Qazaxda Osman Sarıvəlli
poeziya bayramı
Qazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə Xalq şairi Osman Sarıvəlliyə həsr
olunmuş poeziya bayramı keçirilmişdir.
Poeziya
bayramından əvvəl tədbir
iştirakçıları İkinci Şıxlı kənd məzarlığına
gələrək Xalq şairi Osman Sarıvəllinin qəbrini
ziyarət etmişlər. Burada məktəblilər şairin
şeirlərini oxumuşlar.
Sonra
poeziya bayramı Ədəbiyyat muzeyində davam
etdirilmişdir.Burada qonaqlar muzeylə, Xalq şairinin
kitablarından ibarət sərgi ilə yaxından
tanış olmuşlar.
Rayon icra
hakimiyyətinin başçısı Rəcəb Babaşov
poeziya bayramını giriş sözü ilə açaraq, tədbir
iştirakçılarını və qonaqları
salamlamış, bayram münasibətilə onları təbrik
etmişdir. Osman Sarıvəlli poeziyasının gözəlliyindən
söz açan rayon rəhbəri qeyd etmişdir ki, “hər
kim yüz il yaşamasa, günah onun özündədir”
misralarını milyonları düşündürən sətirə
çevirən görkəmli şair Osman Sarıvəlli
milli ədəbiyyatımıza böyük töfhələr
vermiş, Azərbaycan dilinin inkişafında onun xüsusi
xidmətləri olmuşdur. Düzdür, onun özü də
yüz yaşaya bilmədi, lakin yaratdığı əsərlər,
qazandığı sevgi, heç şübhəsiz, bundan
sonra da hələ çox yüz illər yaşayacaq və
osmansevərlər onu xoş xatirələrlə yad edəcəklər.
Sonra Xalq
şairinin həyat və yaradıcılığından bəhs
edən, onun haqqında söylənmiş qiymətli fikirlərin
yer aldığı film nümayiş olunmuşdur.
Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri,
Əməkdar incəsənət xadimi Barat Vüsal Xalq
şairinin həyatı, yaradıcılığı
haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verərək bildirmişdir ki, Osman Sarıvəllinin
ilk kitabı 1934-cü ildə “Dəmir sətirlərim”
adı altında oxuculara təqdim edilib. Yurdumuzun gözəllikləri,
folklorumuzun müdrikliyi, klassik poeziyamızın incəlikləri
Osman Sarıvəlli yaradıcılığının mənəvi
qidasına çevrilib.
Poeziya
bayramında akademik Teymur Bünyadov, Milli Məclisin
deputatlarından Nizami Cəfərov və Ülviyyə
Ağayeva, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham
Pirməmmədov, filologoya elmləri doktoru Rüstəm Kamal,
şair Musa Ələkbərli, şair-jurnalist Məmməd
Əfşan, filologiya elmləri üzrə fəlsəfə
doktoru Natəvan Dəmirçioğlu, AYB-nin əməkdaşı
Gülamayıl Murad çıxış edərək Osman
Sarıvəlli yaradıcılığı haqqında öz
ürək sözlərini söyləmiş, şairlə
bağlı xatirələrini danışmışlar. Qeyd
olunub ki, Osman Sarıvəlli böyük şair olduğu
kimi, həm də qüdrətli tərcüməçi idi.
Sənətkar Nizami Gəncəvi, Viktor Hüqo, Puşkin,
Nazim Hikmət kimi yazıçı və şairlərin əsərlərini
dilimizə tərcümə etmiş, folklorumuzun və
aşıq yaradıcılığının tədqiqində,
eləcə də böyük Səməd Vurğun
yaradıcılığının külliyyatının
hazırlanıb çap edilməsində öz qüvvəsini
əsirgəməmişdir. Onun qoşmaları bu gün də
Azərbaycan aşıqlarının ən çox sevdiyi,
oxuduğu mahnılara çevrilib.
Poeziya
bayramında tədbir boyunca aşıqlardan Camoy Qurbanov,
Hüseyn Kəmərli, Samir Allahverdiyev, Şahin Süleymanov
saz havaları üstündə şairin şeirlərini
oxumuşlar.
Qazax
Dövlət Dram Teatrı aktyorlarından Zəmanə Dərvişova
və Hacı Hacıyevin ifasında “Gətir, oğul, gətir”
poemasından bir parça ifa olunmuşdur.
M.Hüseyn
adına məktəb-liseyin və İkinci Şıxlı kənd
tam orta məktəbin şagirdləri Xalq şairinin şeirlərindən
parçalar söyləmişlər.
Xalq
şairinin oğlu, hazırda Türkiyədə
çalışan professor Babək Qurbanov
çıxış edərək atasına verilən yüksək
dəyərə və belə yüksək səviyyəli tədbirin
keçirilməsinə görə respublika rəhbərinə
ailəsi və osmansevərlər adından öz dərin
minnətdarlığını bildirmiş və demişdir:
– Bu
gün bizim ailə üçün əsl bayramdır. Biz
sevinirik ki, atama bu cür dəyər verilir, onun adı əziz
tutulur. Mən şairin oğlu və bir elm adamı kimi
ölkə başçısı cənab İlham Əliyevə
sonsuz təşəkkürümü çatdırıram
ki, şairlərimizə, yazıçılarımıza, ədəbiyyat
adamlarına hər zaman böyük önəm verir, diqqət
və qayğı göstərir. Bu gün atam Osman Sarıvəllinin
həyatına, yaradıcılığına həsr
olunmuş poeziya bayramı bunun ən bariz nümunəsidir.
Poeziya
bayramı Eldar Nəsiblinin “Bura Qazaxdı” şeirinin sədaları
altında başa çatmışdır.
Hamlet Qasımov
Xalq qəzeti.- 2017.- 19 dekabr.- S.9.