Aşıq Ələsgər irsinə məhəbbətlə...
Bakının Nərimanov rayonunun Atatürk prospekti, 37, mənzil 75 ünvanında Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi yerləşir. Bu, mədəniyyət ocağının fərqli cəhəti odur ki, bura dövlət statusu ilə fəaliyyət göstərmir. Muzeyi mənzil sahibi Hüseyn Hacıqulu oğlu yaradıb. Ömrünün 90-cı ilini başa vuran Hüseyn Həsənovda bu istək onun Aşıq Ələsgər irsinə, aşıq sənətinə məhəbbətindən irəli gəlib. Təqaüdə çıxana qədər sürücü işləyib. Azərbaycanı qarış-qarış gəzərək muzeyi bəzəyən nadir sənət nümunələrini toplayıb.
Saz-söz vurğunu olan Hüseyn kişi muzeyin yaranması məqsədini belə açıqlayır: “Atam Hacıqulu kişi Göyçə mahalının Ardanış kəndində el ağsaqqalı olub. Atam, babam Məşədi Həsən Aşıq Ələsgərlə dostluq ediblər. Aşıq Ələsgər evimizə gəlib-gedib. Uşaq vaxtı onun söhbətlərinin, oxumalarının şahidi olmuşam... 1988-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımız, eləcə də göyçəlilər öz ata-baba yurdlarından pərən-pərən düşüb, müxtəlif bölgələrdə məskunlaşdılar. O vaxtdan neçə il keçsə də, ulu Göyçə, düşmən tapdağında qalan Dədə Ələsgərin uyuduğu məzar heç vaxt xəyalımdan çıxmadı. Bir müddətdən sonra qərara gəldim ki, şəxsi mənzilimdə Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyi yaradım. Mənim bu istəyim ziyalılar, aşıq sənətinin pərəstişkarları tərəfindən rəğbətlə qarşılandı. Beləliklə, 2002-ci ildə “Gənclik” metrostansiyasından o qədər də uzaq olmayan bir məkanda adı çəkilən muzeyi yaratdım. Muzeyin ilk qonağı da Aşıq Ələsgərin nəvəsi, filologiya elmləri namizədi mərhum İslam Talıb oğlu Ələsgərov oldu...”.
Muzeydə el aşıqlarının zövqlə hazırlanan şəkilləri, qramofon valları, patefonlar, şair-aşıqların kitabları, saz, qara zurna, balaban, 150 nəfər aşığın səs yazılarından ibarət kasetlər, əcnəbi qonaqların muzeyə hədiyyələri səliqə ilə uyğun guşələrə düzülüb.
Muzeyin xatirə kitabında buranı ziyarət edən və aşıq sənətinin vurğunu olan müxtəlif peşə sahiblərinin, əcnəbi qonaqların ürək sözləri Azərbaycan aşıq sənətinin qədimliyindən, zənginliyindən və Hüseyn Həsənovun bu sahəyə dərin sevgisindən xəbər verir. Hüseyn kişinin şəxsi mənzilində muzey yaratması çox yüksək dəyərləndirilir. Hindistanın Azərbaycandakı keçmiş səfiri Debnat Şounun xatirə kitabına yazdığı sözləri isə daha çox diqqət çəkir: “Cənab Hüseyn Həsən böyük bir iş görərək muzey yaradıb. Burada hər bir eksponat Azərbaycanın zəngin mədəniyyətindən xəbər verir. Xalqın aşıq musiqisinə olan sevgisini ifadə edir... Ümidvaram ki, Azərbaycan xalqı bu sənət ocağının daha da genişləndirilməsində muzeyin yaradıcısı Hüseyn Həsənə daim yardımçı olacaq".
Xatırladaq ki, bir müddət əvvəl bir qrup türk jurnalisti tərəfindən muzey ziyarət edilərək, Azərbaycan aşıq sənəti haqqında veriliş hazırlanıb və dünyanın bir çox ölkələrinə yayımlanıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə Aşıq Ələsgər adına Azərbaycan Aşıqlar Muzeyində sənədli film çəkilib və həmin film UNESCO-ya təqdim edilib.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2017.- 14
dekabr.- S.7.