Xalq şairi Qabilin yeddicildlik

külliyyatı çap olunub

 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin “Əsərlər” adlı yeddicildlik külliyyatı bu günlərdə oxuculara təqdim edilib. Şairin vəfatından on il sonra işıq üzü görmüş kitablar oğlu, filoloq, yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu tərəfindən tərtib edilərək “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çap olunub.

 

AZƏRTAC xəbər verir ki, kitabın 520 səhifəlik birinci cildinə Qabilin şah əsəri sayılan və 1976-cı ildə ulu öndər Heydər Əliyevin qərarı ilə Azərbaycan SSR Dövlət mükafatına layiq görülən “Nəsimi” mənzum romanı daxil edilib. Kitabların ilk cildinin “Nəsimi” ilə başlaması heç də təsadüfi deyil. Qabilin poeziyasını sevənlər gözəl bilirlər ki, o, daim klassikləri, xüsusilə Allaha, gözəlliyə, həqiqətə qovuşmaq yolunda hər cür fədakarlığa can atan Nəsimini necə məhəbbətlə sevmiş, oxumuş, onu öyrənməkdən mənəvi bir zövq almışdır. Onun “Nəsimi”si məhz bu baxımdan sevgiyə canlı bir misaldır. Söz sənəti və Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah olmuşdur. On il üzərində çalışdığı poemasında – bu əsərə mənzum roman da deyirlər – Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir və dahi şairimiz İmadəddin Nəsiminin daxili, fiziki-mənəvi aləmini aça bilmişdir. Nəticədə Qabilin “Nəsimi”sində mərdlik, bahadırlıq pafosu, ölməzlik əzmi olduqca güclü şəkildə verilib. Onun tarixi və lirik qəhrəmanı Nəsimi özünə inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi keyfiyyətləri ilə əbədiyaşardır. Şairin televiziya verilişlərinin birində qeyd etdiyi kimi, bu, onun öz Nəsimisidir. “Ədəbiyyatımızın inkişafında Qabilin xidmətləri çox böyükdür”, – deyən ümummilli lider Heydər Əliyev şairin yaradıcılığına yüksək qiymət vermiş və bu dəyər özünü “Nəsimi” mənzum romanına təqdim olunan Dövlət mükafatında bir daha əyani şəkildə göstərir.

“Əsərlər” adlı külliyyatın ikinci cildində (520 səh.) şairin ayrı-ayrı illərdə yazdığı şeirləri toplanıb. Kitab şairin on üç yaşında yazdığı “Elanın ölümü” və ilk çap əsəri olan (4 aprel 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən bu şeirlə Qabil ədəbiyyata gəlib) “Gəl, baharım!” şeiri ilə başlanır. Bu cilddə oxucu Qabilin on səkkiz yaşından başlayaraq keçdiyi yaradıcılıq yolunu daha yaxından izləyəcək. Dillər əzbəri olan və Qabilin yaradıcılıq pasportu sayılan “Səhv düşəndə yerimiz” adlı klassik şeiri də bu cilddə yer alıb.

“Əsərlər” adlı külliyyatın beş yüz iyirmi səhifəlik üçüncü cildində şairin müxtəlif illərdə yazdığı şeirləri və poemaları – yazıldığı dövrdə poeziya hadisəsinə çevrilən və bu gün də sevilə-sevilə oxunan “Tramvay parka gedir”, “Türkün qəbri”, “Mehparə” poemaları, “Azərbaycan əsgəri” kimi tanıdığımız “Ümid sənədir ancaq” və hər zaman müasir səslənən “Sonuncu mogikan”, “Nəsimi bazarında”, “Çadırlara alışmayın”, “Qoru özünü” şeirləri yer alıb.

Xalq şairi Qabil həm də gözəl rübailəri ilə yadda qalıb. Bu səbəbdən də “Əsərlər” adlı külliyyatın dördüncü cildi (528 səh.) şairin müxtəlif illərdə yazdığı 870 rübaisi ilə açılır. Hər biri bir şeirə bərabər qoşayarpaqları, dördlükləri və müxtəlif illərdə yazdığı şeirləri ilə davam edir.

Beş yüz iyirmi səkkiz səhifəlik beşinci cilddə oxucu artıq şair Qabillə bir növ vidalaşır, altıncı və yeddinci cildlər də daxil olmaqla publisist, nasir, dramaturq Qabili kəşf etməyə başlayır. Günümüzün aktual mövzusu olan dil problemi, dilimizin saflığı uğrunda mübarizə, ümumi yox, konkret olaraq buraxılan səhvlərin göstərilməsi baxımından Qabilin beşinci cildin sonunda yer alan “Adsız-ünvansız iradlar”ı bu gün də gənc jurnalistlərimiz, yazıçılarımız üçün gözəl mənbədir.

Külliyyatın 6-cı cildi (528 səh.) Xalq şairinin 1980-85-ci ildə yazdığı, sovet quruluşunun ifşasına yönələn “Ömür həbləri” romanı ilə açılır. xalq yazıçısı İsmayıl Şıxlının “Yanar ürəklərin üsyanı” adlandırdığı bu əsər o dövrü yaxından tanımaq üçün gözəl bir mənbə olduğu qədər, cilddə yer alan xatirələr Qabilin müasirlərini, dostlarını, 1944-cü ildən 2007-ci ilə qədər ədəbi mühiti tanımaq baxımından bir o qədər qiymətlidir.

