Həsən bəy Zərdabi
doğulduğu
torpaqda qədirbilənliklə
yad edildi
Həsən bəy Zərdabinin
xatirə günü
Azərbaycan milli
oyanış hərəkatının yolgöstərəni,
ölkəmizdə sivil mədəniyyətin bir sıra sahələrində
özüllər yaratmış ictimai xadim, ilk milli qəzetimiz
“Əkinçi”ni və ilk teatr tamaşalarını, elm və
təhsilin inkişafına yönəlik xeyriyyə cəmiyyətini
ərsəyə gətirən yurdsevər ziyalı Həsən
bəy Zərdabinin əbədiyyətə qovuşmasından
110 il keçir.
Bu yaxınlarda isə görkəmli maarifçinin anadan olmasının 175 illiyi tamam olmuşdur. Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurasının hər iki əlamətdar tarix ilə bağlı unudulmaz soydaşımızın doğulduğu torpaqda keçirdiyi xatirə günü tədbirlərində böyük “Əkinçi”nin ölməz obrazı və xalqın milli varlığına hopmuş əməlləri sonsuz sayğı-sevgilərlə yad edildi. Zərdab RİH-in böyük salonunda təşkil olunan anım mərasimində isə milli mətbuatımızın atasının yazılı irsinin önəmli bir hissəsini əhatə edən “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” (rus dilindən tərcümə) kitabı rayon ictimaiyyətinin və respublika ziyalılarının təmsilçilərinə təqdim edildi.
Zərdablılar xatirə gününün start götürdüyü Heydər Əliyev Parkının girəcəyində Milli Məclisin deputatlarını, Mətbuat Şurasının təmsilçilərini, Bakı Dövlət Universitetinin professorlarını, zərdabişünas alimləri, mərkəzi medianın yazarlarını və digər iştirakçıları bayram əhvalı ilə qarşıladılar. Hər biri canlı bir çiçəyi andıran bağça uşaqları yaxın-uzaqdan gəlmiş zərdabisevərlərə gül-çiçək verdilər, böyük Həsən bəyin ideallarını tərənnüm edən şeirlər söylədilər.
Anım tədbirlərinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər, Zərdabinin ən böyük arzularını gerçəkləşdirmiş müstəqil dövlətimizin qurucusunun xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Qonaqlar ulu öndərin adını daşıyan parkdakı Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə yaxından tanış oldular.
Sonra anım gününün iştirakçıları Həsən bəyin Zərdab şəhərinin mərkəzindəki əzəmətli heykəlini və ata mülkündəki büstünü ziyarət etdilər, tərəqqi “əkinçi”sinin xatirəsinə ehtiramlarını bildirdilər. Zərdabinin ev muzeyi ilə tanışlıq zamanı bu dahi insanın həyatının Zərdab dövrünü əks etdirən eksponatlar barədə iştirakçılara ətraflı məlumat verildi. Məktəblilərin və Həsən bəyin obrazını yaradan yerli aktyorun ifasında Zərdabinin həyat və mübarizəsindən epizodları canlandıran ədəbi-bədii kompozisiya zərdabisevərləri əsr yarım əvvəlin qaranlıq mühitinə və orada parlayan tənha mayakın işığına apardı.
Zərdab Rayon İcra Hakimiyyətinin böyük salonunda keçirilən mərasimi rayon icra hakimiyyətinin başçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütvəli Babayev giriş sözü ilə açaraq toplaşanları səmimi salamladı.
Rayon rəhbəri xalqımızın zəngin keçmişindən, ictimai fikir tarixindən söz açaraq bildirdi ki, Azərbaycanda maarifçiliyin, milli təkamülün inkişafında Həsən bəy Zərdabinin təmənnasız xidmətləri öyünclü bir timsal yaratmışdır. Ömrünü bütünlüklə milli oyanışa və vətəninin tərəqqisinə həsr etmiş, dövrünün milli ziyalılarının mənəvi atası sayılmış Həsən bəy Zərdabinin xatirəsi onu xalqımıza bəxş etmiş Zərdab torpağında daim ehtiramla anılır. Rayon mərkəzində onun heykəlinin ucaldılması, Zərdabi parkının və həmyerlimizin ev muzeyinin yaradılması, rayonun ilk və öncül təhsil ocağı olan 1 saylı şəhər məktəb-liseyinə Həsən bəyin adının verilməsi bu qədirbilənliyin göstəricisidir.
