“Naxçıvan xalçaçılığı:

ənənə və müasirlik”

 

Mədəniyyət birtərəfli, yarımçıq olmur. Ən önəmlisi, mədəniyyət özülsüz olmur: kök, ənənə, yaddaş, bədii rəmz üzərində inkişaf edir. Belə bir ənənə isə əksər hallarda davamlı, dayanıqlı olur, kökü qədim yüzilliklərə, hətta minilliklərə gedib çıxır. Bu deyilənlər Azərbaycanın qədim mədəniyyəti olan əzəli, əzəmətli yurd yerlərindən birinə-- doğma Naxçıvan diyarına çox yaraşır.

 

Bu fikir bu yaxınlarda işıq üzü görən, çox dəyərli, sanballı elmi araşdırmanın nəticəsi olaraq ərsəyə gələn, həm də yüksək poliqrafik səviyyədə hazırlanan “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının istinad etdiyi mühüm dəyərləri özündə əks etdirir. Kitabın adında yer alan ənənə və müasirlik deyimi həm Naxçıvan mədəniyyətinin qədim köklərindən, həm də onun bugünkü nailiyyətlərindən, ənənələrin qayğı ilə qorunub saxlanılmasından, zəmanəyə uyğun inkişaf etdirilməsindən xəbər verir.

Kitabın müəllifləri AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı akademik İsa Həbibbəyli və xalça sahəsində tanınmış mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovdur. İriformatlı, 284 səhifəli kitabı “Elm” nəşriyyatının qrifi ilə “Bestpack” MMC yüksək poliqrafik səviyyədə, nəfis şəkildə çap etmişdir.

Kitab “Azərbaycan xalçaları--bütün qrupları ilə” elmi-fundamental layihə çərçivəsində Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuşdur. Onun üç dildə olması oxucu auditoriyasını qat-qat genişləndirir. Bu fundamental əsər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə çap edilmişdir. Əsərin redaktoru AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Nəşrdə Naxçıvan xalçaçılığı elmi-təcrübi yönləri ilə iri planda araşdırılmışdır.

Əsərin mühüm cəhətlərindən biri də burada çox sayda fotoların yer almasıdır. Yüksək keyfiyyətli şəkillər Naxçıvan torpağının dünəni, bu günü, eləcə də xalçalar, xalça məmulatları və ornamentləri barədə əyani təsəvvür yaradır.

Tədqiqat işinin əsas elmi metodologiyasını kulturoloji, tarixi, sosial-siyasi və sənətşünaslıq yanaşmaları təşkil edir. Bu xüsusiyyət kitabın mündəricatında əks etdirilmiş başlıqlardan, onun məzmunundan məlum olur. Belə ki, müəlliflər Naxçıvan xalçaçılığını geniş spektrdə təhlil etmişlər. Bunu kitabın əsas üstünlüklərindən biri kimi dəyərləndirmək olar. Belə ki, xalçaçılıq tarixi ilə bağlı əksər tədqiqatlarda bu sənət növünə, belə demək mümkünsə, birtərəfli yanaşılmışdır. Tədqiqatçıların bir çoxu əhatəli müqəddiməyə yer vermədən, dövrün, mühitin, ərazinin ab-havasının, əhvali-ruhiyyəsinin mənzərəsini yaradan mətnlərdən istifadə etmədən birbaşa xalça sənətinin bədii-estetik xüsusiyyətlərindən, bu və ya digər xalça məktəbinin kompozisiya-rəng ənənələrindən söz açmışlar.

Yeni nəşrin mühüm üstünlüyü onun Naxçıvan xalçaçılığına kompleks yanaşmasından ibarətdir. Belə ki, müəlliflər kitabda Naxçıvanın geniş tarixi-mədəni mənzərəsini əks etdirmişlər. Təbii ki, kitabın ana xəttini Naxçıvan xalçaları, buradakı məhəlli xalça mərkəzləri, xalçaların bədii kompozisiya və rəng xüsusiyyətlərinin təhlili təşkil edir. Lakin dövrü, ərazinin coğrafiyasını, insanların məişətini bilmədən, sosial-iqtisadi inkişaf tarixini aydın təsəvvür etmədən bədii üslubun formalaşma şəraiti və səbəblərini, onun mənşəyini, genezisini bilmək də mümkün deyil.

Müəlliflərin tətbiq etdiyi metodologiya məhz bu cəhətlərin işıqlandırılmasına yönəlmişdir. Bu metodologiya, əslində, iki məqsədə qulluq edir. Bir tərəfdən, o, Azərbaycan barədə, onun qədim bölgələrindən olan Naxçıvan haqqında müfəssəl tarixi-mədəni məlumatları əks etdirir, digər tərəfdən, Naxçıvan xalçaçılığının intişar tapdığı, inkişaf etdiyi mühitin ictimai-siyasi və iqtisadi mənzərəsini göz önündə canlandırır.

