Hüseyn Cavidin və Kazım Qarabəkir

Paşanın xatirələri yad edildi

 

“Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış dramaturq Hüseyn Cavid və Türkiyə hərb tarixinin tanınmış şəxsiyyətlərindən olan Kazım Qarabəkir Paşanın fəaliyyəti türk dünyası tarixində silinməz izlər qoyub və hər iki şəxsiyyətin həyat və fəaliyyəti milli amallara bağlı olub”. Bu fikirlər AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə MEK-də Hüseyn Cavidin və Kazım Qarabəkir Paşanın anadan olmalarının 135 illiyinə həsr edilmiş tədbirdə səsləndirildi.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova birinin əlində qələm, digərinin əlində silah olan Hüseyn Cavid və Kazım Qarabəkir Paşanın ümumtürk mənafeyinə xidmət edən mərdanəlik cizgilərindən, onların fəaliyyətinin əsas məqamlarından söz açdı. Bildirdi ki, Türkiyənin görkəmli hərb və dövlət xadimi, Atatürkün yaxın silahdaşlarından biri, Naxçıvanın erməni işğalından azad edilməsində mühüm rol oynamış Türk Ordusunun Şərq Cəbhəsinin komandanı və Hüseyn Cavidin dostu Kazım Qarabəkir Paşanın xatirəsinə həsr olunmuş tədbirin türk elinin məslək və dostluq telləri üzərində qurulması hər iki şəxsiyyətə olan sayğıdan və onların gənc nəslə tanıdılmasından irəli gəlir.

Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova hər iki mütəffəkkirin xidmətlərindən, türk dünyasındakı rolundan danışdı və onların dostluğunu Türkiyə və Azərbaycan qardaşlığının rəmzi kimi xarakterizə etdi.

Mədəniyyət və turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü, professor, Əməkdar incəsənət xadimi Sevda Məmmədəliyeva tədbiri təqdirəlayiq hal kimi dəyərləndirdi, hər iki ictimai xadimin tariximizdəki misilsiz xidmətlərinə toxunaraq tədbirin ulu öndərin “Bir millət, iki dövlət” deyiminə növbəti  töhfə olduğunu bildirdi.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral tədbirin əhəmiyyətinə toxunmaqla,  qələm və silahla mücadilə etmiş bu iki tarixi simanın daim yaddaşlarda yaşayacağını vurğuladı  bu mənada toplantını yüksək qiymətləndirdi.

“Kazım Qarabəkir Vəqfi”nin rəhbəri, Kazım paşanın qızı Timsal Qarabəkir “Kazım Qarabəkirin həyat və mübarizə yolu” haqqında geniş məruzə etdi.

Daha sonra digər məruzələr dinlənildi və musiqi kompozisiyaları ifa edildi.

Sonda Hüseyn Cavidin ailəsi adından çıxış edən AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova  təşkilatçılara və iştirak edən bütün qonaqlara minnətdarlığını bildirdi.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2017.- 19 dekabr.- S.10.