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Zərdabi yurdunda keçirilən anım gününün önəmini və onun irsinin böyük bir qismini əks etdirən çox dəyərli bir nəşrin ilk olaraq Həsən bəyin həmyerlilərinə təqdim edilməsinin əlamətdarlığını vurğulayaraq dedi:
–Həsən bəy Zərdabi yurdunda sürətli inkişafı müşahidə etməyimiz, müxtəlif sahələrdə qazandığınız uğurlar bizi çox sevindirir. Bugünkü təqdimat mərasimini də bu uğurların davamı hesab etmək olar. Tərəqqipərvər jurnalist Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş belə bir tədbirin məhz Zərdabda keçirilməsi xüsusilə qürurvericidir. 175 il əvvəl Zərdab torpağında dünyaya göz açmış, 110 il əvvəl–1907-ci il noyabrın 28-də ictimai-mədəni fəaliyyətinə mərkəz seçdiyi Bakıda vəfat etmiş Həsən bəy Zərdabinin mənəvi irsi çox dəyərli xəzinədir, zəngin bir məktəbdir. Xalqımız xoşbəxtdir ki, onun Həsən bəy Zərdabi kimi fədakar oğlu var və bu müdrik şəxsiyyət “Əkinçi” ilə milli mətbuatımızın təməlini qoymaqla xalqımızın maariflənməsi, dilimizin qorunması, saflaşması uğrunda tarixi bir yol açıb.
AMŞ sədri daha sonra maarifpərvər ziyalının çoxşaxəli fəaliyyətindən ətraflı söz açaraq qeyd etdi ki, 1875-1877-ci illərdə cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti davamlı təzyiqlərdən və təqiblərdən sonra nəhayət, bağlanıb. Ömrünün məhsuldar çağlarının 16 ilini doğma Zərdabda sürgün həyatı yaşamağa məcbur olan Həsən bəy buradan Azərbaycanda, Gürcüstanda və hətta Rusiyada nəşr olunan qəzet və jurnallara çoxsaylı məqalələr göndərib. Zərdabinin, əksəriyyəti “Kaspi” qəzetində dərc edilən və nəhayət, bizim günlərdə ana dilimizə tərcümə edilərək bu gün zərdabisevərlərə təqdim olunan kitabda toplanan seçilmiş məqalə və məktubları xalqımızın XIX əsrin sonları və XX əsrin əvvəllərindəki ağır həyatının dərindən öyrənilməsi üçün əvəzolunmaz, zəngin bir mənbədir.
Bakı
Dövlət Universiteti jurnalistika fakültəsinin kafedra
müdiri, professor Cahangir Məmmədli dedi:
– Zərdab torpağına qədəm
qoyduğumuz ilk andan zərdablılarda zərdabisayağı
bir ziyalılıq, yurdsevərlik müşahidə etdik. Təəssüratım
belədir ki, Zərdab da gözəldir, zərdablılar da!
Biz zərdabişünaslar Azərbaycanda maarifçiliyin
carçısı olan Həsən bəy Zərdabini jurnalist
babamız kimi sevə-sevə təbliğ edirik və bundan
qürur duyuruq. Rus dilindən tərcümə olunaraq oxuculara
ana dilimizdə təqdim olunan “Həsən bəy Zərdabi.
Seçilmiş məqalələri və məktubları”
kitabı Zərdabi irsinə böyük məhəbbətin
məhsuludur. Kitab müqəddəsdir, çünki Qurani Kərim
də kitab şəklindədir. Zərdabinin bu çox dəyərli
kitabı da müqəddəs kitablardandır.
