“Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən  fiziki    hüquqi  şəxslərdən  malların (məhsulların)  götürülməsi,  daşınması, saxlanması, zərərsizləşdirilməsi    ya  məhv  edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

 

¹ 542                                                                                                                               Bakı şəhəri, 6 dekabr 2017-ci il

 

 “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 1520 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 128; 2009, ¹ 1, maddə 32; 2014, ¹ 2, maddə 201, ¹ 7, maddə 930; 2015, ¹ 10, maddə 1230; 2016, ¹ 5, maddə 955) ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının

Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2017-ci il 6 dekabr

tarixli 542 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi

 

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 1520 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda yoxlama səlahiyyətləri verilmiş mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən yoxlamalar zamanı keyfiyyətsiz və təhlükəli, saxta, buraxılması və satılması qadağan olunmuş malların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi prosedurlarını müəyyən edir.

1.3. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərə şamil olunur və gömrük nəzarəti altında olan mallar istisna olmaqla, aşağıdakı malları əhatə edir:

1.3.1. yeyinti məhsullarını;

1.3.2. parfümeriya və kosmetika məhsullarını;

1.3.3. dərman vasitələrini;

1.3.4. şəxsi gigiyena vasitələrini;

1.3.5. bioloji fəallığa malik qida əlavələrini;

1.3.6. tütün məmulatlarını;

1.3.7. məişət kimyası məhsullarını;

1.3.8. aqrokimyəvi maddələri;

1.3.9. baytarlıq preparatlarını;

1.3.10. bitki və bitkiçilik məhsullarını;

1.3.11. saxlanma (yararlılıq) müddəti müəyyən edilmiş digər qeyri-ərzaq məhsulları və tikinti materiallarını;

1.3.12. bu Qaydanın 1.3.1-1.3.11-ci yarımbəndlərində göstərilən malların (məhsulların) xammal və inqrediyentlərini.

2. Əsas anlayışlar

 2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1.          keyfiyyətsiz və təhlükəli mallar - məqsədli istehlak təyinatına uyğun olmayan və ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən və ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən və ya satılan, qablaşdırılmasına və ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən mallar;

2.1.2.          texniki normativ hüquqi aktlar - malların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırılma, etiketlənmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər;

2.1.3.          malların dövriyyəsi - malların istehsalı, emalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alqı-satqısı və idxal-ixracı əməliyyatları üzrə fəaliyyət;

2.1.4.          saxta mallar - hüquq sahibinin qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozaraq, əmtəə nişanından, coğrafi göstəricisindən və firma adından qanunsuz istifadə etməklə yaradılmış (istehsal edilmiş) mallar;

2.1.5.          malların utilizasiyası – keyfiyyətsiz və təhlükəli malların birbaşa təyinatı üzrə istifadəyə yararsız hala gətirilərək, digər məqsədlər üçün istifadə edilməsi;

2.1.6.          yararlılıq müddəti - texniki normativ hüquqi aktların məcburi tələbləri ilə əşyanın təyinatı üzrə istifadəyə yararlılığına təminat verən müddət;

2.1.7.          saxlanma müddəti – texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə saxlandıqda, yeyinti məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin (istehlak xassələrinin, qida dəyərliliyinin) olduğu kimi saxlanılmasına təminat verən müddət;

2.1.8.          mal partiyası - istehsalçısı, etiketlənməsi, istehsal tarixi, istehsal növbəsi, istifadə olunan xammalı eyni olan eynixassəli mallar;

2.1.9.          malın mənşəyi - malın istehsal edildiyi ölkəni, istehsalçısının adını və ünvanını və ya onun tədarükçüsünü və ya satıcısını eyniləşdirməyə imkan verən məlumatlar;

2.1.10.       malın tədqiqi (sınağı) - “Uyğunluğun qiymətlən-dirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respub-likasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən malların texniki normativ hüquqi aktlarla müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi;

2.1.11.       buraxılması və satılması qadağan olunmuş mallar - “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar kimi müəyyən edilmiş mallar;

2.1.12.       mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs.

 3. Malların tədqiqinin (sınağının) aparılması

3.1.     Yoxlama zamanı malların müəyyən edilmiş tələblərə uyğun olması barədə əsaslandırılmış şübhələr yaranarsa, həmin malların tədqiqi (sınağı) və bu məqsədlə malların nümunələrinin götürülməsi həyata keçirilir.

