“İqbalnamə” Özbəkistanda
işıq üzü görüb
Nizami Gəncəvinin “İsgəndərnamə”
poemasının ikinci hissəsi – “İqbalnamə” Daşkənddə
“Extremum Press” nəşriyyatında çap edilib. Bu əsər
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin təşəbbüsü
ilə işıq üzü görüb.
Özbəkistanın Xalq şairi Camal Kamal “İqbalnamə” əsərini orjinaldan özbəkcəyə çevirib.
Kitabın “Ön sözü”nün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər – professorlar Naim Karimov, Boqicon Toxliyevdir.
Ön
sözdə dahi şairin yaradıcılığı
yüksək qiymətləndirilmişdir. Orada müəllif
dahi Nizaminin təsiri ilə nəinki özbək, eləcə
də, bütün Şərq ədəbiyyatının
inkişafa nail olduğunu və zənginləşdiyini
bildirir. Ş.Siracəddinov qeyd edir ki, “İsgəndərnamə”
özünün yüksək ideya və bədii dəyərləri
ilə Yaxın Şərq xalqları ədəbiyyatına
güclü təsir göstərmişdir. Şərqdə
yazılmış Əmir Xosrov Dəhləvinin “Ayineyi-İsgəndəri”,
Əbdürrəhman Caminin “Xirədnameyi-İsgəndəri”,
Əlişir Nəvainin “Səddi-İsgəndəri” və
başqa əsərləri Nizami “İsgəndərnamə”sinin
təsiri ilə yaradılmış əsərlər
sırasındadır.
Kitabın
tərcüməçisi isə giriş məqaləsində
vurğulayıb ki, “İsgəndərnamə”
poemasının ikinci hissəsi olan “İqbalnamə” əsəri
Nizami yaradıcılığının dürdanəsidir.
Qeyd edək
ki, Nizami irsinin Özbəkistanda tanıdılması və
geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə
Camal Kamal arasında dahi şairin “Xəmsə”sinin özbək
dilinə tərcümə olunması ilə bağlı
müqavilə imzalanıb.
Ülviyyə
VAHİDQIZI
Xalq qəzeti.- 2017.- 28 dekabr.- S.8.