Cahangir
müəllim yeni kitabın sevgi ilə, ən yüksək
poliqrafik tələblər səviyyəsində çap
olunmasına görə “Zərdabi LTD” MMC nəşriyyat-poliqrafiya
müəssisəsinin direktoru, Zərdab rayonunun Körpükənd
kəndindən olan Elman Qasımovun da zəhmətini qeyd etdi,
Zərdabi irsinə canıyananlığına görə ona
təşəkkürünü bildirdi.
Milli Məclisin
mədəniyyət komitəsinin sədr müavini, Bakı
Dövlət Universitetinin professoru Jalə Əliyeva
vurğuladı ki, Həsən bəy Zərdabi əbəs
yerə demirdi ki, elmdən məhrum olan bir xalq işıqdan məhrumdur.
Bu gün Zərdab gözəl ziyalıları, fədakar
insanları ilə tanınır və bu insanlar rayona hər
zaman başucalığı gətirirlər. Deməli, Zərdabinin
arzuları çiçək açır, gözəl bəhrələr
verir. Həsən bəy dahi millət fədaisi, ziyalılar
ziyalısı idi. Onun rusdilli mətbuatda uzun illər dərc
etdirdiyi çox dəyərli məqalə və məktublarının
məhz Zərdabda təqdim olunması böyük ədəbi-mədəni
hadisədir. Bu gözəl gündə Zərdabi ilə
yanaşı, onun ömür-gün və mübarizə
yoldaşı Hənifə xanım Məlikova-Abayevanı da
ehtiramla xatırlayırıq.
Bakı
Dövlət Universiteti jurnalistika fakültəsinin müəllimi,
professor Nəsir Əhmədli dedi ki, Həsən bəy Zərdabi
türk dünyasının ən qabaqcıl ziyalılarından
biri, mən deyərdim ki, birincisidir. O, neçə-neçə
ilklərə imza atdı. Moskva Universitetini namizədlik dərəcəsi
ilə bitirdi və orada qalıb elmi fəaliyyətlə məşğul
olmaq təklifi alsa da, doğma xalqının maariflənməsi,
tərəqqisi naminə qarşısında açılan
yüksək karyera perspektivlərindən imtina etdi. Vətənə
qayıdıb, bütün ömrünü millətin
oyanmasına, zülmətin işıqlanmasına həsr
etdi.
Həsən
bəy “Əkinçi” ilə elə bir maarif və mədəniyyət
toxumu səpdi ki, biz azərbaycanlılar dünya durduqca o
toxumun bəhrələrindən qidalanacağıq. Bu gün
təqdim olunan kitab Zərdabinin xatirəsinə böyük
töhfədir və fakültəmizin nəinki tələbələri,
həm də müəllimləri üçün dəyərli
töhfədir.
Bakı
Dövlət Universiteti jurnalistika fakültəsinin kafedra
müdiri, professor Allahverdi Məmmədli isə qeyd etdi ki, hər
bir zərdablı təkcə ona görə özünü
xoşbəxt hesab edə bilər ki, o, Zərdabinin həmyerlisidir,
Həsən bəy onların mənəvi babasıdır.
Əslində, hələ öz sağlığında Zərdabini
millətin mənəvi atası hesab edirdilər. Bu gün biz
bu millət fədaisinin elmi və mətbuat irsini sevgi hissi ilə
tədris edirik. Azərbaycan xalqı belə bir övladı
ilə hər zaman fəxr edib, bundan sonra da fəxr edəcək.
Yeni kitab isə böyük Zərdabinin ruhunu şad edəcək
dəyərli bir nəşrdir.