Kitabın ilk fəsli “İlkin sivilizasiyadan müasir intibaha” adlanır. Fəslin leytmotivini Naxçıvanın qədim zamanlardan tutmuş bu günədək olan zəngin tarixinin nəzərdən keçirilməsi təşkil edir. Naxçıvan torpağının qədimliyindən bəhs edən müəlliflər burada ibtidai insanların 300--500 yüz min il əvvəl məskunlaşdığını qeyd edirlər. Birinci fəsildə Naxçıvanın orta əsrlər tarixi, XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən işğala məruz qalması, XX əsrin əvvəllərində erməni daşnaklarının buranı ələ keçirmək cəhdləri, sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanda fəaliyyət göstərən Hərbi İnqilab Komitəsinin yerli əhalinin iradəsini həyata keçirərək Azərbaycanın tərkibində qalmaq haqqında bəyanatla çıxış etməsi barədə məlumatlar öz əksini tapır.

Fəsildə Naxçıvanın yeni tarixi, müasir dövrdəki inkişafı haqqında materiallara da geniş yer verilib. Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, apardığı böyük quruculuq işləri hərtərəfli işıqlandırılmışdır. Ümummilli lderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində işlədiyi çətin, mürəkkəb tarixi-siyasi şəraitdə atdığı qətiyyətli addımlar, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi ilə bağlı imzaladığı tarixi qərar fəsildə əks olunmuşdur. Muxtar diyarın şərəfli tarixini bugünkü dinamık inkişafı ilə əlaqələndirən müəlliflər bunu aşağıdakı sözlərlə diqqətə çatdırırlar: “Bir sözlə, Naxçıvan Muxtar Respublikasında tarixilik və müasirlik yaşadılır, davamlı milli ənənələr qorunub saxlanılır və inkişaf etdirilir.”

Kitabın “Naxçıvanın siyasi və sosial-iqtisadi inkişaf tarixi” adlanan ikinci fəslində bölgənin bu sahələrdəki tarixi işıqlandırılır. Maraqlıdır ki, birinci fəsildə olduğu kimi, ikinci fəsildə də tədqiqat metodologiyasının əsasında tarixi ardıcıllıq  prinsipi dayanır. Fəsildə Naxçıvanın qədim zamanlardan bu günədək olan iqtisadi inkişafının əhatəli mənzərəsi öz əksini tapıb. Şübhəsiz ki, hər iki fəsildə yer alan məlumatlar xalçaçılığın inkişaf xüsusiyyətlərinin aydınlaşdırılması üçün vacib və gərəklidir.

“Boyaqçılıq” adlanan üçüncü fəsildə isə sənətşünaslıq yanaşması ön plana keçir. Lakin bu, ənənəvi məzmunlu sənətşünaslıq olmayıb boya üçün xammal əldə edilməsi və onun hazırlanmasının texnoloji üsulları ilə sıx bağlıdır. Çox yaxşı haldır ki, kitabda təbii materiallardan, bitkilərdən, güllərdən boyaqçılıq üçün istifadə edilməsi ətraflı nəzərdən keçirilib. Təbii ki, boyaqçılığın inkişafı xalçaçılığın inkişafı ilə birbaşa əlaqədar idi.

Sənətşünaslıq baxımından kitabın əsas hissəsini “Xalçaçılıq” fəsli təşkil edir. Həmin fəsildə Naxçıvan xalçaçılığının hərtərəfli mənzərəsi yaradılmışdır. Burada xalçaların təkcə kompozisiya, ornament və kolorit xüsusiyyətlərindən bəhs olunmur. Qeyd olunan sahələrlə yanaşı, fəsildə xalçaçılığın ümumi inkişaf xüsusiyyətləri, toxuculuq alət və materialları, xalçaların sərgilənməsi və s. barədə maraqlı tarixi faktlar da öz əksini tapır. Ümumiyyətlə, kitabda tarixi mənbələrə çox müraciət olunub ki, bu da bir elmi-tədqiqat əsəri olaraq onu daha qiymətli edir.

Qeyd olunan kulturoloji, tarixi, sosial-siyasi və sənətşünaslıq yanaşmaları ilə yanaşı, kitabda olan daha iki yanaşma tərzini qeyd etmək vacibdir. Bunlar etnoqrafik və biblioqrafik metodologiyaların tətbiqindən ibarətdir. Tamamilə aydındır ki, bunlarsız xalçaçılığın bitkin mənzərəsini yaratmaq mümkün olmazdı. Çünki xalça öz-özlüyündə maddi mədəniyyətlə, məişətlə bağlı sənət sahəsidir. Bu isə onun etnoqrafik məzmununu şərtləndirir. Ənənəvi azərbaycanlı ailəsini, azərbaycanlı məişətini, interyerini xalçasız təsəvvür etmək qeyri-mümkündür. Bu, təkcə Naxçıvan bölgəsinə, yaxud ümumən Azərbaycana xas deyil. Eyni cəhəti qardaş türk ellərində-- Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanda müşahidə etmək olar.

