Azərbaycanda turizm infrastrukturu genişlənir
və xidmətin səviyyəsi yüksəlir
Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş Assambleyasının
Kolumbiyanın Medelin şəhərində keçirilən
21-ci sessiyası çərçivəsində qəbul
edilmiş qətnaməyə əsasən, 2017-ci il dünyada “Turizmin
davamlı inkişaf ili” elan edilib. Burada əsas məqsədi turizm sənayesinin inkişafında
davamlı turizmin rolunun artırılması, bu sahədə təbliğatın, eləcə də
bu sahə üzrə maarifləndirmə işlərinin
gücləndirilməsidir.
Davamlı inkişaf tendensiyası Azərbaycanda da uğurla həyata keçirilməkdədir. Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 276 604 nəfər olub.Onlardan 727 577 nəfəri Rusiya Federasiyası, 439 305 nəfəri Gürcüstan, 320 904 nəfəri İran, 249 210 nəfəri Türkiyə, 81 742 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 54 242 nəfəri İraq, 49 809 nəfəri Ukrayna, 31 821 nəfəri Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 381 807 (20,1 faiz) nəfər çox əcnəbi turist gəlib.
Bunun, əlbəttə ki, obyektiv səbəbləri var. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş respublikamızı turistlər üçün cəlbedici ölkəyə çevirir. Doğrudan da, son illər turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilərək sürətlə inkişaf etməkdədir. Cənab Prezidentin imzaladığı fərman və sərəncamlar, eləcə də qəbul olunmuş ixtisaslaşmış turizm sənayesi üzrə strateji yol xəritəsi bu inkişafa güclü stimul vermişdir.
“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 20 fevral 2017-ci il tarixli sərəncamına uyğun olaraq, bütün sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidi üçün xüsusi ayrılmış hərəkət zolaqlarının yaradılması və bununla bağlı müvafiq təşkilati işlərin görülməsi nəzərdə tutulmuşdur.
Strateji yol xəritəsində turizmin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşması da yeni uğurlara start verilməsinə imkan yaratmışdır. Strateji yol xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.
2017-ci ildə ölkəyə turistlərin gəlişini asanlaşdırmaq üçün dövlət başçısının fərman və sərəncamlarında verilən tapşırıqların icrası çərçivəsində elektron vizanın tətbiqi daha da təkmilləşdirilmiş və “ASAN viza” sistemi yaradılmışdır. Hazırda 81 ölkənin vətəndaşı “ASAN viza” sistemi vasitəsilə elektron viza əldə edə bilir.
Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq Azərbaycan Respublikası Prezidenti 31 yanvar 2017-ci ildə “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm də əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və ya xarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri tətbiq olunur.
Çimərlik turizminin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq olunmuşdur. Tədbirlər planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun qurulması, bu sahədə fəaliyyət göstərən operatorların işinin tənzimlənməsi, ətraf mühitin mühafizəsi, təhlükəsizlik və s. kimi mühüm tədbirlər yer almışdır.
Dünya İqtisadi Forumunun (DİF) 2017-ci il üçün tərtib etdiyi “Səyahət və turizm rəqabətliliyi hesabatı”nda Azərbaycan Gürcüstanı altı müxtəlif göstərici üzrə qabaqlayır, eləcə də turizm üzrə həyata keçirilən islahatlar göstəricisinə görə Yaponiyadan sonra Azərbaycan ikinci yerdədir. Azərbaycan, həqiqətən, inkişaf etmiş turizm ölkəsinə çevrilməkdədir. Aparılan islahatların və sahibkarlara göstərilən dəstəyin nəticəsi olaraq, yaxin gələcəkdə ölkə iqtisadiyyatında turizmin xüsusi çəkisinin daha da artacağı şübhəsizdir.
Son zamanlar elektron vizaların verilməsi, "Tax free" sisteminin tətbiqi, Birinci Avropa Oyunları və “Formula-1” kimi mötəbər yarışların keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə vemişdir.