Əməkdar
jurnalist, zərdabişünas, yeni kitabın redaktoru Tahir
Aydınoğlu dedi:
– Biz zərdabisevərlər
Həsən bəy Zərdabinin vaxtilə rus dilində
yazdığı, publisistik irsinin böyük bir hissəsini
təşkil edən və bir əsrdən artıq müddətdə
ana dilində nəşrini gözləyən məqalə və
məktublarının tərcümə edilib çap
olunması üçün neçə illər əvvəl
təşəbbüs irəli sürdük, amma lazımi dəstək
olmaması səbəbindən bu iş baş tutmadı. Bu
kitab Azərbaycan milli oyanış tarixini əhatə edən
canlı salnamədir. Nə yaxşı ki, yenə də Zərdab
torpağının övladları sinələrini qabağa
verərək bu müqəddəs işi öz üzərlərinə
götürdülər və Azərbaycanı dünyada
tanıdan dahi Həsən bəy Zərdabinin çox dəyərli
irsinə ikinci həyat, anım gününə gözəl
töhfə verdilər. Xoşbəxtəm ki, bu işdə mənim
də az-çox əməyim var.
Tahir
Aydınoğlu dedi ki, Zərdabi millət atası idi, o öz
ölümü ilə də milləti ayıltdı, xalq onun
vəfatından sonra necə böyük bir mücahidi
itirdiyini daha dərindən anladı. Zərdabi yeganə insan
idi ki, onun dəfni ərəfəsində üç yerdə
çox izdihamlı mitinq təşkil olundu. Bu gün isə
biz böyük zəhmətin və fədakarlığın
bəhrəsi olan fundamental toplunun təqdimatı ilə dahi
mücahidin ruhunu bir daha şad edirik.
Kitabın
tərcüməçisi, Zərdab rayonunda çıxan
“Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov
yeni nəşr barədə ətraflı məlumat verdi:
– Bu kitabda
H. Zərdabinin Bakıda rus dilində çıxan “Kaspi” qəzetinə
1881–1895-ci illərdə Zərdabdan göndərdiyi və “Zərdabdan
məktublar” başlığı altında dərc olunan məqalə
və məktubları, həmçinin “Kaspi” qəzetinin
redaktoru işlədiyi illərdə həmin qəzetdə və
“Qafqaz” qəzetində, “Trudı Kavkazskoqo obşestva selskoqo
xozyaystva” nəşrində çap olunan məqalələri,
eləcə də məktubları rus dilindən tərcümə
edilərək toplanmışdır. Kitabdakı bütün
məqalə və məktublar hissə-hissə Zərdab
rayonunda çıxan və mənim redaktoru olduğum “Əkinçi”
qəzetinin 2009–2016-cı illərdəki saylarında çap
olunmuşdur. Böyük əksəriyyəti “Kaspi” qəzetində
dərc olunan bu məqalələrin hər biri elmi, mədəni,
maarifləndirici, tarixi, etno-qrafik və fəlsəfi əsərdir,
xalqımızın həyatının canlı salnaməsidir
və heç bir məqalə bu gün də əhəmiyyətini,
aktuallığını itirməmişdir.
Bu kitabda
oxuculara milli mətbuatımızın banisinin
ömrünün müdriklik çağlarında, 25 illik bir
dövr ərzində qələmə aldığı 280 məqalə
və məktubu təqdim olunur. Həsən bəy Zərdabi
“Kaspi” qəzetində dərc olunan məqalələrində
Azərbaycan kəndlərinin, elatlarının,
obalarının və şəhərlərinin həyatını
çox real və aydın təsvir etmiş, canlı mənzərəsini
yaratmışdır. Bu cəhətdən “Zərdabdan məktublar”
da xüsusi əhəmiyyət kəsb edir.
Sonda
iştirakçılara yeni kitabın nüsxələri təqdim
olundu.
Mərasimi
yekunlaşdıran Zərdab Rayon İcra Hakimiyyətinin
başçısı Lütvəli Babayev qeyd etdi ki,
böyük Həsən bəyin nəsillərə örnək
olan ömür yolu onun həmyerlilərini unudulmaz Zərdabinin
arzuladığı tərəqqi və firavanlıq yolunda
daim yeni uğurlara həvəsləndirir.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2017.- 2 dekabr.- S.10.