Ədəbi dilin keşikçilərindən
daşıyıcılarına töhfə
Bilik Fondunun “Ekran
və efirdə ədəbi dil normaları” layihəsinin ilkin
mərhələsi başa çatdı
Dövlətin əsas
atributlarından biri də onun dilidir. Dilin təmizliyini, saflığını, özünəməxsusluğunu
qorumaq xalqın əsas vəzifələrindəndir. Bu vəzifə hüquqi və siyasi anlam
daşımaqla yanaşı, həm də mənəvi
öhdəlikdir.
Hər
bir azərbaycanlı dövlət dili haqqında imzalanan fərmanlar
və sərəncamların, qanunlar və qərarların tələblərinə
tam şəkildə əməl etməklə, müstəqil
dövlətin möhkəmlənməsinə,
inkişafına, təmsil olunduğu xalqın ali
düşüncəsinin müasir dünyaya maneəsiz
çıxmasına böyük töhfə vermiş olar. Fikrini tam və dəqiq ifadə etmək istəyi
insanın şüuraltında yer tapıb. Görünmək, bilinmək, başa
düşülmək, qəbul edilmək ifadə tərzi ilə
çox bağlıdır. Belə olduqda
insan onu dinləyəni yormur, aydın eşidilir, eşidilməklə
mənəvi rahatlıq tapır.
Təəssüf
ki, son illər Azərbaycan dilinin zəngin imkanlarından
faydalanmaq əvəzinə, sözlərin yad dildən gələn
qarşılığından daha çox istifadə edirik,
xüsusən teleməkanda, yazılı və elektron mətbuatda
fonetik, qrammatik, leksik üslubi qaydaları pozuruq, terminlər,
neologizmlər, xüsusi adlar və abbreviaturaları
düzgün səsləndirmirik, danışıq
texnikasından bəhrələnmirik.
Dildən istifadə ilə bağlı bütün
qaydalar “Azərbaycan Respublikasında dövlət dili
haqqında” Qanunla tənzimlənir. Qanunun tələbini
pozanlar ictimai qınaqla qarşılaşır, əgər
onlar media nümayəndələridirlərsə,
tamaşaçı və oxucularını itirir, nəticədə
toplum alternativ kimi, xarici telekanllara, saytlara üz tutur. Sonra nə baş verir? Bəli,
azərbaycanlı fərqli və ziyanlı ideologiyanın təsirinə
düşərək, milli dəyərlərdən
uzaqlaşmaq yolu tutur. Dəyərlərin
itməsi isə xalqı faciələrlə üzləşdirə
bilər. Belə aqibətin
yaşanmaması ana dilimizin qorunmasından çox
asılıdır.
Firudin bəy
Köçərli “Ana dili haqqında” adlı məqaləsində
yazırdı: “Ana dili millətin mənəvi diriliyidir, həyatının
mayəsi mənziləsindəndir. Ananın
südü bədənin mayəsi olduğu kimi, ananın dili
də ruhun qidasıdır. Hər kəs
öz anasını və vətənini sevdiyi kimi, ana dilini də
sevir. Bu, Allah-taalanın gözəl nemətlərindən
biridir, onu əziz və möhtərəm tutmaq hər kəsə
borcdur”.
Qlobollaşmanın mənfi cəhətlərindən
biri yad mədəniyyətlərə meydan
açılmasıdır. Dövlət bu gün
ziyanlı tendensiyanın qarşısının
alınması uğrunda ciddi islahatlar aparır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam
əslində həyəcan siqnalı idi.
Dövlət
Proqramı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Azərbaycan dilinin istifadəsinə və
tədqiqinə dövlət qayğısının
artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsi,
ölkədə dilçilik araşdırmalarının əsaslı
surətdə yaxşılaşdırılması,
dilçiliyin aparıcı istiqamətlərində fundamental
və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş
yaradıcılıq səylərinin birləşdirilməsi
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri
ilə əlaqə-ləndirilməsi məqsədi ilə təsdiqlənib.