Turizm ölkəyə xarici valyuta axınını sürətləndirir, xidmət şəbəkəsinin genişləndirilməsinə təkan verir və beləliklə, yeni iş yerləri yaradılır, ölkədə məşğulluğun sahə və istiqamətlərini genişləndirir.
Bunun üçün son illər bu sahənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda geniş turizm infrastrukturu yaradılmış, yeni mehmanxanalar, istirahət guşələri istifadəyə verilmiş, ölkəyə turistlərin cəlb olunması üçün mühüm layihələr reallaşdırılmışdır.
Ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanda turizm sürətlə inkişaf edir, yeni hotellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi sahənin perspektiv inkişafına imkan verir.
Paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektləri yaradılır. Bu gün dövlət siyasətində hər bölgənin turizm potensialı və ənənələri əsas götürülməklə, müvafiq infrastrukturun qurulmasına xüsusi diqqət yetirilir, başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın müxtəlif bölgələrində turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsinin yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Ölkəmizin reytinqinin yüksəlməsində mühüm rol oynayan Şahdağ Qış-Yay Turizm Kompleksi belə yüksək səviyyəli obyektlərdəndir. Bu kompleks dünyadakı oxşar turist obyektlərindən nadirliyi və universallığı ilə fərqlənir.
Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi “Tufan” Dağ-Xizək Qış İstirahət Kompleksi Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılıb. Bu layihə çərçivəsində indiyədək nəhəng infrastruktur yaradılmış, avtomobil yolu çəkilmiş, torpaq sürüşməsinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.
Bakıda bir neçə beşulduzlu otel
açılmışdır. Bu otellər dünyanın ən
yüksək keyfiyyətli otelləri
sırasına daxildir. “Four
seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski”, “Cumeyrah”,
“Sheraton”, “Hyatt” kimi otellər
Bakıda yerləşir. Yəni,
biz bunu ancaq dünyanın inkişaf etmiş şəhərlərində
müşahidə edə bilərik.
Azərbaycanda
zəngin müalicəvi kurort mərkəzlərinin yaradılması
istiqamətində də işlər davam etdirilir. Hazırda
ölkəmizin turizm siyasətində belə mərkəzlərin
yenidən qurulması əsas istiqamətlərdən biri kimi
müəyyənləşdirilir. Məsələn, Naftalan əvvəlki
şöhrətini özünə qaytarır. Burada
üç gözəl otel fəaliyyət göstərir.
Qalaaltı Kurort-Müalicə mərkəzi də turistlərin
müraciət etdiyi əhəmiyyətli turizm obyektidir.
Mədəniyyət
və Turizm Nazirliyinin “elektron
hökumət” Dövlət İnformasiya Sistemi" (EHDİS)
portalına qoşulmaq üçün müvafiq işlər
aparılmış, nazirliyin e-xidmətlər saytında
(www.e-services.mct.gov.az) müxtəlif interaktiv xidmətlər
göstərilmişdir. Hazırda turizm, mehmanxana, mehmanxana
tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul
olmaq istəyən hüquqi və fiziki şəxslərə
icazələrin, lisenziyaların verilməsi üçün
müraciətin və sənədlərin qəbulu yalnız
e-xidmətlər vasitəsilə həyata keçirilir.
Azərbaycan
turizm sahəsində geniş beynəxalq əlaqələr
qurur. İndi elə beynəlxalq turizm sərgisi yoxdur ki, Azərbaycanın turizm şirkətləri orada
iştirak etməsinlər. Bundan başqa,
respublikamız turizm sahəsində inkişaf etmiş
ölkələrlə əməkdaşlıq haqqında
hökumətlərarası saziş imzalayıb.
Respublikamızın turizm təşkilatları son illər
Dünya Turizm Təşkilatının (DTT)
tədbirlərində yaxından iştirak edirlər.
Ölkəmizi təmsil edən bir neçə turizm şirkəti
də DTT-nin assosiativ üzvləri sırasına daxil olub.
Azərbaycan xalqının qonaq-pərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün insanların rahat, təhlükəsiz istirahəti üçün zəruri şərait yaradılmışdır.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2017.- 17 dekabr.- S.7.