Araşdırma həm də biblioqrafik səciyyə daşıyır. Hələ 1983-cü ildə Bakıda keçirilən Beynəlxalq xalça simpoziumu çərçivəsində “Yazıçı” nəşriyyatı Azərbaycan mədəniyyətinin bu və ya digər səhifəsini işıqlandıran otuzadək bələdçi xarakterli, eyni tipli kitabçalar seriyası nəşr etmişdi. Onlardan biri də Azərbaycan xalçaçılarının biblioqrafik məlumatlarını özündə əks etdirirdi. Buna baxmayaraq sözügedən sahədə, sanki, bir boşluq özünü büruzə verməkdədir. Azərbaycan xalçalarının tarixi, bədii və üslub xüsusiyyətləri kifayət qədər yaxşı öyrənilib.

Müasir Azərbaycan sənətşünaslığında yalnız bir neçə tanınmış xalçaçı-rəssamın yaradıcılığı ciddi tədqiqat obyektinə çevrilib. Amma xalçaları bilavasitə ərsəyə gətirən, onlara həyat verən yüzlərlə, minlərlə toxucunun, el sənətkarının, nənələrin, qız-gəlinlərin heç də kiçik olmayan zəhməti diqqətdən kənarda qalıb. Çox yaxşı haldır ki, hazırkı tədqiqatda Naxçıvan bölgəsi nümunəsində bu boşluq aradan qaldırılmışdır. Kitabın “Xalçaçılar” adlanan fəslində el sənətkarları barədə xeyli məlumat toplanmış, onların fotoları nəşrə daxil edilmişdir.

Kitabdakı “Xalça və xalça məmulatları” fəsli də sənətşünaslıq baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda onu etnoqrafik və biblioqrafik baxımdan dəyərləndirmək mümkündür. Çünki burada Naxçıvanın müxtəlif bölgələrinə məxsus çoxlu sayda xalça və xalça məmulatı barədə məlumatlar toplanmışdır. Fəsil ilə tanışlıq əslində Naxçıvan xalçaçılığının coğrafiyası, etnoqrafiyası və bədii üslub xüsusiyyətləri ilə müxtəsər tanışlıq deməkdir. Belə ki, fəsildə Naxçıvan xalçaçılığının əksər nümunələri təmsil olunub.

“Xalçaların qiymətləndirmə indeksi” bölməsi cəmi bir səhifədən ibarətdir. Burada kolleksiyaçılar, eləcə də xalça sənəti mütəxəssisləri üçün gərəkli olan məlumatlar öz əksini tapır. “Simvollar Azərbaycan xalçasının əlifbasıdır”  bölməsi də diqqətdən kənarda qalmır. Belə ki, burada daraq, əjdaha, göz, gül, quş, ox, ulduz, yarpaq, heyvan kimi bəzək elementlərinin təsviri və təhlili verilmişdir. Vaxtilə böyük xalça ustası, professor Lətif Kərimovun “Azərbaycan xalçası” kitabında xalça elementlərinin böyük kolleksiyası toplanmışdı. Müəlliflər bu ənənəni davam etdirmiş, maraqlı ornament nümunələri təqdim etmişlər.

Kitabın son bölümü olan “Xalçaçılıq məntəqələri” Naxçıvanın 7 rayonunun–Babək, Şərur, Ordubad, Culfa, Kəngərli, Sədərək və Şahbuzun kəndləri əsasında, sxem formasında qurulmuşdur. Sxemdə hər rayonun əsas xalçaçılıq məntəqələri aydın şəkildə göstərilib.

“Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabı yenicə işıq üzü görüb. Onun böyük populyarlıq qazanacağı şübhə doğurmur. Belə ki, burada xalça sənəti kontekstində keçmişin və bu günün əhatəli mədəni-tarixi mənzərəsi yaradılmışdır. Tədqiqat işini Azərbaycan elminə və mədəniyyətinə layiqli töhfə hesab edə bilərik. Kitab haqqında fikirləri onun birinci səhifəsində ulu öndər Heydər Əliyevin müdrik sözləri ilə tamamlamaq istərdik: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

 

Ərtegin SALAMZADƏ,

AMEA-nın müxbir üzvü,

sənətşünaslıq doktoru, professor

 

Xalq qəzeti.- 2017.- 30 dekabr.- S.9.