2013-cü
il 9 aprel tarixli sərəncamın
imzalanması cavabdeh qurumları, xüsusən KİV
orqanlarını daha məsuliyyətli olmağa sövq etdi. Həmin
tarixdən keçən 4 il ərzində
xeyli irəliləyişə nail olunsa da, bəzi mənfi
hallar hələ də qalmaqdadır.
Dilin
saflığının qorunması məqsədilə
aparılan proses bu gün uğurla davam etdirilir. Oktyabrın 6-da Prezident İlham Əliyevin
tapşırığı ilə konfrans keçirilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi
ilə keçirilən konfrans “Azərbaycan ədəbi
dilinin qorunmasında və inkişafında KİV-in rolu”
mövzusuna həsr olunub. Tədbirdə
dilçi alimlər, Milli Məclisin deputatları, KİV-lərin
rəhbərləri və nümayəndələri
iştirak ediblər.
Ə.Həsənov giriş nitqində bildirib ki, milli
dövlətçiliyin yaranması və inkişafında dil
mühüm tarixi rol oynayır. Çünki dil
xalqın özünüqoruma instinktini gücləndirən,
onu səfərbər edən və birləşdirən, həmçinin
bir toplumu digərlərindən fərqləndirən və
müdafiə edən ən etibarlı vasitədir. Ona görə də dövlət dilinin
saflığının qorunması, inkişafı və zənginləşməsinə
xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət
kəsb edir.
Konfransda dilçi alimlər və media nümayəndələri
problemin həlli yollarına aid təkliflər səsləndiriblər.
Konfransdan
dərhal sonra, oktyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu yeni layihəyə
başlamaq barədə qərar verdi. “Ekran və efirdə ədəbi dil normaları”
adlanan layihənin gerçəkləşməsi rəhbərlik
tərəfindən Fondun İnformasiya təminatı sektoruna
tapşırıldı. İlkin mərhələdə
3 aylıq müddətə nəzərdə tutulan layihənin
“Xəzər”, “Lider” və “ARB” televiziyalarında keçirilməsi
qərara alındı . Layihəyə Azərbaycan
Respublikasının Milli Televiziya və Radio Şurası dəstək
verdi. İki qurumun birgə fəaliyyəti
nəticəsində Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu,
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin təcrübəli
professor və müəllimləri, eləcə də praktik
jurnalistlərin iştirakı ilə keçiriləcək
mühazirələr və təlimlərin fəaliyyət
planı hazırlandı.
İlk təlimlərə “Xəzər”
Televiziyasından başlanıldı. Televiziyanın redaktorları, xəbərlər
proqramlarının aparıcıları, müxbirlərin
qatıldıqları mühazirə və təlimlərdə
AMEA-nın Dilçilik İnstitutu, Terminologiya şöbəsinin
müdiri, professor Sayalı Sadıqova “Nitq mədəniyyəti
və norma. Natiqlik sənətinə verilən
tələblər”, Müasir Azərbaycan dili şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Sevinc Məmmədova “Televiziya və ədəbi dil
normaları”, BDU-nun filologiya fakültəsi Azərbaycan
dilçiliyi kafedrasının müəllimi Təranə
İsmayılova “Azərbaycan teleməkanında ədəbi
dil normalarının qorunması: fonetik və qrammatik qaydalar”,
kafedranın baş müəllimi Mehriban Əlizadə “Azərbaycan
teleməkanında ədəbi dil normalarının
qorunması: leksik və üslubi qaydalar”, BDU-nun jurnalistika
fakültəsinin professoru, filologiya elmləri doktoru Nəsir
Əhmədli “Nitq mədəniyyəti anlayışı.
Televiziya aparıcılarının danışıq
xüsusiyyətləri”, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin səhnə
danışığı kafedrasının müdiri, dosent,
Əməkdar artist Azad Şükürov “Danışıq
texnikası (tənəffüs, səs, diksiya)” və
“Danışıq zamanı orfoepiya qanunlarına əməl
olunması problemləri” mövzularında təlimlər
keçdilər. Təlimlərdə
açıq fikir mübadiləsi aparıldı, jurnalistlərin
harada, necə, niyə yanlışlığa yol verdikləri
elmi, təcrübi cəhətdən, qaydalar çərçivəsində
diqqətə çatdırıldı.
