Rəssamlıq onun tale
yazısı idi
Xalq rəssamı
Səttar Bəhlulzadə ilahi
vergili bir insan olub. Haqqında söylənilən “rəvayətlər”
bunu deməyə əsas verir. Tanrının
yaratdığı yeddi rəng onun üçün bir
dünya idi. Bu dünyadan doymaq bilmirdi. Yəqin ki, molbert arxasına
keçəndə o, bu dünyaya yenidən qovuşur və həmin
anlar özünü dünyanın ən xoşbəxt
adamı sanırdı. Burada rənglər onu sehrləyir,
sanki, bütün ixtiyarını əlindən alırdı.
Rənglərlə işləyəndə ömrünün ən
xoş anlarını yaşayırdı. Sevgiləri,
duyğulu anları, kədərli məqamları
fırçasından kətana köçən rənglərlə
əbədiləşirdi.
Məşhur rus yazıçısı Qriqori
Anisimov demişdir:”Səttar yaradıcılığı
nümunəsində bir daha əmin olursan ki, rəssam olmaq
bütün həyatını incəsənətə qurban
verməkdir”. Səttar, doğrudan da, ömrünü həyatı
qədər sevdiyi sənətinə qurban vermişdi.
Əmircanda
doğulmuşdu, burada da ömrünün axırına kimi tənha
yaşamışdı. İnana bilmirəm ki, haçansa dəbdəbəli
həyat arzusunda olub. Amma ruhən çox varlı insan idi.
Moskvada rəssamlıq
təhsili almışdı. O vaxta kimi məşhur rəssam
olacağına ümidlər də böyük idi. Əsərləri
çox tanınmışdı. Moskvadan qayıtdıqdan
sonra Bəhlulzadənin yaradıcılığında tarixi
mövzular və tarixi şəxsiyyətlərin təsviri
(“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir
Əli” və s. əsas yer tutmuşdu. Müharibədən
sonrakı illərdə Səttar Bəhlulzadə Abşeronun neft mədənlərini,
bağ və kəndlərini təsvir edən rəsmlər
yaratmışdı. Onun yaradıcılığında təbiət
təsvirlərinə meyil getdikcə güclənmiş, mənzərə
janrında daha bitkin əsərlər yaratmağa
başlamışdı. 1946-1947-ci illərdə respublika rəssamlıq
sərgilərində Bəhlulzadənin Abşeron etüdləri
(“Buzovna neft mədənləri”, “Əmircan” və s.)
nümayiş etdirilmişdir.
Əsərlərinin
poetik və anlaşıqlı dili, əlvan rəngləri
tamaşaçını sehrli bir aləmə aparır. Səttar
Bəhlulzadə Azərbaycanın meyvəli
bağlarını, güllü-çiçəkli çəmənlərini,
gur sulu çaylarını, yamyaşıl düzlərini, əzəmətli
dağlarını təsvir etməyi xoşlayırdı. O,
Azərbaycanın rayonlarını gəzib dolaşır,
könlünə, qəlbinə yatan təbiət abidələrini,
ucsuz-bucaqsız bağları, çılpaq qayaları,
meşə və ormanları tabloya köçürür və
bundan sonra rahatlıq tapırdı.
Əsrarəngiz təbiəti ilə seçilən
Quba rayonu onun tez-tez səfər etdiyi, gözəl əsərlər
yaratdığı diyar idi. Ümumiyyətlə, Quba
mövzusu rəssamın yaradıcılığında əsas
yer tutur. 1972-ci ildə rəssamın dövlət
mükafatına layiq görülən əsərləri
sırasında Quba mövzusunda olan “Şahnabad dağları”
əsəri də var idi. Səttar Bəhlulzadənin bu əsəri
təbiətin özü qədər gözəl və cazibədar
idi.
O, bəzən
günlərlə Xəzər sahilində durub dalğaların pıçıltısına
qulaq asır, lacivərd ləpələrin həzin nəğməsini
dinləyərdi. Sonra da molbert arxasına keçib dənizlə
“söhbətlərini” rənglərin dilinə çevirərdi.
Bu gün
onun əsərləri ilə dünyanın çox yerində
tanışdırlar. Bu əsərlər Əlcəzair,
Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexoslovakiya, Bolqarıstan,
İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və bir sıra
başqa ölkələrdə nümayiş etdirilmişdir.
Dünyanın onlarca muzeyində Səttar Bəhlulzadənin əsərləri
daimi eksponatlar sırasındadır. Bu əsərlər harada
göstərilirsə, böyük maraq və sevgi ilə
qarşılanır.
Onun həyatda
ən çox nəyi
sevdiyini demək çətindir.
Amma mənə belə gəlir ki, rəssamın yeganə
xobbisi tənhalıq idi. Bəlkə bu, bütün rəssamlar
üçün səciyyəvi əlamətdir.
Çünki onların çoxu elə aylarla emalatxanalarda tənha
çalışırlar. Səttar isə sərbəst insan
idi. O, təbiət qoynunda tənhalığı, demək
olar ki, unudurdu.
Onun əsərlərindən bir neçəsinin adını xatırlatmaq istəyirəm: “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. Məgər bu əsərləri emalatxanalarda yaratmaq mümkündürmü? S.Bəhlulzadə bu əsərləri təbiətlə dərdləşə-dərdləşə yaradırdı.
Bu yaxınlarda Xalq rəssamı Səttar Bəhlulzadəyə aid yeni materialların üzə çıxarıldığı barədə məlumat sosial şəbəkələrin əsas mövzsuna çevrilmişdi. İndiyədək tədqiqatçılara məlum olmayan əsərlər, sənəd və fotolar şəxsi kolleksiyalarda saxlanılıb. Bu, görkəmli fırça ustasının irsini öyrənənlər üçün əsl tapıntıdır.
O, Vətəninin təbiəti qədər
insanlarını da sevirdi. Bu sevgi öz əksini onun tablolarında tapıb. O,
bütün varlığını, eşqini, məhəbbətini,
sevinc və kədərini bu əsərlərə
köçürmüşdü. Bizə yadigar qalan bu əsərlər
onun taleyini vərəqləməyə çox zəngin
material verir. Səttar Bəhlulzadə haqqında yazanlar bu əsərləri
oxumağı bacarmalıdırlar. Başqa cür
mümkün də deyil.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 15 dekabr.- S.8.