Xalça Muzeyində III-V əsrə aid
olduğu
güman edilən
parça qalıqları bərpa olunub
E.Qrabar adına
Ümumrusiya Rəssamlıq Elmi-Bərpa Mərkəzinin dəri
məmulatlarının və arxeoloji parçaların bərpası
şöbəsinin müdiri Nataliya Sinitsına Azərbaycan
Xalça Muzeyinin direktoru Şirin Məlikovanın dəvəti
ilə Bakıya gələrək, III-V əsrlər Qafqaz
Albaniyası dövrünə aid olduğu güman edilən
parça qalıqlarını bərpa edib.
Nataliya Sinitsınanın sözlərinə görə, bərpa edilən parça qalıqları çox qiymətli tapıntıdır. “Bu parça qalıqları arxeoloqlar üçün sözügedən dövrdə Azərbaycanda dəfn adətlərinin, mərasimlərin öyrənilməsi nöqteyi-nəzərindən çox vacibdir. Parça qalıqlarının struktur-texnoloji tərəflərinin öyrənilməsi həmin dövrün tarixinin tədqiqi baxımından çox əlverişlidir”, – deyə dəri məmulatları və parçaların bərpası üzrə tanınmış rusiyalı bərpaçı-rəssam bildirib.
Xatırladaq ki, Şamaxı rayonu ərazisində Dəmirçilər-Lahıc yolunun tikintisi zamanı rayonun Dəmirçilər kəndi yaxınlığındakı ərazidə qədim qəbirlər tapılıb. Həmin qəbirlərdə aparılan qazıntılar zamanı qəbirlərdən birinin baş hissəsində iki qılınc və metal material aşkar olunub. Həmin metal üzərində yun və keçə olması güman edilən parça qalıqları tapılıb.
Mütəxəssislərin bildirdiyinə görə, bu parça qalıqlarının tədqiqi Azərbaycanda parça növlərinin hazırlanması tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. O cümlədən Azərbaycanda boyaqçılıq sənətinin tarixinin araşdırılması baxımından da maraq kəsb edir. Bununla yanaşı, Azərbaycan muzeylərində belə nadir nümunələr azdır, bu tapıntı elmi-tarixi nöqteyi-nəzərdən də əhəmiyyətlidir.
Zeynəb KAZIMOVA,
Xalça
Muzeyinin mətbuat xidmətinin rəhbəri
Xalq qəzeti.- 2017.- 10 dekabr.- S.8.