Salyanda pambıqçılığa

qayğı da, maraq da artıb

 

Bir neçə gündən sonra Salyan rayonunda pambıq yığımı başlanacaq. Hər kənddə, obada pambıq tarlalarındakı kollarda qozalar açdıqca, dünənə kimi yamyaşıl sahələr göz qabağında  dona bürünür. İndi kənd adamları üçün ən məsuliyyətli dövr – məhsul yığımı kampaniyası başlayır. Fermerlər başa düşürlər ki, gərgin əmək hesabına yetişdirdikləri bol məhsulu mümkün qədər tezitkisiz toplamaq lazımdır. Həm havalara etibar yoxdur, həm də vaxt uzandıqca, xərclər də arta bilər. 

 

Fermerlərə indi “məhsulu tez yığın!” deyib yuxarıdan göstəriş verməyə ehtiyac yoxdur. Necə deyərlər, məhsul özlərinindir, bilirlər ki, nə qədər çox pambıq toplayıb emal müəssisələrinə təhvil versələr, gəlirləri də bir o qədər çox olacaq. Bazar iqtisadiyyatı kənd adamlarına qənaətcil olmağı öyrədib. Adamlar  ailələrinin gəlirlərini-çıxarlarını hesablamağı bacarırlar. Görünən budur ki, həqiqətən, rayonda pambıqçılığa meyl çox artıb. Muğanın hər bir bölgəsində, eləcə də Salyanda əksər fermerlər pambıqçılığın gəlirli sahə olduğunun fərqindədirlər.

Hesab edirəm ki, Salyanda əhalinin pambıqçılığın inkişafına yenidən böyük marağının yarandığını məxsusi sübut etməyə ehtiyac yoxdur. İndi rayonda çox adamın bir qayda olaraq, sözünün ya əvvəlində, ya da axırında pambıqçılıqdan, bu sahədəki uğurlardan, üzə ­çıxan çətinliklərdən, onların dəf olunması üçün gərəkli olan işlərdən danışdığının şahidi olursan. Səbəbi bəllidir. Pambıqçılıq təkcə fermerlərə qazanc gətirmir, buya başqa dərəcədə, bu sahə ilə əlaqəsi olan xidmət və emal təşkilatları da yeni sifarişlər alırlar ki,  bu, bütövlükdə, rayonun iqtisadiyaytının inkişafına müsbət təsir göstərir.

Salyana budəfəki gəlişim zamanı ən müxtəlif insanlardan bu sahənin rayon iqtisadiyyatına yaxşı gəlir gətirəcəyi, yeni yerlərinin yaranmasına səbəb olacağı, əhalinin güzəranının daha da yaxşılaşdıracağı barədə çox sayda fikir və rəylər eşitdim.  Belə söhbətləri dinlədikcə, adam istər-istəməz respublikamızda pambıqçılığın sürətli inkişafı istiqamətində 1970-ci illlərdə görülən genişmiqyaslı işləri xatırlamalı olur. Bəli, Salyanda çoxları sadə əmək adamlarının xarüqələr yaratdığı o illəri, o dövrün əmək qəhrəmanlarını dərin məmnunluq hissi ilə xatırlayırlar. Demək olar ki, hamı ulu öndər Heydər Əliyevin o illərdə Azərbaycanın inkişafı üçün gördüyü misli-bərabəri olmayan böyük işləri qədirbilənliklə yada salır.

Salyanlı ziyalı dostum, “Qələbə” qəzetinin redaktoru Rüstəm Məlikov bildirdi ki, ulu öndərin Salyanın əmək bahadırlarına xüsusi rəğbəti olub. Belə ki, dahi siyasətçi hələ 1969-cu ildə ilk dəfə Salyana gələrkən rayonun Nizami adına kolxozunun sədri, Sosialist Əməyi Qəhrəmanı, el ağsaqqalı Qüdrət Səmədovla, “Yeni Muğankolxozunun pambıqçılıq briqadiri, Sosialist Əmək Qəhrəmanı Sabir Əhmədovla, Qaraçala qəsəbəsindəki 1 nömrəli sovxozun briqadiri, Sosialist Əməyi Qəhrəmanı İbrahim Qurbanovla mehribancasına görüşmüş, onlara xüsusi hörmət və səmimiyyət göstərmişdir.

Salyana sonrakı səfərləri zamanı ulu öndər burada pambıqçılığın inkişafı ilə bağlı görülən işlərlə yaxından maraqlanmış, bu sahədə çalışan əmək adamlarının qayğı və problemlərinin həlli üçün konkret göstərişlər vermiş, bu tapşırıqların vaxtında icra olunmasına nəzarət etmişdir. Nəticədə, rayonda kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən pambıqçılığın inkişafında böyük uğurlar əldə olunmuşdur. ­Bütün bunların nəticəsidir ki, 1981-ci ildə Salyan rayonunda rekord miqdarda – 50 min tondan çox pambıq məhsulu istehsal edilərək dövlətə təhvil verilmişdir.

