəndir.
Keçən il muxtar respublikada səfərdə olmuş fransalı rejissor Jan Claude Forestier öz təəssüratlarını calameo.com portalında belə ifadə edir: “Ərazi kiçik olsa da, memarlıq baxımından zənginliyi ilə seçilir. Ərazidəki əksəri müsəlman və türk üslubunda tikilmiş bu abidələrin incəliyi və geometrik detalları insanı heyran edir. Abidələr çox mükəmməl şəkildə yenidən bərpa olunub”.
Qarabağlar türbəsini ziyarət edən rejissor bu kompleksin Azərbaycanın abidələri arasında ən möhtəşəmlərdən biri olduğunu qeyd edir: “Abidə tarixi İpək Yolunun üzərində yerləşən ən nüfuzlu dayanacaq nöqtəsi və ən azı 40 minarəyə sahib dini kompleksin tək sahibidir”,– deyə bildirir.
Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatmışdır. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında”
2016-cı il 4 iyul tarixli sərəncamına uyğun olaraq, dünya əhəmiyyətli kompleksdə bərpa işləri aparılır. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılıb.
Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar olunması onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlıdır. Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Bəzi mənbələrin məlumatlarına görə, şəhərin əsası XII əsrdə Şirvanşah Mənüçöhr tərəfindən qoyulmuşdur. Şəhərin Elxanilər dövründə (1256-1353) salınıb inkişaf etməsi ilə də bağlı məlumatlar vardır. Qarabağlar türbəsinin də tikilməsi həmin dövrə təsadüf edir.
Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baştağın isə XIV əsrdə tikildiyini qeyd etmişlər. Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə on iki bucaqlı olub divarları daşdan, günbəzi isə kərpicdən inşa edilmişdir. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarımsilindrlərin üzərində içərisində ərəb əlifbası ilə“La ilahə illəllah Muhəmmədun rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur) kəlmeyi təyyibəsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə söhbətimiz zamanı bildirdi ki, bu tip ornamentdən 1322-ci ildə inşa olunan Bərdə türbəsində də istifadə edilib. Elə buna görə də bəzi tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə türbəsinin memarının eyni şəxs olduğunu bildirmişlər. Vəli Baxşəliyev bununla belə Qarabağlar türbəsinin konstruksiyasının fərqləndiyini də qeyd etdi: Türbənin özünəməxsus memarlıq xüsusiyyətlərindən biri 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərinə, dünyanın dörd tərəfinə yönəlmiş və türbənin görünüşünün mükəmməlliyini təmin etmişdir. Ehtimal ki, türbənin dörd baştağlı quruluşu əski inanclarla bağlı olmuşdur. Baştağların səthi kaşılar vasitəsilə həndəsi və nəbati üslubda naxışlanmışdır. Türbənin gövdəsini təşkil edən yarımsilindrlərin yuxarı hissəsində kaşılarla işlənmiş kitabələrin qalıqları saxlanmışdır. Ehtimal ki, bu kitabələr “Qurani-Kərim”dən götürülmüş kəlmələrdir. Memarlıq abidələrində və qəbirüstü monumental tikintilərdə bu tip kitabələrə rast gəlinir.
Naxçıvan İslam dünyasının orta əsr mədəniyyət nümunələri ilə zəngin yaşayış məskənlərindəndir. Bunu bölgənin Qarabağlar Türbə Kompleksi kimi qədim tarixi və mədəniyyət abidələri bir daha sübut edir. İslam mədəniyyəti nümunələri ilə zəngin olan bu qədim şəhər bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanın inciləri sayılan bu abidələrin bərpası, qorunması isə, öz növbəsində, bəşər mədəniyyətinə verilən töhfədir.
Ruhiyyə Rəsulova,
Naxçıvan
Televiziyasının
baş redaktoru
Xalq qəzeti.- 2017.- 16
avqust.- S.7.