Mənalı ömrün
kitaba bağlı anları
XX əsrin
dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük
oğlu, ulu öndər
Heydər Əliyev çağdaş və
gündən-günə çiçəklənən
müstəqil Azərbaycanın memarı və qurucusudur.Ümummilli lider ömrünü dünyalar
qədər sevdiyi xalqına xidmətə
həsr etmiş, onun rifahı üçün
çalışmışdır.
Xalqımızın bəşər tarixinə bəxş etdiyi işıqlı şəxsiyyətlərdən biri olan Heydər Əliyev mədəniyyətimizə, mənəviyyatımıza, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə böyük hörmətlə yanaşmış, onların inkişafına və təbliğinə hədsiz qayğı göstərmişdir. Azərbaycanlı olduğu ilə həmişə fəxr edən ümummilli liderimiz elmin, mədəniyyətin və sosial həyatımızın bütün sahələrində sürətli inkişafı təmin edən kompleks tədbirlərin həyata keçirilməsinin öndəri və təşəbbüskarı olduğu kimi, ölkəmizdə kitabxana quruculuğunun da yolgöstərəni olmuşdur.
Keçən əsrin 70-ci illərinin əvvəllərində pespublikamızda geniş kitabxana şəbəkələrinin formalaşmasında böyük xidmətləri olan Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkədə baş alıb gedən hərc-mərclik nəticəsində mənəvi sərvətlərimizin saxlanc yeri olan kitabxanaların hərraca qoyulması, dağıdılması istiqamətində atılan addımların qarşısını almaq məqsədilə ciddi tədbirlərin görülməsinə göstəriş verdi və çox qısa zamanda kitabxanalar və onların yerləşdikləri binaların toxunulmazlığına dair qanun qəbul olundu. Çətin iqtisadi şəraitdə fəaliyyət göstərən kitabxanaların və kitabxanaçıların sosial müdafiəsini qanunvericilik mövqeyindən təsbit edən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu də məhz ulu öndərin göstərişi ilə hazırlanmış və dahi rəhbərin imzaladığı fərmanla təsdiq olunmuşdur.
Bu gün böyük əminliklə deyə bilərik ki, ulu öndərin bu uğurlu siyasəti onun kitaba sevgisindən, mütaliəyə böyük marağından qaynaqlanırdı. Kitabı dərindən sevməyən, onun gücünə inanmayan, onun ziyasından, işığından bəhrələnməyən insan həmin addımları ata bilməzdi, kitaba lazımi dəyər verə bilməzdi. Ulu öndər öz çıxışlarında həmişə kitaba, elmə, biliklərə yiyələnməyin vacibliyini qeyd edir, “mən əldə etdiyim bütün uğurlara görə ilk növbədə kitablara borcluyam”,-- deyirdi.
Müasir dövrdə böyük vüsət alan kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində ulu öndər birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Bu gün Azərbaycan xalqına kitabxana xidmətinin təşkilində mühüm rol oynayan şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri şəbəkəsi məhz 70-ci illərdə Heydər Əliyevin uzaqgörən siyasəti əsasında təşkil olunmuşdur. Ulu öndərin qətiyyəti nəticəsində bir çox keçmiş sovet respublikalarından fərqli olaraq, Azərbaycanda kitabxana şəbəkələri nəinki dağıldı və ixtisara düşdü, inkişaf etdi, möhkəmləndi, ən başlıcası isə onlar mühafizə olunaraq saxlanıldı. İllər boyu xalqımızın topladığı mənəvi sərvətlər tamamilə dağıdılmaq təhlükəsindən xilas olundu.
Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə-- daha doğrusu, 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək özünün ciddi çətinlik dövrlərini yaşayan kitabxananın problemləri ilə maraqlanmış və bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır. Kitaba, kitabxanaya və mənəviyyata böyük dəyər verən, kitabın insan həyatında, onun mənəvi inkişafında rolunu yüksək qiymətləndirən uzaqgörən dahi şəxsiyyət belə möhtəşəm işləri görməyə qadir ola bilərdi. Özünün Milli Kitabxanaya ilk səfəri zamanı ümummilli lider bu kitabxanaya vaxtilə dəfələrlə gəldiyini qeyd edərək demişdir: “Bu gün biz buraya - Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Bu kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. Bu sözləri Milli Kitabxananın xidmətlərindən dəfələrlə bəhrələnən, onun Azərbaycan elminin, mədəniyyətinin və mənəviyyatının inkişafında əhəmiyyətli rolunu dərk edən və yüksək qiymətləndirən ziyalı, işıqlı şəxsiyyət deyə bilərdi.
1995-ci ilin iyununda “Vətənə, xalqa, dövlətə sədaqət andı” kitabının təqdimatı mərasimində iştirak etmək üçün M.F.Axundov adına Milli Kitabxanaya gələn ulu öndərimiz bu mədəniyyət məbədinin qayğıları ilə yaxından maraqlanmış və onun fondlarında köhnə nəşrlərin çoxluq təşkil etdiyini xüsusilə vurğulamışdır. 90-cı illərin ortalarında respublikamızın dövlət büdcəsinin nə qədər məhdud olması, təbii ki, hamının xatirindədir. Ciddi çətinliklərə baxmayaraq, Milli Kitabxananın problemlərinə böyük qayğı ilə yanaşan ulu öndər ikinci dəfə bu bilik məbədinə səfər edərkən bu kitabxananın ehtiyaclarını diqqətlə dinləyərək xarici ölkələrdə çap olunan ədəbiyyatın və dövri mətbuatın alınması məqsədilə əlavə məqsədli vəsaitin ayrılmasını vacib hesab edərək, yerindəcə Nazirlər Kabinetinə müvafiq göstəriş vermişdir. Rəhbərin bu göstərişinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul etmiş və həmin ildən başlayaraq hər il M.F.Axundov adına kitabxanaya xarici ədəbiyyat və dövri nəşrlər almaq üçün 5000 ABŞ dolları vəsait ayrılmışdır.