Son illər Azərbaycan dövlətinin, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pambıqçılığın yenidən sürətli inkişafı üçün həyata keçirilən ardıcıl, düşünülmüş tədbirlər Azərbaycanın hər yerində olduğu kimi, Salyanda da böyük ruh yüksəkliyi yaradıb. Ötən il sentyabrın 3-də Salyana növbəti səfəri zamanı dövlətimizin başçısının Kürsəngi kəndindəki pambıq tarlalarında məhsulun becərilməsi ilə şəxsən tanış olmasını, rayon pambıqçılarına dəyərli tövsiyələr verməsini burada hamı dərin məmnunluq hissi ilə xatırlayır.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dedi ki, Prezident İlham Əliyevin həmin səfəri rayonun həyatında dərin iz buraxmış tarixi bir hadisədir. Cənab Prezidentin Salyanda pambıqçılığın inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirməsi rayon rəhbərliyini, rayonun bütün əmək kollektivlərini daha böyük məsuliyyətlə işləməyə sövq edib.

Bu məqamda Salyanda pambıqçılıq ənənələrinin dirçəldilməsi ilə əlaqədar konkret rəqəmləri yada salmağı özümə borc bilirəm. Məsələn, 2016-cı ildə rayonda 2167,7 hektar sahədə pambıq əkilmiş, 2680,4 ton məhsul götürülmüşdür. 2017-ci ildə isə Salyanda 7052 hektar sahədə pambıq əkilmişdir. Bu o deməkdir ki, rayonda pambıq əkini sahələrinin sahəsi təqribən üç dəfə yarım artmışdır. Yaxın gələcəkdə rayonda pambıq əkini sahələrinin daha da genişlənəcəyi gözlənilir. Bu istiqamətdə artıq indidən lazımi işlər görülür.

Mütəxəssislər deyirlər ki, pambıq əkini sahələrini genişləndirməklə bitmir. Əsas məqsəd həm də pambıqçılıqda  məhsuldarlığı yüksəltməkdir. Təbii ki, bol məhsul əldə etmək üçün aqrotexniki qaydalara ciddi əməl etmək lazımdır. Salyan Rayon Kənd Təsərrüfatı İdarəsində bildirdilər ki, rayonda builki pambıq əkinindən əvvəl 2016-cı ilin dekabrında məhsuldarlığın əsas amillərindən biri olan dondurma şumu aparılmışdır. Səpinqabağı becərmədə ziqzaqyerli ağır malalardan istifadə etməklə sahə tam hamarlanmışdır. Səpin işləri 5-10 aprel tarixlərindən başlanmışdır. Vegetasiya dövründə 4 dəfə kultivasiya, 3 dəfə kətmənləmə, 2 dəfə yemləmə gübrəsi verilmişdir. Pambıq kollarında avqust ayının 5-dən etibarən kimyəvi və mexaniki ucvurma işləri aparılır.

Salyan Rayon Kənd Təsərrüfatı İdarəsində ən yaxşı fermerlərin adlarını da soruşdum. Dərhal Marışlı kəndindən olan təcrübəli fermerlər  Telman Qasımovun,  Zahir  Nəcəfovun,  Qızılağac kəndindən Emin Mirzəyevin adlarını çəkdilər. Dedilər ki, bu fermerlərin başçılıq etdikləri kollektivlərin hər biri 100 hektardan çox sahədə pambıq məhsulu yetişdirirlər. Onlar becərmə işlərini yüksək səviyyədə həyata keçirdikləri üçün bu il tarlalardan bol məhsul toplayacaqlarına əmindirlər.

Salyanda son illər qabaqcıl pambıqçılıq fermerlərindən söz düşəndə çoxları Ərəbqardaşbəyli kəndindən olan fermer İbadət Cəfərovun adını xüsusi rəğbətlə çəkirlər. Hamı onun çox səriştəli təsərrüfat adamı olduğunu qeyd edir. Bu məqamda xatırlatmağa ehtiyac duyuram ki, Ərəbqardaşbəyli kəndi 1995-ci ilə kimi Kürqaraqaşlı kənd ərazi inzibati mərkəzində “Komsomol” yaşayış məntəqəsi kimi tanınıb. O vaxtdan bu tarixi toponim öz haqqını  bərpa edib.

Beləcə, yolçu yolda gərək deyib, Ərəbqardaşbəyli kəndinə yola düşdüm. Burada fermer İbadət Cəfərovu axtarıb tapmaq çətin olmadı. Soraqlaşa-soraqlaşa onun tarlasına gəldik. Tanış olub, görüşdük.

İbadət Cəfərov bildirdi ki, 1997-ci ildən pambıqçılıqla məşğuldur. Yəni artıq 21 ildir ki, pambıqla “dostluq edir”, amma hər dəfə daha yaxşı məhsul əldə etmək üçün çox şeyi əxz etməyə, öyrənməyə çalışır. Əvvəllər onun pambıq sahəsi indikindən dəfələrlə az olub. Son illər respublikada bu sahəyə qayğının artması başqa fermerlər kimi, İbadəti də çox ürəkləndirib. İbadət bildirdi ki, bu il kollektiv rekord məhsuldarlıq əldə etmək əzmindədir. 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2017.- 31 avqust.- S.5.