Nəhayət, beş yüz iyirmi səhifəlik “Əsərlər” adlı külliyyatın yeddinci cildində isə şairin publisist söhbətləri, mötəbər məclislərdə çıxışları, müsahibələri, xatirələri, hekayə və tərcümələri və “Dənizin cazibəsi” adlı dramatik povesti yer alıb. Xalq arasında məşhur olan “Azərbaycan SSR Prezidentinə suallar” adlı yazı ilə başlayan yeddinci cild tariximizi öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

Mahir Qabiloğlu təkcə tərtibçiliklə kifayətlənməyib. Bütün cildlərdə iriliyindən-xırdalığından asılı olmayaraq, hər bir şeirin, poemanın, nəsr və publisistik əsərin əlifba və cild üzrə axtarılması sistemini yaradıb. Biblioqrafiya verib. Yeddinci cilddə, həmçinin yüzdən çox fotoşəkil də yer alıb ki, bu da Qabilin dörd yaşından 81 yaşınadək keçdiyi həyat yolu barədə qısa da olsa əyani təəssürat yaradır.

Bir məqamı da xüsusilə qeyd edək ki, tərtibçi və redaktor Mahir Qabiloğlu atasının yaradıcılığına dar çərçivədən yanaşmayıb. Külliyyatda SSRİ, Lenin, Stalin, o dövr haqqında yazılan şeirlər də öz əksini tapıb ki, bu da tariximizə olan hörmətin təcəssümü olmaqla yanaşı, Qabili hərtərəfli tanımağımıza zəmin yaradır.

Bu nəşrlər tərtibçinin böyük zəhməti hesabına başa gəlib. O, bununla bir daha əsl vətəndaşlıq və oğulluq missiyasının nədən ibarət olduğunu göstərib. Özünü bir filoloq kimi təsdiq edib. Bir institutun görməli olduğu işi qısa müddətdə başa çatdırıb, ədəbiyyat tariximizə ərməğan, əsrlərə yadigar, kitabın əvvəlində özü qeyd etdiyi kimi, “xatirə” qoyub.

Yeri gəlmişkən qeyd edək ki, Xalq şairi Qabil şəxsiyyət bütövlüyü ilə seçilən elə böyük sənətkarlarımızdandır ki, bu, onun yaradıcılığında da öz ifadəsini tapıb. Onun gözəl lirik, epik-dramatik şeirləri ilə yanaşı, hər cəhətdən tamamlanmış poemaları oxucular tərəfindən həmişə hərarətlə qarşılanıb. Elə buna görə də Qabilin əsərləri həmişə oxunur, əzbərlənir, ən mötəbər tədbirlərdə həm qabilsevərlər, həm də görkəmli qiraət ustaları tərəfindən şövqlə səsləndirilir. Eyni zamanda, xalq tərəfindən həmişə sevilən Qabil bütün yaradıcılığı ilə dillər əzbəri olan “Səhv düşəndə yerimiz”, “Bakılı”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir-məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı”, “Göygöl”, “Mübarəkdir Qız qalası”, “Məhəbbət deyil”, “Küləkli havalarda, yağışlı havalarda”, “Türkün qəbri”, “Ümid sənədir ancaq”, “Gedən yerim olaydı”, “Əslində”, “Sənə qurbankimi şeirləri və “Nəsimi" kimi fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyaşarlıq qazanıb.

Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda, həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir. Heç bir rəsmi vəzifə daşımayan Qabil azad söz sahibi olub, xalqın istək və arzularını həmişə yuxarı dairələrə çatdırıb. Bu da ondan irəli gəlib ki, Qabil yuxarıda dediyimiz kimi, həqiqəti, düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi qəbul edən nadir vətəndaşlıq mövqeli, təəssübkeş şair idi. Akademik Tofiq Hacıyev “Qabilin qabilliyi” adlı məqaləsində yazırdı: “Qabil deməli olduğu sözü heç vaxt saxlamayıb. Həmişə düşünüb. Tanrı bu şairlik istedadını ona verib ki, xalqına gərək olan sözü desin”. Bu mənada Qabili, sözün əsl mənasında, xalqa bağlı olan bir şair hesab edirik. O, heç vaxt xalq haqqında mücərrəd danışmayıb, onun sevincinə şərik olub, dərdindən-sərindən yazıb. Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslərlə, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirik nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

Bu yeddi cildlikdə şairin bütün külliyyatı ardıcıllıqla, sistemli şəkildə çap olunub. Bütün cildlərdə tərtibçi tərəfindən şairin qısa, lakin dolğun tərcümeyi-halı verilib. Qeyd edək ki, “Oğlu Mahirdən xatirə” ifadəsi ilə açılan bu yeddicildlikdə redaktə və korrektə zamanı həmin dövrün qrammatik qaydaları nəzərə alınıb. Çoxcildliyin redaktorluq missiyasını da yerinə yetirən Mahir Qabiloğlu bu işin də öhdəsindən layiqincə gəlib. Şairin bütün külliyyatının toplandığı bu yeddicildlikdə ona korrektorlarSevinc, Suğra, Bəyim İmamverdiyevalar, Nofəl Mehdiyev yardımçı olublar. Bədii tərtibatçı Zaur Qafarzadənin nəfis, klassik tərtibatını isə xüsusi qeyd etmək lazımdır.

İnanırıq ki, bu kitablar nəinki Qabili şeirsevərlərə bir daha yaxından tanıdacaq, həm də gələcək tədqiqatçılar üçün şairin irsinin daha dərindən və hərtərəfli tədqiqinə kömək göstərəcək.

 

Xalq qəzeti.- 2017.- 17 dekabr.- S.6.