3.2.     Malların tədqiqi (sınağı) yoxlayıcı orqanın qərarına əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılır.

3.3.     Malın tədqiqi (sınağı) barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməli və aşağıdakıları əks etdirməlidir:

3.3.1.     nömrəsi, qəbul edilmə tarixi və vaxtı;

3.3.2.     malın tədqiqi (sınağı) üçün mal nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;

3.3.3.     malın tədqiqi (sınağı) aparılacaq hüquqi və ya fiziki şəxsin (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;

3.3.4.     tədqiqi (sınağı) aparılacaq malın adı;

3.3.5.     tədqiqi (sınağı) aparılacaq malı dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);

3.3.6.     malın götürülməli olan nümunələrinin sayı;

3.3.7.     götürülmüş mal nümunələrinin uyğunluğunun yoxla-nacağı parametrlər;

3.3.8.     malın tədqiqini (sınağını) aparacaq laboratoriyanın və ya digər təşkilatın adı;

3.3.9.     yoxlayıcı orqanın möhürü, rəhbərinin və ya onu əvəz edən şəxsin imzası, soyadı, adı və atasının adı.

3.4.     Tədqiqi (sınağı) aparılacaq malların həcmi texniki normativ hüquqi aktların tələblərinə uyğun miqdarda nümunənin götürülməsinə kifayət etmədikdə, malın tədqiqi (sınağı) aparılmır və həmin malların məhv olunması barədə qərar qəbul edilir.

3.5.     Mallar “Uyğunluğun qiymətləndirilməsi sahəsində ak-kreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən tədqiq (sınaq) edilir və tədqiqin (sınağın) nəticələri əsasında yoxlayıcı orqan tərəfindən mallar barədə qərar qəbul olunur.

3.6.     Malların tədqiqinin (sınağının) nəticələri protokolla rəsmiləşdirilir.

3.7.     Malların tədqiqinin (sınağının) nəticələri əsasında onların aşağıdakı vəziyyətləri təyin edilir:

3.7.1.   birbaşa təyinatı üçün istifadəyə yararlılığı;

3.7.2.   birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsızlığı;

3.7.3.   təkrar emaldan sonra və ya emal edilmədən digər məqsədlər üçün yararlılığı.

3.8.     Malların tədqiqi (sınağı) nəticəsində onların təkrar istifadə təyinatını müəyyən etmək mümkün olmadıqda, yoxlayıcı orqan təkrar istifadə təyinatının müəyyən edilməsi məqsədi ilə sorğu ilə aidiyyəti dövlət orqanlarına müraciət edir.

3.9.     Yoxlayıcı orqan malların tədqiqinin (sınağının) nəticələrinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edir.

4. Malların dövriyyədən götürülməsi,

daşınması və saxlanması

4.1.      Məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərara uyğun olaraq dövriyyədən çıxarılması və satışının qadağan edilməsi nəzərdə tutulan mallar 2 (iki) nüsxədə tərtib edilən “Malların götürülməsi haqqında Protokol” əsasında dövriyyədən götürülür.

4.2.      Məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilmiş tədbirlər yerinə yetirilənədək götürülmüş mallar dəqiq çəkisi göstərilməklə uçota alınaraq (rəsmiləşdirilərək) mal sahibinə, onun səlahiyyətli nümayəndəsinə və ya onun razılığı ilə yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya verilir.

4.3.      Götürülmüş mallar məsul saxlamaya qoyulmaq üçün mal sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verildikdə, malların lazımi şəraitdə və tam miqdarda saxlanmasına mal sahibi cavabdehdir.

4.4.      Mal sahibi dövriyyədən çıxarılan malları məsul saxlamaya götürməkdən imtina etdikdə, həmin mallar iki hal şahidinin iştirakı ilə rəsmiləşdirilir və yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerdə saxlanmaya götürülür. Bu barədə tərtib edilmiş akt və protokol yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsləri və hal şahidləri tərəfindən imzalanaraq mal sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir. Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi aktı və protokolu götürməkdən imtina etdikdə, həmin sənədlər sifarişli poçt vasitəsilə mal sahibinin ünvanına göndərilir.

4.5.      Götürülmüş malların daşınması və saxlanması həmin malların daşınması və saxlanmasına dair tələbləri müəyyən edən texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməlidir.