Növbəti təlimlər “Kəpəz ARB” Müstəqil
Teleradio Şirkətində gerçəkləşdi. Ekspertlər
böyük həvəslə Gəncəyə ezam olundular.
A.Şükürov
“Danışıq texnikası (tənəffüs, səs,
diksiya)” və “Danışıq zamanı orfoepiya
qanunlarına əməl olunması problemləri”, S.Əliyeva
“Telekanallarda üslub xətalarının aradan
qaldırılması”, AMEA Dilçilik İnstitutu, Monitorinq
şöbəsinin əməkdaşı, filologiya üzrə
fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Terminlər,
neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə
şifahi və yazılı formada istifadə qaydaları”
mövzusunda praktiki təlimlər apardılar. Təlimlər
barədə süjet televiziyanın “Xəbərlər”
proqramında yayımlandı, A. Şükürov səhər
proqramının qonağı oldu, layihənin mahiyyətindən
ətraflı danışdı.
Tovuz “ARB24 Xəbər” telekanalının əməkdaşları
da treninqlərə qoşulmaq arzularını Bilik Fondunun
göndərdiyi müraciət məktubuna rəhbərliyin
müsbət cavabı ilə bildirmiş oldular. Bu dəfə də mütəxəssislər
yaddaqalan təlimlər keçdilər, jurnalistlərin maariflənmələri,
bilgilənmələri, düzgün qaydaları mənimsəmələri
yönündə real iş gördülər. Dinləyicilərə
əyani şəkildə izahlar verildi, onlar təcrübi məşqlərə
cəlb edildilər.
Təlimçilər səfər marşrutlarında
yalnız televiziyalarda deyil, başqa tədris, təhsil mərkəzlərində
də görüşlər keçiriblər. AMEA Dilçilik
İnstitutunun təmsilçilərinin Gəncənin
M.C.Paşayev adına 39 nömrəli və M.Mehdizadə
adına 4 nömrəli tam orta məktəblərində
şagird və müəllim kollektivi ilə “Azərbaycan
dilinin saflığının qorunmasında təhsil müəssisələrinin
rolu” mövzusunda görüşləri olub.
“Lider” Televiziyasında təşkil olunan təlimlər
“Ekran və efirdə ədəbi dil normaları” layihəsinin
birinci mərhələsinə cəlb olunan sonuncu
telekanaldır.
Gələn ildən digər telekanalların da
layihədə iştirakı nəzərdə tutulub.
Üç aylıq layihə boyu mətbuatda təlimlər
barədə müxtəlif səpkili müsbət ruhlu
yazılar dərc olunub. Həm xəbərlərdə, həm də
mütəxəssislərin açıqlamalarında layihənin
effektivlik dərəcəsi yüksək dəyərləndirilib,
Azərbaycan dilinin saflaşmasında medianın rolunun
düzgün qiymətləndirilməsinin vacibliyi
vurğulanıb, jurnalistlərin təcrübi təlimlərə
ehtiyac duyduqları bildirilib.
Onu da
xüsusi ilə qeyd edək ki, Milli Televiziya və Radio
Şurası ilə razılaşdırılmış qaydada
həyata keçirilən “Ekran və efirdə ədəbi
dil normaları” layihəsinin yekunu olaraq, Bilik Fondunun təşəbbüsü
və birbaşa dəstəyi ilə layihədə iştirak
etmiş təlimçilər cəlb olunmaqla dilin
saflığının qorunmasına xidmət edən
tövsiyə xarakterli kitabça hazırlanır. Yaxın günlərdə həmin kitabça televiziya
jurnalistlərinə təqdim ediləcək.
Xalq qəzeti.-
2017.- 13 dekabr.- S.9.