“Ozan”
elm və sənət
toplusu təqdim edilib
Azərbaycan folklorunda mühüm yer tutan aşıq sənəti bizim milli-mənəvi irsimizin yaşadılmasında və gələcək nəslə çatdırılmasında mühüm yer tutur. Sevindirici haldır ki, bu gün aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu fikirlər M.F.Axundzadə adına Milli Kitabxanada keçirilmiş Azərbaycan Aşıqlar Birliyinin (AAB) “Ozan” elm və sənət toplusunun birinci buraxılışının təqdimatında səsləndirildi.
Elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə, əvvəlcə AAB-nin dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış oldu. Kitabxananın direktoru, professor Kərim Tahirov nəşrin aşıq sənətinin təbliği və bu sahədə araşdırmaların ictimaiyyətə təqdimatı baxımından onu yüksək qiymətləndirdi. Bu cür sanballı toplu və nəşrlərin müasir dövrümüzdə aşıq sənətinin tanıdılması və yaşadılmasında mühüm addım olduğunu vurğuladı. Toplunun baş redaktoru, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı nəşrin aşıq sənətinə mühüm töhfə olduğunu bildirdi.
Qeyd etdi ki, ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm mərkəzlərinin tanınmış ziyalılarının da təmsil olunduqları nəşrin əsas missiyası bu ulu sənəti yaşatmaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev dövlətin bu sahəyə olan diqqət və qayğısından söz açdı.
Filologiya elmləri doktoru, professor Şirindil Alışanov, AAB-nin beynəlxalq əlaqələr üzrə katibi, sənətşünaslıq doktoru Sənubər Bağırova, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq doktoru İradə Köçərli, professor İsmayıl Məmmədli, Əməkdar mədəniyyət işçisi, aşıq Ulduz Quliyeva, musiqişünas Kamilə Dadaşzadə, aşıq Solmaz Kosayeva musiqişünas Mübariz Əliyev, AAB-nin sədr müavini, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və başqaları çıxış edərək qədim musiqi sənətimizin ədəbiyaşarlığından danışdılar.
Sonda Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Əməkdar mədəniyyət işçiləri Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, gənc aşıq Gözəl Kəlbəcərli və başqalarının ifalarında aşıq havaları iştirakçılarda xoş ovqat yaratdı.
Qeyd edək ki, “Ozan” toplusu “Elm və təhsil” nəşriyyatında çap olunub. Nəşrdə aşıq sənətinin müxtəlif istiqamətləri ilə bağlı rəngarəng elmi araşdırmalar, eləcə də bu il ərzində birliyin həyata keçirdiyi tədbirlər və beynəlxalq əhəmiyyətli görüşlər geniş işıqlandırılıb.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2017.- 27
dekabr.- S.6.