Qardaş xalqların ədəbiyyatına yeni töhfə

“Yeni Qazax şeiri antologiyası”

 

Dekabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və “Kaspi” qəzetinin təşkilatçılığı ilə “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində “Yeni Qazax şeiri antologiyası”nın təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva çıxış edərək layihənin əhəmiyyətindən və yeni nəşrin məziyyətlərindən söz açıb. Bildirib ki, kitabın nəşri, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Azərbaycanla Qazaxıstanın ictimai-mədəni həyatında əlamətdar hadisədir. Antologiyada qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin, demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir.

Diqqətə çatdırılıb ki, çağdaş qazax ədəbiyyatı nümayəndələrini, özəlliklə perspektiv vəd edən yeni nəsli tanımaq neçə-neçə dostluq əlaqələrinin qurulmasına, işbirliklərinin yaranmasına səbəb olacaq. Ədəbiyyatçıların, qələm adamlarının dostluğu yaxşı mənada bütün topluma geniş şəkildə sirayət edir. İlk növbədə isə ədəbiyyat sahəsində canlanma yaradır.

Layihənin rəhbəri, DGTYB-nin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı türk gənclərinin birliyinin ədəbiyyatda əks olunduğunu, qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfəsini verdiyini bildirib. Vurğulayıb ki, qardaş xalqlar arasında körpü rolunu oynayan bu ədəbi nəşrdən sonra da digər türkdilli xalqların antologiyaları hazırlanacaq.

Qazaxıstanın Əməkdar mədəniyyət işçisi Almas Ahmetbekoğlu (Sakbayev) və digər qonaqlar birgə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, Qazaxıstan ədəbiyyatına həsr edilən “Yeni Qazax şeiri antologiyası”nda 57 gənc Qazax şairinin şeiri toplanıb. Nəşrin baş redaktoru Əkbər Qoşalıdır. Əməkdar jurnalist Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazıb.

Qazaxıstanın Dövlət mükafatı laureatı Temirxan Mədətbek isə nəşrə “Ön söz” yazıb. Antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov və başqalarıdır.

Tədbirdə Sona Vəliyevaya Qazaxıstan hökuməti adından “Təşəkkürnamə” və xatirə hədiyyəsi təqdim olunub.

 

Xalq qəzeti.- 2017.- 5 dekabr.- S.5.