TÜRKSOY “Molla Pənah

Vaqif ili”nə yekun vurdu

 

Tədbirdə həm də Kabardin-Balkar şairi Kaysın Kuluyevin 100 illik yubileyi də qeyd olundu.

 

Milli Kitabxanada  keçirilən  tədbiri direktor  Kərim Tahirov açaraq iştirakçıları salamlamış, TÜRKSOY-la birgə keçirilən tədbirlərdən danışmışdır. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev  TÜRKSOY təşkilatı tərəfindən  türk xalqlarının dahi şəxsiyyətlərinə verilən yüksək qiymətdən , TÜRKSOY-un türk mədəni irsinə verdiyi töhfələrdən söz açmışdır.

 

 TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirmişdir.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli,  Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Kabardin-Balkar Yazıçılar İttifaqının sədri Mütalip Beppayev türk dünyasının böyük ədiblərinin təbliği istiqamətində TÜRKSOY təşkilatının xüsusi rolunu vurğulamış və belə tədbirlərin bütün türk respublikalarında keçirilməsini arzulamışdır. Xalq şairi Nəriman Həsənzadə, Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, Azərbaycan Dövlət Pedaqoji Universitetinin türkdilli ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Elman Quliyev çıxış edərək Kaysın Kuluyev yaradıcılığından danışmış, onun  şeirlərinin  Azərbaycan, balkar, qazax, qırğız, özbək, rus, türk dillərinə tərcümə olunaraq kitaba daxil edildiyini təqdirəlayiq hal hesab etmişlər.

Kabardin- Balkar Respublikasındakı Müasir Humanitar Akademiyanın Nalçik filialının direktoru, Qafqazın elm, təhsil və biznes üzrə İctimai Akademiyasının prezidenti, professor  Aliy Atabiyev,  Qaraçay-Çərkəz Respublikasının Xalq şairi, “Mingi-Tau” ədəbi-bədii və ictimai-siyasi jurnalının baş redaktoru, Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev  çıxış etmiş, Kaysın Kuluyevin şeirlərini söyləmişlər.

M.P.Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən keçirilən tədbirlərə yekun vurularaq, Azərbaycan Respublikasının  mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif   Əliyev,  Milli Kitabxananın direktoru  Kərim Tahirov, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Azərbaycan Yazıçılar İttifaqının katibi, “525-ci qəzet”in  baş redaktoru Rəşad Məcid  Molla Pənah Vaqif  medalı  ilə təltiflər olundular.

Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə,  Xalq şairləri Nəriman Həsənzadəyə, Fikrət Qocaya, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlıya “Kaysın Kuluyev” medalını təqdim etdi.

Tədbir iştirakçıları Kaysın Kuluyevin yaradıcılığını əks etdirən sərgi ilə tanış  oldular.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2017.- 9 dekabr.- S.8.