5. Götürülmüş malların zərərsizləşdirilməsi və məhv edilməsi

5.1.      Birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir.

5.2.      Malların məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilir.

5.3.      Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi malın məhv edilməsi prosesində iştirakdan imtina etdikdə, mallar məhvetmə barədə qərar qəbul etmiş yoxlayıcı orqanın mütəxəssisləri tərəfindən ixtisaslaşmış müəssisələrə təhvil verilir və ya iki hal şahidinin iştirakı ilə məhv edilir və müvafiq qaydada rəsmiləşdirilir.

5.4.      Yoxlayıcı orqan tərəfindən nəzarət tədbirləri həyata keçirilən hüquqi və ya fiziki şəxsdən götürülmüş və istifadəyə yararsızlığı sübuta yetirilmiş mallar barədə qəbul olunmuş qərar dövriyyədə olan həmin mal partiyası üçün şamil edilir.

5.5.      Yoxlayıcı orqanın dövriyyədən götürülmüş mallar barədə qərarının icrası üçün məsul şəxs müvafiq qərarı qəbul etmiş yoxlayıcı orqan tərəfindən müəyyən edilir.

5.6.      Malların zərərsizləşdirilməsi və məhv edilməsi Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarına uyğun həyata keçirilir.

5.7.      Sanitar-epidemioloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilməzdən əvvəl zərərsizləşdirilir.

5.8.      Qərarın icrası barədə sənəd (məhv edilmə, təhvil-təslim aktı və s.) mal sahibi tərəfindən qərarı çıxarmış yoxlayıcı orqana təqdim edilir.

6. Malların tədqiqi (sınağı), götürülməsi, daşınması,

saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə

bağlı xərclərin ödənilməsi

6.1.      Malların tədqiqi (sınağı) barədə qərara əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanması, daşınması, tədqiq (sınaq) aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin məhsulun tədqiqi (sınağı) barədə qərarın nəticəsi olaraq yaranan bütün digər xərclər yoxlayıcı orqanın hesabına ödənilir.

6.2.      Əgər məhsul nümunələrinin tədqiq (sınaq) nəticələri malların müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən edərsə, yoxlayıcı orqanın bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi mal sahibi tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:

6.2.1. xərclər yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilmədikdə;

6.2.2. xərclərin çəkilməsi barədə sənədli təsdiqləmə olmadıqda;

6.2.3. xərclər yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi ilə əlaqədar çəkildikdə.

6.3.      Yoxlayıcı orqanın məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarının nəticəsi olaraq malların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı xərclər mal sahibinin hesabına ödənilir.

6.4.      Yoxlayıcı orqanın bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri”nə uyğun ödənilməlidir.

6.5.      Yoxlayıcı orqan bu Qaydanın 6.2-ci bəndinə əsasən məhsulun tədqiqi (sınağı) ilə bağlı çəkdiyi xərclərin, eləcə də məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın icrası ilə əlaqədar olaraq, malların daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı yoxlayıcı orqan tərəfindən çəkilmiş xərclər vardırsa, belə xərclərin mal sahibi tərəfindən əvəzinin ödənilməsi barədə qərar qəbul edir.

6.6.      Mal sahibi xərclərin əvəzinin ödənilməsi barədə qərarı aldığı vaxtdan 30 (otuz) gün müddətində xərclərin əvəzini dövlət büdcəsinə köçürür.

6.7.      Xərclərin əvəzi bu Qaydanın 6.6-cı bəndində göstərilən müddətdə ödənilmədikdə, yoxlayıcı orqan ödəmənin təmin edilməsi barədə mal sahibinə yazılı xəbərdarlıq təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

6.8.      Xəbərdarlığın verildiyi gündən sonrakı 10 (on) gün müddətində mal sahibi tərəfindən ödəmə həyata keçirilmədikdə, yoxlayıcı orqan tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edir.

6.9.      Tələbin məcburi icraya yönəldilməsi haqqında yoxlayıcı orqanın qərarının icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

7. Yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası

7.1.      Yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət inzibati və ya məhkəmə qaydasında verilə bilər.

7.2.      İnzibati şikayətin verildiyi hallarda, şikayət olunan qərarın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

7.3.      Yoxlayıcı orqanın qərarının icrasının dayandırılması ilə bağlı qərar şikayət instansiyası tərəfindən əsaslandırılmalıdır.

7.4.      Bu Qaydanın 7.2-ci bəndinə əsasən yoxlayıcı orqanın qərarının icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan qərarın icrasını dayandırmır.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Xalq qəzeti.- 2017.- 9 dekabr.- S.2.