Naxçıvan Dövlət Universitetinin 50 illik
yubileyinə daha bir
kitab həsr edildi
Son 20 ildə özünün ən yaxşı günlərini
yaşayan Naxçıvan
Dövlət Universiteti
Amerika Birləşmiş
Ştatları, İngiltərə,
Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Türkiyə, Misir Ərəb Respublikası, Pakistan, İran,
Özbəkistan və
digər ölkələrin
ali məktəbləri
ilə geniş əlaqələrə malikdir.
Bu universitet möhkəm
milli əsaslara malik olan, dövlətçilik
təmayüllü və
dünyaya inteqrasiya etmiş müasir tipli ali
məktəbdir. Dünya
birliyində və ölkənin ali
təhsil sistemində
özünəməxsus yeri
olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində
tarixi yolunu davam etdirməkdədir.
Ona görə
də universitetin
professor-müəllim heyəti
50 illik yubileyə öz töhfəsini verməyə çalışır. Universitetin
incəsənət fakültəsinin
dekanı, muxtar respublikanın bəstəkarlar
təşkilatının məsul
katibi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Günay Məmmədovanın Elmi Şuranın 31 may 2017-ci il
tarixli əmrinə əsasən tərtib edib ərsəyə gətirdiyi “Tofiq Bakıxanov: Naxçıvan
sevincləri” adlı monoqrafiya da bu ali məktəbin
50 illik yubileyinə həsr edilmiş dəyərli çap məhsullarındandır.
Azərbaycan Respublikasının Xalq
artisti, muxtar respublikanın Əməkdar
incəsənət xadimi,
professor, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun Naxçıvan görüşləri,
onun Naxçıvanda
keçirilən yubileyləri
haqqında olan məqalələr, bəstəkarın
özünün naxçıvanlı
bəstəkarlar Nəriman
Məmmədov və Məmməd Nəsirbəyov
haqqında yazdığı
məqalələr, Naxçıvana
həsr etdiyi mahnıların notları,
eyni zamanda, muxtar respublikada bəstəkarın iştirakı
ilə keçirilən
tədbirlərdə çəkilmiş
fotolar və digər tarixi sənədlərin toplandığı
kitab “Əcəmi” Nəşriyyat – Poliqrafiya
Mərkəzində çap
edilib.
Kitab akademik,
Milli Məclisin mədəniyyət komitəsinin
sədri Rafael Hüseynovun
qələmə aldığı
“Yaxşı şagird
olmağın bəhrələri”
adlı redaktor sözü ilə başlanır. Akademik yazır: “Hər kitab bir tarixdir.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Günay Məmmədovanın tərtib
etdiyi bu kitab da qalacaq,
indinin və sabahın insanlarına söyləyəcək ki,
görkəmli Azərbaycan
bəstəkarı Tofiq
Bakıxanov Naxçıvanı,
naxçıvanlıları necə sevirmiş, Naxçıvan ona necə məhəbbət
bəsləyirmiş”.
Monoqrafiyada muxtar respublika
Ali Məclisinin sədri
Vasif Talıbovun
2011-ci ilin yanvarında
– bəstəkarın 80 illiyi
münasibətilə Tofiq
Bakıxanova göndərdiyi
təbrik məktubu, Tofiq Bakıxanovun Naxçıvan Muxtar Respublikasının Əməkdar
incəsənət xadimi
adına layiq görülməsinə minnətdarlıq
hissi olaraq Ali Məclis sədrinə yazdığı 8 dekabr
2015-ci il tarixli təşəkkür məktubu,
Əməkdar jurnalist
İttifaq Mirzəbəylinin
Tofiq Bakıxanov yaradıcılığında Naxçıvan mövzusunu
əhatə edən dörd məqaləsi, Tofiq Bakıxanovun Əməkdar incəsənət
xadimi Nazim Quliyevlə birlikdə Naxçıvanın ilk professional bəstəkarı Məmməd
Nəsirbəyovun 120 illiyi
münasibətilə qələmə
aldığı dəyərli
tədqiqat əsəri,
naxçıvanlı jurnalistlər
Sara Əzimova, Hafizə Əliyeva,
Fatma Babayeva, eləcə də, Lalə Hüseynova və Sevda Əliqızının
hazırladıqları materiallar
kitabı oxunaqlı etmişdir.
Naxçıvan Dövlət Universitetinin 50 illik yubiley sevinclərinə biz də qoşuluruq və sənətşünaslq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın yeni tədqiqat işini təbrik edirik. Görkəmli bəstəkar Tofiq Bakıxanova isə cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
İsaq ƏMƏNULLAYEV
Xalq qəzeti.- 2017.- 26
avqust.- S.7.