İkinci dəfə ümummilli liderimiz M.F.Axundov adına Milli Kitabxanaya 1996-cı il martın 5-də İsraildə çıxan “Heydər Əliyev: Siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimində iştirak etmək üçün gəlmişdir. Ulu öndərin Milli Kitabxanaya bu gəlişi də onun tarixində mühüm rol oynamışdır. Belə ki, bu dahi şəxsiyyət ikinci dəfə kitabxanaya gələrkən onun fondlarına çox az miqdarda yeni kitabların daxil olduğunu görərək, öz şəxsi kitabxanasından 400 nüsxəyədək çox qiymətli kitabları Milli Kitabxanaya hədiyyə etmiş, hamını bu mədəniyyət məbədinə kömək etməyə çağırmışdır: “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın böyük xəzinəsində öz yerini tutar. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitab bağışlayacaqlar”.
Xalqımızın böyük oğlunun “Bu kitabxanaya kömək etmək hamının borcudur” kimi müdrik fikrinə diqqətlə yanaşan ölkəmizin ziyalıları, alimləri, yazıçı və şairləri bir-birinin ardınca Milli Kitabxanaya yeni-yeni kitab kolleksiyaları hədiyyə etməyə başladılar və tezliklə kitabxanamızın fondu əhəmiyyətli dərəcədə zənginləşməyə başladı. Təkcə, 1995-ci ildə kitabxananın fonduna 11,5 min nüsxə yeni ədəbiyyat daxil olmuşdu. Milli Kitabxanaya öz şəxsi kitabxanasından kitablar hədiyyə edən müəlliflərdən Xalq yazıçısı Elçinin, Xalq şairi Bəxtiyar Vahabzadənin, Xalq yazıçısı Çingiz Abdullayevin, akademik Ziya Bünyadovun və digər yazıçı və şairlərimizin, alim və ziyalılarımızın adlarını çəkmək olar.
Ulu öndərin Milli Kitabxanaya bağışladığı bu dəyərli kitablar hazırda kitabxanamızın fondlarında mühafizə olunan ən qiymətli kolleksiya nümunələri kimi Nadir kitab kolleksiyaları fondunda mühafizə olunur. Biz mütəmadi olaraq bu kitab kolleksiyasının digər şəhər və rayonlarımızda, universitetlərdə, kolleclərdə, orta məktəblərdə səyyar sərgilərini təşkil edir və Heydər Əliyevin həyatında kitabın və mütaliənin roluna dair konfranslar keçiririk. İndiyədək belə sərgi və konfranslar Tərtərdə və Sumqayıtda, Bakı Dövlət Universitetində və İqtisad Universitetində, Bakı Pedaqoji Kollecində və Bakı Hümanitar Kollecində, Zərifə Əliyeva adına Müasir Təhsil Kompleksində, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində və digər yerlərdə keçirilmişdir. Bu tədbirlər zamanı gənclər və yeniyetmələr, uşaqlar bir vaxtlar ulu öndərin sevə-sevə oxuduğu, mütaliə etdiyi kitablarla çox böyük maraqla və həvəslə tanış olurlar.
Bu kitab kolleksiyasını nəzərdən keçirərkən ulu öndərin onlarda etdiyi qeydlər, yazdığı şərhlər xüsusilə maraq doğurur. Bunlar əyani olaraq sübut edir ki, Heydər Əliyev sadəcə mütaliəçi deyildi, oxuduğu hər bir kitaba bir mütəxəssis mövqeyindən yanaşır və orada qoyulan məsələlərə fəal müdaxilə etməyi və öz fərqli münasibətini bildirməyi xoşlayırdı. Burada kitabların müxtəlif elm sahələrinə aid olması, müxtəlif mövzulardan bəhs etməsi də ulu öndərin çox böyük mütaliə diapozonuna malik bir şəxsiyyət olmasından xəbər verirdi. Mənə elə gəlir ki, xalqımızın böyük oğlunun fenomen və hərtərəfli biliklərə malik bir şəxsiyyət kimi formalaşmasında məhz kitabların böyük rolu olmuşdur.
Bu gün böyük cəsarətlə demək olar ki, ölkəmizdə kitabxana işi sahəsində uğurla aparılan möhtəşəm quruculuq işləri – Milli Kitabxananın tamamilə yenidən qurulması, təchizatı və modernləşdirilməsi işləri, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər də bu siyasətin məntiqi davamıdır.
Dünyanın ən modern və zəngin kitabxanaları sırasında öz yeri olan Azərbaycan Milli Kitabxanasının bugünkü nailiyyətlərini tam əminliklə Heydər Əliyevin uğurlu mədəniyyət siyasətinin məharətlə davam etdirilməsinin bariz nümunəsi hesab etmək olar.
Kərim
TAHİROV,
M.F.Axundzadə
adına Azərbaycan
Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət
işçisi, professor
Xalq qəzeti.- 2017.- 13
dekabr.- S.8.